
Böhrandan çıxmaq üçün dolların məzənnəsini 25-30 faiz aşağı salmaqdan başqa çıxış yolu qalmayıb
Bu fantastik borcu təsəvvür etmək üçün belə bir misal gətirirəm:
Əgər siz borcunuzdan gündə 1 milyon dollar qaytarsanız,
1 trilyonu qaytarmaq üçün sizə 2740 il tələb olunacaq.
36 trilyonu qaytarmaq üçün isə sizə 98 640 il tələb olunur.
Mən hələ borca görə faiz ödəmələrini nəzərə almadım.
Aydındır ki, ABŞ normal rejimdə bu borcu heç vaxt bağlaya bilməz. Buna görə də, məncə, ABŞ-ın bir neçə çıxış yolu var:
1. Ya Rusiyanı, ya Çini özünə tam tabe etmək və onların hesabına borcları bağlamaq;
2. FRS-i dövlətə tabe etmək və borcları silmək;
3. Dövləti texniki defolt elan etmək və borcları silmək;
4. Dolları 25-30% ucuzlaşdırmaq və bunun hesabına borcları ödəmiyi asanlaşdırmaq. Zərurət yaranarsa, bu əməliyyatı təkrarlamaq;
5. Kriptovalyuta (əsasən, bitkoin) birjasına monopol nəzarəti ələ keçirmək, bunun sayəsində onun kursunu kəskin qaldırmaq və borcu kriptovalyuta ilə ödəmək.
Fikrimcə, 1-ci yol artıq iflasa uğrayıb. Digərləri isə Trampın planlarında var.
Nəzərə alın ki, uzunmüddətli yığım üçün dollar artıq etibarlı valyuta deyil. Kriptovalyutaların kursunun yüksələcəyi ehtimalı isə çox böyükdür.
2024-cü il üçün ABŞ dövlət büdcəsinin gəlirləri 5 trilyon, xərcləri 6,9 trilyon planlaşdırılıb. 1,9 trilyon defisit (borc) nəzərdə tutulub. Yəni, təkcə bu il ABŞ-in borcu daha 2 trilyona yaxın artmış olur.
"Gəlin, sadəcə, statistikadan istifadə edək. Bu statistikaya baxanda məni dəhşət bürüyür. 2000-ci ildə ABŞ-ın dövlət borcu 8 trilyon dollar idi, indi isə o 34 trilyondan çoxdur. Beləliklə, biz ilk 230 ildən çox müddətə biz dövlət borcumuzu 8 trilyon, son 23 ildə isə 26 trilyon artırmışıq. Düşünürəm ki, bu ölkəmizdə nələrin baş verdiyini açıq göstərir"- Larri Fink, BlackRock-un rəhbəri, 26.03.2024.
Bu borcun heç olmasa kiçik bir qismini ödəmək üçün FRS əvvəlki kimi çap maşınını işə sala bilməz. Çünki indi dollara inam əvvəlki kimi deyil. Mərkəzi banklar dollar ehtiyatlarını, həmçinin trejerisləri azaldır, qiymətli metallara üstünlük verirlər. Buna görə də FRS uçot dərəcəsini 5%-dək qaldırıb. Uçot dərəcəsinin qaldırılması ABŞ-da ilk onluqda olan 3 bankın çökməsinə səbəb oldu. Əslində, digər banklar da eyni vəziyyətdədir.
FRS çox çətin seçim qarşısında qalıb: 1) inflyasiyanı azaltmaq üçün üçot dərəcəsini qaldırmalıdır (bunu edir)- bu isə pul çapını dayandırmaq deməkdir; 2) bankları (əsasən, FRS sahiblərinin banklarını) xilas etmək üçün pul çap edib onlara transfer etmək lazımdır (bunu da edir)- bu da inflyasiyanı artırır. Yəni hər 2 seçim çıxış yolu deyil və uçuruma aparır. Bu haqda daha ətraflı danışmaq olar, amma uzun çəkəcək və çoxuna aydın olmayacaq.
Asif Şəfəqqətov