Yaxın gələcəkdə dünya makrozonalara bölünəcək, indiki dünya əmtəə-xammal birjaları (ƏXB) yoxa çıxacaq. Makrozonalar proteksionist iqtisadi siyasət aparacağından hər makrozonanın öz ƏXB-si olacaq. Bu dünya iqtisadiyyatında ciddi dəyişikliklər yaradacaq.

Hazırda 100-dək əmtəə-xammal birjalarda satılır. Dünya ticarətinin ~20%-i bu birjaların payına düşür. ƏXB-lərdə aşağıdakı məhsullar satılır:

- eneji daşıyıcıları: neft, dizel yanacağı, benzin, mazut, propan, maye qaz, kömür;

- əlvan və qiymətli metallar: mis, alüminium, qurğuşun, sink, qalay, nikel, qızıl, gümüş, platin, uran və s.

- qara metallar: müxtəlif formalı polad və çuqun yarımfabrikatlar;

- qiymətli daşlar: almaz, brilyant, zümrüd və s.

- taxıl məhsulları: buğda, qarğıdalı, arpa, yulaf, çovdar, düyü;

- yağlı toxumlar və onların ilkin emalı məhsulları: kətan və pambıq toxumları, soya, lobya, soya yağı, soya unu;

- diri heyvanlar və ət: iribuynuzlu heyvanlar, diri donuz, bekon;

- qida-dad məhsulları: xam şəkər, rafinə olunmuş şəkər, qəhvə, kakao paxlası, kartof, bitki yağları, ədviyyatlar, yumurta, portağal şirəsi konsentratı, araxis;

- toxuculuq xammalı: pambıq, jüt, təbii və süni ipək, yuyulmuş yun və s.

- sənaye xammalı: kauçuk, taxta-şalban, faner, sulfat turşusu.

Deməli, birjadan kənar satış dünya ticarətinin ~80%-ni təşkil edir.

Başqa sözlə:

- xammal və ilkin emal məhsulları– birjalarda satılır,

- son emal məhsulları– birjalardan kənarda satılır.

Birjalarda qiymət tələb-təklif balansı, birjalardan kənarda isə– tərəflərin qarşılıqlı razılaşması əsasında formalaşır.

Belə bir sistem artıq köhnəlməkdə olan imperialist iqtisadiyyatının tərkib hissəsidir. İmperializmin ilkin dövrlərində bütün sənaye kapitalist ölkələrində təmərküzləşmişdi. Lakin xammalın coğrafi paylanması insanların iradəsindən asılı deyil, onlar müxtəlif nisbətlərdə bütün dünya üzrə paylanıblar.

Sənaye həcmi artdıqca onun xammal və materiallara tələbatı da artır. Dünya miqyaslı istehsal üçün dünya miqyaslı xammal və material tələb olunur. Kapitalist elə etməlidir ki, xammalı ucuz alsın, hazır məhsulu isə baha satsın. Müstəmləkələr dövründə bunu zor gücü ilə edə bilirdi. Lakin yeni müstəmləkəçilik dövründə istismar zor gücü ilə deyil, iqtisadi vasitələrlə aparılmağa başlandı.

Əslində bu əvvəlkindən daha səmərəli vasitə idi. Çünki hər hansı ərazini müstəmləkədə saxlamaq üçün həmin ərazidə qoşun, administrasiya və s. saxlanılmalı, onların xərci ödənilməlidir. Bundan başqa, yerli əhali pis yaşamasına görə, təbii ki, istismarçıya, yəni metropoliyaya və onun nümayəndələrinə nifrət edir, bu da tez-tez metropoliyaya baha başa gələn üsyanlara səbəb olur.

Yeni müstəmləkəçilikdə isə müstəmləkə ərazisində oyuncaq dövlət yaradılır. Ölkənin xammalı yenə keçmiş metropoliyaya çatır. Əhali isə pis yaşayışına görə öz rəhbərliyinə nifrət edir. Əlbəttə, metropoliya da nifrət edilməli (korrupsioner, əzazil) rəhbərlərin “seçilməsi” üçün əlindən gələni edir.

Müstəmləkəçiliklə yeni müstəmləkəçilik arasında formal fərq nədən ibarətdir?

1) 1-ci halda ölkəyə xaricilər (metropoliya), 2-ci halda yerli adamlar rəhbərlik edir. Bu haqda yuxarıda yazmışdım.

2) 1-ci halda metropoliya istədiyi xammalı satışsız aparır (ona məxsusdur), 2-ci halda isə metropoliya xammalı satın alır. Gəlin bu məsələyə bir az diqqətlə baxaq.

İlk baxışdan belə görünür ki, 1-ci halda metropoliya xammalı havayı, 2-ci halda isə satın alıb aparır. Yəni 1-ci halla müqayisədə 2-ci daha mütərəqqidir. Lakin, necə deyərlər, şeytan detallarda gizlənib.

Metropoliya 1-ci halda da xammalı havayı aparmır. O bu xammalı əldə etmək üçün işçiyə minimum əmək haqqı verir və müstəmləkədə özünün (yadellinin), şirkətinin təhlükəsizliyini qorumaq üçün böyük xərc çəkir. Başqa sözlə, kapitalist xammalı havayı yox, maya dəyərinə aparırdı. Kapitalistin ən əsas məqsədi daha çox mənfəət qazanmaqdır. Bunun üçün o daim istismar xərclərini (maya dəyərini) azaltmaq barədə düşünür.

Əgər metropoliya nümayəndəsinin təhlükəsizliyini qoruyan qüvvələr ixtisar olunarsa, əmtəənin maya dəyərini əhəmiyyətli dərəcədə azaltmaq olar. Onları ixtisar etmək üçün isə metropoliya ölkədə idarəçiliyi yerli sakinlərə verməlidir. Bu zaman kapitalist əmtəəni satın almalı olacaq.

Bəs kapitalist əmtəəni necə almalıdır ki, əvvəlki üsuldan daha az xərci çıxsın?

Əvvəla, yeni müstəmləkədə əmtəənin istehsalının maya dəyəri aşağı düşür, çünki metropoliyanın nümayəndələrinin bahalı mühafizə xərcləri, üsyanların yatırılmasına xərclər ixtisar olunur. Bu ixtisar olunan xərclərin hesabına yerli hakimiyyət işçilərin əmək haqlarını hətta qismən artıra bilər.

Beləliklə, maya dəyəri problemi həll edilir. Lakin 2-ci problem də var– əmtəə istehsalçısı onu baha qiymətə satmaq istəyə bilər. Deməli, elə bir satış sistemi qurmaq lazımdır ki, yerlilər əmtəəni satarkən özlərinə sərf edən qiymətləri qoya bilməsinlər. Bunun üçün isə ƏXB “ixtira” edildi.

Əmtəəni kimlər alır? Emal müəssisələri olanlar.

Bu müəssisələr harada yerləşirdi? Metropoliya ərazilərində.

Sxem hamıya aydın oldu, yəqin ki. Təklif edənlər keçmiş müstəmləkələr, tələb edənlər metropoliyalardır. Metropoliya şirkətləri kartel razılaşmasına gələrlərsə, heç bir əmtəəni kartelin müəyyən etdiyi qiymətdən yuxarı sata bilməzlər. Beləliklə, keçmiş metropoliya şirkətləri birja vasitəsilə əmtəə qiymətlərini özlərinə sərf edən ucuz səviyyədə saxlayırlar.

Faktiki olaraq, yeni müstəmləkəçilikdə əmtəə kapitalistə müstəmləkə dövründən daha ucuz və daha rahat başa gəlirdi. Qiymət ucuz olduğuna görə keçmiş müstəmləkələr daha çox əmtəə satmağa çalışırdı (çünki ölkəsinə pul lazımdır), bu da öz növbəsində birjada təklifi artırır və əmtəə qiymətlərinin təbii düşməsinə səbəb olurdu.

Neft qiymətlərinin onillər ərzində necə ucuz və sabit saxlanması tarixçəsi çox yaxşı araşdırılıb (imkan olsa, bu haqda yazaram).

Qızıl və brilyantın qiymətlərinin necə bir neçə şəxs tərəfindən idarə olunduğu barədə mətbuatda yaxşı araşdırmalar var.

2000-ci illərdə Avropanın (istehlakçılar kartelinin) boru qazının qiyməti ilə bağlı Rusiya ilə apardığı çox amansız qiymət oyunu da yaxşı araşdırılmamış ayrı bir maraqlı mövzudur (imkan olsa, bu haqda yazaram).

İndi bir daha dünya ticarətinə qayıdaq.

Dünya ticarətinin 1/5-i əmtəə və materialların, 4/5-i hazır məhsulların payına düşür. Niyə?

Təkcə ona görə yox ki, hazır məhsul əlavə dəyər yaradır. Bu halda qoy bazar ~50:50-yə bölünsün. Çünki xammal və materilallar ucuz, hazır məhsullar isə qat-qat baha satılırlar. Xammal və materialların ucuz olması üçün birjalar yaradılıb, hazır məhsullar isə ikitərəfli qarşılıqlı razılaşdırılan müqavilələr əsasında satılır.

2000-ci ilədək bu çox uğurlu sxem idi. Sonra Çin iqtisadi möcüzəsi baş verdi. Başqa keçmiş müstəmləkələr də Çindən nümunə götürürlər. Yəni keçmiş müstəmləkələr artıq metropoliyalara yalnız xammal yox, həm də hazır məhsullar satmağa başlayıblar.

Çin də keçmiş metropoliyalar kimi xammalı dünya birjalarından alır. Birjalarda qiymət hamı üçün eynidir. ABŞ, Almaniya, Fransa və Çin eyni qiymətə xammal alsa da Çin həmin xammalı daha az xərcə emal edir. Buna görə də o eyni keyfiyyətli məhsulu dünya bazarlarında daha ucuz qiymətə sata bilir. Belə davam edərsə, 10 il sonra Qlobal Qərb ölkələrinin tam iflası labüddür.

Bunun qarşısını necə almaq olar?

1-ci çıxış yolu haqda yazmışdım: Çini zor gücü ilə çökdürmək: https://globkom.info/butun-xeberler/dunyada-ne-bas-verir-perdenin-arxasina-yuxaridan-baxis / Zor üsulu 80-ci illərdə ABŞ tərəfindən Yaponiyaya qarşı uğurla tətbiq edilmişdi. Çinə qarşı onun mümkünlüyü böyük şübhə altındadır. Artıq demək olar ki, mümkünsüzdür.

Lakin 2-ci çıxış yolu da var: dünyanı iqtisadi makrozonalara bölmək (“Əlvida, qlobalizasiya!”). Bu halda ƏXB makrozona daxilində fəaliyyət göstərəcək. Makrozonadan kənara isə qiymətlər qarşılıqlı razılaşma ilə müəyyənləşəcək. Yəni xammal sahibi makrozona onu 2-ci makrozonaya elə qiymətə satacaq ki, 2-ci makrozonanın ondan hazırladığı məhsul 1-ci makrozonadakı eyni məhsuldan baha olsun.

Deməli, makrozona yaratmaq istəyən hər bir ölkə zəngin xammal ehtiyatlarına malik olmalıdır. Buna görə də xammal ehtiyatları uğrunda qlobal mübarizə gündən-günə güclənir. Rusiya, Afrika, Alyaska, Kanada, Arktika əraziləri uğrunda qlobal mübarizənin mahiyyətində də bunlar dayanır.

Avropa isə nə zəngin xammal ehtiyatlarına malikdir, nə də başqa ərazilərdə onları ələ keçirmək gücünə. Buna görə də Avropanın aqoniyası qaçılmazdır. Biz də pis vəziyyətə düşməmək üçün siyasətimizdə müasir tendensiyaları nəzərə almalıyıq.

 

Asif Şəfəqqətov

GlobKom.İnfo