
I hissə
I Respublikanın (1918-1920) iqtidarı dövründə demək olar ki, Azərbaycan Respublikasında ərazi və sərhəd delimitsiyası məsələləri öz həllini tapmamış və Azərbaycan Respublikasının de-yure əraziləri dəqiq təsbit edilməmişdir. Belə ki, Azərbaycan Cümhuriyyəti (AC) 1920-ci ilin aprelin sonuna qədər de-fakto olaraq Zaqatalaya nəzarət etsə də, Zəngəzurun erməni silahlılarının aktiv olduğu bölgəsi (Qərbi Zəngəzur) və Qarabağın dağlıq hissəsinin əhəmiyyətli hissələrinə nəzarət etmirdi (B. Веселов “Большевики в Азербайджане (апрель – июнь 1920)” 2021: s. 119). Xüsusən də Ermənistanla imzalanan 23 noyabr 1919-cu il sazişindan sonra Qərbi Zəngəzur rəsmi Bakının nəzarətindən tamamilə çıxmışdır. Bunu I Respublikanın Xarici İşlər naziri Fətəli xan Xoyski 17 yanvar 1920-ci ildə Müttəfiqlərin Cənubi Qafqazdakı Ali komissarı polkovnik Haskelə vurduğu teleqramda belə izah edirdi:
“Mənim hökumətim Zəngəzurda axan qanı dayandırmaq istəyindən, eləcə də müavininiz, polkovnik Reyin və Britaniyanın ali komissarı cənab Uordropun verdiyi məsələhətdən irəli gələrək Qarabağ general-qubernatoruna Azərbaycan Respublikasının hakimiyyət orqanlarına qarşı qiyamda iştirak edən ermənilərə dəstək məqsədilə Ermənistan tərəfindən göndərilmiş erməni nizami hərbi birləşmələrinə qarşı hərbi əməliyyatlara əl atmamağı əmr etdi.
1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan hökumət başçıları bağlanan müqavilədən sonra Azərbaycan hökuməti ermənilərə qarşı silah işlətmək imkanını aradan qaldırmaq üçün bütün qoşunlarını Zəngəzurdan geri çağırdı, Azərbaycan hökuməti eyni addımı Ermənistanın da atacağına əmin idi. 23 noyabr 1919-cu il müqaviləsi ilə Ermənistan hökuməti öz növbəsində qoşunlarını Zəngəzurdan çıxaracaq və müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılmasının dayandırılması üçün tədbirlər görəcəkdir.
Təəssüf ki, Ermənistan hökuməti nəinki öz hərbi hissələrini Zəngəzurdan çıxarmadı, əksinə, hətta 23 noyabr 1919-cu il müqaviləsinin şərtlərinə zidd olaraq Zəngəzurda yerləşən nizami hərbi hissələrinin sayını artırmağa, mərmi və patron göndərməyə və Zəngəzur bölgəsini təmizləyərək müsəlman kəndlərini sistemli şəkildə dağıtmağa davam etdi.
Mənim hökumətimə məlumat daxil olub ki, razılaşmadan sonra ermənilər Zəngəzurun 40-a yaxın müsəlman kəndini dağıdıblar. Həmin dağıdılan müsəlman kəndlərinin siyahısı Amerika zabitlərindən ibarət komissiyaya təqdim ediləcək.” (Азербайджанская демократическая республика (1918–1920). Внешняя политика: документы и материалы. Баку, 1998. С. 436).
Naxçıvan ərazisi ilə iki il müddətində (1918-1920) de-fakto olaraq Musavat hökumətinin nəzarəti altında deyildi. Belə ki, Naxçıvanda qısa müddət Araz Türk Cümhuriyyətinin mövcud olmuş və ingilis hərbi komandanlığının intervensiyasından sonra bölgə ingilis hərbi komandanlığının nəzarətinə keçmişdir. Həm ingilis hərbi komandanlığı, həm də Amerika hərbi missiyası Naxçıvanı Azərbaycan ərazisi kimi tanımırdı və dövlətlər arası sərhədləri keçmiş Çar Rusiyasının quberniya sərhədləri əsasında müəyyənləşdirmək siyasəti adı ilə Naxçıvanı Ermənistana birləşdirməyə çalışırdılar. Yeri gəlmişkən, bir müddət Naxçıvan Ermənistan idarəçiliyinə də verilmişdir ( M.B. Əliyev “Qanlı günlərimiz” 1993: s. 66). Azərbaycanın Müsavat hökumətinin nəzarətində olmamasının səbəblərindən biri də Abbasqulu bəy Şadliskinin rəhbərliyi ilə silahlı dəstələrin və Naxçıvan əhalisinin daşnaklara təkbaşına mübarizə aparması ilə bağlı idi. Naxçıvanı öz Milli Şurası idarə edirdi ( İ. E. Atnur “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918-1921)” 2001: s. 155).
1920-ci ilin martın 22-də Qarabağda baş verən erməni üsyanından sonra Azərbaycan ordusu sonsuz qanlı qarşıdurmaya çəkildi. 1920-ci ilin aprelin sonunda Qarabağdakı Azərbaycan ordusuna Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov və Qarabağ dəstəsinin rəisi Mahmud bəy Zeynalov rəhbərlik edirdi. Erməni hərbi birləşmələrinə isə İrəvan hölkumətinin emissarı general Dro (Drastamat Kanayan) komandanlıq edirdi. Daşnak hərbi xadim mayın əvvəllərində Şuşanı ələ keçirməsi planlaşdırılmışdı (R.G. Hovannisian “The Republic of Armenia. From London to Sevres, February – August, 1920” V. III. London, 1996. С. 157–159).
28 aprel çevrilişi və Azərbaycan kommunistlərinin Azərbaycanın ərazi bötövlüyü uğrunda apardıqları mübarizə
28 aprel çevrilişi Azərbaycanın dövlətçilik tarixində yeni dövrün başlanğıcını qoydu. İlkin olaraq 28 aprel 1920-ci ildə baş verən dövlət çevrilişi nəticəsində yeni Azərbaycan cumhuriyyətinin qurulması Rusiyanın ilk dəfə Cənubi Qafqazda qurulan respublikanın legitimliyini tanıması (de-fakto və de-yure olaraq) ilə nəticələndi. Bakıda keçirilən 1 May mitinqindən sonra Orconikidze Leninə teleqram vuraraq Azərbaycanın yeni hökumətinə təbrik teleqramı göndərməyi və Azərbaycanın ümumi müstəqilliyinin “ümumi formada” tanınmasını xahiş etmişdi (RDSSTA, f.85, s.13, i.12; B. Веселов “Большевики в Азербайджане (апрель – июнь 1920)”, 2021: s. 104).
Təbrik teleqramı hazırlamaq Lev Kamenevə tapşırılmışdı. İlkin variantda teleqramın mətnində belə parçalar var idi: “Müstəqil Azərbaycan Respublikası öz Sovet hökumətinin rəhbərliyi altında RSFSR-in birləşdiyi qardaş xalqlar ailəsinə qoşulacaq, öz azadlığını və müstəqilliyini birgə qüvvələrlə müdafiə edəcəkdir”. (RDSSTA, f.130, s.4, i.496, v. 33-35).
Son nəticədə isə 5 may 1920-ci ildə RSFSR Xalq Komissarları Şurasının sədri Lenin müstəqil Azərbaycan Respublikasının qurulması münasibətilə Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərdi. Teleqramda deyilirdi:
“Xalq Komissarları Soveti, müstəqil Azərbaycan respublikası zəhmətkeş kütlələrinin azadlığa çıxmasını alqışlayır və möhkəm əmin olduğunu bildirir ki, müstəqil Azərbaycan respublikası öz Sovet hökumətinin rəhbərliyi altında, RFSR ilə börgə öz azadlıq və istiqlaliyyətini Şərqin məzlum xalqlarının qəddar düşməni olan imperializmdən qoruyub saxlayacaqdır.
Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası!
Yaşasın Azərbaycan fəhlə və kəndliləri!
Yaşasın Azərbaycan və Rusiya fəhlələrinin və kəndlilərinin ittifaqı!”
XKS Sədri V. Ulyanov (Lenin) (V. İ. Lenin. Əsərlərinin tam külliyatı, 41-ci cild, 1981: s. 46). Bununla da Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu.
1920-ci ilin 28 apreli bölgədə geosiyasi düzümünü kökündən dəyişdirdi. O, Antantanın (Qərbin) öz himayə və hegemonluğu altında Cənubi Qafqazın antisovet zəmininində siyasi konsolidasiyası - “Transqafqaz kordonu” yaratmaq planlarının üstündən xətt çəkdi (Rəhmanzadə, Ş. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri). Bakı, “Aspoliqraf”, 2008, s:154).
Azərbaycanda Sovet hakimiyyətinin bərqarar olması Azərbaycan Şura Sosialist Cümhuriyyətinin dünya miqyasında mövqeyinin əsaslı şəkildə dəyişməsi ilə nəticələndi. Sovet Azərbaycanın xarici siyasəti 180 dərəcə dəyişərək Antantameyilli (Qərbmeyilli) siyasətindən anti-Antantameyilli (anti-Qərb) siyasət ilə əvəz edildi. Sələfləri Müsavatdan fərqli olaraq iqtidara gələn Azərbaycan kommunistləri Antantanı özlərinə müttəfiq kimi deyil, başlıca düşmən kimi görürdülər ki, bu da bolşeviklərin siyasi şüur və leksikonunda “Qərb” anlayışının zülm, istismar və əsarət mənasını bildirdiyi anlamına gəlirdi. Yerli bolşeviklər Antantanın ittifaqının qonşu Osmanlının necə parçaladıqlarını, həmçinin ingilislərin təxminən bir ilə yaxın Azərbaycandakı müstəmləkəçiliyi və İrandakı ağalıqlarını yaxşı xəbərdar idilər.
Nəzərə almalıyıq ki, 28 aprel çevrilişindən sonra Azərbaycan Cənubi Qafqazda antiimperialist (antiqərb) mübarizənin o illərdə geniş vüsət aldığı Şərqə münasibətdə sovet strategiyasının mərkəzi qovşağı, habelə Cənubi Qafqazın sovetləşməsinin əsas bayraqdarı (avanqardı) olmuşdu. Bu spesifik vəzifəni Azərbaycan kommunistləri belə izah edirdilər: "Müstəqil Azərbaycanın fuqərayi-kasibəsi bunu unutmamalıdır ki, Azərbaycan Şərq aləminin xilaskarı və mərkəzi nöqtəsini təşkil ediyor. Azərbaycan imperializmaya vurulacaq yumruğun ən müdhişini vurmaq vəzifəsilə müvəzzəfdir (vəzifəlidir- Ş.R) ..."biz bilirik ki, İngiltərə emperyalizmasının mürdəşiri, onu dəfn edən Şərq aləmində Qırmızı Azərbaycan olacaqdır", "biz Azərbaycan inqilabına Azərbaycan dairəsində baxmayaraq, Azərbaycan inqilabında ancaq Şərq inqilabını görürüz və biz... var qüvvəmizi toplayacağıq ki, nə tövr olur-olsun, Şərqə kömək edək."
Azərbaycanda sovet hakimiyyətinin bərqarar olması Cənubi Qafqazda daxili-siyasi konfiqurasiyanın da əsaslı tranformasiyasını doğurdu. O çağadək Rusiyadakı vətəndaş müharibəsinin tərəfləri regionda cərəyan edən proseslərdə əsasən bilavasitə - dolayı şəkildə iştirak edirdilər. 28 aprel hadisəsi, bu baxımdan, iki siyasi nəticəni şərtləndirirdi:
- 1) Obyektiv olaraq Avrasiya məkanında təmərküzləşdirici funksiyanı daşıyan bolşevik Rusiyası bu andan etibarən regiondakı proseslərin bilavasitə və həm də aparıcı subyektinə çevrilirdi.
- 2) Cənubi Qafqaz yenidən Rusiya vətəndaş müharibəsinin tərkib epizodu olurdu. Beləcə Azərbaycan Sovet Rusiyasının sosial-siyasi orbitinə də daxil olmuş olurdu (Ş.Rəhmanzadə “Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri)” Bakı, “Aspoliqraf”, 2008: s.154, 156-157).
28 aprel çevrilişi həmçinin yeni Azərbaycan hökumətinin keçmiş Yelizavetpol quberniyasının (Qarabağ və Zəngəzur daxil olmaqla) və İrəvan quberniyasının bir hissəsi (Ordubad-Culfa və Naxçıvan bölgələri) üzərində öz legitimliyini təsdiqləməsi ilə nəticələndi. Bolşeviklərin Bakıda hakimiyyətə gəlişindən 2 gün sonra, aprelin 30-da Azərbaycan xarici işlər komissarının müavini Mirzə Davud Hüseynov Ermənistana nota göndərərək Qarabağ və Zəngəzurdan qoşunlarını çıxarmasını və millətlərarası qırğınlara son qoyulmasını tələb etdi. Teleqramda deyilirdi:
“Azərbaycan Sovet Sosialist Respublikasının fəhlə-kəndli hökuməti İnqilab Komitəsinin simasında sizdən tələb edir:
1) Qarabağ və Zəngəzuru öz qoşunlarınızdan dərhal təmizləyin;
2) Qoşunlarınızı öz sərhədlərinizə çəkin;
3) Milli qırğınlara son qoyun. Əks təqdirdə Azərbaycan Sovet Sosialist Respublikasının İnqilab Komitəsi özünü sizinlə müharibə vəziyyətində hesab etmiş olacaqdır. Notaya cavab vermək üçün üç gün vaxt verilir.” (Д.П.Гулиев “K истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР: 1918-1925: документы и материалы” 1989: s. 33).
Ermənistan hökuməti Azərbaycan Respublikasının notasına cavab vermədiyi üçün Şura hökuməti Ermənistana müharibə elan etdi. Beləcə Azərbaycan Ermənistana qarşı yay kampaniyasına start verdi. (Bu barədə məqalənin II hissəsində ətraflı danışacağıq).
Ermənistanla müharibənin başladığı vaxt Azərbaycanın kommunist rəhbərliyi RSFSR rəhbərliyinə vurduqları teleqramda ərazi məsələlərində öz inadlı mövqelərini ortaya qoyurdular. Azərbaycanın kommunist rəhbərliyinin ərazi bütövlüyü məsələsində göstərdiyi həssaslıq bəzi erməni kommunistləri tərəfindən də dəstəklənirdi. 1920-ci il iyununda Azərbaycan İnqilab Komitəsinin sədri Nərimanov, Mikoyanın və Nuricanyanın Çiçerinə və Orconokidzeyə göndərdikləri teleqramda Azərbaycan kommunistlərinin Zəngəzur və Qarabağı Azərbaycan Sovet Respublikasının bir hissəsi kimi qəbul etdikləri qeyd edilirdi:
“Artıq Sovet Azərbaycanına daxil olmuş və guya mübahisəli olan Zəngəzur və Qarabağa gəldikdə qəti surətdə bildiririk ki, bu yerlər şübhəsiz gələcəkdə də Azərbaycanda qalmalıdır.” (İ.Əliyev “Dağlıq Qarabağ: Tarix, faktlar və hadisələr” 1989, s. 90)
Nərimanovla Orconikidzenin mübahisəli ərazilər barədə yazışması onu göstərir ki, Sovet Azərbaycanı rəhbərliyi ələxsus da Nərimanov Zəngəzuru (həmçinin Şərur-Dərələyəz və Naxçıvanı da) Azərbaycanın ayrılmaz parçası hesab edirdi:
Nəriman Nərimanov: Salam. Yoldaş Lenindən teleqramıma cavab almadınız? Siz ona yazdığınız məktubda başqa ərazilərə iddia etməməyimizi məsləhət görmüsünüz. O dediyiniz başqa ərazilər hansılardır ? Qarabağ və Zəngəzur Azərbaycanın ayrılmaz bölgələridir.
Orconikidze: Salam, yoldaş Nərimanov. İndi Çiçerinlə Qarabağ və Zəngəzur haqqında danışdım. Bu ərazilərin Azərbaycana dərhal və qeyd-şərtsiz verilməsini bildirmişəm. Ancaq bunun üçün digər ərazilərə dair iddialardan imtina etmək (Orconikidze digər ərazilər dedikdə Şərur-Dərələyəz və Naxçıvanı nəzərdə tutur), Dağlıq Qarabağa və Zəngəzura muxtariyyət verməyiniz lazımdır. Bu təklif Azərbaycandan gəlməlidir və heç bir halda müqavilədə göstərilməməlidir. Sabah bu barədə sizinlə görüşəcəm.
Azərbaycan Sovet hökumətinin ərazi məsələsindəki həssaslığını Naxçıvan məsələsində də görmək olar. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov, erməni bolşeviklər Anastas Mikoyan ilə Avis Nuricanyan da daşnak hökuməti ilə müqavilə bağlamağın əleyhinə idi. Onların 1920-ci ilin iyununda Çiçerin və Orconikidzeyə göndərdiyi teleqramda deyilirdi:
Daşnak hökuməti Azərbaycana qarşı hücumunu davam etdirir, bəzi bölgələrdə bu hücumlar onlar üçün uğurla nəticələnib. Bu gün onların qoşunu Gədəbəy və Qazaxa yaxınlaşıb. Müsəlmanlarla birlikdə Azərbaycana geri çəkilən erməni kommunistləri daşnaklara qarşı vuruşurlar. Ermənistan faktiki olaraq hazırda Azərbaycanla müharibə şəraitindədir. İddia edilən mübahisəli Zəngəzur və Qarabağın Sovet Azərbaycanının tərkibinə daxil olması məsələsinə gəldikdə isə qəti şəkildə bildiririk ki, bu ərazilərə iddiamız yoxdur və bu torpaqlar Azərbaycanın tərkibində qalmalıdır. Culfa və Naxçıvan bölgələri isə bir ildən çoxdur yerli müsəlmanlardan ibarət bir şura tərəfindən idarə olunur. Bu ərazidə yaşayanların mütləq əksəriyyəti də müsəlmandır. Türkiyə ilə birbaşa əlaqə qurmaq üçün bu ərazi də Sovet qoşunları tərəfindən ələ keçirilərək Azərbaycana ilhaq edilməlidir”. (Д.П. Гулиева “К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР: 1918-1925: документы и материалы” 1989, s.27).
Azərbaycan Sovet Respublikasının RSFSR-dəki səfiri Behbud Şahtaxtinski də Leninə vurduğu teleqramında Naxçıvanın Azərbaycan Sovet Respublikasının ayrılmaz hissəsi olduğunu vurğulayırdı:
“Aprel çevrilişinə qədər Azərbaycana məxsus olan Zaqatala dairəsi, Qarabağ və Naxçıvan diyarı Sovet Azərbaycanının tərkibində qalmalıdır. Bu ərazilər “müsavat hökuməti dövründə mübahisəsiz olaraq, Azərbaycana məxsus olub və həmişə onun ayrılmaz hissəsi olub, tarixi, etnoqrafik və iqtisadi baxmıdan onunla sıx bağlı olub. Mənəvi və siyasi mülahizələrə görə, Sovet Rusiyası Sovet Azərbaycanı ərazilərinin özgəninkiləşdirilməsinə, Şərqin qapısında mövcud olan bu dövlətin, onun əhalisinin gözü qarşısında daşnaklar və gürcü menşevikləri tərəfindən tar-mar edilməsinə yol verməməlidir” (C.Həsənli “Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939)” 2012, s. 58).
Ardı var ...
İstifadə olunan ədəbiyyat
Arxiv sənədləri
RDSSTA, f.85, s.13, i.12
RDSSTA, f.130, s.4, i.496, v. 33-35
Kitablar
B. Всеволод, “Большевики в Азербайджане (апрель – июнь 1920)” 2021
“Азербайджанская демократическая республика (1918–1920). Внешняя политика: документы и материалы” Баку, 1998
M. B. Əliyev “Qanlı günlərimiz” 1993
İ. E. Atnur, “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918-1921)” 2001
R.G. Hovannisian “The Republic of Armenia. From London to Sevres, February – August, 1920”. V. III. London, 1996
V. İ. Lenin. Əsərlərinin tam külliyatı, 41-ci cild, 1981
Şamil Rəhmanzadə “Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri)”. Bakı, “Aspoliqraf”, 2008
Д.П.Гулиевa “K истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР: 1918-1925: документы и материалы” 1989
İ.Əliyev “Dağlıq Qarabağ: Tarix, faktlar və hadisələr” 1989
C.Həsənli “Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939)” 2012
Əli Novruzov