
Cənab Trampın ABŞ konqresinə (parlamentə) müraciətinə baxdınız? Əgər aşağıda dediklərimə inanmayacaqsınızsa, baxın, öz gözünüzlə görün, qulağınızla eşidin.
Tamaşa. Şou.
Kapitalizmin nümunəvi tamaşa cəmiyyəti - iyrənc. Hə, elə Baydenin də parlamentdəki çıxışları eyni iyrənc tamaşa şəraitində olub.
Təsəvvür edin o tamaşanı. Tramp "salaməleyki" deyir - bütün respublikaçılar ayağa qalır, əl çalır, ayaq üstə alqışlayırlar.
Tramp "nətərsuz" deyir - bütün respublikaçılar ayağa qalır, əl çalır, ayaq üstə alqışlayırlar.
Tramp "hava xoşdur" deyir - bütün respublikaçılar ayağa qalır, əl çalır, alqışlayırlar.
Tramp "ha-ha, nanay-nanay" deyir - bütün respublikaçılar ayağa qalır, əl çalır, alqışlayırlar.
Hə, Tramp mənim yazdıqlarımı demirdi, amma onun dedikləri də mənim dediklərim səviyyədə bir söhbət idi.
Onun çıxışı - məhz kapitalist cəmiyyətin, ABŞ-nin sosial həyatının monitorudur. Trampın etdiyi söhbətlər o cəmiyyətin hansı sözlə-söhbətlə manipulyasiya edildiyini göstərir.
Hansısa miqrant bir amerikalı qızı öldürüb. Qızın anasını da Trampın “şou”suna dəvət ediblər, oturub zalda. Tramp pafoslu çıxışla o hadisədən danışır, sonra o ananı ayağa qaldırır, yenə hamı ayaq üstə alqışlayır...
Güya ABŞ-da qadınları, qızları zorlayan, qətl edənlərin hamısı miqrantlardır. Araşdırsan, bəlkə də ABŞ-a təzə gələn miqrantlarla müqayisədə daha çox cinayət törədirlər. Amma Trampa öz miqrasiya siyasətinə haqq qazandırmaq lazımdır. Onun üçün o, hansısa miqrantın cinayətini şou ilə elə təqdim edir ki, sanki bütün miqrantlar narkobarondur, canidir və s. Həqiqətdə, türk demişkən, qaribanlar bir tikə çörək üçün ABŞ-a köçürlər, orada ən ağır işləri ən ucuz qiymətə və sığortasız görürlər. Tramp, bir qəddar kapitalist olaraq, heç vaxt miqrantların ucuz işçi qüvvəsinin kapitalistlər tərəfindən istismar edildiyi haqda danışmaz, heç düşünməz də. Onun gözündə işçi - insan deyil yaxud ikinci dərəcəli insandır. Onun özünün binalarını bəlkə miqrantların ucuz işçi qüvvəsi tikir.
“Ağ Ev”in hazırkı xozeyni Baydengilin kadr siyasətinə qarşı öz kadr siyasətini açıqladı ki, vəzifəni bacarığına görə tutacaqsan, irqinə və seksual orientasiyana görə deyil. Amma 13 yaşlı bir qaradərili oğlanı otuzdurublar zalda, Tramp onu təqdim edir, "o polis olmağı sevir" deyir və bu 13 yaşlı uşağa çavuş rütbəsində polis edir. Tamaşa. Şou öz axarındadır. Güya Tramp Baydendən fərqli kadr siyasəti apardı .Güya, 13 yaşlı uşaq polis əməkdaşı olmağa layiqdir. Həmçinin yankilərin ağası polis qətlinə görə edam cəzasını tətbiq edəcəyini elan etdi. ABŞ-da öz statistikalarına görə, hər gün polis səbəbsiz yerə 2 vətəndaşı öldürür. Amma Tramp vətəndaşını polisdən deyil, polisi vətəndaşdan qorumağa üstünlük verir. Kapitalist dövlətin polisi kapitalist sistemi güclü motivasiya ilə qorumalıdır.
Rəsmi Vaşinqtonun “1-ci şəxsi” nin hər cümləsindən sonra da ayaq üstə gürultulu alqışlarla qiymətləndirilir. Sovet dövrü haqda düşük faşistlər əfsanələr uydurub ha, reallıqda o uydurmalar Konqressdə prezidentin çıxışdında yaşandı.
SSRİ-də kommunistlər qurultaylarda, çıxışlarında beş illik planın uğurlarından danışardı, alqışlayardılar, əl çalardılar. Yəni işçi sinfinin, bütün xalqın həyatına dəxli olan vacib işlərdən, o sahələrdəki qüsurlardan, uğurlardan, təkliflərdən söz açardılar. Amma Altay Göyüşov kimi liberal-faşistlər o dövrü məsxələyə qoyarlar, yalanlarla bəzəyərlər və mübaliğə edərlər. O dövrün iclasları haqda uydurduqları hər şey Trampın parlamentə müraciətində yaşandı. Pafoslu boş söhbətlər və məddahlıq.
Tramp saat yarım çıxış etdi. Onun çıxışı zamanı edilən alqışları çıxsan - cəmi 15 dəqiqəlik söhbət alınar. Elə üç-beş dəqiqə arvadını təqdim etdi və təriflədi...
Hə, Baydengilin korrupsiyasından danışdı. Trampın bütün o "saat yarımlıq" çıxışında dişə toxunan məlumat ancaq “sələfi”nin korrupsiyası ilə bağlı səsləndirilən məlumatlar oldu. On minlərlə ölmüş adama pensiya, sosial müavinat "verirlərmiş". Trampa inansaq, bir adama təqaüd verirlərmiş, yaşı 350... Tramp da dedi ki, heç ABŞ-ın o qədər yaşı yoxdur. Bircə o söhbət məzmunlu oldu. Baydengilin hakimiyyətində yaşı 100, 120, 130, 140 keçmiş minlərlə adama təqaüd "verilib". Ruslar demiş "myortvıye duşi".
Liberal-faşistlər "Azərbaycandakı əsl kapitalizm deyil" yalanları ilə insanları manipulyasiya etməyə davam edir. Beyinləri formalaşmış gənc nəsil baxsın, heç olmasa indi gözü açılsın və görsün ki, kapitalizm həmişə və hər yerdə korrupsiya deməkdir. Kapitalist sistem özü buna şərait yaradır. Hə, Trampın komandası “sələfi” Baydengilin korrupsiyasını ifşa edir. Amma, inanın ki, onun komandası da eyni korrupsiya ilə məşğuldur. Zalda onsuz da demokratlar "Mask oğrudur" qışqırırdılar.
Nəymiş, "Amerika qayıdıb", "Amerika Arzusu qayıdıb"... Arzu da arzu olsa. Onların arzusu - ancaq və ancaq dollardır, daha çox dollar naminə edilən əclaflıq.
Bu iyrənc tamaşa-şou cəmiyyətinə, bu riyəkar-simasız insanlıq naminə görə mənim vətənimi dağıtdılar?! Kapitalizmi, xüsusilə ABŞ kapitalizmini sevən. bəyənən adamları anlamaqda çətinlik çəkirəm. Əslində səbəbini bilirəm. Amma yenə başa düşə bilmirəm ki, belə iyrənc insanlararası münasibətləri necə bəyənmək olar?
Demokratlar Trampa düşmən kimi, Tramp demorkatlara düşmən kimi baxır. Demokratlardan bəziləri Trampın sözünü kəsirdi, təhqir etdi, nəticədə polis gəldi həmin demokratları zaldan çıxardı. Tam bir Elçibəy xəyalı “demokratiya”: biri tribunadan ağzına gələni danışır, o biri də bardak yaradır, yerindən ağzına gələni danışır.
Demokratlar da cavab verdilər ki, ABŞ müstəsna ölkədir, amerikan milləti müstəsna millətdir, Rusiya və Çin qələt eliyir...
Yəni, demokratlar da millətçilikdə yarışdılar, Trampın Rusiya və Çinlə normal münasibət qurmaq cəhdlərinə qarşı çıxdılar. Xeyirlisi...
Hə, bir də cənab Tramp 5 milyon dollar qarşılığında "axşam yeməyinə çıxır". Yəni 5 milyon ver - otur Trampla bir qismət çörək kəs. Azərbaycanın istənilən isfəndiyarı 5 milyon ödəyib Trampla şam edə bilər. Halbuki 5 milyon dollara neçə acın qarnını doydurmaq olar?!
Bahalı fahişələr "eskort fahişə" sayılan kimi, bu burjuaların da "eskort"ları var.
Ola bilsin, nəyinsə qarşılığında (məsələn, Putin Trampı Rusiya Arktikasının təbii sərvəltərinə buraxsa) Ukraynada müharibə müvəqqəti də olsa, bitdi. Amma, inanın ki, planetin hansısa başqa yerində müharibələr, konfliktlər pırtlayacaq. Mövcud nizam - kapitalizm və onun yaratdığı imperializm - dəyişməyənə qədər bəşəriyyətin həyatında heç nə dəyişən deyil. Odur ki, bəşəriyyət "iri addımlarla" sonuna doğru getməkdədir.
P.S ATV kanalına açdım ki, xəbər proqramına baxacam, gördüm ki, “məşhur” Manaf nəbilimnəyov oxuyur: "soruşdum adını, rus dilində Nanə dedi".... O, bu tuxta mahnılarla Azərbaycanda sərvət sahibirsə, Tramp kapitalist ABŞ-də niyə milyarder olmasın?!
A.Sultanov
Globkom.info