
“Zaqatala” I Liqanın sonuncu turunda səfərdə “Cəbrayıl”a məğlub olmaqla çempionatı 5-ci pillədə tamamladı. Həm oyun, həm də gələcək planlarla bağlı bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov Globkom.info – a müsahibə verdi.
- Rüstəm müəllim, mövsümü qələbə, heç olmasa heç-heçə ilə yekunlaşdırmaq üçün nə çatmadı?
- Bizdə mövsümü müsbət notlarla tamamlamaq istəyirdik. Amma həmişə olduğu kimi bu dəfə heyətimizin qıt olması, itkilər, zədələr öz sözünü dedi. “Qəbələ” ilə oyundan sonra Roini İsmayılov, Sərxan Hacıyev sarı vərəqə limitinə görə “Cəbrayıl”la matçı buraxmalı oldular. Onların yerini dolduracaq oyunçularımız yox idi. Nə qədər rotasiyalar etsək də, həmin mövqeləri doldura bilmədik. Eləcə də ehtiyat skamyamız da geniş deyil. Bununla yanaşı son matçımızda iki futbolçumuzun ayaqları qıc oldu və meydanda lazımınca çıxış edə bilmədilər. Bunlar məğlub olmaq üçün bəhanələr deyil, yaxşı yerlər uğrunda mübarizə apara bilməməyimiz üçün böyük əngəllərdir. Stabil heyət formalaşdırmaq və nəticə verən komanda üçün ən azı 18-20 yaxşı səviyyəli futbolçu olmalıdır. Maliyyə imkanlarımızın da kasad olduğu üçün belə futbolçulara sahib deyilik.
- Mövcud şəraitiniz və heyətlə mövsümüm ilk “5-lik”də tamamlamağınızı necə qiymətləndirərdiz?
- Çempionatının startına pis başlamadıq. III dövrənin ilk oyunlarında da “3-lüy”ə düşmək şansımızı qoruyurduq. Amma sonrakı gedişatla bunu itirdik, heç olmasa ilk “4-lük”də yer almaq istəyirdik ki, bu da alınmadı. Amma mövcud şəraitimizi, heyətimizi nəzərə alsaq, 5-ci yerdə qərarlaşmağımızı qənaətbəxş hesab edirəm.
- Gələn mövsümün planları cızılıbmı?
- Xeyr, çünki hələ sponsor məsələlərini həll etməmişik. Qarşıdakı il üçün planlamamız, həmçinin hazırkı heyətimizi qorumaq birbaşa büdcəmizə bağlıdır. Dayanıqlı maliyəmiz olsaydı, həm indiki heyəti saxlayar, həm 10 yeni futbolçu alardıq.
- Bəs komandanın zəruri ehtiyaclarını qarşılayacaq sponsor tapılacaqmı?
- Bu barədə konkret nəsə deyə bilmərəm, amma mənə çatan məlumata görə danışıqlar gedir.
ABDULLA İSMAYILOĞLU
Globkom.info