
Siyasət informasiyanın və vaxtın qıtlığı zamanı vacib qərarlar verə bilmək sənətidir
Klement Ettli
Azərbaycanlılar üçün isə qıtlıq ingilis siyasi və dövlət xadiminin aforizmində qeyd olunan vaxt ilə informasiyayla kifayətlənmədi. Cəhalət, nadanlıq, dərin düşünə bilməmək, daim güc dövlətlərin maraqlarının kəsişdiyi və zəngin coğrafiyaya sahib olduğumuza görə də mənafelərimizə uyğun, lazımi anda siyasi qərarlar verə bilən çox az şəxsiyyətlərərə sahib olmuşuq. Onların da mütləq əksəriyyəti sapı özümüzdən olan “balta”larla aradan götürülüb, nüfuzdan salınıb. Qısası düzgün siyasi qərar verən simalarımızın azlığıyla yanaşı insanlarımız da siyasətə düşkün olmadılar. Dünyagörüşümüz daxmamızın pəncərəsi çərçivəsində, savadımız ibtidaidən də aşağı olduğundan ictimai, siyasi, sosial, elmi cəbhələrdə çarpışa bilmədik. Əvəzində ya çayxanalarda, ya da tində-bucaqda “siyasətçi”lərin, “hərşeyşünas”ların göbələk kimi baş qaldırmasını gördük və bu mənzərə hazırda da davam etməkdədir. Yeganə fərq odur ki, bu cür başıpozuqlar hazırda virtual məkanda mikrop kimi çoxaldılar və çoxalırlar... Evində arvadına, uşağına söz keçirə bilməyənlər çayxanalarda pürrəngi çayı başına çəkib, nərd-domina şaqqıldadıb, təsbeh çevirib, klaviatura arxasında özlərini ingilis lordlarından, fransız diplomatlarından, amerikalı konqresmenlərdən də üstün hesab edərək dünyada baş verən prosesslərdən “hali” olan “politik”lər peyda oldular. Ən böyük faciələrmizdən biri də odur ki, bu zehniyyətdə “ziyalı”lar, “yazıçı”lar, “tənqidçi”lər, “tarixçi”lər, “alim”lər, “deputat”lar, dövlət kürsülərində oturan “məmur”lar da yetişdi. Elə 1917-20-ci illərdə də bu cür naqislər xalqın və məmləkətin taleyində az rol oynamadılar. Dəbli smokinqlər, pencəklər geyinib, başlarına şlyapalar, gözlərinə penisnelər taxanlar romantik xülyalara, demokratik uydurmalarla, parlamentarizm təbliğatlarına baş vuran müsavatçılar da xalqa azadlıqlar, təminatlı, zəngin həyat və gözəl gələcək vəd etdilər. Bu cür populizmlə silahlanan müsavatçılar torpağın müqəddəsliyi, Vətənin bölünməzliyi, xalqın bir-birindən qopması və bunun nəticəsində Azərbaycana gələcəkdə daha böyük bəlalar, faciələr bəxş edəcəklərini heç zərrə qədər də düşünmədilər. Haylara paytaxt bəxş edən, içimizdə onlara rahat şəraitdə yaşamaq, geniş və mədəni muxtariyyətlər, yüksək vəzifə postları verənlər heç də ancaq Çar Rusiyası və başqa qüvvələrin maraqlarından doğmayıb. Elə içimizdəki unutqanlar və yuxarıdakı demokratik “cümhurriyətçi”lərin də danılmaz rolu var. 23 ay ayaq üstə dura bilməyən I Respublika zamanı Müsavat iqtidarın qeyri-müəyyən siyasəti nəticəsində dövlətin təhlükəsizliyinə, tarixi torpaqlarımızın əllimizdən çıxmasına da rəvac verdilər. Njdelər, drolar, hamazasplar camaatımızı tikə-tikə doğrayıb, qadınlarımızı zorlayıb, körpələri süngüyə taxdıqları vaxtda və dığaların bu qırğınları davam etdirməyə israrlı olduqları halda “şərəfli” müsavatçılarımız nə xalqı ideoloji təbliğatıyla ətrafında cəm edə, nə qisas hissiylə düşmən üzərinə yeritdi, nə də digər zəruri əməllər sahibi oldular. Millət qırılır, torpaqlar verilir, amma “cümhuriyyətçi”lər sülh göyərçini mövqeyində idi. Namusumuzu tapdalayan ermənilərə barışıq təklif edən, Osmanlıya yarınan, dünyanın ən cani imperialistləri olan ingilislərin altına yıxılan, italyanlardan ümid gözləyən və beş dəfə özünü buraxan iqtidar həm özünü, həm xalqı, həm də dövləti rəzil etdi.
Yazıçı, romanist və maarifçi kimi səriştəli, siyasət arenasında isə yanılan, mövqe tuta bilməyən Yusif Vəzir Çəmənzəminli qeyd edir:
“Biz erməni istiqlaliyyətini tanımaq istərik və istərik də aramızda davamlı sülh olsun. Lakin erməni iddiaları bu sülhü pozur. Ermənilər etnoqrafi cığırlarından çıxırlar. Böyük Ermənistan xəritəsini gördüm. Üç dəniz arasında təşəkkül edəcək imiş: Ağ, Qara və Xəzər dənizləri arasında. Xəritədə Gəncə, Lənkəran, Səlyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdi. Əgər bu xəritə erməni milli amalının şəklisə, onda erməni məsələsi yenə bir çox münaqişə və mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaq.
...Bugünkü gün həmsərhəd Ermənistan ilə Azərbaycanın faydası nələr tələb edirsə, onu əmələ gətirməyə çalışmalıyıq.
...Erməni rəhbərləri bizə əl uzatmalıdırlar, kin-küdurəti buraxıb doğru yola gəlməlidirlər. Və əmin olmalıdırlar ki, biz erməni dərd və istəyini avropalılardan tez başa düşməliyik”.
Müsavatçıların, cəbhəçilərin, elçibəyçilərin, türkçülərin özlərinin istiqlal mübarizəsinin avanqartlarından hesab etdikləri Bəxtiyar Vahabzadənin “Hara gedir sabahımız” şeirindəki
“Zalim bizdən torpaq alıb,
Biz zalimdən sülh istərik”
misrası elə musavatçıların siyasi impotentliyini daha çox xatırladır.
Amma nədənsə 30 ildən çoxdur bir qrup “tarixçi”lər, “araşdırmaçı”lar, “şair”lər, “yazar”lar və bunlardan da uca anqıran sosial şəbəkəki ünsürlər Nəriman Nərimanovu ruslara satılmaqda, Zəngəzur ərazilərini ermənilərə peşkəş etməsindən danışırlar. Qısası, bu naqislərə görə Azərbaycaycana bütün bəlaları gətirən doktor Nərimanov imiş...
Amma sual edən yoxdur ki, Nəriman Nərimanov bu əraziləri öz kefinə görəmi vermişdi? Nərimanova qədər bu ərazilərdə real vəziyyət necə idi? Zəngəzur torpaqlarına de-fakto kimlər nəzarət edirdi? Ziyalımızın başqa alternativi vardımı?
23 ay şanlı cümhurriyət tariximiz olub deyilir. Amma həmin Respublikanın Ermənistan və Gürcüstanla sərhəd məsələləri həll olunmamışdı. Müsavat höküməti Azərbaycanın əzəli və azərbaycanlıların mütləq çoxluq təşkil etdiyi Borçalı torpaqlarını rəsmi Tiflisə bizimdi deməyə hünəri çatmırdı (ümumiyyətlə bu ərazilər Müsavat hökümətinin nəzarətində olmayıb), Zaqatala-Balakən bölgəsini özünün ərazisi kimi rəsmləşdirməkdə (de-yure olaraq) də aciz idi. Gürcüstanın Menşevik hökumətinin iddialarına baxmayaraq Zaqatala və ətraf ərazilər de-fakto Azərbaycan Respublikasının nəzarətində idi. Zaqatala Milli Şurası 1918-ci il iyunun 26-da Azərbaycana birləşmək istəyi bağlı qərar qəbul etmiş, iyunun 28-də isə qərarı ilə bağlı Azərbaycan hökumətinə məlumat vermişdir. Azərbaycan hökuməti də 1918-ci il iyunun 30-da Zaqatala dairəsinin Azərbaycan Respublikasına birləşdirilməsi ilə bağlı qərar qəbul etmiş və Zaqatala quberniyası təsis edilmişdir. Bölgənin ilk qubernator postu Əliyar bəy Haşımbəyov həvalə olunmuşdur. Yalnız Azərbaycanın sovetləşməsindən sonra baş verən Zaqatala üsyanı zamanı Zaqatala Milli Şurası Menşevik Gürcüstanına birləşməklə bağlı saziş imzalamışdı. Ancaq 1921-ci ilin fevralında Azərbaycan Sovet Respublikasının Gürcüstana qarşı başlatdığı hərbi kampaniya ilə bu saziş qüvvəsini itirdi və bununlada Zaqatalanın de-yure Azərbaycan Şura Sosialist Cumhuriyyətinin ayrılmaz tərkib hissəsi olması rəsmləşdi. Təbii ki, bu ərazisi bizdə qalmasında 26 iyun 1918-ci ildə imzalanan müqavilənin də müəyyən qədər rolu oldu. Həmçinin Borçalı mahalı Daşnaklarların silahlı münaqişələrinə yetəri qədər cavab verilmədiyindən, dığalar bir çox torpaqları ələ keçirməkdəydi. Müharibədə ciddi uğur qazana bilməyən Azərbaycan Cümhuriyyəti rəsmi İrəvanla danışıqlara başladı. 1919-cu il noyabrın 23-də Nəsib bəy Yusifbəyli hökuməti Ermənistan Respublikasıyla müqavilə imzaladı. Sazişin şərtlərinə görə Qərbi Zəngəzur Azərbaycan hökumətinin nəzarətindən çıxdı. Təbii ki, daşnaklar bu müqaviləyə məhəl qoymadı. 1920-ci il martın 22-də hayların Qarabağda Azərbaycan hökumətinə qarşı başlatdığı qiyamla Qarabağın dağlıq hissəsindən Gəncəyə qədər olan ərazilər də rəsmi Bakının nəzarətindən çıxdı. Bununla belə Azərbaycan hökuməti Qarabağda hərbi əməliyyatları davam etdirirdi. Yalnız Şərqi Zəngəzurun az bir hissəsi Azərbaycan hökuməti əlində saxlaya bilmişdi. Buna rəğmən həmin yaşayış məntəqələrində də dığaların silahlı basqınları və xalqa zülmü səngimirdi.
23 aylıq iqtidarı dövründə Müsavat hökuməti Naxçıvan diyarına da nəzarətini bərqərar edə bilməmişdi. Belə ki, Naxçıvanda qısa müddət Araz Türk Cümhuriyyətinin təşkil edilmiş, amma ingilis hərbi komandanlığının işğalından sonra bölgə Dumanlı Albionun hərbi komandanlığının nəzarətinə keçmişdir. Həm ingilis hərbi komandanlığı, həm də Amerika hərbi missiyası Naxçıvanı Azərbaycan ərazisi kimi tanımırdı və dövlətlər arası sərhədləri də keçmiş Çar Rusiyasının quberniya sərhədləri əsasında müəyyənləşdirmək istəyirdilər. Bu siyasət nəticəsində də Naxçıvanı Ermənistana birləşdirməyə çalışırdılar. Hətta Naxçıvan diyarı bir müddət Ermənistan idarəçiliyinə də verilmişdir. Azərbaycan hökuməti tarixi torpaqlarına sahib çıxa bilmədikləri halda bu gün çoxlarının söyüb-lənətlədiyi, ancaq “Axırıncı aşırım” filmindən tanıdı Abbasqulu bəy Şadliskinin rəhbərlik etdiyi hərbi dəstələri (sonradan “Qırmızı tabor”a çevrilən) Naxçıvan əhalisinin daşnaklardan qoruyur və yeri gələndə Zəngəzurda, Vedibasarda, Dərələyəzdə və Cənubi Azərbaycanın bəzi ərazilərində də azğınlaşmış, faşist Qaregin Njde başda olmaqla daşnaklara qarşı rəşadət və qəhramanlıqla mübarizə aparırdı. Müsavatçıların sazişlə verdiyi Qərbi Zəngəzurla kifayətlənməyən ermənilər, bu bölgənin geridə qalan ərazilərini, eləcə də Naxçıvan və Qarabağı da ələ keçirmək iştahındaydı. Azərbaycanda sovet höküməti qurulandan sonra hakimiyyətə gələn Nərimanov bu əraziləri əldə saxlamaq üçün maksimum gücünü və siyasi iradəsini ortaya qoyur. Bu barədə Əziz Ələkbərli yazır:
“1920-ci ilin iyul ayında Zəngəzur və Naxçıvan bölgələrində hadisələr sürətlə inkişaf edirdi. Qarabağdan sıxışdırılan daşnak qoşunları bütün qüvvələrini bu bölgələrə yönəldib, yerli müsəlman əhalini kütləvi şəkildə məhv edir, günbəgün irəliləməkdə olan Azərbaycan bolşeviklərini qabaqlayaraq Azərbaycan torpaqlarının bu hissəsini tez bir zamanda erməniləşdirməyə çalışırlar. Azərbaycan üçün Zəngəzur və Naxçıvan mahallarını birdəfəlik itirmək təhlükəsi yaranır. Həm daşnak, həm də bolşevik ermənilərin eyni nöqtədə birləşən bu niyyətləri Azərbaycan bolşeviklərinin gərgin əməyi nəticəsində alt-üst olur. Belə ki, ermənilərin gözləmədiyi halda, Nəriman Nərimanovun təkidiylə XI Qızıl Orduya Naxçıvanı tutmaq əmri verilir. Az bir vaxtda Studnev ilə Petrovun komandanlığı altında bolşevik qoşunları Zəngəzurda daşnak qüvvələrini darmadağın edərək Naxçıvan ərazisinə keçirlər. 1920-ci il iyulun 28-də Naxçıvan şəhərinə daxil olan XI Qızıl Ordu hissələri burada sovet hakimiyyətini elan edirlər. Naxçıvanda bolşevik höküməti yaradılır və onun tərkibinə M.Bəktaşov, Q.Səlimov, A.Kazımov, F.Mahmudbəyov, Q.Babayev kimi müsəlman bolşeviklər daxil olur. Naxçıvan özünü Azərbaycan SSR-in tərkib hissəsi elan edir. Ermənilərin Naxçıvanı işğal etmək, onu indiki yaxud gələcək erməni hökumətinin tərkibinə qatmaq planı bununlada iflasa uğrayır. Heç şübhəsiz, bu, ilk addım kimi, Azərbaycanın qeyrətli oğlu Nəriman Nərimanovun tarixi xidməti idi”.
Nəriman Nərimanov vəizifə kürsüsünə oturan kimi durub Zəngəzuru dığalara peşkəş etməyib. Sovet Azərbaycanının lideri 1920-ci ilin 16 mayından (o faktiki olaraq bu tarixdən Xalq Komissarları Sovetinin sədri vəzifəsinin icrasına başlamışdı) dekabrın 1-nə (7 ay ərzində) kimi maksimum çox Azərbaycan torpağını əldə saxlamağa çalışdı. Amma müsavatçı ünsürlərin ərazi məsələlərində buraxdığı bağışlanmaz səhvlər (bunun adı satqınlıqdır), regionda mövcud siyasi şərait (bizim əlehimizə olduğu halda), RSFSR, Türkiyə, Ermənistan, Gürcüstan maraqlarının Azərbaycanda toqquşması, ən əsası Nərimanovun meydanda tək qalması Zəngəzur torpaqlarını tamamilə dığalara verilməsiylə nəticələndi. Halbuki, doktor Nəriman təkbaşına Naxçıvan, Qarabağ torpaqlarını qoruduğu halda, müsavatçı ünsürlər İrəvanı bəyanatla, Qərbi Zəngəzuru müqaviləylə dığalara vermiş, Zaqatala-Balakən ərazilərini de-yure Azərbaycanın tərkib hissəsi olmasını təmin edə bilməmiş, daşnakların Qarabağa iddiaları və silahlı hücumlarını qarşısını almaqda aciz olmuş, Naxçıvanda isə iqtidarını qurmamışdır. Yaxşı ki, Azərbaycan tarixi tamamilə AMEA-ın “Tarix İnstitut”unda əyləşən psevdotarixçilər (tarixçi şərəfini satmayan az saylılara aid deyil) və “araşdırmaçı”ların (obyektivliyini qoruyanlar xaric) əlində deyil. Bu ölkədə fərqli peşə sahibləri arasında tədqiqatlar aparıb ölkənin, həmin dövrün və şəxsiyyətlər barədə səhih məlumatlarla çıxış edənlər də var. Onlardan da biri ictimai xadim, sosioloq Elçin Bayramlıdır. Məhz Elçin müəllim də Azərbaycan tarixinin hər bir dövrünü qərəzsiz, hər bir tarixi simalarımız barədə həqiqətləri çatdırmaq eşqiylə döyünür. Ziyalı sosioloqumuz Qarabağın Azərbaycanın tərkibində qalmasında Nəriman Nərimanovun xidmətləri haqqında yazır:
“1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. Məsələnin müzakirəsində RK(b)P MK üzvü Stalin, RK(b)P Qafqaz bürosunun üzvləri Q.Orconikidze, S.Kirov, A.Myasnikov, F.Maxaradze, N.Nərimanov, A.Nazaretyan, Y.Fiqatner, İ.Oraxelaşvili və başqaları iştirak etdilər. Bu zaman 2 nöqteyi-nəzər ortaya çıxmışdı. S.Kirovun təklifinə görə, Qarabağın dağlıq hissəsi Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilməli idi. Ancaq N.Nərimanov qətiyyətlə buna etiraz etmiş və bildirmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. İyulun 4-də axşam iclasında Kirov-Myasnikov qruplaşmasının (S.Kirov, A.Myasnikov, Q.Orconikidze, Y.Fiqatner) təklifi ilə Dağlıq Qarabağın Ermənistan tərkibinə daxil edilməsi haqqında əsassız və qərəzli qərar qəbul edildi. Nərimanov Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-ə verilib-verilməməsi barədə bütün Qarabağ əhalisi arasında rəy sorğusu keçirməyi təklif etdi. Nərimanovun bu təklifınə qarşı Kirov-Myasnikov qruplaşması bildirdi ki, rəy sorğusu bütün Qarabağda deyil, yalnız Qarabağın dağlıq hissəsində yaşayan ermənilər arasında keçirilsin. Bu məsələ üzrə səsvermədə də Kirov-Myasnikov qruplaşması qalib gəldi. İclasda Qarabağın Azərbaycan hüdudlarında saxlanılması lehinə N.Nərimanov, F.Maxaradze, A.Nazaretyan, əleyhinə Q.Orconikidze, A.Myasnikov, S.Kirov, Y.Fiqatner səs verdilər. Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə verilməsi və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi lehinə Orconikidze,Y.Fiqatner, S.Kirov, A.Myasnikov, A.Nazaretyan səs verdilər. Iclasın sonunda N.Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq RK(b)P MK-nın Qafqaz bürosu bu məsələ barədə RK(b)P MK-nın qəti qərarın çıxarılmasmı zəruri saydı.
Nərimanovun mövqeyini Maxaradze və Nazaretyan müdafiə etdi, Orconikidze, Kirov, Myasnikov və Fiqatner isə əleyhinə səs verdi. Nərimanov həqiqətən Stalinin, Orconikidzenin üstünə qışqırmış və demişdi: “Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!. Beləliklə, Nərimanovun ciddi müqavimətindən sonra, iyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenumun RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin”.
Bu gün Nəriman Nərimanovu satqın, alçaq, şərəfsiz hesab edən Mehriban Vəzir kimi siyasi pozğunlar, İsa Qəmbərov kimi hərtərəfli luzerlər, Dilqəm Əhməd kimi manqurtlar, “Nərimanov şəxsiyyətcə manyakdır” deyə aləmə car çəkib də, qərəz alovunda qovrulan Ədalət Tahirzadə kimi “tarixçi”lərə, tədqiqat sözünün “t”-nı, obyektivlik sözünün “o”-nu qanmayan psevdoaraşdırmaçılar görəsən bəh-bəhlə danışdıqları və müqəddəs kimi xalqa, dünyaya sırıdıqları müsavatçı babalarının yuxarıda qeyd etdiyim satqınlıqları, fərsizlikləri, siyasi iradəsizlikləri və riyakarlıqları barədə niyə mumlayırlar?
Azərbaycan tarixi gör nə günə qalıb ki, penisinin gərginləşməsindən dolayı qələmə sarılıb, ortaya doğru-dürüst ədəbiyyat nümunəsi qoya bilməyən, dövrünün Çarlz Bukovskisi, Artur Milleri olmağı hədəfləyən, amma yaradıcılıq sarıdan impotentlik sindromundan qurtula bilməyən Orxan Saffari adlı miskin də durub Nəriman Nərimanov niyə satqın idi?” sərlövhəli məqalə yazır. Kül başına ay Tarix İnstitutu!
Bəli, Nəriman Nərimanov 1920-ci il dekabrın 1-dəki məruzəsində Zəngəzurun Ermənistana güzəştə gedildiyini (onun siyasi iradəsində asılı olmayaraq) bildirdi. Amma hansı Zəngəzurun? 1918-20-ci illərdə rəsulzadələrin, topçubaşovların, yusifbəyovların, ağayevlərin və digər müsavatçıların qoruya bilmədiyi və yarıdan çoxunu (Qərbi Zəngəzuru) dığalara peşkəş etdikləri əraziləri, eləcə də nəzarətlərində olduğu Şərqi Zəngəzurda tam hakimiyyətlərini bərqərar edə bilmədikləri əraziləri haylara vermək məcburiyyətində qaldı. Bir əsrdən çox zaman keçməsindən sonra simasını itirən ikiayaqlıların durub Nərimanovu satqınlıqda ittiham etməsi ABŞ-ın hazırkı neomillitarist ruhlu mizantroplarının durub prezident Duayt Eyzenhaueri Koreya müharibəsində niyə sülhə razı olmasına, Con Kennedinin iqtidarı zamanı “Karib” və “Berlin” böhranlarından sonra rəsmi Vaşinqtonun Kuba ilə Şərqi Almaniyadakı iddialarından əl çəkməsinə görə hər iki dövlət başçısını satqınlıqda, qorxaqlıqda ittiham etməsi kimi gülünc və absurddur. Satqınlığa, tarixi torpaqlarımızı dığalara peşkəş edilməsinə görə qınanılmalı olan favoritlər müsavatçılardır. Hansı ki, onların siyasi impotentliklərindən sonra ərazilərimizi itirilməsi alovlandı. Düşünürəm ki, bu məqamda yenidən Yusif Vəzir Çəmənzəminlinin Müsavat partiyasından üz döndərməsi və musavatçıların (başda Rəsulzadə, Topçubaşov olmaqla) alçaq əməlləri haqqında 1925-ci ildə yazdığı məktubundan bir parçanı qeyd etmək yerinə düşər:
“Bir kərə türk əfkari-ümumiyyəsi işlərin nə şəkildə olduğunu və nə şəkildə göstərildiyini bilməlidir. Halbuki, indiyə qədər «Müsavat» rəhbərləri özlərini təmizə çıxarmaq üçün min növ gizli propaqandalar (təbliğatlar) yapmışlar və tamamilə günahsız şəxsləri kirləmək vasitəsilə öz üzlərini ağartmağa çalışmışlar. Halbuki, o qaraüzlü, şəxsi faydalarını hər şeydən yüksək tutan və millətini qana bulaşdırmağa çalışan feodalların günahları əfv olunmaz və nə qədər xaricdə tədarük etdikləri paralar vasitəsilə propaqandalar yaparaq, təhrikatda bulunaraq həqiqəti gizlətmək istəsələr də, həqiqət ölməz və meydana çıxar.
...Məhəmməd Əmin bunu bilməlidir ki, dünyada mənim yeganə qorxum ədalətdəndir. Ədalətdən bixəbər, millətini para müqabilində müzür müahidələrə soxan alçaqlardan qorxmaq tənəzzülündə bulunmam.
Əgər Məhəmməd Əminlər Azərbaycanda feodalizmin ehyasına və qolçomaqların təkrar iş başına gəlməsinə inanırlarsa əmin olsunlar ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, lakin əskimiş idarənin təkrar hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri alınmaz.
...Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş altun üftadəsi Topçubaşovlardan, Xəlilbəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə fayda gözlənməz. Yetər ki, mən qurban oldum. Nahaq yerə, yalançı propaqandalara uyulmasın. Əgər «milli məfkurə» bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə. Əgər məfkurə dediyimiz ibtidai bir idarədə qovmi bir təşkilat isə, yox olsun o məfkurə”.
100 il əvvəl məktubda qeyd edilənlər həqiqətlər təəssüf ki, XX yüzilliyin sonlarında da başımıza gəldi. Bu dəfə elçibəylər, rüstəmxanlılar, pənahlar, nemətlər, qəmbərlər meydanda populizm püləməklə siyasi vəba yaratdılar. Bu vəba zamanı əvvəlcə xalq aldadıldı, yüzlərlə günahsız insanlar tankların altına atıldı, milyonlarla adam sosial rifahını, rahatlığını itirdi. Amma bununla da doymadılar 1992-ci ildə ölkənin legitim prezidentini devirib iqtidara sahibləndilər, daha sonra “seçki şou”su (saxtakarlığı) yaratmaqla saqqalı müqəvvanı dövlət başçısı kürsüsünə qaldırdılar. Bir illik iqtidarları zamanı Qarabağ müharibəsində strateji mövqelər əldən verildi, rüsvayçı məğlubiyyətlər bir-birini əvəz etdi, ölkənin iqtisadiyyatı məhv edildi, dövlətin tamamilə aradan qalxması təhlükəsi yarandı. Bu azmış kimi yediyi qələtlərin arxasında dura bilməyən Əbülfəz Əliyev “həzrət”ləri həm şəxsi CV-nə, həm də Azərbaycanın müasir dövlətçilik tarixinə “fərari prezident” sözünü yazdırdı. Ondan sonrası haqqında uzunluq edib danışmaq istəmirəm. Təbii ki, Azərbaycan cənnəti-məkana çevrilmədi, bu gün də ciddi problemlər, özbaşınalıq, harınlıq, qudurğanlıq, bürökratik faşizm, tayfabazlıq, bölgəbazlıq, sosial tənəzzül və digər naqisliklər qalmaqdadır. Amma ən azından dövlət olaraq da mövcudduq. Müsavatçıların, cəbhəçilərin, “cümhuriyyətçi”lərin uduzduğu Qarabağı düşməndən geri almaqla Azərbaycan Respublikası və ya 4-cü Cümhuriyyətimiz dünyanın siyasi xəritəsində ləng də olsa, gəzintisini davam etdirir.
Odur ki, Nərimanova satqın deyən, ünvanına min bir qarayaxmalar atmaqla onun şəxsiyyətini alçatlmağa, xalqın gözündən salmağa çalışan yuxarıda adlarını çəkdiyim manqurtlar özləri şərəf, ləyaqət, mənəviyyat sarıdan ölən günə qədər pəhrizdədirlər. İstər ötən əsrin sonlarında Azərbaycanın başına gətirdiyiniz oyunlara, istərsə də bugünkü naqis, mötəkir, əməllərə görə dönük, satqın, namərd xain, çuğul statusları sizlərə daha çox yaraşır.
ABDULLA İSMAYILOĞLU
İstifadə olunan ədəbiyyat:
1. Şamil Rəhmanzadə “Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri: Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında: 1917-1930-cu illərin əvvəlləri”, (2008).
2. M.B.Əliyev “Qanlı günlərimiz”, (1993).
3. Azərbaycan Xalq Cümhuriyyəti Böyük Britaniya Arxiv sənədlərində, 2008.
4. İbrahim Ethem Atnur “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan” (1918-1921), (2001).
5. Audrey Altstadt “The Azerbaijani Turks. Power and Identity under Russian Rule”, (1992)
6. Hille Charlotte “State Building and Conflict Resolution in the Caucasus”, (2010)
7.Richard G. Hovannisian. “The Republic of Armenia, 1919-1920”, II cild.
8. Əziz Ələkbərli “Abbasqulu bəy Şadlinski”, Bakı – Sabah - 1996
9. Yusif Vəzir Çəmənzəminli “Müstəqilliyimizi istəyiriksə” Bakı, Gənclik (1994)
10. Yusif Vəzir Çəmənzəminli – “Musavatçı”ya cavab” məqaləsi (https://kultura.az/az/article/1926/)
11. Elçin Bayramlı “Nərimanov Qarabağı necə qoruyub saxladı? 100 il əvvələ səyahət – ANALİZ (https://www.tvpress.az/n%c9%99rimanov-qarabagi-nec%c9%99-qoruyub-saxladi-100-il-%c9%99vv%c9%99l%c9%99-s%c9%99yah%c9%99t-analiz/)
12. Xəritənin mənbəsi:
https://www.iriston.com/.../pict.../Tabol/etno_map/map18.jpg