Donald Trampın xəbərdarlığını (Zelenskinin reytinqinin 4% olması ilə bağlı) başa düşməyən və ya düşmək istəməyən Zelenskinin Trampa qarşı KİV-də “qara” kampaniyaya başlaması yaxşı qurtarmayacaq. Tramp sosial şəbəkə hesabında Zelenskiyə 2-ci “sarı vərəqəni” göstərib:

“Düşünün bircə: orta səviyyəli komik Vladimir Zelenski ABŞ-ı qalib gəlmək mümkün olmayan, heç vaxt başlamamalı olan, lakin ABŞ və Tramp olmadan heç vaxt nizamlaya bilməyəcəyi müharibəyə $350 milyard xərcləməyə inandırdı.

ABŞ Avropadan $200 milyard çox xərcləyib, lakin Avropa pulları təminatlıdır, ABŞ isə əvəzində heç nə almayacaq. Niyə yuxulu Co Bayden xərclərin bərabərləşdirməsini tələb etmədi, axı bu müharibə Avropa üçün bizdən daha vacibdir– bizi ayıran böyük, gözəl okean var.

Bundan əlavə, Zelenski etiraf edir ki, ona göndərdiyimiz pulların yarısı “İTİB”.

O, seçki keçirməkdən imtina edir, Ukrayna sorğularında onun reytinqi çox aşağıdır və yeganə uğuru Baydendən skripka kimi istifadə etməsindədir. Seçkisiz diktator Zelenski tələssə yaxşıdır, əks halda ölkəsi qalmayacaq.

Bu arada biz Rusiya ilə müharibəyə son qoymaq üçün uğurla danışıqlar aparırıq– bunu isə, hamının rəyinə görə, yalnız Tramp və Tramp administrasiyası edə bilər. Bayden cəhd belə etmədi, Avropa sülh gətirə bilmədi, Zelenski isə, ehtimal ki, “maliyyə axınının” davam etməsini istəyir.

Mən Ukraynanı sevirəm, amma Zelenski dəhşətli iş gördü, onun ölkəsi dağılıb, milyonlarla insan nahaq yerə həlak oldu– və bu hələ də davam edir...”

***

Trampın “4% reytinq” sözlərinin nə demək olduğunu bir çoxu anlamayıb. Buna görə də onunla bağlı məsələyə aydınlıq gətirim.

Zelenski siyasi zirvəyə necə sürətlə qaldırılmışdısa, elə sürətlə də uçuruma yuvarladılacaq. Bu zaman onun sağ qalması möcüzə ola bilər. İndi o məhz həyatı haqqında düşünməlidir.

Trampın Zelenski barədə “4% reytinqi var” deməsi nə məna verir?

Sözönü kimi: Siyasət emosiyalar meydanı deyil. Burada emosiyalar yalnız manipulyasiya vasitəsi kimi istifadə olunur. Siyasətçi emosiyalara istinad edirsə, bilin ki, o, ya artistlik edir, ya da səriştəsiz siyasətçidir.

Siyasi rəhbərlərlə, xüsusən də, ölkə başçıları ilə bağlı 2 vacib anlayış var:

- leqallıq;

- legitimlik.

Çoxları eyniləşdirsə də onlar ciddi şəkildə fərqli anlayışlardır.

Leqallıq ölkə başçısının vəzifəyə gəlməsinin qanuna uyğun olub-olmamasının göstəricisidir.

Legitimlik isə ölkə başçısının başqa ölkələr, beynəlxalq təşkilatlar tərəfindən tanınıb-tanınmamasının göstəricisidir.

Başçı üçün ən vacibi legitimlikdir.

Başçı leqal ola bilər, yəni qanuna uyğun seçilə bilər, lakin legitim sayılmırsa, xarici ölkələr onu tanımırlar. Məsələn, Belarusun prezidenti Lukaşenko– seçki yolu ilə vəzifəyə gəlib, amma tanınmır, yəni legitim sayılmır. Qeyri-demokratik seçilməsi barədə nağılları kənara qoyun– bunlar həmişə bəhanə olub. Amerika qoşunlarının işğalı altında Əfqanıstanda “seçki keçirib” Həmid Karzaini seçəndə və ya İraqda eyni şəraitdə seçkilər keçirəndə bunlar demokratik sayıla bilirdi.

Başçı leqal olmaya bilər, amma legitim sayılırsa, qəbul edilir. Məsələn, Suriyada hakimiyyəti ələ keçirmiş terrorçu əl-Colani leqal deyil, lakin legitim qəbul edilib. Buna görə də onunla xarici ölkələrin rəsmi nümayəndələri, hətta dövlət başçıları görüşürlər.

Bəs legitimlik “mandatı” verən kim(lər)dir?

Bu haqda yazmışam deyə (https://www.facebook.com/share/p/1A24YNkt7d/) təkrarlamaq istəmirəm.

Kahinlər şurasının qərarı Baş kahinin təsdiqi olmadan qüvvəyə minmir. Məsələn, Gürcüstanda son seçkilərin nəticəsini Kahinlər şurası qəbul etmək istəmirdi, lakin Baş kahin onlarla razılaşmadı deyə tanımağa məcbur oldular. Putinin seçilməsini da Kahinlər şurası qəbul etmək istəmirdi, hətta Avropa parlamenti seçkilərdən 1 ay əvvəl Putin seçilərsə, seçki nəticəsini qəbul etməyəcəkləri barədə qərar qəbul etmişdi. Lakin yenə Baş kahin onlarla razılaşmadı. Niyə? Bu ayrı söhbətin mövzusudur.

1991-ci ildən 2015-ci ilə qədər Baş kahin hakimi-mütləq idi, dünyanın hansı ölkəsində kimi qeyri-legitim saysaydı, onun hakimiyyəti sona çatırdı. Hakimiyyətin bitməsinə ilk siqnal Kahinlər şurasından gəlirdi. Siqnal alan şəxs buna əhəmiyyət vermirdisə, bir qayda olaraq, Baş kahin hərəkətə keçmək barədə əmr verirdi.

Bəs siqnal nə olurdu?

İtaliya mafiyası haqqında filmlərə baxanlar bilirlər ki, mafiya birinin “ölüm siyahısına” düşdüyünü çatdırmaq istəyəndə ona quru balıq göndərir. Bu həmin şəxsin ölümünə artıq qərar verildiyi barədə siqnaldır. Böyük siyasətdə “quru balıq” Baş kahin və ya Kahinlər şurası tərəfindən ölkə başçısının qeyri-legitim və ya qeyri-leqal olmasını dilə gətirilməsidir. Belə bəyanatdan sonra ölkə başçısı ya istefaya getməli (siyasi ölüm), ya da rəngli inqilab gözləməlidir (bu halda fiziki ölüm də ola bilər).

2015-ci ildən sonra Qərbin kahinlik hakimiyyəti zəifləməyə başladı. 1-ci dəfə bu Suriyada oldu– Bəşər Əsədə “quru balıq” göndərilsə də 10 ildən çox hakimiyyətdə qala bildi. Sonra 2020-ci ildə Belarusda baş verdi, Lukaşenko hələ də hakimiyyətdədir. Rusiyada və İranda da dəfələrlə cəhd etdilər, bacarmadılar.

Yəni dünya faktiki olaraq, təsir dairələrinə bölünüb artıq. Hansı ölkədə kim legitimlik “mandatı” verirsə, onun da təsir dairəsinə daxil olur. Ukrayna indiyədək ABŞ-ın təsir dairəsinə daxildir.

Dünənəcən vəziyyət necə idi? Zelenskinin leqallığı yox idi (qanuni prezidentlik müddəti bitmişdi), buna görə də Rusiya onu prezident kimi tanımır. Lakin ABŞ (Baş kahin) və AB (Kahinlər şurası) onu legitim prezident kimi tanıyırdı. Başqa sözlə, Zelenskinin hakimiyyəti yalnız ABŞ-dan asılı idi, çünki Kahinlər şurasının qərarı Baş kahin tərəfindən tanınmazsa, onun əhəmiyyəti yoxdur.

12 fevralda Baş kahin, yazılmamış qanunlara müvafiq olaraq, öz səlahiyyətləri çərçivəsində Zelenskiyə müstəmləkə müqaviləsi göndərdi və 1 saat ərzində oxumadan ona qol çəkməyi əmr etdi. Yəni de-fakto mövcud olan müstəmləkə hüquqlarını de-yure rəsmiləşdirmək istədi.

Zelenski deyirdi ki, müqavilədə ABŞ ölkə sərvətlərini ələ keçirməyin əvəzində Ukraynaya təhlükəsizlik təminatı vermir. O anlamırdı ki, bu müqavilə ilə Tramp Ukraynanın yox, Zelenskinin təhlükəsizliyinə təminat verir.

14 fevralda Zelenski alçaldıcı müstəmləkə müqaviləsinə qol çəkməkdən imtina etdi.

Belə cəsarət, əlbəttə ki, Baş kahinə qarşı qiyam idi. Zelenskinin üsyankarlığına göz yumardısa, Baş kahinə heç kim hörmət qoymazdı. Belə itaətsizlik cəzasız qalmamalı idi. O elə cəzalandırılmalı idi ki, başqaları da dərs götürsünlər.

18 fevral axşamı Tramp Zelenskiyə “quru balıq” göndərdi: brifinqdə dedi ki, onun əhali arasında 4% reytinqi var. Məsələ onun əslində neçə faiz reytinqə malik olmasında deyil, Baş kahinin neçə faiz hesab etməsindədir. Bu o deməkdir ki, sən mənim üçün artıq qeyri-legitim başçısan.

Kahinlər şurası Zelenskini hələ də legitim hesab edir. Amma onların qərarı ilə Baş kahinin qərarı fərqli olanda hansı keçərli olur? Ritorik sualdır.

18 fevralda “Reuters” agentliyi 2014-cü ildən sonra ilk dəfə olaraq Kiyevin Müstəqillik meydanından (“Maydan” hərəkatının baş verdiyi yer) fasiləsiz canlı yayım açdı. Yəni agentlik çevriliş olacağını gözlədiyinə işarə verir.

18, ya 19 fevralda Zelenski ya istefa verməli, ya da müstəmləkə müqaviləsinə qol çəkib, Baş kahinin istənilən şərtlərini qəbul etməli idi ki, bəlkə günahından keçə. Lakin Zelenski dərhal mətbuatda Trampa qarşı “qara” kampaniyaya başladı, hətta onun sanksiyası ilə Trampa qarşı söyüş aksiyası təşkil edildi. Aydındır ki, Britaniyanın dəstəyi olmadan Zelenski buna cürət edə bilməzdi. Amma Aleksey Vandam demişkən: “İngilislərlə müharibədən daha pisi yalnız onlarla dostluq ola bilər”.

Bundan sonra Tramp komandası Zelenskiyə qarşı “yaylım” atəşinə başladı. Təkcə 19 fevralda:

-  Tramp bir öldürücü və təhqiramiz post paylaşdı, həmçinin mətbuat qarşısında Zelenskini bir daha hədələdi.

-  İlon Mask Zelenskiyə qarşı 3 post paylaşdı və onu diktator, korrupsioner və qatil adlandırdı, təcili auditə başlamaq lazım olduğunu bildirdi.

-  vitse-prezident J.D.Vens 2 müsahibə verib, Zelenskidən dilini yığışdırmağı tələb etdi və açıq hədə-qorxu gəldi.

-  Trampın böyük oğlu Zelenskinin oriyental rəqs etdiyi videonu paylaşıb ona güldü. https://www.facebook.com/100009183618768/videos/pcb.3908210739495008/1724670305144320

- Trampın kiçik oğlu isə qardaşının bu postunu paylaşaraq, yazdı ki, Zelenskinin həbsi üfiqdə görünür.

İndi vəziyyət necədir? Rusiya və ABŞ Zelenskinin legitimliyini tanımırlar, AB hələ ki tanıyır. AB-nin tanıması heç nəyi dəyişməsə də bir azdan Baş kahinə sədaqət nümayiş etdirmək üçün onun da tərkibindən bəzi üzvlər Zelenskinin legitimliyini tanımayacaqlar. “Finita la commedia”.

Ukraynada oliqarxlar bilirlər ki, Zelenskiyə “quru balıq” göndərilib. Deməli, onun əleyhinə çıxmaq nəinki təhlükəli deyil, əksinə, Baş kahinin rəğbətini qazanmaq olar. Buna görə də yaxın günlərdə ölkədə etirazların baş qaldıracağını proqnozlaşdırmaq olar.

 

Artıq Zelenski faktiki olaraq canlı meyiddir. Yalnız siyasi meyid kimi qalsa, Allahına şükür etməlidir.

Bu uşaq elə bilirdi ki, siyasət meydanı da estrada meydanı kimidir: rolunu yaxşı oynasa– əl çalacaqlar, pis oynasa– sadəcə, tamaşaçılar zalı tərk edəcəklər...

 

Asif Şəfəqqətov

GlobKom.İnfo