
2025-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 105-ci il dönümüdür. Bu tarixi qələbə ölkə zəhmətkeşlərinin burjuaziya, mülkədar və imperializm əleyhinə, öz ictimai və milli azadlığı ugrunda apardıqları uzun mübarizənin gedişi ilə hazırlanmışdı.
Azərbaycan zəhmətkeşləri sosialist inqilabının hazırlanması və həyata keçirilməsi ugrunda mübarizə tarixinə parlaq səhifələr yazmışlar. Ölkəmizin fəhlə sinfinin mübariz dəstələrindən olan Bakı proletariatı çarizmin devirilməsi, burjua-demokratik inqilabın böyüyüb sosialist inqilabına çevrilməsi uğrundakı mübarizədə fəal iştirak etmişdir.
Bakı proletariatı 1917-1920-ci illərdə bütün Zaqafqaziyada sosialist inqilabının qələbəsi uğrunda gedən mübarizənin canı və qəlbi idi. O bu mübarizənin daim ön cəbhəsində dayanmış, öz inqilabi əzmi və dəyanəti ilə bütün Zaqaqafqaziya zəhmətkeşlərini ruhlandırmış, sosializm ugrunda mübarizə yollarını parlaq bir məşəl ilə işıqlandırmışdı. Bakı proletariatının bu dövrdə apardığı siyasi və iqtisadi mübarizə Zaqafqaziyada sosialist inqilabı inkişafının tərkib hissəsi, onu təyin edən amillərdən olmuşdur.
Məlum olduğu kimi 1917-ci ilin fevral inqilabından sonra Azərbaycanda ikihakimiyyətlilik əmələ gəlmişdi. Bakıda və bir çox yerlərdə meydana çıxan fəhlə və hərbi deputatlarla yanaşı, ictimai təşkilatların icraiyyə komitəsi, müsəlmam "milli şurası" və s. burjua hakimiyyət orqanları təşkil olunmuşdur. 1917-ci il martın 5-də Bakıda, martın 10-da Gəncədə və bütün mart ayı ərzində Azərbaycanın digər şəhərlərində yerli burjua-mülkədar hakimiyyəti orqanları olan İctimai təşkilatlar komitəsi yaradılmış və Müvəqqəti hökuməti təmsil edən nümayəndələr timsalında Azərbaycana quberniya və qəza komissarları təyin edilmişdir.
Burjua Müvəqqəti hökumətin yerli orqanları, musavat və daşnak burjua - millətçi partiyaları, menşevik, eser və digər xırda burjua partiyaları Azərbaycanda proletar kütlələrinin burjua-demokratik inqilabının böyüyüb sosialist inqilabına keçməsi ugrundakı mübarizəsinə mane olmağa çalışırdılar.
Fevral inqilabından sonra Bakıda yaranmış Sovetlərdə əksəriyyət menşevik və eserlərin əlinə keçmişdi. Bakı Sovetinin tərkibində həm də burjua millətçiləri - musavatçılar və daşnakların nümayəndələri var idi. Bakıda birinci çağırış Sovetdə bolşevik fraksiyası cəmi 7 nəfərdən ibarət idi.
Eser-menşevik ağaları və burjua millətçilərin müqavimətinə baxmayaraq, inqilabın xalqa verdiyi bəzi azadlıqlar şəraitində Bakıda fəhlələrin kütləvi təşkilatları, mədən-zavod komissiyaları, həmkarlar ittifaqları və zəhmətkeşlərin digər təşkilatları meydana çıxmaqda idi.
Mütləqiyyətin devrilməsinin ilk günlərindən öz qüvvələrini toplamağa başlayan Azərbaycan bolşevikləri mövcud siyasi vəziyyəti dərk etməyə, ondan lazımi nəticə çıxarmağa və öz yaxın vəzifələrini müəyyən etməyə çalışırdılar.
Məşədi Əzizbəyov, Nəriman Nərimanov və digər inqlabçılar Bakı bolşeviklərinə rəhbərlik edir, partiya təşkilatlarında menşevik fraksiyasına qarşı mübarizə aparırdılar.
Azərbaycanlı zəhmətkeşlər arasında inqilabi iş aparmaq üçün bolşeviklərin Bakı komitəsi nəzdində sosial-demokrat "Hümmət" qrupu yenidən bərpa edildi. Bu qrupun başında Kommunist Partiyasının görkəmli xadimlərindən Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev və başqaları dururdu. "Hümmət" qrupu eyni ad altında Azərbaycan dilində qəzet buraxırdı.
Azərbaycanda sosialist inqilabı və sovet hakimiyyəti ugrunda mübarizənin qabaqcıl dəstəsi olan Bakı proletariatının nümunəsi Gədəbəy misəridən zavodun fəhlələrini, Şuşa və Nuxanın ipəkçiləri, gəncə fəhlələri, dəmiryolçularını daha cəsarətli sinfi döyüşlərə ruhlandırmışdı. 1917-ci il aprel-iyun ayları ərzində iqtisadi tələblər zəminində Gədəbəy, Gəncə, Şuşa və Nuxada tətillər olmuş, bütün bunlar isə qəzalardakı proletar kütlələrinin də tədricən inqilabi fəallığının artmasını sübut edirdi.
1917-ci ilin mayında bolşeviklərin təşəbbüsü ilə Bakı fəhlə və hərbi deputatları Soveti İcraiyyə Komitəsi yanında "Şəhərdən kənar yerlərin mərkəzi komissiyası" təşkil edilmiş (buraya Ağababa Yusifzadə və başqa bolşeviklər daxil idi), komissiya Bakı fəhlələri ilə Azərbaycan kəndlilərinin əlaqəsini möhkəmləndirmək, kəndli deputatları Sovetləri və kəndli komitələrini təşkil etmək sahəsində xeyli səmərəli iş görmüşdü. 1917-ci ilin yayında Bakı partiya təşkilatının göstərişi ilə Məşədi Əzizbəyov, Həmid Sultanov, Möhsün İsrafilbəyov, DadaşBünyadzadə və başqa görkəmli bolşeviklər Bakı, Cavad, Lənkəran, Quba, Şamaxı qəzalarının zəhmətkeşləri arasında inqilabi iş aparmışdılar.
1917-ci il avqustun 29-da RSDF(B)P Bakı komitəsinin təcili iclası toplandı. İclas "başqa inqilabi təşkilatlarla əlaqədə hərəkət edərək proletar və inqilab ordusunun bütün qüvvələrini əksinqilaba qarşı qəti mübarizəyə səfərbər edə bilən, hər bir lazım olan vaxtda inqilabı müdafiəyə qalxa bilən" inqilabi qərargahın dərhal yaradılmasını lazım bildi.
Bakı fəhlələrinin məşhur sentyabr tətilinin müvəffəqiyyətlə qurtarması və müştərək müqavilə ugrunda mübarizədə əldə olunmuş qələbə onları hakimiyyət uğrunda mübarizəyə daha da yaxınlaşdırdı. Bu tətil 1917-ci ilin oktyabrında baş vermiş böyük inqilab fırtınalarının müjdəçilərindən biri olmuşdu.
Beləliklə, Böyük Oktyabr Sosialist inqilabının hazırlanması dövründə Bakı proletariatı Azərbaycanda sosialist inqilabı ugrunda gedən mübarizənin qabaqcıl dəstəsi olaraq öz qəhrəman inqilabi nümunəsilə bütün Azərbaycan və Zaqafqaziya zəhmətkeşlərini qəti və həlledici döyüşlərə ruhlandırdı.
Ardı var...
Ədalət Abdinov
Globkom.info