
Bu çıxış 04.02.2015 tarixində Qlobal Məsələlər üzrə Çikaqo Şurasında yazılıb. (Link yazının sonunda.)
Çıxış edən ABŞ-ın Stratfor (Strategic Forecasting Inc.) kəşfiyyat-analitik korporasiyasının ("MKİ-nin kölgəsi" də deyilir) təsisçisi və baş direktoru Corc Fridmandır.
Çıxışa diqqətlə qulaq asanda bir daha aydın olur ki, Ukrayna müharibəsi əvvəlcədən planlaşdırılmışdı. Əsas məqsəd də Rusiya ilə Almaniyanı birdəfəlik bir-birindən ayırmaq idi.
Domino daşlarından düzəldilmiş qəsrləri görümüsünüz, yəqin. Orada hər şey elə qurulub ki, başlanğıc bir daşı aşırtmaqla digərləri də ardıcıl aşmağa başlayır və sonda böyük bir qəsr uçulub tökülür. Ukrayna hadisələrində də "domino daşları" 2014-cü (bəlkə də 2007-ci) ildən planlaşdırıldığı kimi ardıcıl şəkildə aşırdı, amma 2022-ci ilin oktyabrında hansısa "daş", həmçinin ehtiyat variantlar da planlaşdırılan nəticəni vermədi və bütün planlar pozuldu...
Çıxışın mətnini təqdim edirik
...Heç bir ölkə əbədi olaraq sülh içində ola bilməz. Hətta ABŞ-a da daim müharibələr təsir göstərir. Gələcəkdə Avropa, mənə elə gəlir ki, əvvəlki kimi böyük müharibələrə qatılmayacaq, amma Avropa bəşəriyyətin təbii vəziyyətinə qayıdacaq: Avropada müharibələr olacaq, sülh dövrləri olacaq, avropalılar müharibələrdə öləcək. Son müharibədə olduğu kimi, əlbəttə ki, 100 milyon insan öldürülməyəcək, amma mənə elə gəlir ki, “Avropa müstəsnalığı” ideyası Avropanı müharibələrə aparacaq. Avropada münaqişələr olacaq. Avropada artıq münaqişələr olub – Yuqoslaviyada və indi də Ukraynada. Avropanın ABŞ-la münasibətlərinə gəlincə, bizim “Avropa” ilə heç bir münasibətimiz yoxdur. Bizim Rumıniya ilə münasibətlərimiz var, Fransa ilə münasibətlərimiz var və sair, lakin ABŞ-ın hər hansı münasibəti olan “Avropa” yoxdur.
...İslamizm ABŞ üçün problemdir, lakin həyati təhlükə deyil. Bu problemlə məşğul olmaq lazımdır, lakin səylər təhlükəyə mütənasib olmalıdır, çox yox. Bizim başqa xarici siyasət maraqlarımız da var. ABŞ-ın əsas xarici siyasət maraqları bütün keçən əsrdə, I və II Dünya, Soyuq müharibə dövründə Rusiya ilə Almaniya arasındakı münasibətlərə konsentrasiya olmuşdu. Çünki onlar birləşərək ABŞ üçün həyati təhlükə yarada bilən yeganə qüvvədirlər. Bizim əsas işimiz isə onların birləşməsinin qarşısını almaq idi.
Əgər siz ukraynalısınızsa, sizə kömək edə biləcək yeganə adamı axtaracaqsınız– o da ABŞ-dır. Ötən həftə, ya da təxminən 10 gün əvvəl ABŞ-ın Avropadakı quru qoşunlarının ali komandanı general Ben Hoces Ukraynaya səfər edib. Orada o, ABŞ hərbi müşavirlərinin tezliklə rəsmi olaraq Ukraynaya gələcəyini bəyan etdi, ukraynalı əsgərləri ABŞ hərbi medalları ilə təltif etdi. Əslində, ABŞ hərbi nizamnaməsi əcnəbilərə medalların verilməsini qadağan edir. Amma o, Ukrayna ordusunun onun ordusu olduğunu göstərmək istədiyi üçün bunu etdi. Sonra getdi. ABŞ indi Baltikyanı ölkələrə, Rumıniyaya, Polşaya və Bolqarıstana yüngül silahlar, artilleriya və digər silahlar verir, bu çox maraqlı aspektdir. Dünən isə ABŞ Ukraynaya silah tədarük etmək niyyətini açıqladı. Hərçənd sonra bu təkzib edilsə də, Ukraynaya silah tədarük olunacaq. Və bütün bu işləri ABŞ NATO-dan yan keçərək hərəkət edir, çünki NATO qərarlarını yalnız bütün üzvlərinin yekdil səsi ilə qəbul edə bilər.
Baş verənlərin mahiyyəti ondan ibarətdir ki, ABŞ Rusiya ətrafında “sanitar dəhlizi” yaradır. Rusiya da bunu bilir. Rusiya ABŞ-ın Rusiya Federasiyasını parçalamağa hazırlaşdığını düşünür. Düşünmürəm ki, biz rusları öldürmək yox, ancaq yüngülcə yaralamaq və ziyan vurmaq istəyirik. Bütün hallarda biz köhnə oyuna qayıtmışıq. Bir polyak, macar və ya rumıniyalının nə düşündüyünü soruşsanız, görəcəksiniz ki, onlar almanlardan tamamilə fərqli bir kainatda yaşayırlar. Almanlar isə öz növbəsində ispanlardan tamamilə fərqli bir kainatda yaşayırlar və s. Bir sözlə, Avropada ixtilaf var. Ancaq ukraynalılara gəlincə, mən sizə dəqiq deyə bilərəm ki, onlar nə edəcəklər: onlar ABŞ-ı qəzəbləndirmək üçün hər şeyi etməyə çalışacaqlar.
Birləşmiş Ştatlar planetin bütün okeanlarına nəzarət edir, bu, onların əsas maraqlarıdır. Əvvəllər heç kim bunu etməyib. Nəticədə biz planetin istənilən yerini işğal edə bilərik, lakin heç kim bizə hücum edə bilməz. Bu əla vəziyyətdir. Okeanlar və kosmos üzərində nəzarət gücümüzün əsasını təşkil edir.
Düşmən donanmasını məğlub etməyin ən yaxşı yolu düşmənin öz donanmasını qurmasının qarşısını almaqdır. Britaniya İmperiyasının Avropada güclü donanmasının yaranmasının qarşısını almaq üçün seçdiyi yol avropalıları bir-birinə qarşı düşmən etmək idi. Mən Ronald Reyqanın İran-İraq müharibəsində tətbiq etdiyi siyasəti davam etdirməyi tövsiyə edərdim. Reyqan müharibə aparan hər iki tərəfini dəstəklədi ki, onlar bizə qarşı yox, bir-biri ilə vuruşsunlar (1980-88-ci illər İran-İraq müharibəsi). Bu qeyri-insani hərəkət idi, qeyri-əxlaqi hərəkət idi, amma işə yaradı. Məsələnin mahiyyəti də budur: ABŞ bütün Avrasiyanı işğal etmək iqtidarında deyil.
Əsgərimizin çəkməsi Avrasiya torpağına qədəm qoyan an biz avtomatik olaraq qoşun sayına görə geri qalırıq. Biz düşmən ordusunu məğlub edə bilərik, amma İraqın hərbi işğalını həyata keçirməyə qadir deyilik. 130 min əsgərdən ibarət ABŞ ordusunun 25 milyonluq İraqı işğal edə biləcəyi fikri... Bilirsiniz, hətta Nyu-York polislərinin şəhər əhalisinə nisbəti bizim əsgərlərin İraq əhalisinə nisbətindən çoxdur. Beləliklə, biz döyüşən tərəfləri dəstəkləməliyik ki, onlar bizim əleyhimizə deyil, bir-birinə qarşı konsentrasiya olsunlar. Biz onlara siyasi, maddi dəstək verə, hərbi yardım göstərə, müşavirlərimizi göndərə bilərik. Yalnız ekstremal hallarda, Vyetnamda, İraqda və Əfqanıstanda etdiyimiz kimi, önləyici zərbə taktikası ilə hərbi müdaxilə edə bilərik.
Önləyici zərbələrin taktikası düşmənin darmadağın olmasını və məğlubiyyətini nəzərdə tutmur, onun məqsədi düşmənin tarazlığını pozmaqdır. Biz bunu hər müharibədə etmişik, məsələn, Əfqanıstanda Əl-Qaidəni tarazlıqdan çıxarmışıq. Amma bu zaman bizim – biz isə hələ gənc və axmaqıq – problemimiz ondadır ki, düşməni tarazlıqdan çıxaranda özümüzə: “Vəssəlam, hər şey bitdi, evə qayıdaq” demirik, “Bizim üçün nə qədər də asan oldu, gəlin burada demokratiya quraq” deyirik. Bunlar bizim ağıl azlığımızın nəticəsidir. Beləliklə, bilməliyik ki, ABŞ Avrasiyanın hər yerinə qoşunla müdaxilə edə bilməz. Bunu seçici şəkildə və çox nadir hallarda etmək lazımdır. Hərbi işğal bizim üçün müstəsna haldır, son çarədir, heç bir halda ilk addım ola bilməz. Lakin əgər biz qoşunlarımızı göndəririksə, onda – biz bunu təcrübəmizdən öyrənmişik – işğalımızı mümkün qədər məhdudlaşdırmalıyıq ki, onu nəhəng ölçülərə qədər şişirtməyək. Buna görə də ümid edirəm ki, biz bütün bunları indiyə qədər yaxşı öyrənmişik, hərçənd uşaqlarən dərsdə bilik öyrənməsi uzun vaxt tələb edir.
Biz imperiya olaraq hər yerə qoşun yeridə bilmərik. Vaxtilə britaniyalılar da Hindistanı işğal etməmişdilər, onlar, sadəcə, ayrı-ayrı Hindistan əyalətlərini nəzarətə götürərək, onları bir-birinə qarşı qoydular. Bundan başqa, britaniyalılar öz zabitlərini Hindistan ordularında yerləşdirdilər. Romalılar da öz dövrlərində legionlarını uzaq ölkələrə göndərmirdilər; sadəcə, orada hakimiyyətə Roma yönümlü hökmdarları gətirirdilər. Roma tərəfindən hakimiyyətə gətirilən bu hökmdarlar orada Roma İmperiyasının mənafeyinə uyğun siyasət həyata keçirirdilər və onlar İmperiyanın sərhədlərində sülhü təmin edirdilər. Məsələn, Parfiya dövləti ilə bağlı məsələdə vəziyyət belə idi. Beləliklə, əraziləri bilavasitə hərbi güclə idarə etməyə çalışan imperiyalar dağılır – məsələn, nasist imperiyasında olduğu kimi. Çünki heç kimin buna gücü çatmır. Bunu ağıllı şəkildə etmək lazımdır. Hər halda problem bu deyil, problem ondadır ki, biz imperiyayıq. Amma bu o demək deyil ki, biz indi kresloya yayxanmalı, evə getməli və heç nəyə görə narahat olmamalıyıq. Biz hələ yolumuzun başlanğıcındayıq.
...Hazırda rusların gündəmini zəbt edən məsələ ondan ibarətdir ki, ya Ukrayna Rusiya ilə Qərb arasında bufer zonaya çevriləcək, ən azı neytral ölkə olacaq, ya da Qərb (NATO) Ukraynada o qədər irəliləyəcək ki, Qərb Stalinqraddan cəmi 100 km, Moskvadan isə 500 km məsafədə olacaq. Rusiya üçün Ukraynanın statusu həyati təhlükə yaradır. Ruslar bu məsələdən əl çəkib uzaqlaşa bilməzlər. ABŞ üçün isə məsələ belədir: əgər Rusiya Ukraynadan əl çəkməzsə, o zaman biz Rusiyanı dayandırmalıyıq. Bu səbəbdən ABŞ general Hocesin bu yaxınlarda haqqında danışdığı hərəkətləri etməyə başlayıb: Rumıniya, Bolqarıstan, Polşa və Baltikyanı ölkələrə çevik hərbi reaksiya qüvvələrini göndərir. ABŞ bu hərəkətləri ilə Baltik və Qara dəniz arasındakı ərazi olan “İntermarium”u (Dənizlərarası) hazırlayır; İntermarium anlayışını Pilsudski düşünüb. ABŞ bu konseptə üstünlük verir.
Lakin bizim cavabını bilmədiyimiz bir sual var: almanlar bu vəziyyətdə nə edəcəklər? Avropanın tənliyində əsl məchul almanlardır. ABŞ Ukraynada deyil, Qərbə qarşı təhlükəsizlik zolağı qurandan və Ukraynada rusların təsiri azalandan sonra almanlar nə edəcəklər – bunu biz bilmirik. Almaniya çox qəribə bir vəziyyətdədir. Keçmiş kansler Gerhard Şröder “Qazprom”un direktorlar şurasındadır. Almanların ruslara qarşı çox mürəkkəb və özünəməxsus münasibəti var. Almanların özləri də belə vəziyyətdə nə edəcəklərini bilmirlər. Onlar mallarını ixrac etməlidirlər, ruslar onları ala bilərdi. Digər tərəfdən, almanlar başqa məqsədlər üçün lazım olan azad ticarət zonasını itirəcəklər. ABŞ üçün əsas məqsəd alman kapitalı və alman texnologiyasının Rusiyanın təbii sərvətləri və işçi qüvvəsi ilə birləşməsinin qarşısını almaqdır. ABŞ bir əsrdir ki bu yenilməz birləşmənin qarşısını almağa çalışır.
Bəs bu (Rusiya-Almaniya) kombinasiyanın bu gün baş verməməsinə necə nail olmaq olar? ABŞ-ın bu iş üçün əlində kozır var, onunla belə kombinasiyanı pozacaq: bu Baltik və Qara dəniz arasındakı zolaqdır. Ruslar üçün həlledici məsələ Ukraynanın neytral, ən əsası isə qərbyönlü ölkəyə çevrilib-çevrilməməsidir. Belarusiyaya gəlincə, bu, ayrı söhbətdir. Bir sözlə, kimsə mənə almanların bu vəziyyətdə nə edəcəkləri sualına cavab verə bilsə, o, eyni vaxtda bizə gələcək 20 illik tarixin necə görünəcəyini söyləyəcək.
Təəssüf ki, almanlar təkrar-təkrar mühüm qərarlar qəbul etməyə məcbur olurlar. Bu da Almaniyanın əbədi problemidir. Almaniya nəhəng iqtisadi gücdür, lakin eyni zamanda çox həssas və geosiyasi cəhətdən zəifdir, almanlar mallarını harada və kimə sata biləcəklərini heç vaxt bilmirlər. 1871-ci ildən bəri bu əbədi "alman məsələsi" olmuşdur. Həm də Avropa məsələsi.
Bu gün yenidən gündəmə gələn “alman məsələsi” üzərində düşünün. Bu məsələ ortaya qoymalı olduğumuz məsələdir, lakin biz bunu etmirik, çünki almanların nə edəcəyini bilmirik.
Asif Şəfəqqətov
Çıxışın videoqeydinə buradan baxa bilərsiniz
https://www.facebook.com/asif.shafaggatov.3/videos/699139966395327/