Əvvəli burtada

https://globkom.info/butun-xeberler/azerbaycan-kommunistlerinin-milli-dovletcilik-siyasetinde-erazi-meseleleri-i-hisse

 

Qarabağda Şura hakimiyyətinin qurulması

 

1920-ci il mayın əvvəlində 11-ci Ordunun bölmələri Yevlaxdan keçərək Dağlıq Qarabağ, Gəncə və Qazax istiqamətində irəliləməyə başladı. May ayının birinci yarısına qədər Azərbaycanın demək olar ki, bütün ərazisində Şura hakimiyyəti quruldu. Mayın 12-də Azərbaycan Qırmızı Ordusu (AQO) və RSFSR Qırmızı Ordusu Qarabağa gəldi. Müttəfiq Qırmızı Ordu birləşmələrinin Şuşaya çatması ilə keçmiş Müsavat ordusu qarnizonu AQO-un bir bölməsinə çevrildi. Bu vaxt Azərbaycanda Şura hakimiyyətinin qurulduğu gün özünü Qarabağ İnqilab Komitəsinin sədri elan edərək Azərbaycanın yeni hakimiyyətinə loyallıq nümayiş etdirən Xosrov bəy Sultanov respublikanın Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanov tərəfindən vəzifəsindən azad edildi və mayın 14-də Dadaş Bünyadzadə Qarabağ üzrə fövqəladə komissar təyin edildi (R.G.Hovannisian “The Republic of Armenia. Volume 1: The First Year, 1918–1919”, Berkeley, Los Angeles & London: University of California Press, 1991: s.162). Xosrov bəy Sultanovun vəzifəsindən azad edilməsində onun ingilislərlə əlaqəsi, Şuşa və Qaybalıda hayların qətliamlarına (bu qırğınlar zamanı Musavat hökumətinə müqavimət göstərməyən və daşnakların təbliğatına uymayan kəndli ermənilər də öldürülmüşdü) görə ermənilər tərəfindən nifrət edilməsi mühüm rol oynayırdı. 

Qırmızı Ordunun Qarabağa gəlişi erməni millətçilərinin avantürist siyasətindən təngə gəlmiş yerli erməni əhalisi tərəfindən də rəğbətlə qarşılandı. Daşnak qüvvələrinin Qarabağdan çıxarılması sayəsində yerli erməni bolşevikləri Sako Hambartsumyanın başçılığı ilə erməni əhalisinə müraciət edərək Qarabağ ermənilərinin X qurultayını çağırdılar. Mayın 26-da Tağverd kəndində bolşeviklərin rəhbərliyi ilə Qarabağ ermənilərinin keçirdiyi həmin qurultayda Qarabağda Şura hakimiyyətinin qurulması elan edildi. Paralel olaraq da Leninə və Nərimanova təbriklər göndərildi (R. G. Hovannisian “The Republic of Armenia. Volume 1: The First Year, 1918–1919”, Berkeley, Los Angeles & London: University of California Press, 1991: s.166-167). Qarabağ ermənilərinin Nərimanova təbrik teleqramı göndərməsi özlüyündə Qarabağın Azərbaycan Şura Cümhuriyyətinin bir hissəsi kimi tanınması anlamına gəlirdi.

 

Azərbaycan Şura Cümhuriyyətinin yay və payız hərbi kampaniyaları (iyul-noyabr 1920-ci il)

 

1920-ci il mayın 7-də Azrevkom (Azərbaycan İnqilab Komitəsi) Azərbaycan QO  və Azərbaycan Qırmızı Donanmasının (AQD) təşkili haqqında dekret verdi. Bəhs edilən dövrdə Azərbaycan hökuməti Ermənistana müharibə elan etdiyi üçün yeni Azərbaycan Ordusunun formalaşdırılması prosesinin sürətləndirilməsini zəruri hala gəlmişdir. Bu məsələ ilə əlaqədar Azərbaycan Şura Cümhuriyyətinin (AŞC) Hərbi-Dəniz komissarı Çingiz İldırım 12 may 1920-ci ildə Dərbəndin hərbi komissarı Korolyova vurduğu teleqramında  1920-ci ilin aprelin 27-də Qızıl Ordunun həyata keçirdiyi Yalama-Bakı əməliyyatı zamanı güllə atdığına görə tutularaq Dərbənd həbsxanasına salınan 591 nəfər Azərbaycan əsgərinin azad edilib Bakıya – AŞC-in ordu qərargahına göndərilməsini xahiş etmişdir. Bu məsələylə bağlı Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan teleqramlarda deyilir:

  “12 may 1920-ci il

   Teleqram

   Dərbənd, hərbi komissar Korolyova

   Xahiş edirəm, əsir alınmış və hazırda Dərbənddə saxlanılan 591 nəfər Azərbaycan əsgərinin Bakıya, Azərbaycan Şura Cümhuriyyətinin[1]ordu qərargahının sərəncamına göndərəsiniz.

   Hərbi-dəniz komissarı İldırım”.

 

   1920-ci ilin mayında Dərbənddə əsir saxlanılan 591 nəfər əsgərin kimlərdən ibarət olmasını sübut edən sənədlərlə də arxivdə tanış olmaq olar. Şura Azərbaycanının ilk hərbi-dəniz komissarı Çingiz İldırımın ünvanına yazılmış bir məktubda oxuyuruq:

 

   "Müstəqil Azərbaycan Şura Cümhuriyyətinin hərbi-dəniz komissarına

   Quba qəzası Dəvəçi sahəsinin Əmirxanlı və Ağsaqqallı kəndlərinin müvəkkilləri Məstan İskəndər oğlu, Kərim, Zəkəriyyə və Əlabbas tərəfindən

 

   Ərizə

   Yoldaş komissar!

   Satqın Müsavat hökuməti Yalamadakı əsgərlərə əmr etmişdi ki, xalq düşmənlərinə atəş açsınlar. Aprel ayında bizim dostlarımız, yoldaşlarımız sərhədə yaxınlaşdıqda övladlarımız olan əsgərlər xidməti borclarını yerinə yetirərək atəş açdılar. Atışmadan sonra əsgərlərimiz öz qardaşları ilə müharibə apardıqlarını gördülər, atəşi dayandırsalar da, əsir götürüldülər. Hazırda 80 əsgərimiz Dərbənd həbsxanasında saxlanılır.

   12 may 1920-ci il.”

(anl.az/down/meqale/express/2011/yanvar/152341.htm)

 

AQO-un formalaşdırılması RSFSR-in XI Ordusunun komandanına, donanma isə Xəzər Donanması komandanlığına tabe edildi.

 

Müsavat ordusunun əksəriyyəti əvvəlki hökuməti fəal müdafiə etmədiyindən və ilk günlərdə yeni hökumətə sadiq olduqlarından həmin ordu nümayəndələrinin də Qırmızı Ordunun xətti ilə yenidən təşkil edilməsi qərara alınmışdır. Lakin 1920-ci ilin may ayında baş verən Gəncə qiyamından sonra Müsavat hökumətinin zabitləri ordudan kənarlaşdırıldı və AQO-un RSFSR-in fəhlə-kəndli qırmızı ordusu əsasında yenidən formalaşdırılmasına başlanıldı. 1920-ci ilin iyulun ortalarında həyata keçirilən ordu quruculuğu nəticəsində Azərbaycan ŞSC Qırmızı Ordusunun sayı 5,5 min nəfərdən bir qədər çox idi (“Азербайджанская Красная Армия - Дневник коменданта Чевенгурского уезда” — LiveJournal).

Azərbaycanda ordu quruculuğunun həyata keçirildiyi bir vaxtda paralel olaraq AŞC öz suverenliyini Zəngəzur və Naxçıvanda bərqarar etmək üçün bu ərazilərdə yay hərbi kampaniyasına hazırlaşırdı. Yeri gəlmişkən, Çiçerin istisna olmaqla Rusiya bolşevikləri ərazi məsələsində Azərbaycana dəstək verirdilər (Yazımın III hissəsində Rusiya bolşeviklərinin bu mövqeyi ilə bağlı da məlumat verəcəyik).

Qarabağda müqavimətsiz şura hakimiyyətinin qurulması Zəngəzurun da asanlıqla ələ keçirilə biləcəyindən xəbər verirdi. Lakin Azərbaycanda baş verən bir neçə anti-şura üsyanı bolşevikləri Zəngəzurda təşkil ediləcək hərbi əməliyyatları təxirə salmağa məcbur etdi. İyunun sonunda  Azərbaycanda sonuncu anti-şura üsyanı yatırıldıqdan sonra Azərbaycan hökuməti Zəngəzur, Naxçıvan, Culfa və Ordubad rayonları üzərində suverenliyini bərqərar etmək üçün yay kampaniyasına start verdi. 5 iyulda Müttəfiq Qırmızı ordular Gorusu ələ keçirdi. İyulun 7-də TBMM (Türkiyə Böyük Millət Məclisi) ilə Sovet Rusiyası arasında müttəfiq münasibətləri və əməkdaşlıq haqqında müqavilə imzalanır. Bu sazişə əsasən Bəyazid batalyonuna daxil olan türk birləşmələri Gorusda yerləşən Qırmızı Ordunun sahə qərargahına gəldilər (Н.Азовцев “Директивы командования фронтов Красной Армии, 1917-1922: сборник документов, Том 3”, 1974: s.296).

Əvvəlcə Sovet Rusiyası rəsmi olaraq Ermənistana Zəngəzurun cənubu və Naxçıvandakı hərbi birliklərini çıxarması barədə ultimatum verir. Ermənistan hökumətinin cavabını gözləməyən bolşeviklər ordusu Naxçıvanda Şura  hakimiyyətinin qurulması üçün hərbi əməliyyatlara başlamağı qət edir. 17 iyulda Qırmızı ordular Naxçıvana hücuma keçir və tezliklə Naxçıvan şəhərini ələ keçirir. 28 iyul 1920-ci ildə Azərbaycan Qırmızı Ordusunun və XI Ordunun alayı Gorus istiqamətindən keçərək Naxçıvana girdi. Elə həmin gün burada Şura hakimiyyəti elan edildi. Bu münasibətlə  I Qafqaz alayının komandiri Kirova teleqraf göndərdi: 28 iyulda yolda düşmənlə qarşılaşmadan Naxçıvan şəhərinə gəldik. Naxçıvan əhalisi Qırmızı Ordu və Şura hakimiyyətini hərarətlə qarşılayır”. 29 iyul 1920-ci ildə Naxçıvan İnqilab Komitəsi quruldu və Naxçıvan daxilindəki bütün hakimiyyət bu komitəyə keçdi. Elə həmin gün Naxçıvanda müstəqil Naxçıvan İctimai Şuralar Cümhuriyyəti (NİŞC) elan edildi. Bu respublika Azərbaycan İŞC və RSFSR ilə yaxın hərbi-iqtisadi ittifaqda idi (Ю. Багиров “Из истории советско-турецких отношений в 1920-1922 гг”, 1965: s.58) . İkitərəfli sıxışdırılan erməni qoşunları bütün cəbhə boyu geri çəkilir. Bu çəkilmə zamanı dığaların həmin dəstələri Qafanda Qareqin Njdenin ordusuna qatılır. Gorusun tutulmasından və Qarabağda Şura hakimiyyətinin qurulmasından sonra Şuralar ordusu Zəngəzurun cənub hissəsinə də nəzarət etməyə çalışsa da, Njdenin dəstəsi Qafan yaxınlığındakı müttəfiq Qırmızı qoşunları geri oturtdu. Şura qoşununu təqib edən Dronun (Drastamat Kanayan) dəstəsi onları Qarabağ sərhədinə qədər çəkilməyə məcbur etdi (А.Кадишев “Интервенция и гражданская война в Закавказье”, 1960: s. 335).

Müttəfiqlər birgə Naxçıvan-Ordubad xəttində yerləşən daşnak dəstələrinə qarşı əməliyyat keçirmək barədə razılıq əldə edirlər. Lakin iyulun 31-də Dro Dərəlayəzdən əks hücuma keçdi. Gorus şəhəri qırmızı orduların nəzarətindən çıxdı və avqustun 3-də daşnaklar Gorusa daxil oldular. Dro Şura ordusunun Zəngəzurdan geri çəkilməsindən sonra Qarabağın da Ermənistana geri verilməsini tələb etdi. Ancaq 5 avqustda qırmızı qoşunlar əks hücuma keçdi və iki gün sonra Gorusu geri aldı. Türkiyə ilə Azərbaycan ŞC  arasındakı Şuşa-Gorus-Naxçıvan dəhlizi yenidən açıldı. Həmçinin qırmızı ordular avqustun 10-da Dronun qoşunlarını Dərələyəzə geri çəkilməyə məcbur etdilər (R. G. Hovannisian “The Republic of Armenia. Volume 4: Between Crescent and Sickle: Partition and Sovietization”, Berkeley, Los Angeles & London, University of California Press, 1996: s.88-9.). Beləliklə Şura Azərbaycanın iyunun sonunda başlatdığı yay hərbi kampaniyası nəticəsində avqustun 10-da AQO Naxçıvan və Zəngəzur cəbhələrində qələbə qazanması ilə başa çatdı. Azərbaycan ŞSC Naxçıvana tamamilə, Qərbi Zəngəzurun isə Gorus şəhərinə nəzarəti bərqərar etdi. AQO-un qələbəsi ilə başa çatan yay hərbi kampaniyasının bitdiyi gün – avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Bəktaşov Nərimanova məktub yazaraq Naxçıvan diyarının Azərbaycan Sovet Respublikasının ayrılmaz hissəsi olduğunu bildirir. Lakin elə həmin gün Sovet Rusiyası və Daşnak Ermənistanı arasında imzalanan müqavilə Azərbaycan hökuməti üçün gözlənilməz olur. Müqavilənin 2-ci bəndində qırmızı ordular tərəfindən ələ keçirilən Qarabağ, Zəngəzur və Naxçıvanın mübahisəli ərazi olduğu qeyd olunmuşdu.  Maraqlıdır ki, müqavilənin 3-cü bəndində qeyd olunurdu ki, “Mübahisəli ərazilərin Şura qoşunları tərəfindən ələ keçirilməsi Ermənistan respublikasının və ya Azərbaycan İŞC-in bu ərazilərə dair hüquqları məsələsini ön mühakimə etmir. Bu müvəqqəti idarəetmə ilə RSFSR yaxın vaxtlarda RSFSR və Ermənistan Respublikası arasında bağlanacaq sülh müqaviləsi ilə yaradılacaq əsaslarla Ermənistan və Azərbaycan arasındakı ərazi mübahisələrinin sülh yolu ilə həlli üçün əlverişli şərait yaratmağı düşünür.” (С. Орешкова “Россия и Турция: проблемы формирования границ”, 1999: s.229).

Müqavilənin maddələri barədə RSFSR Azərbaycan rəhbərliyinə məlumat verməmişdi. Avqustun 10-da imzalanmış Rusiya-Ermənistan müqaviləsinə görə Naxçıvan və Şərur-Dərələyəz qəzasının taleyi gələcəkdə təyin ediləcəkdi. Razılaşmaya əsasən cəbhə xətti bir müddət Ermənistanla Naxcıvan İŞC-in sərhəddi kimi qalmalı idi. Bu isə Şahtaxtının Ermənistanda qalması demək idi. Azərbaycan ŞC-in Moskvadakı səfiri Behbud ağa Şahtaxtinski bu müqaviləyə etiraz etsə də, bunun elə bir əhəmiyyəti olmadı. Avqustun 13-də onun Leninə göndərdiyi məktubdan aydın olur ki, müqavilə haqqında mətbuatdan xəbər tutub və onun maddələri barədə dəqiq məlumata malik deyil. Azərbaycanlı diplomat yazırdı: Şaxtaxtı-İrəvan və Şaxtaxtı-Culfa dəmir yolunun müvafiq nəqliyyat vasitələrinin hamısı ilə birlikdə Ermənistana verilməsi bütün Cənubi Azərbaycanın daşnakların əlinə keçməsi deməkdir və bu addım daşnakları İranda ingilis qüvvələri ilə birləşdirdiyi halda, Azərbaycanı türk inqilabı hərəkatı ilə hər cür əlaqədən məhrum edir”. Məktubda Şahtaxtinski qeyd edirdi: “Naxçıvanı ələ keçirmək üçün daşnaklar ingilislərdən istifadə etdirdilər. Lakin ingilislər çıxan kimi əhali üsyan qaldırdı və onların üzərinə göndərilən, təpədən-dırnağa qədər silahlanmış erməni ordusu darmadağın edildi. Zəhmətkeş xalqın üç illik qanlı mübarizəsindən sonra daşnaklardan azad olub Azərbaycana birləşmiş, hazırkı vaxtda bir erməninin belə olmadığı bu diyarı daşnaklara vermək, xalqların öz müqəddəratını təyin etməsinin ümumi qəbul olunmuş prinsipinin və Sovet Azərbaycanının hüququnun açıq pozulması deməkdirNaxçıvanın əhalisi diyarda sovet quruluşunu bərqərar etmişdir və onlar belə bir fikri yaxın buraxmaq istəmirlər ki, Sovet Rusiyası bütün əhalinin iradəsinin əleyhinə olaraq Naxçıvanı daşnaklara versin, halbuki, onların hakimiyyəti altında, nəinki Sovet quruluşu məhv edilir, eyni zamanda daşnak Ermənistanın ərazisində olduğu kimi, əhalinin fiziki mövcudluğu tamamilə təhlükə altına düşmüş olur.” (C. Həsənli “Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939)”, 2012: s.175)Nəriman Nərimanov da bu müqavilə ilə bağlı Sovet Rusiyasına rəsmi etirazını bildirdi: Özlərini kommunist adlandıran, lakin əslində şüurlu və ya şüursuz formada millətçi olan ermənilər müsəlmanlara qarşı məkrli planlarından əl çəkmirlər” (Y.Baberovski, “Düşmən hər yerdədir, Stalinizm Qafqazda”, 2021: s.175).

Lakin Ermənistan ilə Türkiyə arasında müharibə başladığı üçün Naxçıvan məsələsi ilə bağlı Azərbaycan və Rusiya hökumətləri arasında fikir ayrılıqları da aradan qalxdı.

Ermənistanla müqavilənin imzalanmasına baxmayaraq Sovet Rusiyası rəhbərliyi Daşnak Ermənistanına qarşı yayda başlatdığı hərbi əməliyyatları axıra qədər davam etdirməyə qərarlı idi.  Bu məsələdə Sovet Rusiyasının məqsədi Cənubi Qafqazda Sovet quruluşunun əhatə dairəsindən kənarda qalan və Antantadan hərbi dəstək alan Ermənistanı sovetləşdirmək idi. Yeri gəlmişkən 1920-ci ilin sentyabrında başlayan Ermənistan-Türkiyə müharibəsində daşnakları döyüş sursatı və hərbi texnika ilə ABŞ təchiz edirdi. Daşnak ordusu nəqliyyat vasitələri, hətta təyyarələrlə təchiz olunmuşdu. Qarsdakı silah zavodu və Aleksandropoldakı sursat zavodu amerikalıların pulu hesabına işləyirdi (Səid Sadıqov “Naxçıvan Muxtar Respublikası tarixindən”, 1995: s.19). Azərbaycan Şura Cümhuriyyəti isə yay kampaniyasında Naxçıvanda nəzarəti bərqərar etsə də, Qərbi Zəngəzurun yalnız Gorus hissəsində nəzarəti ələ keçirmişdi. İndi əsas məqsəd Qərbi Zəngəzurun qalan hissələrinə nəzarəti bərpa etmək idi. Yeri gəlmişkən 10 avqust 1920-ci ildə imzalanan RSFSR - Ermənistan müqaviləsinə görə Zəngəzur və Naxçıvan “mübahisəli ərazilər” elan olunmuşdur ki, bu da Azərbaycan rəhbərliyinin həyata keçirdiyi yay hərbi kampaniyasının siyasi baxımdan qüvvədən düşməsi anlamına gəlirdi. Azərbaycanın Şura rəhbərliyi Zəngəzurun qalan ərazilərində nəzarəti bərqərar etmək üçün 17 avqust 1920-ci ildə Azərbaycan İnqilab Komitəsi ölkədə hərbi səfərbərlik haqqında dekret verdi (Р. Зейналов “Военное строительство — военно-патриотическая и оборонно-массовая работа в Азербайджанской ССР в период строительства социализма (1920—июнь 1941 г.)”. — Баку: Элм, 1990: s.24) Dekretə görə 1898-1902-ci illərdə anadan olmuş, Bakı vilayətində yaşayan bütün vətəndaşlar hərbi xidmətə çağırılırdı. Səfərbərliyin başlanması avqustun 25-də təyin edilmişdi və çağırış 10 gün ərzində-sentyabrın 5-nə qədər başa çatmalı idi (“Интернациональная помощь XI Армии в борьбе за победу Советской власти в Азербайджане. Документы и материалы 1920-1921 гг.. — Баку: Азербайджанское гос. изд-во, 1989. — s. 108). Azərbaycanda hərbi səfərbərliyin həyata keçirilməsi ilə paralel olaraq müttəfiq Azərbaycan ŞC və RSFSR Qırmızı orduları Gorusdan irəliləyərək sentyabrın 6-7-də Qatar mədənlərini ələ keçirdilər. Daşnak Ermənistanının 1920-ci ilin sentyabrında yenidən ərazi iddialarını ortaya qoyaraq Naxçıvan istiqamətində hücuma başladı. Bununla paralel olaraq Azərbaycan ŞC və RSFSR dığaların qarşısını almaq üçün Naxçıvan istiqamətindən hərbi əməliyyatlara start verdi.

Qırmızı Ordu hissələri, türk qoşun dəstəsi və yerli hərbi birləşmələri 1920-ci il sentyabrın 18-də daşnak ordusunun hücumunu dəf etdilər. Sentyabrın 21-də  Ordubad, Nüvədi və Qafan istiqamətində hücumlar həyata keçirdilər. Beş gün davam edən şiddətli döyüş heç bir nəticə vermədi. Oktyabrın ilk günlərində isə Qırmızı Ordu yenidən hücuma keçdi (R. G. Hovannisian  “The Republic of Armenia. Volume 4: Between Crescent and Sickle: Partition and Sovietization”, Berkeley, Los Angeles & London, University of California Press, 1996: s.101). Əks-hücuma keçən müttəfiqlər Ordubadı və ətrafındakı kəndləri ələ keçirdilər. 1920-ci il oktyabrın sonuna qədər daşnaklar bütün Ordubad qəzasından çıxarıldı. Ələ keçirilən yerlərdə inqilab komitələri yaradıldı. Ordubad istiqamətində məğlubiyyətə uğrayan daşnaklar bu dəfə öz qüvvələrini Şərurda və Şahtaxtıda toplamağa başladılar.

1920-ci il noyabrın 7-də Azərbaycan ŞC və RSFSR müttəfiq orduları, türk qoşun dəstələri, yerli əhalidən təşkil olunmuş 1500 nəfərlik könüllü əsgərlər ilə birlikdə Abbasqulu bəy Şadlinskinin “Qırmızı tabor” dəstələri daşnaklara qarşı əks-hücuma keçdilər. Əks-hücum bir neçə istiqamətdə — Şərur, Qıvraq, Qarabağlar və Əznəburd kəndlərindən başladı. Hücum o qədər gözlənilməz, sarsıdıcı oldu ki, daşnak ordusu müqavimət göstərmədən mövqelərini tərk etdi. Şərur əməliyyatı daşnak qoşun hissələrinin tam məğlubiyyəti ilə başa çatdı (А.А Саркисян “Из истории деарменизации Нахичеванского края (1920–1921 гг.)”, 1990: s.79-80)  Daşnak general Şelkovnikovun 2500 nəfərlik diviziyası təslim oldu. Beləliklə 1920-ci ilin noyabrına qədər Naxçıvan və Şərur-Dərələyəz qəzaları tamamilə dığalardan təmizləndi (Səid Sadıqov “Naxçıvan Muxtar Respublikası tarixindən”,  1995: s.19).  Azərbaycan ŞC ordusunun payız kampaniyası Naxçıvanda öz nəticəsini versə də,  Zəngəzurda yenə istədiyi üstünlük əldə edə bilmədi.  

Sentyabrın əvvəlində türk ordusu Naxçıvan istiqamətindən, Azərbaycan ŞC hərbi birlikləri ilə XI Qızıl Ordu Cəbrayıldan Mehri istiqamətində hücuma keçir. Müttəfiqlər güclü müqavimətə rast gəlmədən Qafan və Qacaranı ələ keçirirlər. Ancaq oktyabrın 10-da Njde, Qırmızı Ordunun həm iki piyada və bir süvari alayını mühasirəyə alır, həm də Qafanda bolşevik qoşunlarının arxasına keçərək üsyan qaldırdı. Üsyan tez bir zamanda genişləndi və erməni əhalisi arasında da ruh yüksəkliyi ilə qarşılanaraq dəstək aldı. Azərbaycan Qırmızı Ordusunun və  general Nesterovskinin rəhbərlik etdiyi 28-ci atıcı diviziyasının Qafandakı əməliyyatlardan nəticə hasil olmadığını görüb, Gorusa doğru geri çəkildi. Hətta oktyabrın 14-də qırmızı ordulara yardıma gələn Türkiyə Qırmızı Ordusu (TQO) da daşnaklar tərəfindən ağır məğlubiyyətə uğradıldı və Anadolu türklərinin hərbi birlikləri Bakıya qayıtmağa macbur oldu. (M.Perinçek, “Kafkasyada Türk-Sovyet askeri işbirliği (1919-1922)”. Kaynak Yayınları, 2021: s.283). Hətta Zəngəzurun Tatev ərazisində gedən şiddətli döyüşlər zamanı Zaval paşanın komandanlıq etdiyi TQO-un zabitləri heyəti də daxil olmaqla 200 nəfər əsir alınmışdı. Onlar arasında  əvvəlcə əsgərlərin azad edilib zabitlərin güllələnməsi qərara alınsa da, sonda daşnaklar bütün şəxsi heyəti güllələyib Zəngəzurun Tatev qalasından aşağıya atırlar. 200 nəfərlik Türk əsgərlər-zabitlərinin güllələnərək Zəngəzurun Tatev uçurumundan aşağı atıldığını istintaq materialları da təsdiq edirdi. Belə ki, Qareqin Njde 1947-ci ildə Ermənistan SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilən məhkəmədə verdiyi ifadə zamanı 200 nəfər türk qırmızı hərbçilərinin hamısının güllələnib Zəngəzurun Tatev uçurumundan aşağı atıldığını etiraf edirdi (В.Осепян, “Гарегин Нжде и КГБ”, 2007: s.221-22).

XI Ordunun komandiri üsyançılarla mübarizə aparmaq üçün təcili olaraq general Pyotr Kurşkonun rəhbərliyi altında yeni hücum qüvvəsi yaratdı. Qırmızı Orduların yeni hücumu bir neçə kəndin tutulması ilə başladı, lakin noyabrın 6-da Kurşkonun qüvvələri pusquya düşdü və ağır itki verdi (Hovannisian, R. G. “The Republic of Armenia”. Volume 4: Between Crescent and Sickle: Partition and Sovietization, Berkeley, Los Angeles & London, University of California Press, 1996: s.111-112).

Njdenin rəhbərliyi altında olan erməni dəstələri oktyabrın ortalarında əks hücuma keçərək Qafan və Qacaranı geri alır. Nəticədə Qırmızı Ordular və türk qoşunlarının böyük bir hissəsi Naxçıvana, qalanı isə Qarabağ sərhədinə doğru çəkildi. Bununla da Qərbi Zəngəzur yenidən Daşnak Ermənistananın nəzarətinə keçdi.

Xülasə, gənc Sovet Azərbaycanının ordusu yay və payız hərbi kompaniyaları zamanı Dağlıq Qarabağda ilə Naxçıvanda uğurlu hərbi əməliyatlar apararaq bu əraziləri daşnak və azğınlaşmış haylardan təmizləyib rəsmi Bakıya tabe etdirsə də, Zəngəzurda, əsas da bu ərazilərin Qərbində möhkəmlənə bilmədilər. Azərbaycan ŞC Zəngəzur torpaqları uğrunda savaşlarda qarşılarına qoyduqları hədəflərə çata bilməməsi, bir ay sonra Ermənistanın sovetləşməsi və Nəriman Nərimanov hökumətinin 1 dekabr 1920-ci ildə Zəngəzura iddialarından əl çəkməsi ilə bağlı bəyanat verməsinə də təsirini göstərdi. 

 

Əli Novruzov

 

İstifadə olunan ədəbiyyat

R. G.Hovannisian, The Republic of Armenia. Volume 1: The First Year, 1918–1919”, Berkeley, Los Angeles & London: University of California Press, 1971

Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?: (anl.az/down/meqale/express/2011/yanvar/152341.htm)

Азербайджанская Красная Армия - Дневник коменданта Чевенгурского уезда — LiveJournal

 

Н.Азовцев “Директивы командования фронтов Красной Армии”, 1917-1922: сборник документов, Том 3, 1974

А. Кадишев  “Интервенция и гражданская война в Закавказье”, 1960

Ю. Багиров  “Из истории советско-турецких отношений в 1920-1922 гг”, 1965

R. G. Hovannisian “The Republic of Armenia. Volume 4: Between Crescent and Sickle: Partition and Sovietization”, Berkeley, Los Angeles & London, University of California Press, 1996.

С. Орешкова Россия и Турция: проблемы формирования границ, 1999

C. Həsənli “Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939)”, 2012

Y. Baberovski “Düşmən hər yerdədir”, Stalinizm Qafqazda, 2021

Р. Зейналов Военное строительство — военно-патриотическая и оборонно-массовая работа в Азербайджанской ССР в период строительства социализма (1920—июнь 1941 г.). — Баку: Элм, 1990

“Интернациональная помощь XI Армии в борьбе за победу Советской власти в Азербайджане. Документы и материалы 1920-1921 гг.. — Баку: Азербайджанское гос. изд-во, 1989

А. А. Саркисян  “Из истории деарменизации Нахичеванского края (1920–1921 гг.)”, 1990

Səid Sadıqov “Naxçıvan Muxtar Respublikası tarixindən”, 1995

M. Perinçek, “Kafkasyada Türk-Sovyet askeri işbirliği (1919-1922)”. Kaynak Yayınları, 2021

В. Осепян “Гарегин Нжде и КГБ”, 2007