
Qarabağ münaqişəsi başlayana qədər 1,7 milyonluq Bakıda 200 mindən çox erməni yaşayırdı. 1990-cı ilin əvvəlində isə Bakıda 30-40 min erməni qalmışdı (Rainer Münz, Rainer Ohliger “The Dissolution of the Soviet Union and PostSoviet Ethnic // Diasporas and ethnic migrants: German, Israel, and post-Soviet successor states in comparative perspective”. — Routledge, 2003 s.147).
Jurnalist, araşdırmaçı Tomas de Vaalın sözlərinə görə, 1990-cı il yanvarın 12-də Azərbaycan Xalq Cəbhəsinin radikal qanadının nümayəndələri Neymət Pənahov və Rəhim Qazıyev televiziya vasitəsilə çıxış edərək Bakının evsiz qaçqınlarla (Qərbi Azərbaycandan qovulmuş) dolu olduğunu, minlərlə erməninin hələ də paytaxtımızda rahatlıqla yaşadığını bildirdilər və bununla da insanları ermənilərə qarşı poqromlara təhrik etdilər (Tomas De Vaal “Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında”, 2008 s.88).
Ölkədə başlanan vətəndaş müharibəsi vəziyyətini nəzərə alan Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov yanvarın 11-də daxili qoşunların əlavə kontingentinin yaradılması xahişi ilə SSRİ Nazirlər Sovetinə və SSRİ Daxili İşlər Nazirliyinə müraciət etdi. Ancaq hadisələr nəzarətdən çıxmaqda idi. Yanvarın 12-də Xanlar (indiki Göygöl) və Şaumyan (hazırkı Goranboy) rayonlarının sərhəddinə bir sıra kəndlərə silahlı hücumlar başlandı. Atışmada 3 nəfər öldü, 17 nəfər isə yaralandı. Həmin gün Bakıda anti-erməni nümayişləri başlandı. Bakının mərkəzi bazarında bir erməni izdiham tərəfindən döyülərək öldürüldü (Кирилл Столяров “Распад: от Нагорного Карабаха до Беловежской пущи”, 2001 s.93).
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynovun sözlərinə görə isə erməni poqramları artıq 1990-cı il yanvarın 10-da başlamışdı. Həmin gün Bakı-Yerevan aviareysinin ləğvi və ermənilərin işdən çıxarılması prosesi gedirdi. Bununla yanaşı Bakıda ermənilərin mənzillərinin talan edilməsinin halları başladı və bu proses gün boyu davam etdi. Elə həmin gün Bakıda erməni qətliamları ilə yanaşı erməni silahlı dəstələri də Zəngəzurun azərbaycanlılar yaşayan Nüvədi kəndinə doğru hücuma keçiblər. Həmçinin Naxçıvanda 400-ə yaxın erməni silahlısı Şərur rayonunun Kərki kəndini ələ keçirdi (Вагиф Гусейнов “Больше, чем одна жизнь”. Кн. 2, 2013 s. 271-272). Şaumyan rayonunda isə Azərbaycan Xalq Cəbhəsinin qərargahında 6 erməni saxlanılır.
Eyni zamanda Vaqif Hüseynov memuarlarında qeyd edir ki, şəhər polis idarəsindən verilən məlumata görə 200 nəfərdən 1,5 min nəfərə qədər qruplar təşkil olunmuşdur ki, bu qrupların əlində ermənilərin yaşadığı ünvanların siyahıları var idi. Milislərin talanları dayandırmaq üçün nadir cəhdləri isə nəticə verməmiş və qırğınların qarşısını almağa çalışan milis işçiləri talançılar tərəfindən döyülmüşdür (Вагиф Гусейнов “Больше, чем одна жизнь. Кн. 2”, 2013 s. 275).
Daxili İşlər Nazirliyinin əsas qüvvələri isə fəaliyyətsiz olmuşdur. “Human Rights Watch” da yerli hakimiyyət orqanları, eləcə də şəhərdə və sovet ordusunun bir hissəsində yerləşdirilmiş 12 min nəfərlik daxili qoşun kontingentinin baş verənlərə müdaxilə etmədiyini, yalnız dövlət obyektlərinin mühafizəsi ilə məhdudlaşdığını qeyd edirdi (“Human Rights Watch”. Playing the Communal Card: Communal Violence and Human Rights”).
Yanvarın 13-də isə artıq qətliamlar daha mütəşəkkil hal almağa başladı. “Sumqayıt qəhrəmanlarına eşq olsun!”, “Yaşasın ermənilərsiz Bakı!” kimi şüarlar səsləndirən böyük izdiham Lenin meydanında AXC-nin mitinqinə toplaşmışdı. İzdihamda ermənilərə qarşı qisas çağırışları olan şüarlar səsləndi. Bəzi AXC fəalları izdiham içərisində Bakıdan çıxarılmayan erməni ailələrinin ünvanları olan bukletlər paylayırdı. İki azərbaycanlının ermənilər tərəfindən öldürülməsi barədə şayiələr isə vəziyyəti kəskinləşdirdi. Mitinqdən sonra 5 min nəfərlik aqressiv, radidal düşüncəli qrup Bakının müxtəlif ərazilərində kütləvi iğtişaşlar yaratdılar. Vaqif Hüseynovun xatirələrində verdiyi məlumata görə yanvarın 13-dən başlayaraq 15-nə qədər davam edən poqromlarda 19 nəfər poqromlar, 2 nəfər isə yanğın nəticəsində həyatını itimişdi. Mixail Jiroxov isə yanvarın 13-dən 18-dək davam edən poqromda 587 mənzil dağıdıldığını, 56 nəfər öldüyünü, 156 nəfər yaralandığını (onlardan 48-in vəziyyəti ağır idi) qeyd edir (Михаил Жирохов “Семена распада: войны и конфликты на территории бывшего СССР”, 2012 s.291). Müxtəlif hesablamalara görə, 48 və ya 66, jurnalist Tomas de Vaala görə isə 90-a yaxın erməni poqromlar nəticəsində qətlə yetirilib.
Yanvarın 14-də 25-30 nəfərlik bir qrup axşam yaşlı Torosyan ailəsinin mənzilinə girdi. Ekstremistlər oradakı hər kəsi vəhşicəsinə döydülər, Torosyan ailəsini və qonşusu Arutyunovanı zorla evindən çıxardaraq benzinlə yandırıb öldürdülər.
Bu qarşıdurmaya baxmayaraq azərbaycanlılar arasında erməniləri iğtişaşçılardan gizlədən, qoruyanlar da var idi. Məsələn, erməni əsilli Bakı qaçqınlarından biri Yelena Hacıbekyan azərbaycanlı müdirlərinin çox yaxşı insan olduğunu və əri ilə birlikdə onu evə göndərdiyini qeyd edir. Digər Bakı ermənisi Anjelika Klener-Karamova isə 19 yaşlı azərbaycanlı qızın onu böyük izdihamdan necə xilas etdiyini qeyd edir (“Геноцид длиною в век Черный январь Баку” (https://youtu.be/PTu69-c7bXg?si=D7rmEzTAY6PB0gTa: 26:28-27:10, 38:40-39:30).
İğtişaşçılar ermənilərdən başqa azərbaycanlılara da hücum etmişdilər. Poqromlar nəticəsində Rauf Əli oğlu Ələsgərov da itkin düşmüşdü. Daxili İşlər Nazirliyinin orqanları aqressiv kütləni çox çətinliklə ram edə bilirdi. Hökumət dərhal ermənilərin şəhərdən təxliyəsinə başladı. Bu müddət ərzində Azərbaycandan 27 mindən çox erməni təxliyə edildi (Brown Cynthia “Playing the “communal Card”: Communal Violence and Human Rights”, 1995 s. 15). 16 min nəfər erməni Xəzər dənizi üzərindən, digərləri isə hava yolu ilə Bakıdan çıxarıldı. Bu poqrom AXC fəalları arasında parçalanma yaratdı. Leyla Yunusova və Zərdüşt Əlizadə Azərbaycan Xalq Cəbhəsinin radikal qanadının rəhbərlərini anti-erməni poqromlarında günahlandıraraq hərəkatdan ayrıldı (Tomas De Vaal “Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında”, 2008 s.89).
Daha sonra şahidlər “Human Rights Watch” təşkilatının hüquq müdafiəçilərinə və jurnalist Tom de Vaala ermənilərin xilas edilməsi xahişi ilə küçədə polisə müraciət etdiklərini, lakin polislərin heç nə etmədiklərini və “qarışmamaq əmrimiz var” cavabını verdiklərini bildiriblər. “Human Rights Watch”-un spikeri Robert Kuşenin sözlərinə görə, “qırğınlar tam (bəlkə də tam) kortəbii olmayıb, çünki iğtişaşçılar ermənilərin siyahıları və onların ünvanlarına malik olublar”.
Daxili İşlər Nazirliyinin və polisin hadisələrə müdaxilə etməməsi bizdə belə erməni poqromlarının bilavasitə Sovet xüsusi xidmət orqanlarının nəzarəti altında olması və təşkil edilməsiylə bağlı fikir yarada bilər. Bununla belə əlimizdə dəqiq bir sənəd olmadığı üçün bu barədə qəti nəsə demək çətindir.
AXC-in radikal qanadının təşviqi ilə Bakı şəhərində erməni talanlarının baş verməsi Respublikada vəziyyətin nəzarətdən çıxması və ölkədə xaosun baş verməsi ilə nəticələndi. Azərbaycan onsuz da ittifaqdan çıxmaq mərhələsinin bir addımlığında idi. Bundan 1 il sonra isə respublikaların SSRİ konstitusiyasına uyğun olaraq ittifaqı tərk etməsi ilə Sovet İttifaqı tarixə qovuşdu. Qeyd etmək lazımdır ki, Ermənistanın millətçi şovinist rəhbərliyi azərbaycanlıları öz doğma yurdundan didərgin saldığı, onlara qarşı deportasiya törədildiyi bir vaxtda Ermənistanın şovinist rəhbərliyinin bu siyasətinə Xalq Cəbhəsinin radikal qanadı Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə kimlik baxımdan əlaqəsi olmayan Bakı ermənilərinə qarşı proqramlar törətməklə cavab verdi. AXC-nin radikal qanadının bu hərəkəti bir zamanlar internasional dövlət statusunu qazanmış Azərbaycanın da nüfuzuna xələl gətirdi.
Bakı ermənilərinin Ermənistan və Dağlıq Qarabağ ermənilərindən fərqi barədə bu günə qədər xeyli kitablar, məqalələr yazılıb. Bu fərqi Bakı ermənisi olan bir qadının dilindən eşidək:
“Mən Bakı ermənisiyəm. Bakı erməniləri və Ermənistan erməniləri arasında böyük bir fərq var. Biz 80-ə yaxın millətin məskunlaşdığı Bakı şəhərində yaşayırdıq və burda yaşayan xalqların milliyətinin bizim üçün heç bir fərqi yox idi. Bizim dünyaya baxışımız tamamilə fərqli idi. Ermənistana məcburi köçdən sonra orda mən gördüm ki, bu ölkədə insanları milliyətinə görə ayırırlar. Hətta erməni olsam da orada mənim millətimi rus deyə qeydiyyata aldılar. Buna səbəb mənim erməni dilini və adət ənənəsini bilməməyim idi. Bizim orda belə bir problemlərimiz var idi.” (Вячеслав Попков “Феномен этнических диаспор”, 2003 s.147).
Erməni diasporasının etnomədəni müxtəlifliyi Ermənistandan və keçmiş SSRİ-nin digər respublikalarından gələn ermənilər arasında müəyyən bir fərqliliklərlə özünü göstərir. Azərbaycan erməniləri, xüsusən də Bakı erməniləri Ermənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsinin günahkarı kimi Ermənistan rəhbərliyini görür. Onların fikrincə məhz Ermənistan rəhbərliyinin düşünülməmiş siyasi addımları nəticəsində Azərbaycanda buna qədər heç vaxt olmamış diskriminasiya ilə üzləşdilər (Татьяна Полоскова “Современные диаспоры: внутриполитические и международные аспекты”, 2002, s.131). Bakı ermənilərinin digər erməni icmalarından bir digər fərqi isə diaspora fəaliyyətində iştirak etməmələridir (Яна Здоровец “Диаспоры: представительства национальностей в Москве и их деятельность”, 2003 s.14). 1988-1990-cı illərdə Bakı erməniləri və Qarabağ erməniləri arasındakı fərqi azərbaycanlı şərqşünas Saleh Əliyev belə izah edir: “Əksəriyyəti şəhərin rusdilli təbəqəsinin bir hissəsi olan Bakı erməniləri millətçi və antiazərbaycan etiraz və şüarlarına demək olar ki, dəstək vermədilər. Qarabağ erməniləri Bakı ermənilərinə onların intelektual xüsusiyyətlərinə görə qibtə edirdilər” (Салех Алиев “Кризис в Азербайджано-армянских отношениях в 90-е годы. Причины и результаты (Проблема Карабаха)”, Иран. История, экономика, культура. Памяти С. М. Алиева, 2009 s.29). Bakı erməniləri isə əksinə Qarabağ ermənilərinə yuxarıdan aşağı münasibət göstərirdi. Bu iki toplum arasında mədəni toqquşmanın bariz nümunəsi idi. Bu kimi fərqlilikləri təkcə Rusiya alimləri deyil, eyni zamanda Ermənistan tarixçiləri də etiraf edir. Sergey Çobanyan öz kitabında Azərbaycandan köçən Bakı erməniləri barədə bunları yazır: “Bakı erməniləri yeni qonşularının özlərinə “saxta erməni” söylədikləri və hətta bəzən özlərini erməni görməkdən tamamilə imtina etdikləri yeni mühitə öyrəşə bilmirdi. Bundan başqa Bakı erməniləri əsasən ziyalı olduqları üçün özlərinə tamamilə fərqli həyat şərtləri ilə sosial statuslarını qorumaqdan məhrum edə biləcək kəndlərə getmək istəmirdilər. Onlar arasında Ermənistanda bir çoxunun yeni şərtlərdə tələb olunmayan ixtisasları var idi. (məsələn, neftçilər). Bu amillər və Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət səbəbi ilə Bakı qaçqınlarının mütləq əksəriyyəti Ermənistandan köç etmək məcburiyyətində qaldı. Onların əksəriyyəti Rusiyaya, Ukraynaya, bir qismi isə ABŞ-a getdi. Bakı ermənilərinin digər xüsusiyyəti isə Bakı mühitində qaldığı üçün ruslaşmış, özlərini etnik Bakı icmasının bir parçasına çevrilmələri idi. Bu səbəblə onlar Qarabağ məsələsi ilə qətiyyən maraqlanmırdı və orda edilən addımlara dəstək vermirdi” (Сергей Чобанян “Государственная и национальная политика Азербайджана: фальсификация и агрессия”, 1993 s.94). Bakı ermənilərinin bu kimi fərqliliyi şəhərdə yaşayan azərbaycanlı, yəhudi, rus və digər xalqların ortaq formalaşdırdığı “Bakinets” ifadəsinin bir parçası olmasında idi. Bu psixologiyada olan azərbaycanlı ölkənin digər ərazisində yaşayan azərbaycanlılardan fərqləndiyi kimi, Bakı erməniləri də Qarabağ və Ermənistanda yaşayan haylardan fərqlənirdi. Ədalət naminə qeyd etməliyəm ki, 27 sentyabrda başlayan və sonda Azərbaycanın qələbəsi ilə bitən 44 günlük haqq savaşında Ermənistan Baş naziri Nikol Paşinyana icma olaraq məktub yazan və Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağıran yeganə erməni icması da Bakı erməniləri oldu (“Бакинские армяне призывают Ереван прекратить оккупаци”:(https://vestikavkaza.ru/articles/bakinskie-armane-prizyvaut-erevan-prekratit-okkupaciu.html).
Yazıdan ümumi nəticəyə gəlsək, 1990-cı ilin yanvarında AXC-in radikal qruplarının Bakı ermənilərinə qarşı həyata keçirdikləri qətliamlar Azərbaycan üçün utancverici tarixi hadisə kimi həkk oldu. Bununla həm beynəlxalq miqyasda Azərbaycanın nüfuzuna zərbə vurdu, həm də AXC radikallarının poqromlarla bağlı əməllərini erməni milliyətçiləri, şovinistləri öz məkirli planları üçün istifadə etdilər. Belə ki, Azərbaycan xalqı XX əsrin sonunda – əvvəlcə Qanlı Yanvar, ardınca isə Xocalı soyqrımı kimi böyük faciələrlə üzləşdi.
Təbii ki, azğınlaşmış, qudurmuş, AXC-in müəyyən qruplarının Bakı ermənilərinə qarşı törətdiyi cinayətlər ümumi şəkildə Azərbaycan xalqına aid edilə bilməz. Bununla yanaşı erməni şovinistlərini dəstəkləyən ölkə, təşkilatlar, erməni diasporası, lobbisi bu hadisəni təbliğat aləti kimi xalqımıza qarşı istifadə edə bilməz. Çünki Azərbaycan xalqının tolerant xalq olduğu, digər millətlərə, dinlərə dözümlü yanaşdığı bir həqiqətdir. Əks təqdirdə əsrlərdir Azərbaycanda yaşayan müxtəlif etnik qruplar (tatlar, talışlar, avarlar, ləzgilər, ruslar, ukrayinlər, və s.) ölkənin titul etnosu olan Azərbaycan türklərinin ətrafında birləşməz və qardaşcasına, çiyin-çiyinə yaşamazdı. Bütün bunlardan əlavə bir siyasi partiya heç vaxt xalqın mütləq əksəriyyətinin fikirlərini təmsil etmir. Bunu Bakı talanları zamanı erməni ailələrini xilas edərək öz evlərində gizlədən azərbaycanlı ailələrin timsalında görə bilərik. Xalqımızın mütləq əksəriyyətinin təxribatçılara uymayaraq əsrlərdir bir yerdə yaşadığı xalqlarla, o cümlədən Bakı ermənilərini də “Bakinets” məfhumunu daxil olduğunu qəbul edərək haylara qarşı necə tolerant qayğıkeş olduğunun göstəricisidir. Elə hazırda paytaxtımızda Erməni kilsəsinin qorunması və ölkəmizdə 30 minə yaxın erməninin yaşaması da dediklərimin bariz nümunəsidir.
Həmçinin Harri Kasparov və Emil Sanamyan kimi bir qrup Bakı ermənisinin erməni millətçilərinə və erməni diasporasına uyaraq bu hadisəni ümumilikdə Azərbaycan xalqına aid etməsi də doğru qəbul edilə bilməz. İstənilən halda bu kimi şəxslər istisnadır və icmanın mütləq əksəriyyətinin fikrini ifadə etmir. Hazırda da Bakı ermənilərinin mədəni mirası paytaxtımızda qalmaqdadır. Azərbaycan Dövlət Akademik Filarmoniyası binasının memarı Qavril Ter-Mikelov, Lev Landaunun evinin memarı Vartan Sarkisov, Opera və Balet teatrı və Bakı Keçmiş Dəmiryol Vağzalı binasının memarı Nikolay Bayev Bakı ermənisi idi. Bundan başqa 1918-ci ildə yandırılan İsmailiyyə binasının restavrasiyası ilə Vartan Sarkisov məşğul olmuşdu. Memarlarla yanaşı Bakı erməni milyonçularının vaxtilə tikdirdiyi binalar (erməni milyonçu Sergey Tumayevin tikdirdiyi Mələkli bina, Mikael Aramyanın mülkü olan indiki “Azneft” binası, David Yüzbaşıyanın evi olduğu indiki İran səfirliyinin yerləşdiyi bina və s.) paytaxtın ən görkəmli yerlərindən biridir. Son olaraq bir qrup Bakı ermənisi erməni millətçilərinin təbliğatına uysa da, çoxluq öz keçmiş “Bakinets” kimliyinə sadiq qalıb 44 günlük haqq savaşında Azərbaycanı dəstəkləmişdi.
Əli Novruzov
İstifadə olunan ədəbiyyat
Rainer Münz, Rainer Ohliger “The Dissolution of the Soviet Union and PostSoviet Ethnic // Diasporas and ethnic migrants: German, Israel, and post-Soviet successor states in comparative perspective”. — Routledge, 2003
Кирилл Столяров “Распад: от Нагорного Карабаха до Беловежской пущи”, 2001
Вагиф Гусейнов “Больше, чем одна жизнь”. Кн. 2, 2013
“Human Rights Watch. Playing the „Communal Card“: Communal Violence and Human Rights
Tomas De Vaal “Qarabağ: Ermənistan-Azərbaycan. Sülh və savaş yollarında”, 2008
Михаил Жирохов “Семена распада: войны и конфликты на территории бывшего СССР”, 2012
Геноцид длиною в век Черный январь Баку”
(https://youtu.be/PTu69-c7bXg?si=D7rmEzTAY6PB0gTa: 26:28-27:10, 38:40-39:30
“Conflict in the Soviet Union: Black January in Azerbaidzhan”, by Robert Kushen, 1991, Human Rights Watch
“Brown Cynthia Playing the “communal Card”: Communal Violence and Human Rights”, 1995
Вячеслав Попков “Феномен этнических диаспор”, 2003
Татьяна Полоскова “Современные диаспоры: внутриполитические и международные аспекты”, 2002
Яна Здоровец “Диаспоры: представительства национальностей в Москве и их деятельность”, 2003
Салех Алиев “Кризис в Азербайджано-армянских отношениях в 90-е годы. Причины и результаты (Проблема Карабаха)”, Иран. История, экономика, культура. Памяти С. М. Алиева, 2009
Сергей Чобанян “Государственная и национальная политика Азербайджана: фальсификация и агрессия”, 1993
Бакинские армяне призывают Ереван прекратить оккупацию: (https://vestikavkaza.ru/articles/bakinskie-armane-prizyvaut-erevan-prekratit-okkupaciu.html