
24 fevralda Ukrayna müharibəsinin başlanmasının 3-cü ildönümü idi. Bir neçə gün əvvəl Zelenski Qərb ölkələrinin liderlərinə şəxsən zəng edib, bu münasibətlə Kiyevdə təşkil edəcəyi "Ukraynaya dəstək ol" konfransına dəvət etmişdi. O bu tədbiri böyük pompa ilə təşkil edib, dünyaya, xüsusən də, Trampa göstərmək istəyirdi ki, sən məni "diktator" adlandırmaqda səhv edirsən, məni bütün Avropa liderləri müdafiə edir, demokratik Avropa məni şəxsən dəstəkləyir, sənin "yaxşı oğlan" hesab etdiyin Putini isə lənətləyirlər.
Bu hadisə ilə əlaqədar Zelenskinin timsalında Ukraynaya dəstəklərini nümayiş etdirmək üçün Qərb liderləri Kiyevə gəldilər. Qonaqlar arasında AK-nın sədri Ursula fon der Leyen, AŞ-nin sədri Antoniu Koştu, 10 ölkənin – Finlandiya, Danimarka, Norveç, İsveç, İspaniya, İslandiya, Kanada, Litva, Latviya, Estoniyanın liderləri var idi. Maraqlıdır ki, İspaniya istisna olmaqla, hamısı Şimali Avropanı təmsil edir və Kanada ilə birlikdə hamısı Britaniyanın təsir dairəsində olan ölkələr idi. Ursula ilə birlikdə 20-yə yaxın avrokomissar da gəlmişdi.
Bu tədbirdə ABŞ-dan heç bir rəsmi nümayəndə iştirak etmirdi. Digər maraqlı məqam bu idi ki, Avropanın lider ölkələri – Almaniya, Britaniya, Fransa və İtaliyanın 1-ci şəxsləri Kiyevə gəlmədilər. Əlbəttə, onların başqa daha vacib işləri ola bilərdi (məs., Makron ABŞ-a getmişdi), amma ən azı ölkənin 2-ci şəxsini göndərə bilərdilər. Aydındır ki, böyük dövlətlər daha ehtiyatla "oynayırlar".
Qonaqlar, həmişəki kimi, teatrallaşdırılmış səhnələrlə üzləşdirildilər. Guya səmada Rusiyanın MiQ-31-i görünüb (2022-ci ilin aprelindən Rusiya təyyarələri nəinki Kiyevə gəlmir, hətta döyüş bölgələrindən 5-10 km arxadan fəaliyyət göstərirlər) deyə sirena siqnalının müşayiəti altında qonaqlar yeraltı sığınacaqlara endirildi. Burada effektli fotolar çəkildikdən sonra onlar oradan çıxarıdı və parlamentə (Ali Radaya, AR) aparıldı.
Plana görə AR həmin gün "Demokratiya haqqında" 13039 N-li Qətnamə (Təcavüz şəraitində Ukraynada demokratiyaya dəstək haqqında Ukrayna AR-in bəyanatı) qəbul edilməli id. Qətnamədə qeyd edilirdi ki, hakimiyyətin institusional fasiləsizliyi prinsipini qorumaq məqsədilə, xüsusən də hərbi şəraitdə prezident Vladimir Zelenski yeni prezident seçilənə qədər səlahiyyətlərini yerinə yetirməlidir.
Bununla Zelenski onu qeyri-legitim adlandıran Trampa cavab vermək istəyirdi ki, mənim legitimliyim hərtərəfli tanınır:
1. Xalq tərəfindən (Tramp onun reytinqinin 4% olduğunu deyəndən 2 gün sonra Ukrayna prezident aparatının sifarişi ilə keçirilən "rəy sorğusunda" Zelenskinin reytinqi 63% oldu.;
2. Qərb liderləri tərəfindən (tam istədiyi kimi alınmasa da AB-nin və 10 ölkənin lideri Kiyevə gəldi);
3. AR tərəfindən (Qətnamə onun legitimliyini təsdiq etməli idi).
Amma AR-də konfuz yarandı. Xarici qonaqların da iştirak etdiyi zalda qətnamə səsvermədə qəbul olunmadı: qəbul olunması üçün minimum 226 səs tələb olunurdu, lakin lehinə 218 səs verildi. Aydındır ki, Qətnamənin qəbul ediləcəyi deputatlar (fraksiya başçıları) ilə əvvəlcədən razılaşdırılmışdı, belə həssas məsələ üzrə qonaqların gözü qarşısında plansız iş görülə bilməzdi. Belə çıxır ki, bəzi deputatların da alternativ planı olub. Məlumdur ki, Zelenskinin "qayığı" artıq çat verib və batır. Bir çoxu bu "qayıqdan" vaxtında tullanmaq istəyir. Qətnamənin əleyhinə səs verənlər, əsasən, maqnatlar P.Poroşenko, R.Axmetov və İ.Kolomoyskinin deputat etdiyi şəxslər idi, yəni onların "üsyanı" sponsorlarının Trampa "xod tapmaq" ("biz Zelenski ilə bir qayıqda deyilik") istəyindən başqa bir şey deyildi. Üstəlik, "Yevrosolidarnost" fraksiyası (Poroşenkonun fraksiyası) zalda qonaqların qarşısında etiraz fleşmobu da təşkil etdi.
Prezident aparatı bu gözlənilməz zərbəni qəbul edib, qonaqları zaldan çıxartdı və konfransa apardı. Lakin bu məsələni belə buraxmaq olmazdı. AR-in iclası gedəndə ABŞ-da gecə idi. Orada səhər açılanda bu xəbər informasiya bombası olacaqdı. Buna görə də ABŞ-da səhər açılana qədər vəziyyəti dəyişmək və KİV üçün xəbəri yeniləmək lazım idi. Aparat "üsyançılara" qarşı həmişəki silahını işə saldı. Ukraynada bütün deputatlara qarşı kompromat var, bir çoxuna qarşı hətta cinayət işi açılıb, lakin yarıda saxlanılıb. Şantaj vasitəsilə məcbur etdilər ki, "üsyançılar" səhvlərini başa düşsünlər. 6 saat sonra AR Qətnaməni yenidən səsverməyə qoydu və... o 268 səslə qəbul olundu. Əlbəttə, bu da Ukraynada demokratiyanın daha bir təsdiqi oldu.
AR-dən çıxan qonaqlar konfransda iştirak etdilər. Konfrans sirena sədaları altında keçirilirdi. Sirena səsi bombalanma təhlükəsinin olduğunun xəbərdarlığıdır. Belə təhlükə varsa, konfrans necə keçirilə bilər? Teatr davam edirdi. Konfransda, Zelenskinin deməyinə görə, daha 24 ölkənin lideri onlayn iştirak etdi, lakin videorabitə ilə yalnız 11 ölkə– Albaniya, Britaniya, Xorvatiya, Çexiya, Almaniya, Yaponiya, Moldova, Niderland, Polşa, İsveçrə və Türkiyə liderləri çıxış etdilər.
Sabahı gün İlon Mask AR-in səsvermə nəticəsini paylaşaraq, yazdı ki, belə dəstəyin varsa, seçkilərə get.
24 fevralda Ukrayna münaqişəsi ilə bağlı BMT-nin həm Baş Assambleyasında (BA), həm də Təhlükəsizlik Şurasında (TŞ) müvafiq qətnamələr qəbul edildi. BA-da qətnamənin Ukrayna redaksiyası (burada Rusiya təcavüzkar adlandırılırdı) səsə qoyuldu və qəbul edildi, lakin ilk dəfə olaraq ABŞ və Çin onun əleyhinə səs verdilər. TŞ-də qətnamənin ABŞ redaksiyası (burada Rusiya təcavüzkar adlandırılmırdı) səsə qoyuldu və qəbul edildi. Maraqlıdır ki, Britaniya və Fransa hər iki qətnamənin lehinə səs verdilər.
Zaman Zelenskinin xeyrinə işləmir: onun qayığı batır, özü ilə birlikdə Ukraynanı da batırır, Aİ onunla birlikdə batır, Avropa dövlətləri isə kimi tez, kimi gec bu qayıqdan tullanacaqlar.
Asif Şəfəqqətov
Globkom.info