Dörd gün əvvəl AFFA ölkə futbolu ilə bağlı yeni qərarlar verdi. Onlardan biri də növbəti mövsümdən Premyer Liqada legioner limitin ləğv edilməsidir. Federasiyanın bu qərarı futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Yığmamızın sabiq futbolçusu Aslan Kərimov limitin ləğviylə bağlı fikirlərini Globkom.info – a bildirdi.

“Bu qərardan əvvəldə bildirmişdim ki, hazırda legioner limitinin ləğvi düzgün deyil. Bu gün də həmin fikirimdə qalıram. Reallıq odur ki, uşaq futbomuz zəifdir və futbolçu yetiçdirməkdə çətinlik çəkirik. Hazırda çempionatımızda da yerli oyunçularımız, əsas da gənclər yetəri qədər şans qazana bilmir. Həmçinin futbolçularımıza xarici bazarda da ciddi tələbat yoxdur ki, onlar rahatlıq legioner həyatına üz tutsunlar. Bütün bunlar milli komandamız üçün problem yaşadacaq. Onsuz da yığmaya futbolçu cəlb etmədə kasadlığımız var. Yeni qərarda yeganə ümidli məqam odur ki,  heyətində gənc yerli futbolçu oynadan klublarlara bonuslar ödəniləcək. Amma məbləğin miqdarı göstərilməyib. Limitin ləğvini təqdir edənlər də var. Təki futbolumuza faydalı olsun, hərçənd mənə inandırıcı gəlmir. İstənilən halda yeni qərarın ölkə futbolu üçün nə dərəcədə xeyir verəcəyini zaman göstərəcək”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info