
1917-ci ilin oktyabrında rus fəhlə sinfi yoxsul kəndlilərlə ittifaqda, inqilabçı əsgər və matrosların yardımı ilə ilk dəfə olaraq dünya imperializm sistemi cəbhəsinin ən zəif yerindən yarıb, ölkədə burjua-mülkədar hakimiyyətini yıxmış, köhnə, çürümüş qurluşun xərabaları üzərində proletariat diktaturası qurdu. Oktyabr inqilabının qələbə xəbəri Qafqazda inqilabın beşiyi olan proletar Bakısında qüdrətli əks səda doğurdu. Çoxmillətli Bakı proletariatı sosialist inqilabının bayraqdarı kimi inqilabı yeni və qəti döyüşlərə atıldı.
Bakı proletariatın mübarizəsi və təzyiqi sayəsində 1917-ci ilin oktyabrında Bakə fəhlə və hərbi deputatları Sovetinin münşevik - eser icraiyyə komitəsi istefa verməyə məcbur oldu. Bakı Sovetinə rəhbərlik bolşeviklərin əlinə keçdi. Müvəqqəti İcraiyyə Komitəsi yaradıldı. 1917-ci il oktyabrın 15-də Bakı Sovetinin mədən-zavod komissiyaları, rota (bölük) və gəmi komitələrinin nümayəndələri ilə birlikdə keçirilən özünü yeni seçkilərədək Bakı rayonu fəhlə və hərbi deputatların tam hüquqlu geniş Soveti elan etdi və hakimiyyəti Sovetin ixtiyarına vermək lazım gəldiyi haqqında qərar qəbul edərək, belə bir tapşırıqla öz nümayəndə heyətini II Ümumrusiya Sovetlər qurultayına göndərdi. 1917-ci il oktyabrın 27-də Bakı Sovetinin mədən-zavod komissiyaları, polk (alay) və rota komitələrinin üzvləri ilə birlikdə keçirilən iclasda yekdil rəy belə oldu ki, Bakıda bütün hakimiyyətin Sovetlərin əlinə keçməsinə çalışmaq və nail olmaq lazımdır.
1917-ci il oktyabrın 31-də keçirilən geniş iclasda Bakı Soveti özünü səlahiyyətli inqilabı yerli orqan elan etdi. Bolşeviklərin səs çoxluğu ilə Bakıda Sovet hakimiyyətinin elan edilməsini bəyan edən qətnamə qəbul olundu. 1917-ci il noyabrın 2-də Bakı Sovetinin iclasında hakimiyyətin əməli surətdə Bakı Sovetinin əlinə keçməsi məsələsi müzakirə edildi. Eser və menşevik nümayəndələri məsələnin müzakirəsinin Petroqraddakı vəziyyət aydınlaşdırılana qədər təxirə salmağı təklif etdilər. Məşədi Əzizbəyov, Alyoşa Çaparidze və digər bolşeviklər qəti etiraz edərək, hakimiyyətin şərtsiz və tamamilə Bakı Sovetinin ixtiyarına verilməsini tələb etdilər. İclasda Bakı Sovetinin icraiyyə komitəsi seçildi və onun idarə heyətinə Məşədi Əzizbəyov, Əli Mirzə, Mir Həsən Vəzirov AlyoşaÇaparidze, İvanFioletov, Müzəffərov və başqaları daxil oldular. 1917-ci ilin oktyabr ayında Azərbaycanın qəzalarının bir hissəsində - Gəncə, Şuşa, Qazax və başqalarında kəndlilər arasında bolşevik təbliğatı xeyli güclənmişdi. Bu işdə köhnə Bakı fəhlələri - bolşevik Əmiraslan Süleyman oglu, Muxtar Hacıyev, Müseyib Əliyev və başqaları xeyli fəaliyyət göstərmişlər.
Bakı partiya komitəsi və "Hümmət" qrupunun sərəncamı ilə 1917-ci ilin sonları - 1918-ci ilin əvvəllərində Azərbaycanın bir neçə qəzasına, başlıca olaraq Bakı quberniyası qəzalarına, habelə Dağıstana göndərilən M.Əzizbəyov, Həmid Sultanov, Bünyad Sərdarov, Məmməd Məmmədyarov, Möhsün İsrafilbəyov, Müqtədir Aydınbəyov, Dadaş Bünyadzadə, Bala Əfəndiyev, Ağababa Yusifzadə, Ağahüsen Rəsulzadə, H.Ə.Tagızadə, T.Ramazanov və başqa bolşeviklər Bakı proletariatı ilə zəhmətkeş kəndlilər arasında əlaqə yaratmaqda, bu təbəqənin Sovet hakimiyyəti ugrunda mübarizəsini təşkil etməkdə mühüm rol oynamışlar.
1918-ci ilin yanvarında Əzizbəyovun bolşevik yoldaşları ilə birlikdə Gəncədə olması və onların yerli kommunistlərlə görüşü Gəncə bolşevik təşkilatının fəaliyyətinin canlanmasına ciddi təkan vermişdi. 1917-ci il dekabrın sonunda Yelizavetpol quberniyasında genişlənməyə başlayan kəndli hərəkatı böyüyərək 1918-ci ilin yanvarında mülkədar-burjua hakimiyyətini sarsıdan silahlı üsyana çevrildi. Zalım bəylər - Sultanovlar, Zülqədərovlar, Qarabəyovlar, Şamxorskilər və başqalarının zəhmətkeşlərin alın təri hesabına əldə etdikləri malikanələrı üsyançı kəndlilər tərəfindən bir neçə gün ərzində tar-mar edildi. Kəndlilərə zülm etməkdə xüsusilə fərqlənən bir çox bəylər öldürüldü, onların qəsb etdikləri torpaqlar əllərindən alındı və şumlandı.
Beləliklə 1917-ci ilin noyabrından 1918-ci ilin martınadək olan dövrdə bolşeviklər çox böyük iş apararaq, Bakıda Sovet hakimiyyətini möhkəmləndirmiş və Bakı proletariatını əksinqilabın çıxışına qarşı qəti döyüşə hazırlamışdılar. Bütün bu işlərin həyata keçirilməsində bolşevik partiyasının şanlı ogulları Əzizbəyov, Nərimanov, Çaparidze, Fioletov və Bakı proletariatının digər rəhbərlərinin böyük xidmətləri olmuşdur.
1918-ci ilin yazında müsavatçı, daşnak və eser-menşevik əksinqilabçılar var qüvvələri ilə Bakıda Sovet hakimiyyətini bogmaga çalışırdılar. 1918-ci il martın axırlarında musavatçılar Qafqaza çoxdan göz digən Türkiyənin hakim dairələrilə bilavasitə əlaqəyə girərək, Bakıda əksinqilabi qiyam qaldırdılar.
Bakı fəhlələri qiyamı dəf etmək üçün yekdilliklə silaha sarıldılar. Bakı proletariatın mübarizəsinə Bakı şəhəri və onun rayonlarının İnqilabi Müdafiə Komitəsi rəhbərlik edirdi. Həmin komitənin tərkibinə Nərimanov, Çaparidze və Korqanov daxil idi.
Bakıda bir neçə gün davam edən döyüşlər nəticəsində musavatçı dəstələri darmadagın edilmişdi. Bakıda Sovetlər hakimiyyətinin müqəddaratı ugrunda gedən bu ölüm-dirim mübarizəsində Sərdarov, Ağasiyev, Sultanov, Bünyadzadə, Məmmədyarov, Aydınbəyov, Səfərəliyev və başqaları igidlik və mətanət göstərmişlər. Bu mübarizədə müsavatçılar ilə daşnakların təşviqat və təbliğatları sayəsində yüzlərlə günahsız insanların da həyatlarına son qoyulmuşdur.
1918-ci ilin aprel-mayında Azərbaycanda Sovet hakimiyyəti yeni qələbələr qazanmışdı. Aprelin 25-də Azərbaycanda Sovet hakimiyyətinin səlahiyyətli orqanı - Bakı Xalq Komissarlar Soveti yaradılmışdı. Onun tərkibinə Əzizbəyov, Nərimanov, Çaparidze, Vəzirov və Bakı proletariatının digər rəhbərləri seçilmişdilər. Sovet hakimiyyəti Lənkəran, Şamaxı, Quba qəzalarında və bir sıra digər yerlərdə qalib gəlmişdi. İosifv Stalin yazırdı: "Müsəlmanların mərkəzi, Zaqafqaziyada Sovet hakimiyyətinin qalası Bakı... Lənkərandan və Qubadan başlamış Gəncəyə qədər bütün Şərqi Zaqafqaziyanı öz ətrafında birləşdirmişdir və Sovet Rusiyası ilə əlaqəni davam etdirməyə var qüvvə ilə çalışan Zaqafqaziya xalqlarının hüququnu silah gücünə həyata keçirir" (İ.V.Stalin, əsərləri IV cild, səh.107).
Bakı Xalq Komissarlar Soveti zəhmetkeş xalqın iradəsini ifadə edərək qısa fəaliyyəti dövründə bir sıra mühüm sosialist tədbirləri həyata keçirmiş, neft sənayesinin, Xəzər ticarət donanmasının, bankların və s. milliləşdirilməsini elan etmiş, fəhlə sinfinin və bütün şəhər zəhmətkeşlərinin vəziyyətini yaxşılaşdırmağa dogru yönəldilən tədbirlər görmüş, Sovet dövlət aparatının yaradılması, zəhmətkeş xalqın nümayəndələrinin dövlət, sovet quruculugu işlərinə cəlb olunması qaygısına qalmış, Bakının inqilabi müdafiəsinin təşkil olunması məqsədilə öz silahlı qüvvələrini yaratmaga başlamışdı.
Bakı Xalq Komissarları Soveti Bakı proletariatı ilə Azərbaycan kəndliləri arasındakı ittifaqın möhkəmlənməsi məqsədilə zəhmətkeş kəndlilər haqqında da bir sıra tədbirlər həyata keçirirdi. Bakı Xalq Komissarlar Soveti qəza və vilayətlərə təyin etdiyi komissarları Əfəndiyev, İsrafilbəyov, Yusifzadə, Agasiyev habelə Bakı Soveti və Bakı partiya təşkilatının nümayəndələri sifətilə qəzalara göndərilən partiya və sovet işçiləri Sultanov, Sərdarov, Məmmədyarov, Aydınbəyov, Bünyadzadə, Ramazanov, Məmmədxanov və başqaları zəhmətkeş kəndlilər arasında böyük inqilabi-siyasi iş aparırdılar. Bu işin nəticəsi idi ki, 1918-ci ilin yayın əvvəllərində Bakı qəzasının 39 kəndində, Lənkəran qəzasının 67 kəndində, Quba qəzasının 71 kəndində, Cavad qəzasının 27 kəndində, Şamaxı qəzasının 12 kəndində kəndli deputatları Soveti təşkil edilmişdi. Bakı Xalq Komissarlar Soveti çox gec olsa da, 1918-ci il iyunun 18-də mülkədar torpaqların ictimailəşdirilməsi haqqında dekret verdi. Lakin kənddə bu mühüm inqilabi tədbir haqqındakı qanun artıq alovlanmaqda olan vətəndaş müharibəsi şəraitində verildiyindən, onu demək olar ki, həyata keçirmək mümkün olmamışdı. Antisovet silahlı müdaxilənin təşkilatçıları olan alman-türk, ingilis-amerikan və digər imperialistlər 1918-ci ildə ölkəmizə hücum edərək, Sovetlər hakimiyyətini yıxmağa, vətənimizi xarici kapitalın müstəmləkəsinə çevirməyə can atırdılar. 1918-ci ilin yayında Bakı üzərinə qərbdən türk-alman qoşunları və musavat dəstələri hücum edir, cənubdan - İran tərəfdən isə ingilis imperialistlərin qoşunları zərbə endirməyə hazırlaşırdılar. Bakının özündə müdaxiləçilərin tapşırığı ilə Sovet hakimiyyətini yıxmaga və Azərbaycanı işgalçıların əsarətinə verməyə çalışan eser-menşevik, daşnak və müsavatçıların şəxsində imperialist agentləri düşmən fəaliyyəti göstərirdilər.
İnqilabçı proletarlar Bakısının vəziyyəti getdikcə agırlaşırdı. Bundan istifadə edən daşnak, eser və menşeviklər Bakıya ingilislərin dəvət olunması lehinə azğın bir təşviqat aparmaga başladılar. Bolşeviklərin müqavimət və etirazına baxmayaraq, əksinqilabi blokun təzyiqi ilə Bakı soveti ingilislərin Bakıya dəvət olunması haqqında biabrçı qərar qəbul etmişdir. Bakı kommunistlərinin və qabaqcıl fəhlələrinin qəhrəman mübarizəsinə baxmayaraq, 1918-ci il iyulun 31-də Bakıda Sovet hakimiyyəti türk və ingilis müdaxiləçi qoşunlarının, habelə daxili əksinqilabın təzyiqi nəticəsində müvəqqəti olaraq yıxıldı.
Bakıda imperialistlərin süngülərinin gücü ilə müxtəlif vaxtlarda eser - menşevik - daşnak və musavatçı kimi imperialist əlaltıların hakimiyyəti qurulmuşdu. Hakimiyyət əvvəlcə eser, menşevik və daşnaklarınn blokundan ibarət olub "Sentrokaspi diktaturası" adlanan "hökumətin", sonra isə musavatçıların əlinə keçmişdi. İmperialistlərin muzdlu əlaltıların xəyanəti üzündən Bakı əvvəlcə ingilis, sonra isə türk-alman müdaxiləçiləri tərəfindən tutulmuşdu.
İngilis müdaxiləçiləri və onların eser-menşevik əlaltıları 26 Bakı Komissarına vəhşicəsinə divan tutmuşlar.
Bakıda Sovet hakimiyyətinin müvəqqəti yıxılmasına baxmayaraq, 1917-1918-ci illərdə burada Sovet hakimiyyətinin varlığı yalnız Azərbaycan miqyasında deyil, bütün Zaqafqaziya və Qafqaz üçün böyük əhəmiyyətə malik olan hadisə idi.
Ədalət Abdinov
Globkom.info