Küləklər əsməsin, şimşək çaxmasın,

Körpə yuxusunda gül dərən zaman

Göylər gurlamasın, sellər axmasın

Ana körpəsinə süd verən zaman

Bu misralar məlahətli səsi, gözəl ifasıyla insanların zövqünü oxşayan mərhum xanəndəmiz Oqtay Ağayevin “Körpə nəfəsi” mahsındandır. Amma 33 il əvvəl – 1992-ci il fevralın 25-dən, 26-a keçən gecə Xocalıda küləklər, şimşəklər, sellər yox, azğınlaşmış ermənilər, onlara muzdluluq edən rus hərbiçiləri balasına layla deyən anaları, südəmər körpələri qanına qəltan elədilər.

Tariximizdəki faciə zəncirimizin bəndlərindən biri də “Xocalı qətliyamı”dır. Bu gün Xocalıda azərbaycanlıların soyqrımının 33-cü ildönümüdür. 33 il bir qərinədir. Bir qərinə yarıməsr olmasa da, yüzilliyin ¼-dən çoxdur. 33 il bir igidin ömrüdür. Qarabağ müharibəsi başlamasaydı, Xocalıdakı soydaşlarımız qırğını məruz qalmasaydı neçə-neçə oğlanlı-qızlı Xocalı uşaqları böyüyərək igidlərə, gözəl banulara çevrilərdi.

Amma XX əsrin sonu tarixin hökmü bizə amansız tale, qaçılmaz alın yazısı yazdı və xalqımızın 613 günahsız sakini bədxah, faşist qonşularımız və Sovet hərbi ənənələrindən üz çevirən, rus zabitinin şərəf-ləyaqətini muzdluluğa dəyişən alçaqlar tərəfindən gülləbəran edildi, cəsədləri təhqirlərə məruz qaldı.

İstər azğınlaşmış dığalar, istərsə də insanlıqlarını pula satan rus “hərbiçi”ləri (366-cı motoatıcı alayın şəxsi heyəti) əməllərinə heç bir halda haqq qazandırmaq, bəraət vermək olmaz. 

Amma və lakin...

33 ildir ermənilərə, 366-cı motoatıcı alaya və rəsmi Kremlə lənətlər, söyüşlər yağdırmaqla başqa həqiqətləri, ələxsus da 1992-ci ilin yanvar-fevral aylarında Xocalı sakinlərinin günəbəgün, saatbasaat, dəqiqəbədəqiqə faciəyə mühasirəsi daraldığı vaxtda içimizdəki avantürist, ulitarist, nepotist, xəyanətkar ruhlu alçaqların əməlləri gizlədilir. Bu ikiayaqlılar Xocalını və xocalıları qorumaq üçün barmaqlarının ucunu da tərpətmədilər. Deyən, qınayan, sorğulayan yoxdur ki, Azərbaycan Xalq Cəbhəsi, Müsavat Partiyası adı ilə önə çıxan siyasi “təşkilat”ların xalq içində böyük-böyük vədlərdən, demokratiyadan, azadlıqdan, müstəqillikdən dəm vuran “öndər”ləri özünümüdafiə batalyonlarını, tərəfdarlarını Xocalıya səfərbər etmədilər. Bu azğın mənfəətpərəstlər Ağdam və Əsgəran istiqamətindəki dəhlizləri belə qorumağa təşəbbüs göstərmədilər ki, heç olmasa Xocalı camaatı ölümün pəncəsindən canını qurtara bilsin. Soydaşlarımız düşmən tərəfindən ot kimi biçilərkən, əsir götürüb işgəncə məruz qalarkən, qadın-qızlarımız zorlayarkən “istiqlalçı partiyalar”ın avanqart “xadim”ləri şəxsi mənfəət və kreslo maraqları naminə silahlı dəstələrdən istifadə etməkdəydilər. Xalqımızın başına gətirilən Xocalı müsibətinə vecsiz, biganə qalan, günahsız qocaların, zənənlərin, körpələrin iniltisinə, fəryadına  laqeydlik sərgiləyən sapı özümüzdən olan “balta”lar bu gün ucadan “Azadlıq”, “Hürriyyət”, “Xocalıya ədalət” anqırmaqdadırlar.

Xocalıda azərbaycanlıların başını aşağı edən, namusumuzu tapdaladanlar utanmadan, qızarmadan “biz azadlıq uğrunda mücadilə aparmışıq”, “ölkəmizdən rus qoşunlarını çıxarmışıq”, “Azərbaycana müstəqillik” qazandırmış”, “xalqa demokratiya bəxş etmişik” anqıranların üzünə tüpürənlər, başlarını əzənlər yoxdur deyə, hələ də bu murdarlar tariximizi təhriflə zənginləşdirir, insanları manipulyaya edir,  millət içərisində qarşıdurma yaradırlar.

2020-ci ilin sentyabr – noyabr aylarında Azərbaycan xalqı və ordusu iradə, əzm, vəhdət sərgiləyərək II Qarabağ savaşında düşmənin başını 44 günə əzdi! Ən əsası qanına qəltan olunaraq ev-eşiyindən, yurdundan didərgin düşən xocalılar doğma şəhərlərinə qan tökmədən qayıtdılar. Bununla da Xocalıdan olan anaların, bacıların yenidən ürəklərinin dağlanmasına, gözlərinin dolmasına imkan verilmədi. Artıq Xocalı aborigen sakinlərinin addımlarına, səsinə, sevincinə şahidlik edir. Amma bu yaşayış məntəqəsi ürəklə gülə bilmir. Çünki 33 il əvvəl xüsusi amansızlıqla qətl edilən xocalıların ruhları hələ də inildəyir. 613 nəfər məzlumu qətl edənlərin heç biri ədalət mühakiməsi qarşısına çıx(arıl)mayıb. 150 xocalı sakininin taleyi bu gündə müəmmalı olaraq qalır...

Xocalıların qisası o vaxt alınacaq ki, 33 il əvvəl içimizdəki satqın, laqeyd, mənfəətpərəst gədə-güdələr çarmıxa çəkiləcək, ardınca isə dığalar və onlara havadarlıq etmiş 366-cı motoatıcı alayın komandir heyəti mühakimə olunaraq layiqli cəzalarını alacaq. Əks halda azadlığına qovuşan Xocalının və yurdlarına qayıdan xocalılıların qərtməkləyən yaraları heç vaxt tam sağalmayacaq və daim sızıldayacaq...

ABDULLA İSMAYILOĞLU

Globkom.info