Azərbaycan Premyer Liqasının sonuncu turunda “Sumqayıt” səfərdə “Səbail”I məğlub etməklə mövsümü 8-ci pillədə tamamladı. Komandanın futbolçusu Rövlan Muradov həm cari ildəki çıxışı, həm də gələcək karyerası ilə bağlı Globkom.info – a müsahibə verdi.

- Rövlan, mövsüm başa çatdı. “Sumqayıt”dakı çıxışını necə dəyərləndirərdin?

- Bu ilki çıxışımdan razı deyiləm. Ümumi götürəndə performansımı kafi qiymətləndirirəm. Komandama daha çox fayda verə bilərdim. Amma istədiklərimi həyata keçirə bilmədim. Mövsümü yaxşı keçirmədim.

- Bu il “Sumqayıt” elitada qalmaq uğrunda çarpışdı. Bu məqsədi necə qiymətləndirərdin?

- Səmimi deyim ki, mövsümün əvvəlində məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Amma gedişat nəticəsində komandada balans pozuldu. Belə dəyişikliyi gözləmirdik. Ona görə də eniş yaşadıq. Bu da təbii ki, hədəfimizin də dəyişməsinə gətirib çıxardı. Şükürlər olsun ki, komandamızı aşağı liqaya yuvarlanmasına imkan vermədik.

- Mövsümdə “kimayaçılar”da 3 baş məşqçi dəyişikliyi baş verdi. Bunu necə dəyərləndirərdin?

- Hər bir məşqçinin öz prinsipləri və tələbləri var. Hər dəfə baş məşqçi postunda dəyişikliklər olanda təbii ki, bunun təsiri olur. Amma ümumi götürəndə bu hal futbolçulara çox təsir etməməlidir. Bizim işimiz meydandadır və 90 dəqiqə ərzində hər bir futbolçu məsuliyyətini dərk edərək mübarizə aparmalı, komandası üçün maksimum fayda verməlidir.

- Klubda qalacaqsanmı?

- Xeyr

- Başqa təkliflərin çoxdurmu?

- Təkliflərim var, amma hələlik bu barədə danışmaq istəmirəm. Yaxın zamanda bu məsələyə aydınlıq gələcək.

- Ölkə xaricinə yollanmaq şansın da varmı?

- Belə bir variant da var. Bu reallaşsa, özümü yaxşı tərəfdən göstərərək həm də ölkəmizi layiqincə təmsil edəcəm.

ABDULLA İSMAYILOĞLU

Globkom.info