
Trampın Baydendən ehtimal etdiyim qisasalma planı barədə yazmışdım: /yazının sonunda oxuya bilərsiniz/
Amma onun Baydeni həbs etmək üçün alternativ planı da var.
Bunun üçün Trampın aşağıdakı 3 haldan azı birini sübut etməsi kifayətdir:
1. 2020-ci il may-iyun afroamerikan iğtişaşları (“Qara üsyanlar”) demokratlar tərəfindən təşkil edilib;
2. 2020-ci il prezident seçkiləri saxtalaşdırılıb;
3. 2021-ci il 6 yanvar hadisələri (Kapitoliyə hücum) xüsusi xidmətlər tərəfindən təşkil olunub.
1-ci sübut olunarsa, bu dövlət çevrilişinə cəhd maddəsi ilə cinayət işinin açılmasına əsas olacaq. Bu hadisələrin əsas təşkilatçıları USAID, demokratlar partiyası və Soros Fondu ola bilər.
2-ci sübut olunarsa, Baydenin hakimiyyəti qeyri-legitim sayılacaq. Bu isə onun imzaladığı bütün sənədləri, həmçinin əfv fərmanlarını qüvvədən salacaq. Sübut olunsa ki, Bayden özü də seçilmədiyini bilirdi, onda o da cinayətin subyekti olacaq.
3-cü sübut olunarsa, ABŞ “dərin dövləti” darmadağın ediləcək. Bayden də daxil olmaqla yüzlərlə liberal ideoloqlar və baş funksionerlər tutulacaq.
Buna görə də Trampın göstərişi ilə Maskın komandası əvvəl USAID-nin, 2 gün sonra FTB-nin baş ofisini sözün əsl mənasında ələ keçirərək, hər şeyi bir növ həbs etdilər. Binanı ələ keçirməzdən əvvəl isə Mask onların serverlərini ələ keçirtdi. Məqsəd yuxarıda qeyd etdiyim hadisələrlə bağlı məxfi əməliyyatlara aid sənədlərin məhv edilməsinin qarşısını almaq idi.
Tramp iddia edir ki, “qara üsyanları” və Kapitoliyə hücum əməliyyatını FTB agenturası təşkil edib. Bu əməliyyatlarda USAID-in şəbəkəsi fəal rol oynayıb.
FTB-nin bütün əməkdaşlarına Kapitoliyə hücum əməliyyatında rolu ilə bağlı 12 sualdan ibarət anket verilib. Anketlər dünən qaytarılmalı idi.
Yəqin ki, eyni zamanda Trampa qarşı 2024-cü il sui-qəsdində FTB-nin rolu da araşdırılacaq.
Əlqərəz, bu serialın maraqlı bölümləri hələ qarşıdadır.
******
04.02.2025. Yuxarıda qeyd olunan yazının mətni
20 yanvarda – prezidentliyinin sonuncu günündə Co Bayden yaxın qohumlarını və bir qrup dostunu mümkün cinayətlərdən əfv edlədi.
21 yanvarda yeni prezident Tramp FoxNews TV-kanalına müsahibəsində Baydenin əfv fərmanı ilə bağlı belə dedi:
“O hamıya əfv payladı. Amma ən maraqlısı, bəlkə də ən kədərlisi budur ki, o özünü əfv etmədi. Əgər diqqətlə baxsaq, hər şey onun özüylə bağlıdır”.
Deyəsən, bu sözlər nahaq yerə deyilməmişdi axı.
27 yanvarda Taker Karlson özünün The Tucker Carlson Show podkastında Mett Taibbi ilə söhbətində bildirdi ki, “Bayden administrasiyası Putini öldürmək istəyirdi. Bu, sadəcə, ağılsızlıqdır.” Onun sözlərinə görə, Baydenin dövlət katibi Entoni Blinken vəzifədə olduğu son 2 ayda “ABŞ-la Rusiya arasında müharibənin baş verməsini sürətləndirmək üçün bütün mümkün olanı etdi”. “Bilmirəm, o bunu necə edə bildi”.
28 yanvarda Rusiya Dövlət Dumasının (DD) sədri Vyaçeslav Volodin Telegram-kanal hesabında yazdı:
“Bir gün keçdi.
Hamı susur.
Nə Bayden, nə Blinken deyilənləri təkzib etmədi.
Putinə qarşı sui-qəsd hazırlanması, bu məsələnin müzakirəsinin özü cinayətdir.
Qlobal təhlükəsizliyə qarşı ciddi təhlükədir.
Nüvə müharibəsinin başlanmasına doğru birbaşa yoldur.
Bütün beynəlxalq institutlar üçün bu təhqiqata başlamağa əsas olmalıdır.
Bir neçə fakt gətirim:
- Macarıstanın baş naziri Orbana qarşı hücum hazırlığı aparılırdı, qarşısını almaq mümkün oldu.
- Slovakiyanın baş naziri Fikoya qarşı sui-qəsd oldu.
- Trampa qarşı onun seçki kompaniyası dövründə sui-qəsd oldu.
Buna görə də Putinin öldürülməsi niyyətinin müzakirəsi ciddi qəbul edilməlidir.
Bütün bunlar bir zəncirin həlqələridir.
Taker Karsonun səsləndirdikləri diqqətlə araşdırılmalıdır.
Bayden və Blinken isə məsuliyyətə cəlb olunmalıdırlar...”
30 yanvarda DD Karlsonun səsləndirdiyi məsələnin ciddi araşdırılması bağlı ABŞ Konqresinə sərt müraciət ünvanladı. Müraciətdə Karlsonun səsləndirdikləri beynəlxalq dövlət cinayəti aktı kimi qiymətləndirildi.
Bunlar faktlardır. İndi gəlin, mülahizələr yürüdək.
Taker Karlsonun söylədikləri həqiqət ola bilərmi?
Əvvəl baxaq, Karlson kimdir:
-Siyasi janrda püxtələşmiş təcrübəli jurnalistdir;
-Nəsillikcə ABŞ xüsusi xidmətlərinə işləmiş ailədən çıxıb. Atası Riçard Karlson Soyuq müharibənin son 6 ilində "Amerikanın səsi" radiostansiyasının direktoru olub;
-Baydenin dövründə ən yüksək reytinqli müəllif verilişi olmasına baxmayaraq, sərt tənqidi çıxışlarına görə FoxNews TV-dən qovulub (müqavilə müddəti bitmədən) və xitam (və kompensasiya) müqaviləsində 1 il müddətində heç bir TV-də çıxış etməyəcəyi şərtinə qol çəkib;
-Bir aya yaxın işsiz qaldıqdan sonra İlon Mask onun üçün X şəbəkəsində xüsusi yayım imkanı (The Tucker Carlson Show) yaradıb (Putinlə müsahibəsini də buradan yayımlamışdı);
-Trampa ən yaxın adamlardan biridir;
-Trampın prezident seçilməsində müstəsna rolu olub;
-Şayiələrə görə, 20 yanvaradək Trampla Putin arasında məxfi "qasid" olub (onun Moskvaya getməsinə Baydenin xüsusi xidmətlərinin necə mane olduğunu, hesablarının izlənildiyini xatırlayın);
-Oğlu vitse-prezident JD Vensin mətbuat katibinin müavinidir.
Bütün bunlar deməyə əsas verir ki, Karlsona səsləndirdiyi məlumatlar ötürülə bilər. Həm də peşəkar jurnalist sübutu olmasa, sabiq dövlət rəhbərliyini belə ciddi məsələdə ittiham etməz. Güman ki, sübutlar mövcuddur...
Bəs niyə Karlson bunu söylədi?
Konqres DD-nin rəsmi müraciəti əsasında araşdırmalara başlamaq üçün xüsusi komissiya yaratmalıdır. Konqresdə respublikaçılar çoxluq təşkil edir deyə Tramp buna nail ola bilər. Konqresin tələbi ilə məxfi sənədlər müvafiq Komissiyaya təqdim edilməlidir.
Karlsonun dedikləri həqiqətdirsə, Bayden ABŞ qanunvericiliyə görə, dövlətə xəyanətdə ittiham oluna bilər. Çünki Putinə qarşı terror ABŞ-a qarşı nüvə raketləri zərbəsini legitim edirdi.
Beləliklə, yazımın əvvəlində Trampdan gətirdiyim sitatı bir daha oxuyaq.
Hər şeyin razılaşdırılmış ssenari üzrə getdiyi qınaətinə gəlmirsinizmi? Tramp Karlson vasitəsilə Putinə "pas" verdi, Putin də Volodin vasitəsilə Trampa "pas" ötürdü. "Qolu" Tramp vurmalıdır.
Trampın Baydendən qisas alması üçün əla imkan yaranır.
Xatırladıram ki, Bayden dövründə Trampa qarşı dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılmışdı. Bu iş ətrafında 1500-dən artıq adam həbs edilmişdi. Seçkidə qalib gəlməsəydi, Tramp həbs ediləcəkdi.
Güman ki, Tramp da Baydeni məhkəmələrdə süründürəcək, onu həbs edə bilməsə, Blinkeni tutduracaq. Onsuz da onların hər birinin həbs edilməsi üçün kifayət qədər sübutlar var. Sadəcə, bu sənədlərin üzərindən məxfilik qrifi götürülməlidir...
Nə isə... Əsl tamaşa hələ qarşıdadır, pop-kornu bir az çox götürün.
Asif Şəfəqqətov
GlobKom.Info