“Karvan” qış fasiləsindən sonra ilk iki turda uğursuz çıxışları ilə diqqət çəkdi. Yevlax təmsilçisi yalnız bu həftə XIV turda doğrma divarlar arasında MOİK üzərində 3:1 hesablı qələbə qazana bildi. Komandasının qələbə qollarından birinə imza atan Emil Qasımov oyunla bağlı bunları dedi:

“Bizdən fərqli olaraq MOİK çempionatın ikinci yarısına yaxşı başlamışdı, onlar iki turda ardıclı qələbə qazanmışdı. Bizim üçün ağır oyun olacağını bilirdi. Əsas əvvəlki iki oyunda qələbə qazana bilmədiyimizə görə maksimum 3 xal motivasiyası ilə görüşə hazırlaşırdıq. Ona görə də “hərbiçilər”lə matçın ilk dəqiqəsindən hücum futbolu sərgiləməklə erkən qollar vurduq və layiq olduğumuz qələbə qazandıq. Hazırda I Liqada çox gərgin mübarizə gedir, bu çempionatda zəif rəqib yoxdur, hətta sonuncu yerdə gedən komanda belə bütün oyunlara qələbə əzmi ilə çıxır. Təbii ki, mövsümdə bəlli məqsədimiz var. Çempion olmaq, ən pis halda isə ikinci pilləni tutmaq. Onu da çox gözəl bilirik ki, 2-ci yerə iddialı çox komanda var. Odur ki, qarşıdakı turların hamısında da zəfər qazanmaq istəyirik”.

Futbolçu öz performansı haqqında da fikir bildirdi

“Ötən il ilə müqayisədə bu mövsüm özümü daha hazırlıqlı hesab edirəm. Hücumçunun işi irəli xətdə fəal olmaq, rəqib müdafiəsini təzyiq altında saxlamaq və qollar vurmaqdır.  Bir forvad kimi bacardıqca sadalananların öhtəsindən gəlməyə çalışıram. Arxada qalan 14 oyunda 10 qol vurmuşam, bundan sonra da qollarımı sıramağa çalışacam. Təbii ki, vurduğum hər bir qolum ilə komandama qələbə bəxş etmək istəyirəm. Əsas olan “Karvan”ın uğurudur. Ən böyük arzum komandamla qarşımıza qoyduğumuz hədəfə çataq – elitaya yüksələk”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info