Mənə elə gəlir ki, bu danışıqlar Rusiya və ABŞ arasında böyük diplomatik oyununun tərkib hissəsi olub. Danışıqlarda Ukrayna dekorasiya, "gözdən pərdə asmaq" üçün lazım olub, əslində isə danışıqların əsas və gizli məqsədi Rusiya ilə ABŞ arasında "Yalta-2" razılaşması əldə etmək olub. 1-ci Ər-Riyad danışıqları ərəfəsində də belə bir oyun olmuşdu: https://globkom.info/butun-xeberler/tramp-putin-gorusu-dunyani-nece-deyisecek-kimler-gorusu-pozmaga-calisir-analiz

Əlbəttə, bu bir ehtimaldır. Ehtimalım aşağıdakı arqumentlərə əsaslanır:

1. Ukrayna-ABŞ-Rusiya danışıqları nəinki bir vaxtda keçirilmədi, hətta ayrı-ayrı günlərdə keçirildi: Ukrayna-ABŞ danışıqları – 23 martda, Rusiya-ABŞ danışıqları – 24 martda.

2. Ukrayna-ABŞ danışıqları müxtəlif mənbələrə görə 1-5 saat çəkdi, Rusiya-ABŞ danışıqları isə – 12+ saat.

3. Danışıq tərəflərinin nümayəndələrinə baxaq.

Ukraynadan:

- Rustem Umerov – müdafiə naziri;

- Pavel Palisa– Prezident ofisi başçısının (Andrey Yermakın) müavini. Palisanın 39 yaşı var, hərbçi ailəsində doğulub, polkovnik rütbəsindədir, döyüşlərdə iştirak edib, Baxmutun müdafiəsində briqadaya komandanlıq edib, hazırkı vəzifəsinə 2024-cü ilin 29 noyabrında təyin olunub. Bəzi şayiələrə görə Yermak onu baş komandan Aleksandr Sırskinin yerinə ehtiyat kimi hazırlayır.

Göründüyü kimi, Ukrayna nümayəndə heyəti hərbçilərdən ibarətdir və bu tərkib danışıqların elan edilən mövzusuna uyğundur. Çox güman ki, onlar elə bu mövzuda da danışıqlar aparıblar.

Rusiyadan:

-Qriqori Karasin – Dumanın Federasiya Şurasının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri. Təcrübəli diplomatdır, SSRİ-nin Avstraliya Səfirliyinin 1-ci katibi, sonra Rusiyanın Britaniyada səfiri işləyib. 2022-ci ildən ABŞ, Aİ, Britaniya, İsveçrə, Avstraliya və Yeni Zelandiyanın sanksiyalanmış şəxslər siyahılarına daxildir.

-Sergey Beseda – FTX (FSB) direktorunun müşaviri. 2024-cü ilin iyununda istefaya göndərilənədək FTX-nin 5-ci xidmətinin (Operativ məlumatlar və beynəlxalq əlaqələr xidməti) rəhbəri olub. Rusiyanın beynəlxalq agentura şəbəkəsi onun kurasiyasında olub.

Göründüyü kimi, Rusiya nümayəndə heyəti beynəlxalq məsələlər üzrə böyük təcrübəyə malik peşəkarlardan ibarətdir.

ABŞ-dan:

- Endryu Pik – Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru. Trampın 1-ci prezidentliyi dövründə əvvəl dövlət katibinin İraq və İran üzrə köməkçisinin müavini, sonra Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya məsələləri üzrə baş direktoru işləyib. 2011-2013-cü illərdə Əfqanıstanda Beynəlxalq qüvvələrin komandanı general Con Allenin kəşfiyyat, xarici xüsusi xidmətlərlə əlaqələr və xüsusi əməliyyatlar üzrə müşaviri olub. 2020-ci ildən 2025-ci ilin yanvarınadək Atlantik Şuranın (neokonların beyin mərkəzlərindən biri) Orta Şərq proqramında böyük elmi işçi kimi çalışıb. Rusiya üçün SWIFT-in bağlanmasını ilk təklif edən o olub (Ukrayna müharibəsinin 2-ci günü). Beynəlxalq münasibətlər və kəşfiyyat sahəsində böyük təcrübəsi var, bu sahədə çoxsaylı məqalələr yazıb.

- Maykl Anton – Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru. 1-ci prezidentliyi dövründə Trampın çıxışyazanı olub. Onu "America First" doktrinasının ideoloqu hesab edirlər. 2016-cı ildə yazdığı və böyük səs-küyə səbəb olmuş essesində o, prezident seçkilərini 11 sentyabrda ələ keçirilmiş Reys-93 təyyarəsi ilə müqayisə etmişdi. Həmin təyyarə Ağ Evə çırpılmalı idi. O terrorçuların ələ keçirdiyi yeganə təyyarə idi ki, sərnişinlər terrorçulara hücum etmiş, pilot kabinetinə daxil olmuşdular. İdarəetməni itirən təyyarə qəzaya uğramış, lakin Ağ Evə çırpıla bilməmişdi. Antonun metaforasına görə təyyarə – ABŞ, sərnişinlər – ABŞ vətəndaşları, pilot kabinetində oturanlar isə (terrorçular) liberallardir və onlar Amerikanı fəlakətə aparırlar. Əhalinin 2 seçimi var: ya müticəsinə ölümünü gözləməli, ya da hakimiyyəti ələ keçirməyə cəhd etməlidir... Xarici siyasətdə o hər iki partiyadan olan "quzğunları" davamlı olaraq tənqid edir. Ukrayna böhranını ABŞ-ın milli maraqlarının periferiyası sayır. Hesab edir ki, bu münaqişə ABŞ-ın hərbi gücünü zəiflədir, arsenalını tükəndirir və Çinlə rəqabətdə geri qalmasına səbəb olur. Anton hazırda, faktiki olaraq, bütün Amerika diplomatiyasının strateqidir.

Göründüyü kimi, ABŞ nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə eyni səviyyədədir. Onların maraq və təcrübəsi Ukrayna və hərbi əməliyyatlarla məhdudlaşmır, beynəlxalq, strateji və geosiyasi məsələləri əhatə edir.

4. ABŞ nümayəndələrinin ikisi də Trampa loyallığını sübut etmiş şəxslərdir. Yəni onlar Trampdan başqa heç kimə sirr verməyəcəklər. Maraqlıdır ki, 18 fevral Rusiya-ABŞ Ər-Riyad danışıqlarından fərqli olaraq bu dəfəki danışıqlarda S.Ərəbistanının nümayəndələri iştirak etmədilər. Yəqin ki, danışıqların əsl mahiyyətinin gizlədilməsi üçün.

Məncə, Rusiya və ABŞ "Yalta-2" danışıqlarını rəqiblərindən gizlətmək üçün Ukraynada atəşkəs məsələsini bəhanə ediblər. Güman ki, Ukraynada atəşkəs məsələsi Rusiya ilə bu görüşdən əvvəl razılaşdırılıb, Ukraynaya isə həmin şərtlər danışıqlar adı altında diktə edilir.

Ukrayna ətrafında danışıqların uzanması isə məhz "Yalta-2" danışıqlarında qəti razılığa gələ bilməməklə bağlıdır. Nə qədər ki ABŞ-Rusiya razılaşması bitməyəcək, onlara Ukrayna münaqışəsinin "çözülməsi" üzrə danışıqlar "şirması" lazım olacaq.

Asif Şəfəqqətov