1918-ci ilin yayından başlayaraq Bakıda son dərəcə gərgin siyasi vəziyyət yaranmışdı. Burjua millətçiləri və s. əksinqilabçı ünsürlər Bakı proletariatının öz sinfi şüurluluğu etibarı ilə geridə qalan hissəsini millətçilik zəhəri ilə zəhərləmiş və onu müəyyən müddət ərzində öz arxasınca apara bilmişlər. Lakin menşevik-eser blokunun xəyanətkar sazişçi siyasəti, onun ingilis imperializminə nökərçilik etmək cəhdləri nəinki geniş proletar kütlələrinin Sentrokaspi diktaturasına nifrətini oyatmış, bəlkə imperialist işğal qoşunlarının süngüləri hakimiyyət başına gələn bu qurama "hökumətin" tam iflasını hazırlamışdır. Cəmisi bir ay yarım hakimiyyətdə qalan Sentrokaspi diktaturasını sonra müsavat diktaturası əvəz etmişdir. Əksinqilabın geniş cəbhə boyu hücuma keçməsinə baxmayaraq 1918-ci il avqustun 27-31 arasında Bakıda Deputatlar Sovetinə keçirilən seçkilərdə bolşeviklərin 27 nümayəndəsi seçilmişdi.

Türk və alman müdaqxiləçilərinin Qafqazda soyğunçu hərəkətlərini ifşa edən "Jizn nasionalistey" qəzeti 1918-ci il dekabrın 8-də yazırdı: "İstər almanlar, istər türklər Qafqazda əllərinə keçən hər şeyi aparmaga çalışırdılar. Hələlik rəqəmlər yoxdur, lakin ümumiyyətlə Qafqazın, o cümlədən Bakının tükənməz təbii sərvətləri nəzərə alınarsa, almanlar və türklərin Qafqazdakı qarətləri aydın olar. Bütün oktyabr və noyabr ayları ərzində türklər canfəşanlıqla buradan çoxlu mallar, fabrikatlar və texniki avadanlıqlar daşıyıb aparırdılar".

Musavatçıların xalqa zidd siyasəti nəticəsində Azərbaycanın xalq təsərrüfatı ağır böhran keçirməkdə idi.Müsavat iqtidarı neft sənayesinin milliləşdirilməsi haqqında Bakı Xalq Komissarları Sovetinin tədbirlərini dərhal ( 24 sentyabrda) ləgv etmiş, neftə sahibliyi ələ keçirmiş bir qrup istismarçı varlıların bütün məhdudedilməz hüquq və imtiyazlarını bərpa etmişdir. Müsavatçılar və onların xarici himayədarlarının iradəsi ilə fəhlə sinfinin bütün siyasi və iqtisadi nailiyyətləri ləgv edilmiş, fəhlə təşkilatlarına amansız divan tutulmuşdur.

1918-ci ilin sonlarında Azərbaycan partiya təşkilatının nümayəndələrini qəbul edən Lenin onlara sosialist inqilabının qələbəsi ugrunda mübarizə məsələlərinə dair mühüm göstərişlər vermişdir. Azərbaycan partiya təşkilatının görkəmli xadimlərindən olan Dadaş Bünyadzadə bu görüşü xatırlayaraq yazırdı: "Mən Bakının süqut etdiyini və 26 komissarın güllələndiyini Leninə xəbər verdikdə o mənə dedi ki, 26 komissarı itirməyimiz bizim başladığımız işi dayandırmamalıdır, yenidən qüvvə toplamaq lazımdır".

İngilis komandanlığının əmri ilə Bakının meydanlarında dar ağacların qurulması fəhlələrin hiddətinə səbəb olmuşdu. İngilislər Bakı və Azərbaycanın tam ağası olmuşdular. Onların sərəncamı ilə Bakıda küçələrin adı belə ingilis dilində yazılırdı, şəhərə ingilis polisi gətirmişdilər. İngilis polis xidmətçilərinin rus dilinin öyrənməsi üçün buradakı ingilis qoşunları komandanlığı general Tomsonun əmri ilə kurslar açılmışdı. İngilislər də türklər və almanlar kimi əllərinə keçən hər şeyi, o cümlədən neft və benzin ehtiyatlarını yıgışdırıb aparırdılar. Bütün fabriklər, zavodlar, neft mədənləri və balıq vətəgələri tam mənası ilə ingilislərin ixtiyarında idi.

"Jizn nasionalistey" qəzeti 1919-cu il 11 may tarixli nömrəsində ingilislərin Qafqazdakı ağalığının dəhşətli mənzərəsini təsvir edirdi: "Qafqaz ingilis imperialistlərinin təpikləri altında inləyir. Alman-türk imperializmi vəhşicəsinə Qafqazın ətini diddiyi, ələ keçən hər şeyi talan etdiyi vaxtda ingilislər Qafqaz xalqlarına qızıl təpələri vəd edirdilər. Lakin budur almanlar və türklər Qafqazı tərk etmişlər. Bu "vəhşiləri" ingilis - fransız "demokratları" əvəz etdilər. Lakin dəyişiklik Qafqazın zəhmətkeş kütlələrinin vəziyyətini yüngülləşdirmədi: Antanta imperializmi öz yırtıcılığı ilə alman imperializmdən geri qalmadı".

1818-ci ilin sonlarında Bakı proletariatının ingilis müdaxiləçiləri və musavat ağalığına qarşı kütləvi çıxışları başlanmışdı. Bakının fabrik-zavod və mədənlərini tətillər dalğası bürümüşdü. 1919-cu ilin martın əvvəllərində Bakıda ümumşəhər partiya konfransı oldu və burada Bakı partiya komitəsi seçildi. Bir az sonra partiyanın Qafqaz Ölkə komitəsinin Bakı bürosu seçildi. Bakı partiya təşkilatının işində Məmmədyarov, Qasımov və başqaları yaxından iştirak edirdilər. 1919-cu ilin martında Bakı fəhlə konfransının Rəyasət heyəti seçkilərində kommunistlər on yerdən yeddisini tutdular.

Bakıda nəşr olunan bolşevik qəzeti "Nabat" gürcü menşevikləri, daşnaklar və müsavatçıların xarici imperialistlərə nökərçilik etməsi və bunun Zaqafqaziya xalqları üçün ağır nəticələrini, əksinqilabi partiyaların bu xalqların taleyi ilə alver etmələrini kəskin ifşa edirdi. Qəzet 17 may 1919-cu il tarixli nömrəsində xarici imperialistlərin "Zaqafqaziyada işgalçılıq siyasətinin çiçəklənməsini" ifşa edərək "hər yerdə və hər yanda istiqlaliyyətdən dəm vuran" Azərbaycan, Ermənistan və Gürcüstanın yerli ağalarının "bu istiqlaliyyətin əsil xainləri və düşmənləri" olmasını aşkara çıxarırdı. Qəzet yazırdı: "Vəzifəmiz hər şeydən əvvəl sosial-xainlər olan menşeviklər, müsavatçılar və daşnakların bütün fırıldaqlarını üzə çıxarmaq və ifşa etməkdən, kütlələri onların köləliyindən azad olmaga çağırmaqdan ibarətdir".

İngilis əsgərlərinin şəhərdə törətdiyi nalayiq hərəkətlərin sayı-hesabı yox idi. Bakı sakinlərinin bir qrupunun 1919-cu il aprelin 1-də müsavatın daxili işlər nazirinə yazdıgı məktub ingilis müdaxiləçilərinin azgınlıgına qarşı kəskin narazılıq və etiraz ifadə edirdi. Orada deyilirdi: "İngilis əsgərlərinin törətdikləri nalayiq hərəkətlərə qarşı susmağa artıq qüvvəmiz qalmayıb. Şikayətlərimizə heç kim qulaq asmır, müsavat polisi isə ingilislərə dəxli olan işlərə qarışmaq istəmir. Əsgərlər özlərini o qədər azğın, nalayiq və abırsız aparırlar ki, ingilis əsgəri küçədə olduqda qadınlar əsla küçəyə çıxa bilmirlər".

1919-cu ilin aprel-mayına yaxın bolşeviklərin səyi nəticəsində Bakıda fəhlə konfransın rəhbər heyəti tamam bolşeviklərin əlinə keçmişdi.

İnsanların bolşevik şüarları altında toplanmasında 1919-cu il aprelin 7-də Bakıda açılan Zaqafqaziya həmkarlar qurultayının böyük əhəmiyyəti olmuşdu.

Bakı bolşeviklərinin 1919-cu il mayın 2-də keçirilmiş partiya konfransı rəsmi olaraq "Müstəqil Sovet Azərbaycanı" şüarını irəli sürmüşdü.

Bakı bolşeviklərinin konfransı və Bakı fəhlə konfransının qərarı ilə 1919-cu il mayın 5-dən 12-nə qədər fəhlələrin tətili haqqında qərar qəbul etdi. İngilis imperializmi və yerli burjuaziyaya, xanlar və bəylərə nökərçilik edən müsavatçılar Bakı proletariatının tətil mübarizəsini qan içərisində boğmağa çalışırdılar. Mayın 9-da müsavat orqanları polis qamçılarını işə salmış, kütləvi həbslərə başlamışdı.

Nəriman Nərimanov 1919-cu ilin sentyabrında Moskvada Azərbaycanda vəziyyət haqqında şifahi məruzəsində Bakı fəhlələrinin inqilabi əhval-ruhiyyəsinin son dərəcə yüksək olması haqqında vüqarla danışmışdı. O, demişdi: "Fəhlələrin əhval-ruhiyyəsi yüksək dərəcədə inqilabi və xalis bolşevikcəsinədir... Ümumiyyətlə, Bakı proletariatı sovet hakimiyyəti qurmaq üçün tamamilə hazırdır. Sovetlər hakimiyyəti onun simasında lazımi arxaya malik olacaqdır".

1919-cu ilin yazı və yayında Gəncə, Qazax, Ağdam, Göyçay, Nuxa və başqa qəzalarda torpaq uğrunda mübarizə zəmnində kəndlilərlə müsavat qoşunları və bəy-xan silahlı dəstələri arasında silahlı toqquşmalar olmuşdu. Nuxa qəzasında başlamış kəndli üsyanı nəticəsində hakimiyyət bir neçə həftə ərzində kəndlilərin əlində olmuşdu. Kəndli azadlıq hərəkatı Lənkəran və Muğanı da əhatə etmişdir. Lənkəranda təşkil edilmiş inqilabi komitə əksinqilabın hakimiyyətini yıxaraq mayın 2-də Lənkəranda Sovet hakimiyyətini elan etmişdi. Lakin mürtəce qüvvələrin təzyiqi nəticəsində Lənkəranda sovet hakimiyyəti 1919-cu il iyul ayının sonlarında yıxıldı.

Azərbaycan zəhmətkeşlərinin müsavat bəy- xan hakimiyyəti üzərinə son və qəti hücumunun təşkilində, Azərbaycanda sovet hakimiyyətinin qələbəsinin təmin edilməsində Azərbaycan bolşeviklərinin 1920-ci ilin fevralında çağırılan birinci qurultayının, burada Azərbaycan Kommunist Partiyası yaradılmasının fövqəladə əhəmiyyəti oldu. 1920-ci ilin mart-aprelində Şimali Qafqazı ağqvardiyaçılardan təmizləyib, Dağıstanı azad etmiş Qızıl Ordu komandanlığı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Bakı bolşeviklərin hərbi qərargahı arasında sıx əlaqə yaranmışdı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Bakı komitələri aprelin 24-də bütün partiya təşkilatlarında hərbi vəziyyət elan olundu. Aprelin 26-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi partiyanın Qafqaz Ölkə Komitəsinin Bakı bürosu ilə birlikdə hakimiyyətin ələ alınmasının konkret planını tərtib etdi. Aprelin 27-də səhər fəhlələr silahlanmaga başladılar. Bakıda fəhlə sinfinin silahl üsyanı başlandı. Apreilin 27-dən 28-nə keçən gecə bütün hökumət idarələrinin binaları üsyan etmiş fəhlə dəstələri tərəfindən tutuldu. Bakı proletariatının silahlı üsyanı nəticəsində müsavat hakimiyyəti devrildi.

Nərimanov, Hüseynov, Musabəyov, Sultanov, Alimov və Qarayevdən ibarət yaradılan Azərbaycan İnqilab Komitəsi dərhal sovet Rusiyası hökumətinə, Leninə müraciət edib yardım istədi. Aprelin 28-i səhər tezdən XI Qızıl Ordunun zirehli qatarları Bakıya daxil oldular.

1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulması münasibətilə Azərbaycanın Müvəqqəti İnqilab Komitəsi "Bütün Azərbaycan əhalisinə" sərlövhəli müraciətində yazırdı: "Azərbaycanın fəhlə və kəndliləri üçün yeni işıqlı sosializm dövrü başlanır".

Ədalət Abdinov

Globkom.info