
68 il əvvəl aprelin 12-də Koreya səmasında ilk Sovet və Amerikan hava döyüşü baş verdi.
1945-ci ilədək Koreya Yaponiyanın müstəmləkəsi idi. Yaponiya məğlub olandan sonra Almaniya və Avstriya kimi Koreya da SSRİ və ABŞ-ın təsir zonalarına bölündü. SSRİ Koreya yarımadasının şimalına, ABŞ isə cənubuna nəzarət edirdi. Onlar arasındakı sərhəd 38-ci coğrafi paralel üzrə keçirdi.
Şimalda Kim İr Sen başçılığı ilə sosialist, cənubda Li Sın Manın başçılığı ilə kapitalist hökuməti yaradılmışdı. O vaxtın mətbuatına inansaq, SSRİ və ABŞ tədricən Koreyanı birləşdirməyi düşünürdülər. Lakin 1949-cu ildə NATO bloku yaranandan sonra Koreyanın birləşdirilməsi ideoloji məsələyə çevrildi. Yəni sual açıq idi: bütöv Koreya sosialist olacaq, yoxsa kapitalist– başqa sözlə, kimin təsiri altında olacaq: SSRİ-nin, yoxsa ABŞ-ın?
Koreyanın sosialist olmasında Çin SSRİ-dən daha çox maraqlı idi. Çünki o vaxt ABŞ Mao Tsedunun başçılıq etdiyi ÇXR-i tanımırdı, Çin Respublikası kimi Çan Kay Şinin başçılıq etdiyi Tayvanı tanıyırdı. BMT də Çin dövləti kimi indiki Tayvanı tanıyırdı. Buna görə də Mao Tayvanı müdafiə edən ABŞ-ın onun sərhədlərinə yaxınlaşmasını istəmirdi.
1950-ci ilin 25 iyununda Kim İr Sen C.Koreyanın çoxsaylı provokasiyalarını (təkcə 1949-cu ildə C.Koreya tərəfindən 2600-dən çox sərhəd pozuntusu olmuşdu) əsas (bəhanə) gətirərək müharibəyə başladı. İlk vaxtlar SSRİ bu müharibəyə müdaxilə etmədi. Ş.Koreyanı ÇXR müdafiə edirdi, hətta Ş.Koreya ordusunda çoxsaylı çinli könüllülər və hərbi mütəxəssislər döyüşürdülər.
2 ay ərzində Ş.Koreya Pusan liman-şəhəri və ətrafındakı ərazilər istisna olmaqla C.Koreyanın bütün ərazisini ələ keçirtdi. Sentyabr ayında BMT C.Koreyanı müdafiə etdi və ABŞ ordusu BMT mandatı altında Koreya müharibəsinə qoşuldu. Bundan sonra HHM sistemləri və yeni tipli təyyarələri olmayan Ş.Koreya ordusu ABŞ aviasiyasının kütləvi bombardmanına məruz qalaraq, sürətlə geri çəkildi və noyabr ayında C.Koreya ordusu Çin sərhədlərinə yaxınlaşdı.
Vəziyyətin tam əksinə dəyişdiyini görən Çin və SSRİ müharibəyə qoşulurlar. Çin Ş.Koreyanı əsgər və hərbi təchizatla tam təmin etməyə başladı, SSRİ isə ÇXR və KXDR-də olmayanları göndərdi: bir neçə zenit-artilleriya diviziyası, projektor və radiotexnika polkları, 200-ə yaxın hərbi məsləhətçi və 1 elit qırıcı aviakorpus (pilotlarla birlikdə). Bu korpus 35-45 arası ən yeni reaktiv MiQ-15 təyyarələrindən ibarət idi və ona II DM ası, 3 dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Kojedub komandanlıq edirdi.
SSRİ-də başa düşürdülər k, Ş.Koreya ordusunun məğlubiyyətinin əsas səbəbi ABŞ təyyarələridir. SSRİ müharibədə gizli iştirak edirdi. Təyyarələrin üstünə Koreya şərti işarələri çəkilmiş, pilotlara rus dilində radioefirə çıxmaq qadağan edimişdi, onların hamısına Koreya dilində lüğət verilmiş və əsas sözlər öyrədilmişdi. O vaxtların Sovet lətifəsi “koreyalı as Li Si Tsin” buna görə yaranmışdı.
Koreya və ÇXR sərhədi Yaluçyan çayı boyunca keçir. Sovet təyyarələri çayın Çin sahilindəki 4 aerodromda yerləşdirildi. İki ölkəni bu çay üzərində tikilmiş strateji əhəmiyyətli dəmir yolu körpüsü birləşdirirdi. Çinin bütün yardımları bu körpüdən keçirdi. ABŞ Ş.Koreyanı təslim etmək üçün həmin körpünü məhv etməli idi.
MiQ-lər gələnədək Amerikanın F-80 Shooting Star və F-84 Thunderjet qırıcı təyyarələri Koreya səmasında rəqabətsiz hökmranlıq edirdilər. Bu təyyarələr ən yeni tipli olmasalar da texniki xarakteristikalarına görə köhnə tip Çin və Koreya təyyarələrindən çox üstün idilər. MiQ-15-lə ilk döyüşlərdən sonra ABŞ onların üstünlüyünü gördü. ABŞ pilotları MiQ-15-lərlə döyüşdən çəkinməyə və döyüş mövqeyindən uzaqlaşmağa başladılar.
ABŞ Koreyaya təcili ən yeni F-86 Sabre qırıcılarını göndərdi. Onlar MıQ-15-lə eyni sinfə aid qırıcılar idi: MiQ-15 qalxma sürətində və sürətgötürmədə, F-86 pike sürətində və manevretmədə üstün idi. MiQ-in 800 m-dən vura bilən 3 pulemyotu (biri 37 mm çaplı), F-86-nın 400 m-dən vuran 6 pulemyotu var idi. MiQ-15-in uzunluğu və qanadları boyu eni 10 m, F-86-nın– müvafiq olaraq, 11,5 və 11,3 m idi. Bundan sonra əsas hava döyüşləri MiQ-lərlə F-86-lar arasında gedirdi. Hər qırıcı öz üstün xarakteristikalarından istifadə edirdi. Sonralar MiQ-lərin cövlan etdiyi, ABŞ təyyarələri ilə döyüşlərə girdiyi ərazilər "MiQ-lər xiyabanı" adlandırıldı.
1951-ci ilin 12 aprelində ABŞ körpünü partlatmaq üçün böyük bir əməliyyata başladı. Körpüyə doğru 48 B-29 bombardmançı təyyarə və onları yuxarıdan müşayiət edən 150-yə yaxın F-80, F-84, F-86 qırıcı təyyarədən ibarət aviaarmada göndərildi. Bu məlumat çatan kimi Sovet aviakorpusu tam tərkibdə havaya qaldırıldı. Onların qarşısında qoyulan tapşırıq bombardmançı təyyarələri məhv etmək və körpünün partladılmasına imkan verməmək idi.
Qeyd etmək lazımdır ki, ~200 ABŞ təyyarəsinə qarşı ~40 Sovet təyyarəsinin döyüşə çıxması çox da qeyri-adi görünməməlidir. 1 MiQ-15 texniki xarakteristikalarına görə 10 F-80 və ya F-84-lə döyüşə girə bilərdi.
Boeing B-29 Superfortress (Superqala) təyyarəsi o vaxtın ən yaxşı bombardmançı təyyarəsi sayılırdı. Uzunluğu 43 m və qanadları boyu eni 30 m idi. MiQ-15-in yanında nəhəng görünürdü. Hiroşima və Naqasakiyə atom bombası məhz bu təyyarələrdən atılmışdı. Onların hər biri körpüyə radioidarəolunan 6 tonluq fuqas bombası atmalı idi. Bu təyyarəni sıradan çıxartmaq asan məsələ deyil, adından göründüyü kimi yaxşı zirehli korpusu və hər tərəfində yerləşdirilmiş 6 iri çapl pulemyotu var. Ekipajı 11 nəfərdən ibarətdir.
MiQ-lər yüksəkdən uçaraq, pike manevri ilə B-29-lara yuxarıdan hücum etdilər və F-86-ların atış məsafəsindən uzaqdan onları atəşə tutdular. Sursat ehtiyatı tükənmiş MiQ-lər döyüş zonasını tərk etmir və hücum manevrləri edərək, düşməni konkret hədəfdən yayındırır, onları psixi təzyiq altında saxlayırdılar. Döyüş cəmi 20 dəqiqə çəkdi. Çaşqınlıq içində olan ABŞ təyyarələri geri qayıtdılar və körpünü partlada bilməilər.
Döyüş zamanı ABŞ 10 bombardmançı, 4 qırıcı təyyarə itirdi. Paraşütlə tullana bilmiş və sağ qalmış 100-ə yaxın ABŞ təyyarəçısı Koreya ordusuna əsir düşdü. Bazaya qayıda bilən ABŞ təyyarələrinin, demək olar ki, hamısında ölən və ya yaralananlar var idi. Bu darmadağın idi. Sovetlər isə bir təyyarə də itirmədilər.
Bu hadisə Sovet reaktiv qırıcılarının ilk real döyüşü kimi tarixə düşdü. MiQ-15 təyyarəsi sonralar SSRİ-nin ən çox istehsal və ixrac etdiyi təyyarə oldu. Sovetlərin ən vacib üstünlüklərindən biri də bu idi ki, pilotlar hamısı II DM-də iştirak etmiş təyyarəçilər idi.
ABŞ HHQ-də həlak olmuş təyyarəçilərə görə bir həftə matəm elan olundu, 3 gün "MiQ-lər xiyabanı"nda bir ABŞ təyyarəsi də görünmədi. Bu hadisə Amerika hərb tarixinə "Qara cümə axşamı" kimi düşdü.
Həmin ilin oktyabrında Sovet MiQ-ləri daha 16 B-29 məhv edərək, ABŞ ordusuna yeni bir "qara gün" yaşatdılar. Bundan sonra ABŞ hərbi komandanlığı gündüz vaxtlarında qrup halında B-29-lardan istifadədən imtina etdi. ABŞ-ın hərbi taktikası kütləvi bombalama üzərində qurulduğundan bu üstünlüyü itirdikdən sonra Koreya müharibəsinin intensivliyi yavaş-yavaş azalmağa başladı və 1953-cü ilin 27 iyulunda 38-ci paralel üzrə atəşkəs elan olundu.
B-29-ların Koreyada darmadağın edilməsi ABŞ-ı SSRİ-yə qarşı qlobal müharibə strategiyasına yenidən baxmağa məcbur etdi. O vaxta qədər Vaşinqtonda əmin idilər ki, SSRİ-nin nüvə bombardmanına başlasalar, əməliyyatı uğurla başa çatdıra və bu zaman təyyarələrin ən çoxu 10%-ni itirə bilərlər. Koreya müharibəsi göstərdi ki, Sovet hərbi qrupu hətta zenit raketlərini istifadə etmədən, az sayda təyyarə ilə və düşməni təqib etmək əmri olmadan onları azı 25% itkiyə məruz qoya bilər və əməliyyat uğursuzluqla başa çata bilər. Bu hadisə ABŞ-ın SSRİ-yə qarşı nüvə müharibəsinə başlamaq planını təxirə saldı.
Məlumat üçün:
Koreyada Sovet pilotları 416 təyyarə vurublar. Ən yaxşı nəticəyə Nikolay Sutyaqin (21 təyyarə) və Yevgeni Pepelyayev (20 təyyarə) nail olub. Bu müharibədə ABŞ pilotları arasında ən yaxşı nəticə Cozef Kristofer Makkonel-kiçikdə olub (16 təyyarə). Yeri gəlmişkən, o da Sovet pilotu tərəfindən vurulub və həlak olub.
Asif Şəfəqqətov
P.S. Soyuq Müharibə illərində SSRİ və ABŞ dəfələrlə qarşıdurma vəziyyətinə düşdülər. Ancaq daha iki ölkənin pilotları arasında belə irimiqyaslı döyüşlər olmadı. Vyetnamdan sonra (orada Sovet və Vyetnam asları, həmçinin sovet zenitçiləri analoji rolu oynadılar) isə ABŞ SSRİ ilə proxy-müharibə formasını əsaslı şəkildə dəyişdi. B-29-ların yerini saqqallı islamçı radikallar tutdu (Əfqanıstan)– onlar bombardmançıdan qat-qat ucuzdur və onları itirmək heyf deyil.
ABŞ kütləvi bombardman taktikasına yalnız Rusiya zəiflədikdən sonra qayıtdı (birinci və ikinci İraq, Liviya, Yuqoslaviya). Suriyada isə məsələyə Rusiya müdaxilə etdiyindən ABŞ bu taktikanın tam tətbiq edə bilmədi və yenidən islamçı radikallardan istifadə etdi.
GlobKom.İnfo