
əvvəli burada
https://globkom.info/butun-xeberler/trampin-istahi-yeni-dunya-nizami-dunyani-nece-deyisecek-analiz
Tramp hansı ölkələri və necə ABŞ ərazisinə qatmağa hazırlaşır?
Trampın ərazi istəkləri ABŞ üçün yeni bir şey deyil, bir növ ənənədir.
1. 1803-cü ildə ABŞ Luiziananı Fransadan $15 milyona satın alıb.
2. 1819-cu ildə ABŞ Floridanı İspaniyadan $5 milyona satın alıb.
3. 1867-ci ildə ABŞ Alyaskanı Rusiyadan $7,5 milyona (qızılla) satın alıb.
4. 1836-cı ildə Texas Meksikadan ayrılıb müstəqilliyini elan edib və 1845-ci ildə ABŞ-ın tərkibinə daxil olub.
5. 1854-cü ildə ABŞ indi Nyu-Meksika və Arizona ştatlarına daxil olan 77 min km² ərazini Meksikadan $10 milyona satın alıb.
6. 1917-ci ildə ABŞ Amerika Virciniya adalarını Danimarkadan $25 milyona satın alıb.
Ölkələr ərazilərini xoşluqla satmamışdılar. Bütün hallarda bunlar təhdidin nəticəsi olmuşdu. Məsələn:
- Fransanın Amerikada ən böyük koloniyası Luiziana idi. Onu indiki Luiziana ştatının ərazisi ilə eyniləşdirməyin. Luiziana koloniyası indiki ABŞ ərazisinin 40%-nə bərabər bir ərazisi idi (şəkildə qırmızı). İndi həmin koloniya ərazisi ABŞ-ın 15 ştatı arasında bölüşdürülüb. Koloniyanı ABŞ-a Napoleon Bonopart satıb. Çünki Fransa Avropada müharibələr apardığından Amerikadakı koloniyasını ABŞ-dan qorumağa imkanı yox idi; satmasaydı, ABŞ onu pulsuz işğal edəcəkdi. Həm də müharibələrlə bağlı Napoleonun pula kəskin ehtiyacı var idi. Buna görə də ABŞ-ın Luiziananı satın almaq təklifini qəbul etdi.
- Rusiya da Alyaskanı eyni səbəbdən satdı. Çünki Alyaskanı güclənən ABŞ-dan qorumaq, demək olar ki, mümkün deyildi. Alyaska çox uzaqda yerləşirdi və müharibə başlayarsa, ora həm canlı qüvvə, həm də onların təchizatını göndərmək çətin olacaqdı. Buna görə də ABŞ-ın təklifini qəbul etdi.
- İspaniya da Avropadakı müharibələrə başı qarışdığından və güclənən ABŞ-dan koloniyasını qoruya bilməyəcəyi səbəbindən Floridanı ABŞ-a satmağa məcbur olmuşdu.
- Satılan ərazilərlə bağlı misallar ABŞ-ın Qrenlandiya ilə bağlı Danimarkaya təklifinə oxşayır. İndi də Danimarkanın başqa seçimi yoxdur. Qrenlandiyanı satmazsa, ABŞ onu havayı götürə bilər. Onsuz da ABŞ-ın Qrenlandiyada 2 hərbi bazası var. Həmin bazanın kontingentinin köməyi ilə muxtar ərazi olan Qrenlandiyada "referendum" keçirə, onu tam müstəqil edə və 1-2 ildən sonra Texas kimi ABŞ-ın tərkibinə daxil edə bilər.
- Texas misalı isə Kanadanın 51-ci ştat olması təklifinə oxşayır. Texas Respublikası könüllü olaraq ABŞ-ın tərkibinə daxil olmuşdu.
Tramp komandasının fəaliyyəti məndə belə şübhə yaradır ki, Trampla Putin arasında gizli razılaşma olub artıq.
Əlbəttə, özüm də buna tam inanmıram. Lakin bir fərziyyə kimi bu variantı da nəzərdən keçirmək olar.
Fikir verin.
Avropada 3 əsas güclü ölkə var: Almaniya, Britaniya və Fransa. Bu 3 ölkədən 2-si Aİ-nin dayaqlarıdır. Dayaqlar sıradan çıxsa, Aİ dağılacaq.
Mask nə edir? O, Almaniyada da, Britaniyada da, Fransada da hakimiyyətə sağçıların, suverenistlərin, Aİ əleyhdarlarının gəlməsi üçün bütün qanuni və qanunsuz vasitələrdən istifadə edir. Belə görünür ki, onun səyləri yaxşı nəticələr verir. Düzdür, bu işdə ona həmin ölkələrin hakimiyyətdə olan partiyaları da öz səriştəsizlikləri ilə kömək edirlər.
ABŞ Ukraynaya yardım kampaniyasından çıxır və bütün gələcək xərcləri Avropa ölkələrinin üzərinə qoyur. Üstəlik Tramp tələb edir ki, avropalılar müdafiə xərclərini ÜDM-in 5%-nə qaldırsınlar. Bu fantastik göstəricidir. Məsələn, Almaniyada ÜDM-in 5%-i onun illik büdcəsinin 40%-i qədərdir. Bu tələbi qəbul edən ölkə 1 ilə müflis olar. Buna görə də Şolts 5%-i qəbul etmir, lakin 2,5%-lə razılaşmağa meyllidir. 2,5% özü həddən böyük məbləğdir!
Ukrayna müharibəsi Avropa ölkələrinin hərbi arsenallarını boşaldıb, Ukraynaya vermək üşün Avropa ölkələri C.Amerikadan tutmuş Koreyaya qədər bütün ölkələrdən silah-sursat alırlar. Yəni faktiki olaraq Avropa demilitarizasiya olub.
ABŞ "Şimal axını"nı partlatmaqla, Ukraynadan keçən neft-qaz kəmərlərini bağlamaqla Avropa ölkələrində enerji böhranı yaradıb və onları öz daha bahalı enerji daşıyıcılarından asılı vəziyyətə salıb. Enerji bahalığı şəraitində Avropa iqtisadiyyatı tənəzzül yaşayır, sənaye nəhəngləri bizneslərini Amerika və ya Asiyaya daşıyırlar. Yəni faktiki olaraq Avropa deindustralizasiya dövrünə qədəm qoyub.
Məqsəd nədir?
Ola bilər, ABŞ-la Rusiya razılaşıblar ki, bütün Amerika ABŞ-ın, bütün Avropa və qismən Asiya Rusiyanın təsir dairəsinə keçsin.
Bu halda onların hər ikisinə Avropa ölkələri və ya birlikdə Aİ mane ola bilərdi. Buna görə də indidən Avropa ölkələri cılızlaşdırılır ki, gələcək bölgüyə etiraz etmə gücündə olmasınlar.
Çin isə ofsaytda qala bilər – azı Amerika və Avropada.
Ardı var
Asif Şəfəqqətov
GlobKom.İnfo