9 martda Tramp elan etdi ki, 10%-dən yuxarı tariflərin hamısını (Çin istisna olmaqla) müvafiq ölkələrlə danışıqlar aparmaq üçün 90 gün müddətinə 10%-ə endirir. Bu hadisə ilə bağlı 2 məqama toxunacam.

1. Deyir, yaxşılıq etmədən kasıbı necə sevindirmək olar? Çörəyini əlindən alırsan– acından öləcək deyə düşür dərdə. Sonra həmin çörəyin yarısını qaytarırsan– xoşbəxt olur.

ABŞ 10%-lik tarifi 5 martdan tətbiq etdi, 10%-dən yuxarı tarifləri isə 9 martdan tətbiq etməli idi. 10%-dən yuxarı tariflərə görə bütün ölkələr ağlaşma qurmuşdular. Bunu fond birjalarındakı tarixi düşmələrdən aydın görmək olurdu. Yəni Tramp bütün ixracatçıların "çörəyini" aldı. Ciddi olduğunu göstərmək üçün hətta "əziz dostu" Netanyahunun Ağ Evə gəlib, xahiş etməsinə baxmayaraq, İsrailə təyin olunmuş tarifin 17%-dən 1% də aşağı endirilməsinə razı olmadı. Fond birjaları panika altında daha da düşməyə başladı.

9 martda isə Tramp onların "çörəyinin" bir hissəsini qaytardı. Yəni onların "çörəyinin" bir hissəsi (10%-lik tarif) yenə ABŞ-da qaldı, lakin bütün ölkələr sevindi. Bunu da fond birjalarındakı kəskin artımlardan gördük. 90 gün ərzində ABŞ ölkələrdən əlavə hansı güzəştləri alacaq– bu onun fərasətindən və qorxutma imkanından asılıdır.

Belə olacağını yazmışdım: https://www.facebook.com/share/p/1FbX8wTGTP/

2. Təsəvvür edin, mənə dəqiq məlumdur ki, 2 gün sonra Mərkəzi Bank dolların məzənnəsini qaldıracaq. Mən nə edəcəm? Bu gündən əlimdə olan, üstəlik başqalarından da imkanım çatan qədər borca götürdüyüm manatlara indiki məzənnə ilə dollar alacam və 2 gündən sonra onları daha yüksək məzənnə ilə satıb, heç bir əmək sərf etmədən böyük mənfəət əldə edəcəm.

Trampın administrasiyası bəlkə də dünya tarixində ən çox milyarderin işlədiyi hökumətdir. Həmin milyarderlərin əksəriyyətinin, o cümlədən Trampa ən yaxın şəxslərindən biri İlon Maskın biznes aktivlərinin xeyli hissəsi xaricdə yerləşir. Deməli, tariflər onların da məhsullarının ABŞ bazarına yolunu bağlayır. Bundan əlavə onların hamısında müxtəlif şirkətlərin yüz milyonlarla dollarlıq səhmləri var. Əvvəlcədən məlum idi ki, belə yüksək tariflər fond bazarını çökdürəcək, səhmlərin qiymətləri kəskin düşəcək. Tramp tarif qərarını onlarla əvvəlcədən razılaşdırmasaydı, heç nə edə bilməzdi. Maskın guya tariflə bağlı Trampa etiraz etməsi isə, məncə, bu oyunun tərkib hissəsi idi.

Yaxşı, əgər Trampın milyarder dostları və "silahdaşları" tarifin 9 martda yumşaldılacağını bilirlərsə, nə edəcəklər? Bəli, panika dövründə ucuzlaşmış "yağlı" səhmləri kütləvi surətdə alacaqlar. Trampın "amnistiyasından" sonra isə onları ya satacaqlar, ya da elə özlərində saxlayacaqlar. Hər iki halda onların sərvətləri milyardlarla dollar artacaq və artmaqda davam edəcək. Məsələn, Mask 9 martdan sonra 1 gün ərzində $36 milyard qazandı. Digərləri də həmçinin.

Tramp özü də bu afyoranı utanmadan bəyan etdi: "Dostlarım tariflərlə bağlı panikadan milyardlar qazandılar".

Tramp və komandasının (Əlibaba və 40 quldur) bu aferası mənə Napoleonla Vaterloo döyüşündən dərhal sonra Natan Rotşildin London birjasındakı aferasını xatırladır. O aferada Natan Rotşild 1 gün ərzində bütün Avropa mülklərinin az qala 30%-nə sahib oldu.

Əsrlər keçir, hər şey dəyişir, amma anqlosaksların quldur (soyğunçu) xasiyyəti dəyişmir.

P.S. Əlibaba və 40 quldur bircə Çini aldada bilmədi. Onun haqda ayrıca yazacam.

 

Asif Şəfəqqətov