
.
Trampın ərazi iddiaları hansı nəticələrə gətirə bilər?
Kanada Birləşmiş Krallığın (Britaniya), Qrenlandiya isə Danimarka Krallığının tərkibinə daxildir. XVI əsrdən Şimali Avropa kral ailələri dünyanın pərdəarxası idarəçilərinin 4 əsas sütunundan birini təşkil edirlər. Bu iddia ilə Tramp eyni zamanda 2 qədim kral ailəsini təhqir edir.
Kanada da, Qrenlandiyanın aid olduğu Danimarka da NATO üzvləridir. Deməli, NATO ölkələri arasında ərazi münaqişəsi yaranır. Bu isə NATO-nun parçalanması deməkdir.
Panama Mərkəzi Amerika ölkəsidir. Trampın ona iddiası azı Mərkəzi Amerika ölkələrində ABŞ-a qarşı nifrəti və mübarizəni gücləndirəcək. Buna ən ciddi etirazı Kolumbiya edəcək, çünki Panama vaxtilə onun ərazisi olub. 2-ci əsas etirazçı Venesuela olacaq, çünki Panama onun yaxınlığında yerləşir və ABŞ onun təhlükəsizliyi üçün təhdid yaradacaq. Bütün digər Ameria ölkələri ona görə etiraz edəcəklər ki, Panama çoxları üçün strateji kanaldır. Belə bir kanalda zəif dövlətin olması hamıya sərf edirdi. Kanala ABŞ-ın nəzarət etməsi isə onu istədiyini diqtə etməyə imkan verəcək: istədiyi tarifi təyin edə bilər, istədiyi ölkənin gəmilərini buraxmaya bilər və s.
Tramp bütün bunları nəzərə almaya bilməzdi. Onlar haqda düşünməyə kifayət qədər vaxtı olmuşdu. Deməli:
Tramp ABŞ-ı NATO-dan çıxardacaq və ya o, NATO-nun dağılacağını (və ya amorf struktura çevriləcəyini) nəzərə alıb. Çünki əgər NATO deyiləndə ABŞ hərbi gücü nəzərdə tutulursa, NATO ABŞ-ın nəyinə lazımdır?
Həm də NATO ABŞ-ın Qərbi Avropadakı maraqlarını qorumaq üçün yaradılmışdı. Artıq Avropa çöküş dövrünü yaşayır, ABŞ da Avropanı çökdürmək üçün əlindən gələni edir. Belə olan halda NATO nəyə lazımdır? ABŞ Avropada olan-qalan maraqlarını ABŞ ordusu ilə də qoruya bilər.
Trampa silahlı qüvvələri öz ölkəsində daha çox lazım olacaq– miqrantlarların deportasiyası, sərhədlərin mühafizəsi, Meksikada kartellərlə mübarizə (bu haqda ətraflı: https://globkom.info/butun-xeberler/dunyaya-kimler-niye-nece-hokm-etmek-isteyir-qlobalistlerle-ultraqlobalistlerin-doyusu-ii-hisse/), Qrenlandiya və Kanadada strateji obyektlərin mühafizəyə götürülməsi, ABŞ daxilində kriminalitetlə mübarizə, mümkün küçə nümayişlərindən sığortalanma, Çin ətrafında silahlı qüvvələri artırma və s. məqsədlər üçün.
ABŞ Monro doktrinasına qayıdır. Lakin bu dəfə o yalnız Şimali Amerika ilə kifayətlənə bilər, Cənubi Amerikanı qorumağa gücü çatmır. Şimali Amerikanı qorumaq üçün isə ona böyük ordu lazımdır (sərhədlər çox uzundur).
Şimali Amerikada isə Meksikanı ələ keçirmək mümkün olmayacaq. Buna 3 amil mane olur:
Kanada və Qrenlandiyanın əhalisi azdır (Kanadada 40 milyon, Qrenlandiyada 56 min), Meksikada isə 130 milyon əhali yaşayır.
Kanada əhalisi ilə ABŞ əhalisi arasında ciddi fərq yoxdur. İkisi də, əsasən, miqrant ingilisdilli avropalılardan ibarətdir. Qrenlandiya əhalisi az olduğundan onları nəzərə almamaq olar – onlarla qohum xalqlar Kanadada yaşayırlar. Meksikada isə, əsasən, ispandilli aborigen xalqlar yaşayırlar.
Kanada və ABŞ əhalisi, əsasən, protestantlardır, Meksika isə əhalisi isə katoliklərdir.
Bəlkə də Meksika əhalisi ABŞ-a birləşmək istəyərdi. Amma ABŞ özü bunu istəməz. Çünki bu halda 2-ci və 3-cü amil sayəsində ABŞ-da ispandilli katoloklər çoxluq təşkil edəcək və 10 il sonra ABŞ-da dövlət dili– ispan dili, əsas din– katolik dini olacaq. Bu isə faktiki olaraq Meksikanın ABŞ-ı özünə birləşdirməsidir.
ABŞ resurslarla zəngin, əhalicə az Kanada və Qrenlandiyanı ələ keçirərsə, öz zəngin gələcəyini təmin edəcək. Bundan sonra ona Rusiyanın resursları da lazım deyil. Deməli, özünə qapanacaq.
ABŞ dünya jandarmı rolunu itirəcək. Avropa "arxasız" qalacaq deyə bütün qitələrdə nüfuzunu itirəcək, Rusiya, Çin, Hindistan, Braziliya, Türkiyə, İran və s. güclü ölkələr sərhədlərini dəyişəcəklər. ABŞ-ın dəstəyini itirən İsrail xəritədən silinəcək. Bir çox başqa dövlətlər də xəritədən silinəcəklər. Azərbaycan qalacaq (əlbəttə, düzgün siyasət aparılarsa), çünki o 3 güclü dövlətin (Rusiya, İran, Türkiyə) arasındadır. Güclü dövlətlər bir-biri ilə sərhəd olmaq istəmirlər, aralarında bufer dövlətin olması hər birinə sərf edir.
Bir sözlə, dünya nizamı çox ciddi şəkildə dəyişəcək. Start verilib.
P.S. Əlbəttə, bu ehtimallardan biridir, başqa konfiqurasiyalar da ola bilər. Amma dünya nizamının dəyişəcəyi şəksizdir.
Ardı var
Asif Şəfəqqətov
GlobKom.İnfo