
“Çinar-Zəngilan” Region Liqasında çıxışları və nəticələriylə diqqət çəkən komandalardandır. Zəngilan təmsilçisi çempionatın gümüş mükafatçısı olmağı da bacarıb. Bəs hazırda komanda nə işlə məşğuldu? Globkom.info olaraq bu sualı aydınlaşdırmaq üçün “Çinar-Zəngilan”ın prezidenti və baş məşqçisi Anar Dünyamalıyevdən fikir öyrəndik.
“Əvvəlki mövsümlərlə müqayisədə bu il Region Liqası gec start götürəcək. Fevralın axırlarında çempionata start veriləcək. Sadəcə fərqli format olacaq. Belə ki, əvvəl qrupda iki dövrəli oyunlar vardısa bu dəfə bir dövrəli olacaq. Ardınca isə pley-off matçları baş tutacaq. Komanda olaraq hazırlığımızı davam etdiririk. Həftədə 3 dəfə yoxlama oyunları keçiririk. Həmçinin iş adamlarıyla danışıqlar aparırıq. Gələn mövsümdən yeni – III Liqa yaransa sponsorlu klub kimi həmin çempionatda çıxış etmək istəyirik. Həmişə məqsədimiz daim peşəkarlaşmağa can atan komanda olmaqdır. Odur ki, yeni çempionat yaransa və iştirakımız təmin edilsə, daha güclü, iddialı “Çinar-Zəngilan” görəcəksiz”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info