Azərbaycan Premyer Liqasının final turunda “Sumqayıt” səfərdə “Səbail”i böyük hesabla məğlub etdi. “Kimyaçılar”ın meydana baş məşqçi əvəzi Vurğun Hüseynov çıxarmışdı. Veteran futbolçu həm matç, həm də gələcək karyerası ilə bağlı Globkom.info – a müsahibə verdi.

- Vurğun müəllim, “Sumqayıt”ı son oyuna siz çıxardız və qələbə ilə mövsümü tamamladız. 90 dəqiqəylə bağlı fikirləriniz maraqlıdır…

- Vaqif Cavadovun komandadan gedişindən sonra biz qalası olduq.Bu da Vaqif müəllimin istəyi ilə oldu. Komandada nəyisə dəyişmədik. Futbolçularla bir araya gəlib, son matçımızı müsbət notlarla tamamlamaq və bir pillə yuxarı qalxmaq istəyirdik. Şükürlər olsun ki, oyunçuların hamısı meydanda yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Futbolçuların hər birinə təşəkkür etdim.

- Gələn mövsüm sizi baş məşqçi kimi görə bilərikmi?

- Xeyr, baş məşqçi postu tutmağım üçün çox tezdi. Hələ üzərimdə işləməli, oxumalı, kateqoriya almalıyam. Hələ baş məşqçi olmağım üçün illər var. Amma “Sumqayıt”a yeni baş məşqçi kim gəlsə və məni də köməkçisi kimi görmək istəsə, canla-başla razılaşar, əlimdən gələn hər şeyi edər və yaxşı təcrübə yığmaq istəyərəm.

- Köməkçi məşqçi olmasaz harda çalışacaqsız?

- Səmimi deyim ki, hələ bu barədə düşünmürəm. Əsas istəyimiz komandanın elitada qalmasını təmin etmək idi, bu da reallaşdı.

ABDULLA İSMAYILOĞLU

Globkom.info