
Dostluğumda bir neçə müxalifətçi var. Mənə ilişmədikləri üçün dəymirəm. Həm də müəyyən məsələlərdən onlar vasitəsilə xəbər tuturam.
Tofiq Yaqublu, onun keçirdiyi aclıq aksiyası haqqında məlumatları da əsasən onların paylaşımlarından alır, bəzən hətta bu xəbərlərin çoxluğuna, yəni lenti doldurmasına qıcıqlanırdım. Onlar hər gün aclığın filanıncı günü, "öldürmə", "azad et" və digər bu səpkili şüarlarla Tofiqin portretlərini paylaşır, təbliğat aparırdılar.
Dünən Tofiq Yaqublunun xəstəxanaya köçürüldüyü xəbəri Yutubda Kanal13-də gözümə dəydi. Açıb baxdım və qısa xəbərin keçmiş müsavatçı həkim Adil Qeybullanın feysbuk statusuna istinadən verildiyini gördüm.
Sosial şəbəkəyə keçid etdim ki, görüm "dostlarım" nə paylaşıb. Lenti xeyli çevirsəm də, qarşıma Tofiqlə bağlı heç nə çıxmaması məni təəccübləndirdi. Axtardığımı tapa bilmədiyimdən feysbukdan çıxdım. Bir neçə saat sonra adı çəkilən sosial şəbəkəyə yenidən giriş edərkən, reyting.az saytının bu haqda paylaşımına rast gəldim. Bu sayt da eyni xəbəri vermişdi.
Amma "dostlarım" yenə susurdular. Adları da yadımda tam qalmır ki, səhifələrinə baxım. Odur ki, istər-istəməz dostluğumda olmayan Adil Qeybullanın səhifəsinə baxdım və xəbəri ilk mənbəyindən oxudum. Oradan Yaqublunun dostluğumda olmayan qızının da bu xəbəri paylaşdığı və təsdiqlədiyi məlum oldu. Yenidən xəbər lentinə qayıtdım. "Dostlarımdan" yenə bir xəbər yox idi. İnanın ki, hələ də susurlar.
İndicə birinin bir paylaşımı çıxdı qarşıma. Əli Kərimlini doğum günü münasibətilə təbrik edirdi. Girdim səhifəsinə ki, görüm silahdaşı Tofiqin xəstəxanaya köçürülməsi haqda nəsə paylaşıbmı?
Gördüm ki, heç nə paylaşmayıb. Zatən bu tip xəbərləri paylaşsaydı, gözümü yağır edərdi.
Yaxşı, bəs səbəb nədir? Nə baş verir? Aclıq aksiyasını şouya çevirən, xüsusi posterlər, təbliğat materialları paylaşan "öldürmə, azad et" deyən bu adamlar əqidədaşlarının xəstəxanaya köçürülməsinə, necə deyərlər, ölümdən qurtulmasına niyə sevinmədilər? Sevindilərsə, niyə bunu ifadə etmədilər? Niyə ümumiyyətlə bu haqda heç nə yazmadılar, paylaşmadılar?
Mən burada bir səbəb görürəm. Bu adamlar müstəqil deyil. Paylaşımları da hansısa komanda, tapşırıq, tezis əsasında edirlər və dünən əmr almayıblar.
Niyə? Bax bu da maraqlıdır. Görünən odur ki, bunlar Tofiqin həbsxanada ölməsini istəyirlərmiş ki, bundan da bir şou düzəldib, bir müddət baş qatsınlar, hökumətə qarşı hansısa təzyiqlərə, sanksiyalara nail olsunlar və pul qazansınlar. Tofiqi də qızışdırırlarmış ki, aclığı dayandırma. Bunlar Yaqubludan Navalnı düzəltmək istəyirdilər, o da alınmadı...
Odur ki, planları baş tutmadığına görə, məyus oldular.
Bizim hakimiyyət çox ağıllı və tədbirlidir. Hüquq-mühafizə orqanları da öz işlərini getdikcə daha peşəkar səviyyədə qururlar. Mən həbsxanada keçirilən digər aclıq şouları haqda da yazmışdım ki, hökümət kiminsə ölməsinə imkan verməyəcək. Çünki bu ona lazım deyil. Amma nə qədər qəribə olsa da, müxalifətə məhz belə bir insidentin baş verməsi sərf edir.
Tofiqin yaşlı, xəstə və dərdli bir insan olaraq evində, ailəsinin yanında olmasını mən də həmişə istəmiş və ifadə etmişəm. Ancaq onu siyasətçi və qəhrəman saymıram. Getdiyi yol da çox yanlışdır.
Nadir Qocabəyli
Globkom.info