XVIII-XIX əsrdə Britaniya dünyanın 1 N-li sənaye nəhəngi idi. Lakin 1873-1896-cı illər iqtisadi depressiyasından sonra Britaniyanın sənaye hökmranlığı başa çatdı. Britaniya, ABŞ və Almaniya arasında rəqabət başladı. Hələ 80-ci illərdə Sesil Rods "Qlobal Britaniya İmperiyası"nın yaradılmasını və ABŞ-ın onun təsiri altına qaytarılmasını anqlosaks elitasının əsas məqsədi kimi qoymuşdu.

Haşiyə

Sesil Con Rods (1853-1902) məşhur ingilis biznesmen və irqçi siyasətçi, Cənubi Afrikadakı ingilis ekspansiyasının təşəbbüskarı olub. Anqlosaksların dünyanın 1-ci irqi olduğuna inanaraq, qeyd edirdi ki, dünyada nə qədər çox anqlosaks yaşayarsa, bəşəriyyət üçün bir o qədər yaxşı olar. Buna görə də o, mövcud Britaniya imperiyasında islahat aparılmasını, dünyanın hər yerində ingilis koloniyalarının yaradılmasını, onların hamısının özünüidarəyə malik olmasını, lakin hamısının Londonda vahid parlamentinin olmasını təklif edirdi. Belə sistemi Rods Qlobal Britaniya İmperiyası adlandırırdı.

1888-ci ildə De Beers almaz istehsalı şirkətinin əsasını qoyub. Dünya almaz birjası indiyədək, əsasən, bu ailənin nəzarətindədir. 1890-1896-cı illərdə C.Afrika Kap koloniyasının baş naziri olub. Afrikadakı keçmiş Britaniya koloniyası Rodeziya öz adını Sesil Rodsun soyadından almışdı. Hazırda həmin ərazidə 2 dövlət – Zambiya və Zimbabve yerləşir. Öz ideyalarının təbliği sahəsində böyük işlər görmüş, Britaniyada çox kollecə böyük ianələr vermiş və öz adına tələbə təqaüdü təsis etmişdir.

Lakin Qlobal Britaniya İmperiyasının yaradılması əvvəl alınmadı. I Dünya Müharibəsinin (DM) əsas benefisiarı (xeyir götürəni) ABŞ oldu. ABŞ-da sənaye sürətlə inkişaf edir və ABŞ məhsulları azad rəqabət mühitində dünya bazarlarını ələ keçirirdi.

O vaxt müstəmləkələrin çoxu Britaniyaya məxsus olduğundan ingilislər ABŞ-ın inkişafını dayandırmaq üçün onların dünya bazarlarına çıxışını məhdudlaşdırmaq qərarına gəlirlər. 1929-cu ildə Bank of England-ın sədri Monteqyu Normanın təşəbbüsü ilə Britaniya bütün müstəmləkələrinə ABŞ-la ticarəti qadağan etdi.

Haşiyə

Monteqyu Norman 24 il (1920-1944) Bank of England-ın sədri olub. Bu bank 1694-cü ildə Fransa ilə müharibədə İngiltərəni maliyyələşdirmək məqsədilə özəl səhmdar bank kimi təsis olunub. 1751-ci ildən bank İngiltərənin dövlət borclarını idarə edir. 1844-cü ildən ona İngiltərənin mərkəzi bankı statusu verilib, yəni dövlətin pul-kredit siyasətini o müəyyən edir (yəni FRS modeli ilk dəfə İngiltərədə tətbiq edilib). Yalnız 1946-cı ildə milliləşdirilib, yəni dövlətin tam tabeliyinə keçirilib. 1997-ci ildən müstəqil publik təşkilat statusu alıb. İndiyədək Britaniyanın mərkəzi bankı statusunu saxlayıb, İngiltərə və Uels üçün kağız pul buraxılmasında monopoliyaya malikdir.

O vaxt ABŞ dünya ticarətində 25% paya malik idi. Britaniyanın qadağası ABŞ-ın ixracına böyük zərbə vurdu. ABŞ-da iqtisadi böhran yarandı. Mallar satılmadığından işçilər ixtisar edilir, zavodlar bağlanır, kəndlilər torpaqlarını atıb, iş axtarmaq üçün şəhərlərə axışır və işsizlər ordusunu artırırdılar. İxrac həcmi azalmış, xarici bazarlara göndərilməli məhsullar daxili bazara çıxarılmışdı. Bu isə məhsul bolluğu yaratmış, daxili bazar “doymuşdu”.

Belə vəziyyətdə konqresmenlər Rid Smut və Uillis Houli yerli istehsalını qorumaq üçün daxili bazarı bağlamağı (idxala 60%-ə qədər tariflər tətbiq etməyi) təklif etdilər. Konqres bu təklifi müdafiə etdi. Tanınmış iqtisadçılar arasında təklifin əleyhdarları çox olsa da ABŞ prezidenti Herbert Huver (1929-1933) 1930-cu ilin iyununda Smut-Houli aktını imzaladı. 20 mindən çox idxal məhsulu sanksiyaya məruz qaldı. Beləliklə, Britaniyanın “pası” ilə ABŞ tarif müharibəsinə start verdi.

ABŞ-ın tarif sanksiyaları müqabilində Almaniya, Britaniya və digər ölkələr də ABŞ-a qarşı cavab sanksiyaları tətbiq etdilər. ABŞ sənayesi dirçəlmək əvəzinə ikinci zərbəni aldı. ABŞ artıq nəinki Britaniya müstəmləkələrinə məhsul ixrac edə bilmədi, başqa ölkələrə də ixracı çətinləşdi. Qısa müddətdə ABŞ-ın ixracı 61%, idxalı 66% düşdü. Miçiqanda Fordun zavodunda minlərlə fəhlə ixtisarlar əleyhinə, əmək haqlarının artırılması və iş saatlarının azaldılması tələbləri ilə etiraz nümayişlərinə çıxdı. Zavodun mühafizəsi və yerli polislər nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq etdi və onlara zavod binalarının damlarında qoyulmuş pulemyotlardan atəş açdılar... Növbəti prezident seçkilərində Huver seçilmədi.

İqtisadi millətçilik qapalılığa səbəb olur. Zavodu hər yerdə tikmək olar, lakin resurs hər yerdə olmur. Bazarlar qapadılanda resurs (mineral-xammal) bazası olan ölkələr üstün mövqe qazanırlar. Resursları olmayan ölkələr isə çökməyə məhkumdurlar. Əgər resursu pulla almaq mümkün deyilsə, deməli, zorla almağa məcbursan. Britaniya bu tarif müharibəsində ən yaxşı mövqedə idi – onun xammalla zəngin çoxsaylı müstəmləkələri var idi. Almaniya isə bunlardan məhrum idi.

Buna görə Almaniya müstəmləkə əldə etmək uğrunda müharibəyə başlamalı idı. Almaniyaya ən yaxın resurs bazası harada idi? Əlbəttə ki, SSRİ-də. İngilislərin məntiqinə görə güclü sənaye ölkəsinə çevrilmiş Almaniyanın ilk hücum hədəfi SSRİ olmalı idi. Bu səbəbdən Britaniya Almaniyada millətçiliyin və militarizmin güclənməsinə maliyyə-siyasi dəstək verirdi.

Beləliklə, tarif müharibəsi II DM-in başlanmasını labüd etdi. Britaniya müstəmləkələrini ABŞ-a bağlayanda bu qədər uzun səbəb-nəticə zəncirini planlaşdırmışdımı?– demək çətindir. Amma Britaniya dövlətləri bir-birinə qarşı vuruşmağa sürükləmək üzrə uzunmüddətli strategiyalar həyata keçirməkdə həmişə xüsusi ustalığı ilə seçilib.

Qeyd etdiyim kimi, iqtisadi millətçilik müstəmləkələri olan ölkələr üçün əlverişli vəziyyət yaradır. Almaniya kimi ABŞ-ın da müstəmləkələri yox idi. Geniş bazarlara çıxışı olmayan ölkənin iqtisadiyyatı isə inkişaf edə bilməz. Məntiqlə, ABŞ da Almaniya ilə həmrəy olmalı idi. Lakin ABŞ başqa yol seçdi.

Almaniya müstəmləkələr qazanmaq istəyirdi. ABŞ isə daha uzaqgörən yol seçdi. ABŞ üçün nə fərqi var, müstəmləkələr kimlərin arasında bölünəcək? Müstəmləkə quruluşu qalacaqsa, metropoliya istənilən vaxt ABŞ üçün bazarlarını bağlaya bilər. Buna görə də ABŞ müstəmləkəçilik idarə üsulu ilə mübarizə etməyi məqsəd qoydu. O istəyirdi ki, bütün müstəmləkələr azad olsunlar və bazarları açıq olsun. Müstəmləkəçilikdən azad olmuş təcrübəsiz və kiçik dövlətlərə ABŞ daha asan təzyiq göstərə bilər, nəinki böyük müstəmləkə resurslarına əsaslanan güclü metropoliyalara.

1953-1961-ci illərdə MKİ-nin direktoru olmuş Allen Dalles 1943-cü ildə demişdi: "Müharibənin əsas məsələsi– Britaniya imperiyasının məhv edilməsidir". 1943-cü ildə Dalles ABŞ-ın Strateji xidmətlər idarəsinin Berndəki (İsveçrə) kəşfiyyat mərkəzinə rəhbərlik edirdi. MKİ 1947-ci ildə bu idarənin bazasında yaradıldı. Müharibədən sonra dünya sənaye istehsalının 50%-dən çoxuna sahib olan ABŞ üçün əsas məqsəd imperiyaları dağıtmaq oldu.

II DM-dən sonra Afrikada və başqa qitələrdə milli-azadlıq hərəkatları gücləndi və 70-ci illərədək, demək olar ki, bütün müstəmləkələr müstəqillik əldə etdilər. Çoxumuz elə bilirik ki, bunlar SSRİ-nin sayəsində baş verdi. Əslində isə məsələ bir az fərqli idi.

SSRİ-nin milli-azadlıq hərəkatlarında ideoloji rolu, əlbəttə, yüksək idi. Dünya müharibəsində qalib gəlmiş fəhlə-kəndli hökuməti, istismarçıların olmadığı cəmiyyət obrazı özü ən güclü reklam idi. Amma nəzərə almaq lazımdır ki, 50-60-cı illərdə müstəmləkələrdə əhalinin 90%-i savadsız idi, indiki kommunikasiya vasitələri yox idi, metropoliyanın nəzarətində olan mətbuat da SSRİ-dən ya yazmır, ya da yalnız mənfi kontekstdə yazırdı. Əhalinin çoxu nəinki sosialist quruluşundan, hətta SSRİ adlı ölkənin mövcudluğundan xəbərsiz idi. Müstəmləkələrdə minimum məlumat paylaşa biləcək SSRİ səfirliyi də yox idi, çünki onlar müstəqil dövlət deyildilər.

Bəs milli-azadlıq hərəkatları necə baş verdi? İndi hamımıza məlumdur ki, inqilablar kortəbii baş vermir, onların baş verməsi üçün çoxlu pul xərcləmək, təşkilati işlər görmək lazımdır. Bax, həmin “pul kisəsi” rolunu oynayan ölkə ABŞ idi. SSRİ də qismən kömək edirdi, çünki müstəmləkələrin azad edilməsində ABŞ-la maraqları üst-üstə düşürdü (ABŞ-ın merkantil, SSRİ-nin ideoloji). Lakin müharibədən çıxmış, nəhəng bərpa işlərini həyata keçirən Sovetlər ölkəsinin elə böyük maliyyə imkanı yox idi.

Sonra daha maraqlı hadisələr baş verdi. İnqilabları maliyyələşdirən, əsasən, ABŞ olsa da azad olmuş müstəmləkələrin çoxu sosialist inkişaf yolunu seçir, SSRİ-yə dost ölkəyə çevrilirdilər. Məhz həmin illərdə ABŞ “yumşaq güc”ün (ölkənin müsbət obrazı) nə qədər vacib olduğunu başa düşdü. Bu məqsədlə 1961-ci ildə USAİD yaradıldı. USAİD həm milli-azadlıq hərəkatlarını maliyyələşdirir, həm ictimaiyyətdə ABŞ-ın müsbət obrazını formalaşdırır, həm də gələcək müstəqil ölkə üçün ABŞ-a loyal elitanı yetişdirirdi.

Antimüstəmləkə mübarizəsində ABŞ-ın ən böyük düşməni Britaniya idi, çünki ən çox müstəmləkəsi olan ölkə o idi. ABŞ-Britaniya qarşıdurmasından SSRİ öz maraqları üçün istifadə edirdi. O bu qarşıdurmada nə ABŞ-ın, nə də Britaniyanın tam qalib gəlməsini istəmirdi. Çünki tam qalib gələn tərəf daha da güclənəcək və qarşısında yeganə düşmən kimi SSRİ-ni görəcəkdi. Buna görə də SSRİ bəzən Britaniyaya, bəzən də ABŞ-a kömək edirdi. Britaniya və ABŞ da bir-birinə qarşı mübarizədə onların tərəfində olsun deyə SSRİ-yə müxtəlif məsələlərdə (siyasi-iqtisadi-texniki-elmi) kömək edirdilər.

Məsələn, Koreya müharibəsində SSRİ-nin MiQ-15-ləri ABŞ-ın geri çəkilməsində həlledici rol oynadı: https://globkom.info/butun-xeberler/sovet-teyyarelerinin-abs-a-yasatdigi-qara-cume-axsami-fiaskosu-maraqli-tarix

Amma az adam bilir ki, MiQ-ə böyük üstünlük verən mühərrikləri SSRİ-yə məhz Britaniya satırdı. Soyuq müharibə dövründə SSRİ-yə dünyanın ən yaxşı hərbi təyinatlı turbo-reaktiv təyyarə mühərriklərinin (Rolls-Royce Derwent V və Rolls-Royce Nene) satılması əbəs yerə deyildi. Bu işə o vaxt Britaniyanın ticarət naziri olan baron Ceyms Vilson rəhbərlik edirdi. Sonralar Vilson Britaniyanın baş naziri oldu (1964-1970 və 1974-1976).

Eyni zamanda Malayyada (Britaniya müstəmləkəsi, indiki Malayziya) gedən müstəmləkəçilik əleyhinə milli-azadlıq müharibəsində (1948-1960) SSRİ və ABŞ əsasən çinlilərdən ibarət partizanlara silah yardımı edirdilər.

Britaniya İmperiyasının tabutuna son mismarı Süveyş böhranı vurdu. 1956-cı ilin 26 iyulunda Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalını milliləşdirdi. O günə qədər kanal ingilis-fransız şirkətinə məxsus idi. Buna cavab olaraq 22-23 oktyabrda Britaniya, Fransa və İsrail Misirə qarşı məxfi hərbi əməliyyat planı hazırladılar (“Sevr razılaşması”).

29 oktyabrda müttəfiqlər Misirə qarşı hərbi əməliyyatlara başladılar. İsrail qoşunları Britaniya və Fransa gəmi və təyyarələrindən bombalanmanın köməyi ilə Süveyş kanalının Misir sahillərini işğal etdilər. Bu vaxt SSRİ ilə Misir çox yaxşı münasibətdə idi. Sovet rəhbəri S.Xruşov işğalçıların Misiri tərk etməsini tələb etdi, əks halda onların hər üçünə qarşı ən sərt tədbirlər görəcəyi, hətta nüvə bombasından istifadə edəcəyi ilə hədələdi. Belə vəziyyətdə Britaniya ABŞ-dan kömək istədi. ABŞ isə bildirdi ki, bizim dövlət siyasətimiz müstəmləkəçilik əleyhinədir. Əlacsız qalan Britaniya və Fransa qoşunlarını 1956-cı ilin dekabrında, İsrail- 1957-ci ilin martında Misirdən çıxartmağa məcbur oldu.

Bu hadisə Britaniya müstəmləkəçiliyinə böyük zərbə vurdu. Britaniya anladı ki, əvvəlki üsulla müstəmləkə saxlaya bilməyəcək. 1957-ci ildən sonra Britaniya müstəmləkələrinin azadlıq paradı başladı: https://www.facebook.com/share/p/1JzsA3mX3x/

Müstəmləkələrini sürətlə itirən Britaniya imperiyanı başqa formada saxlamaq barədə düşünməyə başladı. Sesil Rodsun Qlobal Britaniya İmperiyası ideyası yenidən aktuallaşdı. Yeni ideyaya görə Britaniya imperiyası xəritədə görünməməli, lakin o mövcud olmalı idi. Beləliklə, yeni imperiya coğrafi əsaslar yox, maliyyə əsasları üzərində (banklar, ofşorlar, sığorta şirkətləri və s.) yaradıldı. Bu işdə SSRİ-nin də həlledici rolu oldu, lakin bu ayrı söhbətin mövzusudur.

Ukrayna müharibəsində Britaniya həm ABŞ-dan, həm də Rusiyadan (SSRİ-dən) qisasını almalı, onları qarşı-qarşıya qoymaqla hər ikisini zəiflətməli idi. Trampa qədər Britaniya bunu uğurla həyata keçirirdi. İndi isə onun planları pozulmaq təhlükəsi altındadır.

Eyni zamanda Rusiyanın sayəsində Britaniya maliyyə imperiyasını da itirə bilər. Tramp gələndən ABŞ da bu istiqamətdə səylər göstərir. Bütün bunlara görə Ukrayna müharibəsinin taleyi həm də Britaniya imperiyasının taleyidir. İmperiya qalmasa isə Britaniya da qalmayacaq, çünki bu ölkə öz hesabına yaşamaq imkanına malik deyil.

Asif Şəfəqqətov