
“Zaqatala” çempionatın ikinci yarısına uğurla başlayıb. Arxada qalan son iki oyunda bölgə təmsilçisi 4 xal qazanıb. Komandanın baş məşqçisi Rüstəm Məmmədov keçirdikləri iki matç haqqında fikirlərini Globkom.info – a açıqladı.
“Qış fasiləsində nə istədiyimiz kimi toplanış keçirə, nə də yoldaşlıq oyunu keçirdik. Maliyə vəziyyətimiz kasad olduğundan transferimiz də olmadı. Yeganə gücümüzü əlimizdə olan futbolçuları qorumaq, onların fiziki və psixoloji vəziyyətini yüksəltməyə yönəlmişdi. Məqsədimiz çempionatın ikinci yarısına uğurla başlamaq idi. Amma “Mingəçevir”də dəyişikliklər olduğundan onların hansı taktika ilə oynayacaqlarını bilmirdik. Yalnız Füzuli Məmmədovun məşqçiliyinə az-çox bələd olduğumuzdan buna uğun plan cızdıq. Pis oyun alınmadı. Futbolçularım meydanın hər qarışı uğrunda mübarizə apardı və layiqli qələbə qazandıq. Hakimin final fitindən sonra 3 xal qazansaq da, kapitanımız sıradan çıxdı. Onsuz da, hetətimizdə qıtdır, təcrübəli kapitanımızın da bir neçə ay kənarda qalması işimizi çətinləşdirəcək. “Baku Sportinq” ilə səfər oyunumuz gözlədiyimizdən də ağır keçdi. Kəskin hava şəraiti iki qat güc sərf etməyimizə səbəb oldu. Sanki, meydanda iki rəqibə qarşı oynayırdıq. Zaqatala soyuqlu, şahdalı diyar olsa da, güclü külək bizə yaddır. Bakı küləyi bizə çətinlik yaratdı. Buna baxmayaraq futbolçularım meydan mübarizə apardı və məğlub olmamaq üçün çarpışdılar. Mövcuz vəziyyəti nəzərə alsaq, bir xal bizim üçün böyük nəticədir. Məqsədimiz hər oyunda ruh yüksəkliyi, əzmkarlıqla yaxşı nəticələr qazanmaqdır. Hər oyuna final matçı kimi yanaşır və məğlubiyyəti ümumiyyətlə fikirləşmirik. Çalışacağıq ki, mövsümün finişini ilk “3-lük”də tamamlayaq. Ümid edirəm ki, çəkdiyimiz əziyyət hədər getməyəcək”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info