Tramp hakimiyyətə gələn kimi imzaladığı fərmanlardan biri də ABŞ-ın xarici yardımlarını 90 gün müddətinə dayandırmaq olmuşdu. Bu fərman çərçivəsində Ukraynaya hərbi yardımlar da dayandırılmışdı.

Ukraynaya hərbi yardımı dayandırmaqda məqsəd nə idi?

1. Geniş məqsəd barədə yazmışdım deyə təkrarlamıram: https://www.facebook.com/share/p/18PZALsEC1

2. Dar məqsəd. Tramp Ukrayna müharibəsini 24 saata dayandıracağını vəd etmişdi. “Bunu necə edəcəksiniz?” sualının cavabında demişdi ki, Ukraynadan tələb edəcəm ki, müharibəni dayandırsın, əks halda ona hərbi yardımı dayandıracam; Rusiyadan tələb edəcəm ki, müharibəni dayandırsın, əks halda Ukraynaya hərbi yardımı daha da gücləndirəcəm.

Dediyi kimi, Ukraynaya hərbi yardımı dayandırdı və bu zaman Ukraynanın müharibəni dayandırması üçün hər hansı şərtini soruşmadı (bununla bağlı Ukrayna rəsmiləri ilə heç bir görüş keçirilmədi). Dərhal sonra Rusiyanın müharibəni dayandırması üçün onlarla gizli danışıqlara başlanıldı. Müharibəni dayandırmaq üçün ABŞ-ın şərtləri Rusiyanı qane etmədiyi üçün Rusiya müharibəni dayandırmadı və...

Son iki gündə ABŞ-dan  bir-birini tamamlayan 2 məlumat gəldi:

3 fevralda Tramp dedi ki, nadir torpaq elementləri yataqlarının ABŞ-a verilməsi müqabilində ABŞ Ukraynaya hərbi yardımı davam etdirə bilər.

4 fevralda məlum oldu ki, ABŞ Ukraynaya hərbi yardımı bərpa etdi.

Bu o deməkdir ki, Rusiya ABŞ-ın şərtlərini qəbul etməyib. Çünki Rusiyanın müharibəsi Qərblədir, Ukrayna vasitədir. Bu haqda daha ətraflı: https://www.facebook.com/share/p/14fSZpZx6x/

Bunun daha bir sübutu Rusiya xarici işlər naziri S.Lavrovun 4 fevral tarixli proqram məqaləsidir. Məqalə çox maraqlıdır, lakin fb üçün uzundur. Buna görə də onun əsas mahiyyətini tərcümə edib, aşağıda təqdim edirəm (amma siyasətlə maraqlananlara onu tam oxumağı tövsiyə edirəm – orijinal mətni rəy bölməsində  yerləşdirmişəm):

4 fevral 1945-ci ildə Yalta konfransı başlayıb və bu konfransda II DM-in qalib ölkələri- SSRİ, ABŞ və Britaniya müharibə sonrakı dünyanın konturlarını müəyyən ediblər. Krımda əldə olunmuş razılaşmalar 1945-ci ilin iyul-avqustunda keçirilən Potsdam konfransında inkişaf etdirilib və təsdiqlənib.

Bu razılaşmalar nəticəsində BMT yaradılıb və onun Nizamnaməsi təsdiq olunub. Yalta-Potsdam sisteminin fundamenti dövlətlərin suveren bərabərliyi prinsipi olub: bütün dövlətlər ərazisinin ölçülərindən, əhalisinin sayından, hərbi gücündən və digər meyarlardan asılı olmayaraq, formal olaraq bərabərdirlər və heç bir ölkə dominantlığa iddia edə bilməz.

Bütün güclü və zəif tərəflərinə baxmayaraq, Yalta-Potsdam sistemi 8 onillikdir ki beynəlxalq sistemin fəaliyyətinin normativ-hüquqi çərçivələrini müəyyən edir. BMT mərkəzli dünya nizamı əsas funksiyasını yerinə yetirir- hamını yeni dünya müharibəsindən qoruyur. Necə deyərlər: “BMT bizi cənnətə aparmadı, lakin cəhənnəmdən xilas etdi”.

Gözlərimiz qarşısında doğulan çoxqütblü dünyanın əsasları məhz BMT-nin tarixi qərarları əsasında qoyulmuşdur (SSRİ-nin müstəsna rolu sayəsində). 1960-cı ildə SSRİ-nin təşəbbüsü ilə BMT-də qəbul edilən “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqda bəyanat”dan sonra baş verən müstəmləkəçiliyin ləğv edilməsini nəzərdə tuturam. Bu gün keçmiş müstəmləkələrdən bəziləri çoxqütblü dünyanın güc mərkəzlərindən biri olmağa iddia edir, bəziləri regional və ya kontinental inteqrasiya birliklərinin hissəsi kimi çıxış edirlər.

Lakin müstəsnalıq sindromundan xilas olmamış, yeni müstəmləkəçilik paradiqmasından çıxış edən, başqa sözlə başqaları hesabına yaşayan Qərb əvvəldən BMT-nin prinsiplərindən narazı idi. Bunu ABŞ dövlət katibinin sabiq müavini V.Nuland müsahibələrindən birində açıq bildirdi: “Yalta ABŞ üçün yaxşı həll deyildi, onunla razılaşmaq lazım deyildi”. ABŞ Yalta-Potsdam sisteminə məcburi razı olmuşdu, onu özünə artıq yük hesab edirdi. Məhz bu hiss Qərbin Yalta-Potsdam sisteminə qarşı sonrakı fəaliyyət xəttini müəyyən etdi. Bu fəaliyyət U.Çörçilin 1946-cı il Fulton çıxışı ilə faktiki olaraq SSRİ-yə “Soyuq müharibə” elan etməsindən başladı. Bundan sonra ABŞ heç vaxt dövlətlərin suveren bərarbərliyi haqda BMT Nizamnaməsinin əsas prinsipinə əməl etmədi.

“Soyuq müharibə”də qələbədən sərxoş olmuş ABŞ prezidenti C.Buş 11 sentyabr 1990-cı ildə Konqresdə çıxışında Vaşinqton üçün BMT Nizamnaməsini saymamaqla birtərəfli qaydada hərəkət etmək üçün “hüdudsuz imkanlar pəncərəsinin” açıldığını bəyan etdi.

“Qaydalara əsaslanan nizamın” təzahürlərindən biri Vaşinqtonun Şərqi Avropanın geosiyasi mənimsəmə kursu oldu. Bunun ağır nəticələrini hazırda biz Xüsusi Hərbi Əməliyyatla aradan qaldırmağa məcburuq.

Trampın başçılığı ilə respublikaçıların ABŞ-da hakimiyyətə qayıtması ilə bu proses yeni çalarlar aldı. Yeni dövlət katibi M.Rubionun Senatda 15 yanvar tarixli çıxışı bu baxımdan çox maraqlıdır. Çıxışın qısa mahiyyətini belə ifadə etmək olar: II DM-dən sonrakı dünya nizamı nəinki köhnəlib, o ABŞ maraqlarına qarşı istifadə olunan silaha çevrilib. Başqa sözlə, nəinki BMT mərkəzli Yalta-Potsdam dünyası, hətta Qərb eqoizmini dəstəkləyən “Qaydalara əsaslanan dünya nizamı” da artıq ABŞ-ın maraqlarına uyğun deyil. Yeni “America First” konsepsiyası Hitler dövrünün “Almaniya hər şeydən üstündür” şüarı ilə təhlükəli şəkildə səsləşir, “güc vasitəsilə sülh yaratmaq” iddiası isə diplomatiyanı büsbütün basdıra bilər. Belə fikirlər və ideoloji konsepsiyalarda BMT Nizamnaməsinə hörmətin kölgəsi də yoxdur.

Lakin artıq 1991-ci il deyil, hətta Ağ evin indiki sahibinin “kapitan körpüsünə” 1-ci dəfə çıxdığı 2017-ci il də deyil. ABŞ və müttəfiqlərinin indiyədək iddiasında olduğu keçmiş vəziyyətə qayıdış mümkün deyil, çünki demoqrafik, iqtisadi, sosial və geosiyasi şərait tam dəyişib. Hesab edirəm ki, beynəlxalq işlərdə ABŞ öz məsuliyyət zonasını şişirtməməli və özünü hegemon kimi yox, aparıcı dövlətlərdən biri kimi hiss etməlidir.

Çoxqütblülük möhkəmlənir və bu prosesə mane olmaq əvəzinə ABŞ görünən tarixi perspektivdə Rusiya, Çin və Qlobal Cənub, Şərq, Şimal və Qərbin güclü dövlətləri ilə yanaşı məsuliyyətli güc mərkəzlərindən biri ola bilər. Yeni ABŞ administrasiyası isə hələ ki kovboysayağı hərəkətlərilə BMT mərkəzli sistemin Amerika maraqlarına boyunəymə hüdudlarını yoxlayır.

Rusiya BMT mərkəzli dünya nizamının qalmasını tərəfdarıdır, lakin yeni reallıqları- çoxqütblülüyü nəzərə alaraq, BMT Nizamnaməsi təkmilləşdirilməlidir. Biz Braziliya və Hindistanın BMT TŞ-nin daimi üzvü olmasını, Afrika qitəsinin BMT-də daha geniş təmsil olunmasını dəstəkləyirik. TŞ-də Kollektiv Qərb üçün əlavə yerlərin açılmasını düzgün saymırıq. Almaniya və Yaponiya onsuz da suverenliklərinin əsas hissəsini TŞ-nin daimi üzvü olan okeanarxası patronlarına ötürüblər, həm də onlar öz ölkələrində nasizm və militarizm əlamətlərini dirçəldirlər.

BMT Katibliyindəki vəziyyəti dünya çoxluğuna qarşı təhqir hesab edirik. Burada bütün əsas vəzifələrdə Qlobal Qərbin təmsilçiləri yer alıblar. BMT bürokratiyasının dünyanın geosiyasi xəritəsinə uyğunlaşdırılması təxirəsalınmaz məsələdir. Bu haqda BRICS-in Kazan bəyannaməsində xüsusi müddəa var. Görək, Qərb ölkələrinin dar qrupunun maraqlarına xidmət etməyə alışmış BMT rəhbərliyi müasir çağırışlara necə münasibət göstərəcək.

BMT Nizamnaməsində əksini tapmış dövlətlərin suveren bərabərliyi prinsipi çoxqütblü dünyanın tələblərinə ideal şəkildə uyğun gəlir. BMT-nin 1970-ci Bəyənnaməsinə görə, hamı hökuməti müvafiq ərazidə yaşayan bütün əhalini təmsil edən dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Sübut etmək lazım deyil ki, 2014-cü il çevrilişindən sonra Kiyev rejimi Krım, Donbas və Novorossiya əhalisini təmsil etmirdi, necə ki Qərb metropoliyaları istismar etdikləri müstəmləkə əhalisini təmsil etirdilər.

BMT-nin əsas prinsiplərini pozmaqla dünyanı öz maraqlarına uyğun kobud dəyişmək cəhdləri dünyada fəlakət senarilərinədək gedə bilən qeyri-sabitlik və qarşıdurma yarada bilər. Beynəlxalq işlərdəki indiki münaqişələr səviyyəsində BMT mərkəzli Yalta-Potsdam sistemindən imtina etmək şəksiz dünyanı xaosa aparcaq.

Bəzən deyilir ki, “Kollektiv Qərb” tərəfindən dəstəklənən Kiyev rasist rejiminin hərbi qüvvələri ilə döyüşlərin getdiyi bir şəraitdə arzulanan dünya nizamından danışmağın vaxtı deyil. Fikrimizcə, bu yanlış fikirdir. Müttəfiqlər arasında müharibəsonrakı dünya nizamının müzakirəsi II DM-in ən şiddətli vaxtında aparılırdı (1943-cü ildə Tehran konfransında və Yalta və Potsdam konfranslarınadək digər görüşlərdə). Allah eləməsin, Yalta-Potsdam sistemi ləğv edilərsə, dünya ümumiyyətlə hər hansı ümumi dəyər oriyentirlərindən məhrum olar.

Rusiya maraqlar balansının razılaşdırılması və beynəlxalq münasibətlərin hüquqi prinsiplərinin möhkəmləndirilməsi üzrə vicdanlı birgə işə hazırdır.

PS. Rusiyanın bu mövqeyi haqda yazmışdım: https://www.facebook.com/share/p/16zUY2GfEc/

Belə görünür ki, daş qayaya rast gəlib.

Asif Şəfəqqətov