
Bu gün cəmiyyətimizin maraq dairəsində olan suallardan biri də Stepan Şaumyanın Hindistana qaçırılaraq 1980-ci illərdə orada yaşaması barədə irəli sürülən versiyadır. Lakin bu tipli suallara arxiv sənədləri və dövrün digər mənbələri əsasında qərəzsiz, tərəfsiz və obyektiv formada cavab vermək tarix elminin qarşısında dayanan vəzifələrdən biridir. Eldar İsmayılov Stepan Şaumyan barədə yazdığı "Stepan Şaumyan unudulmağa məhkumdur, "əfsanəvi kommunarın" portreti" tədqiqatında onun Hindistana qaçırılması məsələsinə aydınlıq gətirməyə çalışır. Müəllifə görə Şaumyan və digər komissarların ingilislər tərəfindən Hindistana qaçırılması barədə versiya daha çox 1918-ci il azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın güclü şəkildə vurğulanması və Şaumyanın Daşnaksütyun partiyası ilə əlaqəsini vurğulamaq üçün istifadə olunur. Hətta 1991-ci ildə Tarix jurnalında "26 Bakı komissarı Hindistana qaçırılıbmı?" adlı məqalə dərc olunub. Həmin məqalənin müəllifi Nizami Məhərrəmov arxiv sənədlərinə və Brayn Pirsin nəşrlərində toplanılan sənədlərə istinad edərək məsələlərə aydınlıq gətirməyə çalışıb.
Sənədləri oxucuların diqqətinə çatdırırıq:
"1918-ci il 18 sentyabr tarixli İrandakı ingilis hərbi missiyasının rəhbəri Malensondan baş qərargah rəisi Simlaya MO-00538 nömrəli teleqram. 1. Gətirilən Bakı bolşevikləri arasında Petrov, Şaumyan, Caparidze, Avakyan , Korqanov həbs ediliblər. Çoxlu sayda silah, sursat ələ keçirilib. 3. Aşqabad hökumətinə müraciət etdim ki, komissarların Transkaspidə olmasının təhlükəli olduğunu nəzərə alaraq adı çəkilən liderləri (yəni Petrov, Şaumyan, Caparidze, Avakyan , Korqanovu) Hindistana göndərsinlər".
"Baş qərargah rəisi Simlanın 1918-ci il 20 sentyabr tarixli 73457 nömrəli general Malensona teleqramında (teleqram 21 sentyabr 1918-ci ildə çatıb) deyilir:
Caparidze general de Kondoleni yaxşı tanıyır. Caparidzeni öz xeyrimizə istifadə edə bilərik. Bu, bolşevik sentimentallığı olan bir adamdır, amma sağlam düşüncəyə və dövlət xadimi keyfiyyətlərinə malikdir. Qalanlarını Hindistana göndərsək də, onu Məşhəddə saxlaya bilərik. Buna görə də yəgin ki, xüsusi olaraq hazırlıqlara ehtiyac olacaq. Qalanlarını göndərməzdən əvvəl xəbərdarlıq edin. Şaumyan xüsusi diqqət cəlb edir. Deyirlər ki, o təhlükəli adamdır".
General Malensonun baş qərargah rəisi Simlaya 1918-ci il 23 sentyabr tarixli 00581 nömrəli teleqramında 26 bolşevikin güllələndiyi, xüsusi əhəmiyyət kəsb etməyən 5 və ya 6 nəfərin sağ qaldığı bildirildi. Maraqlısı budur ki, sənəddə 5 və ya 6 nəfərin sağ qaldığı bildirilsə də həmin şəxslərin kimliyi indiyə qədər müəyyən edilməyib.
Teleqram P. № M.D. 00595 24 sentyabr 1918-ci il vurğulanır:
General Malleson, Məşhəd — Baş Qərargahın rəisinə. Simla. Xətti azad edin: Sizin 24 sentyabr № 76488 — M.O.Z. sorğunuzda...Məlumatlara görə sadaladığımız şəxslər artıq edam ediliblər (bax. Mənim 13 sentyabr M.D. 00581 teleqramım). Üç bolşevik burada həbsdədirlər, lakin onların elə bir əhəmiyyəti yoxdur. Şübhəsiz ki, mən digərlərini Aşqabad hökumətindən ala bilərəm, lakin mənə zəmanət verdilər ki, doğrudan da, əsil nüfuza malik olanların hamısı öldürülüb".
Baş qərargah rəisi Simladan general Malensona 1918-ci il 30 sentyabr tarixliteleqramda deyilir: "Başkomandan Transkaspi hökumətinə verilən bəyanatı doğru zamanda nəzərdən keçirmək istərdi, çünki Hindistan hökumətinin baxışından bolşevik liderlərinin edamı bizim təsirli dəstəyimizə mane olur."
Bütün bu teleqramları incələyib Şaumyanın Hindistana qaçırılmasının iddia yoxsa həqiqət olduğunu aydınlaşdıraq. 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırım adlı sənədlər toplusunda məqalələri çap olunan bir sıra müəlliflər Şaumyanın güllələnən 26 Bakı komissarı arasında olmadığını və Hindistana göndərildiyini, daha sonra öldürüldüyünü iddia edirlər. İddia ilə bağlı arxiv sənədləri arasında 2 seçilmiş sənəd vardır. Bunlardan birincisi 20 sentyabr-1 oktyabr 1920-ci il tarixli Krasnavodsdakı sözdə təcridxanada saxlanılan şəxslər haqqında çıxarışdır. Bu çıxarışda adlar belədir:
"Siyahıya daxil olanlar: 1. Stepan Şaumyan, 2. Anastas Mikoyan, 3. Samson Kadelaki, 4. Levon Shaumyan, 5. Mariya Amirova, 6. Olga Bannikova, 7. Varvara Japaridze və başqaları".
Siyahıda göstərilənlərdən dördü həbs olunanların həyat yoldaşlarıdır. Mariya Amirova Tatevos Əmirovun, Olqa Bannikov İvan Fioletovun həyat yoldaşı, Varvara Japaridze Alyoşa Caparidzenin həyat yoldaşıdır. Mikoyan və Kandelaki tanınmış bolşeviklər idi. Levon Şaumyan Stepan Şaumyanın oğludur. Siyahıda olan Stepan Şaumyanın əslində Suren Şaumyan olmasını da iddia etmək olar ki, bunun da səbəbi gözətçilərin diqqətsizliyindən və bacarıqsızlığından irəli gələ bilər. Bacarıqsızlıq, siyahıda Stepan Şaumyan adlı bir şəxsin olmasına səbəb ola bilərdi. Ərzaq siyahısı 20 sentyabrdan sonra məhkumların yeməklə təmin olunmasını nəzərdə tuturdu. Bu arada, 20 sentyabrda Bakı komissarları edam edildi. İstər -istəməz Stepan Şaumyanın siyahıya necə düşdüyü sual yarandı? Stepan Şaumyanın böyük oğlu niyə siyahıda yoxdur, halbuki o anda bu həbsxana kamerasında olduğu dəqiq bilinir. Həbsxana nəzarətçiləri qeydlərini çox diqqətlə doldurmayan və xüsusi təhsildə fərqlənməyən həbsxana gözətçilərinin Suren əvəzinə Stepan yazdığını başa düşmək olar.
İkinci sənəd Azərbaycan Respublikasının diplomatik nümayəndəsinin Gürcüstan Respublikası hökumətinə 26 fevral 1919 -cu il tarixli məktubudur. Bu məktub əsirlərin dəyişdirilməsi ilə bağlıdır. Həmin məktubda adı çəkilən Şaumyanın Stepan Şaumyanmı,yoxsa onun oğlu Suren Şaumyanın olması bəlli deyil. Çünki birinci sənəddə də qeyd olunub ki, həbsxana gözətçiləri arasında təhsilli yaxud diqqətsiz olanlar ola bilər və həmin gözətçilər Suren Şaumyanın əvəzinə Stepan Şaumyan da yaza bilərlər.
Eldar İsmayılov daha sonra qeyd edir:
"Şaumyanın ingilislər vasitəsilə qaçırılması absurddur. Çünki konkret şahidlər vardır. Şaumyanı qətlə yetirən türkmən ifadəsində bunu etiraf edib. 1921-ci ildə Türkmənistanda məhkəmə qurulub. Bizdə bu barədə çox az məlumat var. O, konkret deyib ki, Şaumyanın başını xəncərlə yarıb”.
Digər tərəfdən də müəllif vurğulayır ki, Hindistana göndərilməli olan şəxs Şaumyan yox, Caparidze olub. Arxiv sənədləri də bunu sübut edir. Onu öz tərəflərinə çəkmək istəyiblər. Amma çatdıra bilməyiblər. O vaxt teleqraf indiki kimi deyildi. Yazışma uzun çəkirdi. Məsələni isə iki günə həll etmək lazım idi. Eserlər yığılıb qərar çıxarıb məsələni bu cür həll ediblər. Şaumyan ingilislərə lazım deyildi. Şaumyanın ingilislərlə hər hansı sövdələşməyə ehtiyacı olmayıb. İngilis müəllifləri də qeyd edirlər ki, Şaumyanı yola gətirmək olmurdu. Onunla hər hansısa bir razılaşma mümkünsüz idi.
Britaniya generalı Denstervil də xatirələrində Bakı bolşeviklərinin rəhbəri olan Şaumyanın etnik baxımdan erməni olsa da, ingilislərə bir bolşevik kimi qarşı çıxdığını yazırdı. Belə olan təqdirdə Şaumyanın ingilislər tərəfindən Hindistana qaçırılması iddiası məntiqdən kənardır.
Professor Eldar İsmayılovun fikrincə, Zakaspisk Müvəqqəti Hökumətinin başçısı eser Fyodr Funtikov 1926-cı ildə Bakıda mühakimə olunan zaman bütün günahları ingilislərin üstünə yıxdı:
“İlkin araşdırmaları aparan Çaykin familiyalı adam da eser partiyasının üzvü idi. O da çalışdı ki, günahı ingilislərin üstünə yıxsın. İngilislər bolşeviklərin sayının azalmasında bəlkə də maraqlı idilər, amma qərarı ingilislər çıxarmayıblar. Mən bunu sənədlərə söykənib deyirəm”.
Sonra müəllif yazır:
"Şaumyan kimə xəyanət edə bilərdi? Bolşevik partiyasınamı? Bunlar qeyri-ciddi söhbətlərdir. Hamı soruşur ki, 26-lar niyə güllələnib? Axı, bunun sirri çox açıqdır. Sovet İttifaqının tarixini bilən adam onun sirrini həmən tapacaq. Dünya bizə baxır. Dediyimizdə həqiqət olmalıdır. Əgər desək ki, Şaumyan 70-ci illərdə Hindistanda tapılıb, buna heç kəs inanmayacaq. Hamı bilir ki, Sovet kəşfiyyatı çox güclü işləyib. Əgər Şaumyan sağ qalsaydı, onu tapardılar. Onun oğlanları Sovetlərdə yaxşı işlərdə çalışıblar. Adına küçələr, kəndlər qoyulub, adına heykəllər ucaldılıb, fabriklər-zavodlar və s. Fikrimcə, eserlər gecəykən, sərxoş vəziyyətdə oturub qərar çıxardılar və onları güllələdilər..."
Azərbaycan tarixçisi Solmaz Tohidi də Şaumyanın Hindistana qaçırılmasının uydurma və mif olduğu qənaətindədir:
"4 məhkəmə prosesi olub, bu işdə təqsirkar bilinən hər kəsi – eser Funtikovdan tutmuş Şaumyanı şəxsən güllələmiş əsgərədək hamını tapıblar və cəzalandırıblar. Bu istintaq və məhkəmə prosesinə dair sənədlər 1925-ci ildə Bakıda “Последние дни Бакинских комиссаров” adlı kitabda çap olunub”.
Solmaz Tohidi qeyd edib ki, Şaumyanın Hindistanda ölməsi haqda mifi sonralar AMEA Tarix İnstitutunun o vaxtkı direktoru akademik Yaqub Mahmudov sensasiya kimi ortaya atıb və şou dərəcəsində şişirdib:
Məsələ böyük əks-səda doğurduğu və sübut tələb olunduğu üçün institutun əməkdaşı, əsasən ingilisdilli mənbələrlə işləyən tarixçi Nigar Maksvel Hindistana ezam edilib. Bir ay müddətində Hindistan arxivlərini ələk-vələk edən Nigar xanım təbii ki, bu məsələyə dair heç bir sənəd, fakt tapmayıb və bununla da öz direktorunu xeyli məyus edib”.
Rus-Sovet tarixçisi Yakov Rathauzer komissarların Hindistana göndərilməsi məsələsinin ortaya atıldığını, ancaq bu məsələnin şayə olduğunu və komissarların güllənməsində ingilislərin rolu olduğunu qeyd edir. Rathauzerə görə komissarların öldürülməsində əsas rol oynayan Funtikov İngiltərənin Aşqabaddakı missiyasının rəhbəri Tiq Consun komissarların güllələnməsinin zəruriliyi ilə bağlı ona məlumat verdiyini qeyd edirdi.
Tiq Consun komissarları Hindistana göndərməyi təklif etdiyini rus-sovet tarixçisi Nikolay Smirnov da qeyd edib. Lakin Tiq Consun komissarları Hindistana göndərmək təklifindən 2 gün sonra general Mallenson komissarların güllələndiyini öyrənmişdi. Sonradan eser Funtikov 1925-ci ildə aparılan məhkəmə prosesi zamanı komissarların güllələnməsində oynadığı rolu inkar edib cinayəti Çaykinin üstünə yıxsa da, məsuliyyətdən yayına bilmədi və 1926-cı ilin aprelin 27-də 26 Bakı komissarının ölümündə təqsirli bilinərək güllələndi.
Komissarların ölümü ilə bağlı məhkəmə sənədləri olan və 1925-ci ildə çap olunan "Bakı komissarlarının son günü" adlı kitab da komissarların hansı şəraitdə öldüyünü və cəsədlərin onlara aid olub-olmadığını bizə aydınlaşdırmağa imkan verir. Bu kitab komissarların ölümü ilə bağlı bolşevik orqanlarının apardığı məhkəmə sənədləridir. Sənədləri incələyən zaman şahidi olduğumuz məsələ budur ki, 1919-cu ilin dekabr ayında Zakaspini tutan bolşeviklər dərhal Ağcaqumdakı həmin stansiyaya gəliblər və demək olar ki, dəfn olunmamış komissarların qumlara səpələnmiş sümüklərini tapıblar. Bu komissiya 1 il 3 aydan sonra, çöl-səhra heyvanlarının parça-parça etdiyi cəsədlərin olan-qalan və yığılan sümüklərini necə gəldi skelet şəklində düzüblər ki, nəticədə güclə 23 tabut alınıb. Heç kimin şəxsiyyəti müəyyən edilməyib və bu mümkün də deyildi. Bu tabutlar əvvəlcə Aşqabadda dəfn edilib, sonra 1920-ci ilin sentyabrında Bakıya gətirilib, hər tabuta tanınmış komissarların birinin şəkli vurulub və təntənə ilə basdırılıb. Amma bolşevik məhkəməsi ciddi istintaq aparıb, komissarları aparan qatarın maşinistindən tutmuş, onları güllələyən əsgərlərə qədər və bu işə rəhbərlik edən eser Funtikovu da həbs edib, 4 dəfə məhkəmə qurub və hamı güllələyib. İstintaq nəticəsində müəyyən edilib ki, Şaumyana güllə atan şəxs 2-ci gülləni onun başından vurub.
Əli Novruzov
Mənbə- Azəripress.Az
Ədəbiyyat
Azərbaycan dilində
Rathauzer, Y. Bakı kommunası komissarlarının həbsi və tələf edilməsi, 1929.
Stepan Şaumyan - bəzək-düzəksiz: https://www.google.com/amp/s/www.azadliq.org/amp/24549504.html
“Şaumyanın Hindistana qaçması və orada ölməsi uydurma mifdir”: https://demokrat.az/az/news/193369/saumyanin-hindistana-qacmasi-ve-orada-olmesi-uydurma-mifdir-professordan-tekzib
Rus dilində
Э. Исмаилов, Степан Шаумян- обреченный на забвение. Портрет "легендарного коммунара" без ретуши, 2011.
Последние дни Бакинских комиссаров, Баку, 1925.
Н. Смирнов, Ушедшие в бессмертие, 1986.
İngilis dilində.
Dunsterville, L. The adventures of Dunsterforce, 1920, link: https://archive.org/details/adventuresofduns00dunsrich/page/n311/mode/2up