Bizə ta gənclik illərindən təlqin olunub ki, tənqid acı dərman kimidir, incidir, amma sağaldır. Bu fikir, deylənə görə, Çörçilə aiddir. O isə ağıllı kişi olub. Ağıllı insanlar isə axmaq söz deməzlər.

Amma və lakin tənqid də bir elmdir və onun da elə acı dərmanlar kimi növləri var, ya da olmalıdır.

Filoloq olduğum üçün ən azı ədəbi tənqiddən xəbərim var. Sovet vaxtı siyasi tənqidlərə icazə verilməsə də, ədəbi-tənqid xeyli geniş yayılmışdı. Hətta onun yanında teatr tənqidi də inkişaf edirdi. Məşhur rus tənqidçisi Belinskinin həyat və yaradıcılığı geniş öyrənilir, təbliğ olunurdu. Bizdə də Aydın Məmmədov, Kamal Abdulla, İlham Rəhimov kimi alimlər tənqidçi kimi məşhurlaşmışdılar.

Etiraf edim ki, onların televiziya çıxışlarına mən də maraqla qulaq asırdım və onlar həqiqətən dövrün ən intellektual şəxslərindən idilər. Ancaq maraqlı məqamlardan biri bu idi ki, həmin intellektuallar qaba tənqidlə məşğul olmur, hansısa yazıçının, şairin əsərini "bərbad" adlandırmır, yıxıb-sürümürdülər. Tənqid əslində təhlil xarakteri daşıyır, qüsurlarla yanaşı, məziyyətləri də göstərirdi. Digər məsələ isə, bədii əsərlərə ideoloji-tərbiyəvi yöndən yanaşılmasıydı. Belə tənqidin ədəbi prosesə faydası vardımı? Əlbəttə, vardı. Ədiblər bu məqalələri oxuyur, çıxışları dinləyir və yazdıqları yeni əsərlərdə istər-istəməz nəzərə alırdılar. Almaya da bilməzdilər, çünki ən azı ədəbi prosesdən kənarda qala bilərdilər.

Müstəqillik ərəfəsində və ondan sonra hakimiyyətə müxalif olan siyasi qurumlar yarandı və təbliğ olunmağa başlandı ki, tənqidlər olmasa, hökümət yolunu azar, işləməz, nə bilim, inkişaf olmaz-filan. Yəni tənqid inkişaf və tərəqqinin hərəkətverici qüvvəsi, stimullaşdırıcısıdır.

Bundan ruhlanan bir çox səthi, dayaz, marginal, eyni zamanda, maddiyyatçı, karyerist adamlar siyasi qurumlar yaradaraq, başladılar mövcud hakimiyyəti yerli-yersiz tənqid atəşinə tutmağa, hətta söyüb-təhqir etməyə. Bu tendensiya bu gün də davam etməkdədir. Zəmanəmizdə kim daha sərt tənqid edirsə, daha ucadan söyürsə, o "qəhrəman" sayılır.

Əvvəla, siyasi hakimiyyətə yönəlik tənqidlərin konstruktivliyi, yəni əsaslılığı nə dərəcədə doğrudur? Tənqidçilər bütün məqamlarda haqlıdırlarmı? Onlar bu tənqidləri edərkən yetərli faktlar və sübutlar ortaya qoya, fikirlərini qlobal siyasi-iqtisadi kontekstdə əsaslandırırlarmı? Tənqidlər kifayət qədər obyektiv, savadlı, bilikli və məntiqlidirmi?

Deyərdim ki, yox. Hətta kənardan ən savadlı və konstruktiv görünən tənqidin də daha çox xalqımızı, ölkəmizi və dövlətimizi sevməyən, sərvətlərimizdə gözü olan, bizi istismar edərək qanımızı sormağı hədəfləyən dairələrə sərf etdiyini görməmək mümkün deyil. Mən hələ savadsız boşboğazlıqları, əsassız ittihamları, xaricdən yağdırılan söyüşləri demirəm.

Yaxşı, bu tənqidlərin ən savadlısının belə ölkəyə, xalqa hər hansı faydası olurmu? Tənqidçilər özləri bundan hər hansı dividend, qazanc götürə bilirlərmi? Yenə də yox.

Əgər bir az dərindən diqqət yetirsək görərik ki, radikal, çılpaq, ifşaedici tənqidlərin nə onların müəlliflərinə xeyri var, nə  xalqa, nə də ölkəyə ilə dövlətə.

Təfərrüata varmaq istəmirəm, amma prosesləri ayıq başla və diqqətlə izləyən hər kəs bunu aydın görür. Bəs neyləyək? Tənqid olmasınmı? Əlbəttə ki, olsun və olmalıdır da. Ancaq tənqid həcv, təhqir, böhtan, iftira, söyüş deyil. O əsaslı olmaqla, fakt və arqumentlərə söykənməklə yanaşı, həm də səmərəli olmalıdır. Tənqidçi hər hansı bir tənqidi fikri söylərkən və yazarkən onun faydalılıq əmsalını hökmən hesablamalı, nəzərə almalıdır. Bunun xalqa, ölkəyə, dövlətə və mənim özümə hansı yararı var, yaxud olacaq? Olmayacaqsa və bundan ancaq hansısa xarici qüvvələr faydalanacaqsa, nəticədə həm vətəndaşı olduğum dövlət, həm də şəxsən özüm ziyan görəcəyəmsə, deməli, bunu yazmamalı və deməməliyəm. Ən azından publik şəkildə və düzgün məqam yetişməyənə qədər.

Əgər problem səni çox narahat edirsə, bu haqda müvafiq strukturlara, yüksək instansiyalara məlumat vermək, şikayət yazmaq olar. Əminəm ki, bunun faydası özünə "beynəlxalq" deyən xarici qurumlara yazılan donoslardan daha çox olar. Həm dar, həm də geniş mənada. Bunu şəxsi təcrübəmdən bilirəm. Sizlərə bu haqda məlumat vermişəm.

Siyasi hakimiyyəti, dövlət başçısını publik şəkildə tənqid edən şəxs, qurum, siyasi partiya avtomatik olaraq xarici qüvvələrin, imperialist neomüstəmləkəçilərin əlinə oynayır.

Hətta özünü müxalifətçi saymayan, bitərəf hesab edən vətəndaş, ziyalı da bunu edəndə avtomatik olaraq xaricin əlinə oynayan həmin müxalif qrupun sıralarına qoşulmuş olur. Bəlkə də, özü bunun fərqinə varmır, ancaq düşünürəm ki, gec-tez həqiqət ona aydın olur. Nə özü bundan nəsə qazanır, nə də xalqı, amma həmin qüvvələrə nəsə qazandırmış olur. Elə bu səbəbdən həmin müxalif dairələr özünü bitərəf sayan ziyalının hər hansı tənqidi fikrini göydə qamarlayır, fikirlərini tirajlayırlar. Susanları isə suçlayır, linç edir, cəmiyyətdə gözdən salmağa çalışırlar.

Düşünürəm ki, problemlərimizi daxili əməkdaşlıq, dialoqlar vasitəsilə həll etməliyik. Dövlətin müvafiq strukturları siyasi partiyalar, ictimai təşkilatlarla görüşüb, əməkdaşlıq etdikləri kimi, ziyalıları da belə görüşlərə dəvət etməli, onları dinləməli, onlarla profilaktik iş aparmalı, problemlərin həlli yollarının tapılmasında birgə səylər göstərməlidirlər.

Nadir Qocabəyli

Globkom.info