
Ənənəvi olaraq ABŞ prezidentlərinin inaqurasiya (andiçmə) mərasimi 20 yanvarda keçirilir. Sabah Donald Trampın inauqurasiyası olacaq.
İnauqurasiya mərasiminin iştirakçıları 2 qrupa bölünürlər:
🔸 dəvət olunanlar;
🔸 özü gələnlər.
Bütün iştirakçılar mərasimə Konqres tərəfindən paylanan xüsusi biletlə buraxılırlar. Təxminən, 200 min belə bilet çap edilir. Baydenin inauqurasiyası pandemiya dövrünə düşdüyündən (2021) çox az – bir neçə min bilet paylanmışdı.
Dəvət olunanlara biletlər havayı verilir. Qalan adamlar bileti pulla alırlar. VIP-biletlərin qiyməti $70-100 min olur.
İnauqurasiya, bir qayda olaraq, Kapitolinin həyətində keçirilir. Lakin havanın çox soyuq olacağı səbəbindən gözlənilmədən yanvarın 17-də Trampın administrasiyası onun Kapitolinin içində keçiriləcəyini bildirdi. Konqres isə artıq 220 min bilet satmışdı. Kapitolinin içərisi 20 mindən artıq adam tutmur.
İnauqurasiya mərasiminə, adətən, ölkə başçıları yox, səfirlər dəvət olunurlar. Lakin prezident şəxsi münasibətləri olan bəzi ölkə başçılarını mərasimə dəvət edə bilər. Tramp ölkə başçılarından:
🔹 Si Tzinpini – Çin KP-nin sədri (imtina etdi),
🔹 Viktor Orbanı – Macarıstanın baş naziri,
🔹 Corcia Melonini – İtaliyanın baş naziri,
🔹 Salvador Nayibi – Salvadorun prezidenti,
🔹 Xavyer Mileyi – Argentinanın prezidenti,
🔹 Binyamin Netanyahunu – İsrailin baş naziri,
🔹 Salome Zurabişvilini – Gürcüstanın sabiq prezidentini (yeni prezidenti tanımadığına işarədir?)
dəvət edib.
Zelenskinin bütün cəhdlərinə baxmayaraq, onu mərasimə dəvət etməyib. Brifinqlərdən birində bu barədə ona verilən suala Tramp "Xeyr!" cavabı verib və sonra əlavə edib ki, "Amma Zelenski mərasimdə iştirak edə bilər". Yəni bileti pulla ala bilər. 🙂 Bu, əslində, ölkə başçısını alçaltmaqdır.
Maraqlıdır ki, Avropadan mərasimə dəvət olunanlar liberal yox, sağçı partiyaları təmsil edirlər. Məsələn:
🔹 Erik Zummer – Fransa, "Reconquête" partiyası,
🔹 Marion Mareşal, Le Pen – Fransa, "Milli birlik" partiyası,
🔹 Santyaqo Abaskal – İspaniya, "Səs" partiyası,
🔹 Tom Van Qriken – Belçika, "Flamand marağı" partiyası,
🔹 Naycel Farac – Britaniya, "İslahatlar" partiyası,
🔹 Tino Xrupalla – Almaniya, "Almaniya üçün alternativ" partiyası.
Konqres üzvlərinin hamısı mərasimə dəvət olunurlar. 14 yanvara olan məlumata görə Konqresin Nümayəndələr Palatasının 13 demokrat üzvü mərasimdə iştirak etməkdən imtina etmişdilər.
İnauqurasiya mərasimi ~$150 milyona başa gəlir. Mərasimdən əvvəl ianə kampaniyası təşkil olunur. Azı $1 milyon ianə vermiş şəxsə və ya $2 milyon ianə vermiş şirkətə 6 bilet verilir. 9 yanvara olan məlumata görə mərasimə $170 milyon ianə toplanmışdı.
🔹 Ən çox ianə verənlər İlon Mask ("Tesla", "SpaceX"), Cefri Bezos ("Amazon"), Mark Zukerberq ("Facebook") və Tim Kuk ("Apple") olub.
Asif Şəfəqqətov