Bəzi deputatlar, yazıçılar Azərbaycan millisinin Belarus millisinə məğlubiyyəti barədə elə yazır,  hay-küy qoparırlar ki, sanki millimiz və ya hansısa klubumuz nə vaxtsa əla, baxınaqlı oyun göstəriblər və hazırkı durum bunlarda təəccüb doğurub. Bədbəxtlər, bu məmləkətin futbolu 33 ildir ki, bu vəziyyətdədir, siz indi oyanmısız.

Deputatlar Azərbaycanın əsas komandasının Belarus yığmasından zəif olduğunu deyirlər. Doğru iraddır, amma nəzərə alaq ki, bizim deputatlar da belaruslu deputatlardan zəif deputatlardır.Yazıçılar da həmçinin millimizin Belarus millisinə nisbətən zəif təsir bağışladığını qeyd edirlər. Toral Bayramov kimi burda susacam, cavab verməyəcəm...

Məleykə Abbaszadənin yazıçıları imtahan etmək replikası çoxunda gülüş, qəzəb yaratmışdı. Nəinki yazıçıları, deputatları da imtahan etmək lazımdır. Dünən biri böyük yazı yazmışdı, Belarusun adını Belorus kimi göstərmişdi...

Qeyd etdiyim hər iki zümrə Santuşu qınayır, bir deputat onun aldığı maaşı önə çəkir, normal maaşa yerli mütəxəssislə müqavilə bağlamağı tövsiyyə edir, bu işlərin başında kimin dayanmasını, Santuşun bura gəlməyində kimlərin maraqlı olduğunu müəmma kimi qeyd edir.

Ay millət, Santuşda heç bir günah yoxdur, bunu birdəfəlik bilin. Bu ölkədə futbolçu yoxdur, bütün sahələr iflic olduğu kimi futbol da həmin vəziyyətindədir. Santuşu bizə "Beşiktaş" soxub, "qara qartallar" ona müqavilə ilə ödəməli təzminatın əvəzinə bizi iş yeri kimi ona təklif edib, o da razılaşıb. Qardaşıq da. Qardaşımızın yerinə "şot" vermişik Burda nə var ki?!

Yerli mütəxəssis deyirsiz. Onda adını çəkin! Şahin Diniyev, Arif Əsadov, Samir Əliyev daha kim?!... Amma belaruslu Viktor Qonçarenko özünü həm doğma Belarus elitasında, həm başqa ölkənin çempionatında, həm də Çempionlar Liqasında illərlə sübut edib. Belaruslu mütəxəssis barədə uzunçuluq etməyik iki faktı qeyd edəcəm.  Adam 6 il sükanı arxasında olduğu BATE 5 dəfə avrokubokların (3-ü Çempionlar Liqasında (ÇL)) qrupunda yer alıb. O, 2008-ci ildə ÇL turnirində ən gənc baş məşqşi kimi tarixə düşüb və bu göstəricini hələlik təkrarlayan olmayıb. Həmçinin Qonçarenko Rusiyada da uğur qazanan baş məşqçidir. Müqayisə aparsaq, avrokubokların qrupuna vəsiqəni təmin edən ilk təmsilçimiz “Neftçi” yalnız 2012-ci ildə bunu bacarıb. Eləcə də bu gün ölkənin “1 nömrə”li məşqçisi hesab olunan Qurban Qurbanov "Qarabağ"dan başqa hansı klubda nəaliyyətlər qazanıb və ölkə xaricində nə vaxt məşqçi karyerasına qədəm qoyacaq?! Sözüm o ki, Qonçarenko kimi nəaliyyətləri bol olan mütəxəssis belə Belarus millisinin sükanı arxası gətirilməyib. Demək ki, məsələ məşqçinin yerli və ya əcnəbi olmasında yox, ölkə futbolun hansı səviyyədə olmasındadır.

Bəzi vəzifəlilər "Santuş yüksək maaş alır" deməklə onu qınayır. Deputatlar da yüksək maaş alır və Milli Məclis futbolumuzdan da yaman gündədir. Futbolumuzun müəmması deputat mandatı müəmması ilə eyni səviyyədədir, burda yalnız bir şey hamıya aydındır: futbolçular futbolu şortiklə oynayırlar, deputat mandatının da yolu tursikdən keçir. Hər ikisi nə isə natəmiz məsələdir...

Son olaraq, ay deputat, ay yazıçı, paytaxtımızın bir neçə yerində Belarusun "Belaruski" ərzaq mağazası fəaliyyət göstərir. İmkanınız olanda ora gedib bir banka və ya bir paket Belarus smetanı alın, sonra da girin bizim gözoxşaan “Bravo”, “OBA”, “Bolmart”, “Araz” ticarət mərkəzlərindən Azərbaycan istehsalı olan bir smetan alın. Evinizə, nuşicanlılıqla hər ikisinin dadına baxın. Onda, başa düşəcəksiz ki, bizim futbolumuz niyə bu gündədir...

SARVAN KƏRİMOV

Globkom.info