Kütlələrin beyninə "solçu" kimi yeridilən Bayden və Soros camiyasının beynəlxalq neoliberal şəbəkəsinin əməllərindən bezmiş bir çox liderlər, siyasətçilər, ekspertlər Trampın prezidentliyinə sevinirdilər ki, bəzi beynəlxalq problemləri həll edəcək, müharibələri sonlandırılacaq, onu edəcək, bunu edəcək...

Osmanlılar demiş hərə öz qafasına görə bir "Tramp" yaratmışdı və gözləntilərinin reallaşmasını onun atacağı addımlarla əlaqələndirirdi.

Kommunist elmini inkar edəndə, iblisləşdirəndə, sərvət sahibləri olduqları üçün özlərini dahi, Marksla Lenini isə mənasız tarixi şəxsiyyət sayanda, belə olur. Yəni, kapitalizmin tərəfdarı ol, ən qəddar-vəhşi kapitalizmi yerit, sonra da "mən bilirəm nəyi nə vaxt...." de.... Trampı təriflə...

Nə oldu? Bəşəriyyətin həyatında nə isə dəyişdi? Trampdan öz ətrafındakı milyarderlərdən və sionistlərdən başqa kimə "xeyir" gəldi?

Tramp, yeri gələndə, yəni öz maraqlarına görə sionist çevrəsini və dostlarını da əzib keçə bilən adamdır.

Rusiyanın Kursk vilayətində həlak olmuş ukraynalı əsgərlərin sayı 73 mini ötdü. Güya müharibədəki gənc kişilərin ölməsi Tramp üçün dərd idi?! Onun tək dərdi puldur - özünün yaxud ABŞ- xəzinəsindən gedən dollarlar. Elə varlanmaq üçün də ABŞ Ukraynanın canı ilə Rusiya ilə proksi-müharibə aparırlar. Müharibədə rəsmi Kreml ilə bağlı umduqları uğur təxminləri səhv çıxdı, onların da ekspertləri Azərbaycan ekspertləri ağıldadır. Belə olduqda amerikalı “dərin düşünən”lər  Ukraynadan xərclərinin ödənilməsini tələb edirlər. Bəsit desək, Tramp Ukraynaya deyir: "Sizə böyük məbləğ verdik, üzünüzə-gözünüzə bulaşdırdınız, indi həmin məbləği biz verilmiş borc sayırıq, geri qaytarın, pulunuz yoxdursa, Ukraynanın təbii sərvətləriylə borclarınızı ödəyin".

Kapitalizmin və imperializmin yaratdığı çox sayda və dərinləşən ziddiyyətləri Tramp necə həll edə bilər?! Adamın açıq niyyəti - ABŞ-ı "təzədən böyük etmək"dir, gizli niyyəti - özünü və təmsil etdiyi kapitalistləri daha da varlandırmaqdır.

Heç bir bujua lider, siyasətçi mövcud olan ziddiyyətləri, problemləri həll etməz, onların işi özlərinin, öz kapitalist sistemlərinin yaratdığı reallıqdan mənfəət götürməkdir.

Rusiya indi ABŞ ilə Çin və Aİ-nin tarif müharibəsinə baxıb, gülə bilər...  Amma bu planet göründüyündən də balaca və dardır və artıq heç kəs, heç bir xalq, heç bir ölkə kənarda oturub rahat var ola bilməyəcək.

Trampın ABŞ seçicisi qarşısında qürrələnməsi - Mənə zəng edirlər, yalvarırlar, dalımı öpürlər - onu göstərir ki, kapitalizmin millətçi mühiti yaşa-başa baxmır. Uğur qazanmaq, uğurlu olmaq istəyirsənsə - müdrik xalqımızın lap müdrik atalarının məsləhətinə qulaq verib, palaza bürünüb, ellə sürünəcəksən. Büründüyün palazla süründüyün yolun sonu isə uçurumdur, cahil və şizofrenik yığınına uymaq nəyi dəyişdirə bilər ki?!

Trampın "tarif-rüsum inqilabından" sonra dedikləri (qarşımda hamısı diz çökdü, indi mənə yaltaqlanmaq üçün sıraya düzülüblər) başqa burjua liderlərinə də nümunə oldu. Daha dəqiqi - hamsını onsuz da eyni idi. Elə Ərdoğanın Türkiyə seçicisi üçün illərdir oynadığı "əsrin lideri", "İsraili mələtdi" kimi şüarlar bəs edir. Heç təsadüfü deyil ki, Trampın o açıqlamasından sonra Azərbaycan lideri də Bakıda təşkil etdikləri beynəlxalq forumda Almaniya rəsmilərinin üzr istəməsi hadisəsini danışdı. Sanki böyük bir şey olub. Amma o hadisəni Prezidentimizin köməkçisi Hikmət bəylə elə təqdim etdilər ki, mənası "biz böyükük, Almaniyanı belə diz üstə otuzdururuq" kimi çıxdı. Azərbaycandan üzr istəyən Almaniyanın sosial həyatını Almaniyadan üzr istədən Azərbaycanın xalqı ağzının suyunu axıda-axıda xəyal edir.

Avropa-Rusiya sivilizasiyasında üzr istəmək adi bir şeydir. Xristianlıqda üzr istəmək mədəniyyəti var. Təkəbbürlü müsəlman üçün üzr istəmək zəiflik əlamətidir.

Yadınızdadırsa, Makron boks əlcəklərilə "dumbuz" pozasını alıb şəkil çəkdirmişdi. Heç yumruğunu düz-əməlli tuta bilməsə də, bənzər görüntüləri Starmer dünyaya yaydı.  "Azərbaycan" adlı şirkətin ağaları da onlardan nümunə götürdülər. Bu, belə bir şeydir - beynəlxalq burjua mühiti. Bütün burjualar bu mühitdə formalaşırlar, "gör-götür dünyasıdır" nəhayətində. Onlar isə özlərinin yaratdıqları dünyada bir-birindən ancaq boş, məzmunsuz, millətçi-pafoslu-militarist yanaşmalar götürə bilərlər. Onlar bu zavallı, manqurtlaşdırılmış kütlələrə, xalqlara yaxşı nə öyrədə, hansı müsbət əməldə nümunə ola bilərlər ki?!

Rusiyaya gəlincə, SSRİ-nin dağıdılması rəsmiləşən kimi liberal kursu götürdü, burjualar ölkənin istehsalını məhv etdi, təbii resurslarını satıb, parazitlik etməyə başladılar...  ABŞ nə satırlar ki?! Heç nə! Çindən fərqli, Çinlə müqayisədə heç nə. Bir uran satardılar, bir sovetdən qalma kosmik gəmilərin motorlarını. Rusiya səfirliyi indi bu tarif-rüsum "müharibəsinə" gülür, amma gülünc olan Rusiyanın vəziyyətidir ki, Qərbə təbii resurslarından başqa heç nə satmayıb. O bazarı da ABŞ Avropanı Rusiya ilə düşmən etməklə bağladı.

A.Sultanov

Globkom.info