
I Liqanın XXII turunda “İmişli” doğma divarlar arasında çempionatın vahid lideri “Qəbələ”ni məğlub etdi. Bu “qırmızı-qaralar”ın mövsümdə ilk məğlubiyyəti oldu. Həm qarşılaşma, həm də qarşıdakı hədəflərlə bağlı İmişli təmsilçisinin futbolçusu Seyxan Fərəcov Globkom.info – a müsahibə verdi.
- Çempionatın dominantı və vahid lideri "Qəbələ"ni məğlub etməklə sensasiyaya imza atdız. Matçla bağlı fikirlərin maraqlıdır...
- Rəqibdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. “Qəbələ” ilə oyuna isə motivasiyamız ikiqat olur. Hamımız bu qarşılaşmada qalib gəlmək istəyirdik. Həm də çoxdan azarkeşlərimizin önündə oynamamışdıq. Fanatlarımızı sevindirmək istəyirdik. Şükür Allaha ki, bu bizə nəsib oldu. İmişli futbolsevərləri bizə əlavə güc və inam verdi. Onlar əsl “12-ci oyunçu”durlar.
- İkinci pilləyə yüksəldiz, bundan sonrakı məqsədiniz mövcud yerinizi qorumaqmı olacaq?
- Çempionat başlamazdan əvvəl məqsədimiz çempionluq idi. Amma bəzi lazımsız xal itkiləri səbəbilə bu şansımız azaldı. İndi əsas hədəfimiz Premyer Liqaya yüksəlməkdir və bunu da ikinci yer olaraq reallaşdırmaq istəyirik.
- Son 5 oyunda motivasiyanız nə olacaq?
- Qalan 5 oyunun hamısında qalib gəlmək istəyirik. Şəxsi motivasiyama gəldikdə isə, mövsümü bombardir kimi başa vurmaq arzusundayam. Amma hər şey Allahdandır, xeyirlisi nədirsə o da reallaşacaq.
- Mövsümün sonuna bir şey qalmayıb, karyeranı harda davam etdirəcəksən?
- “İmişli”yə gəlməmişdən əvvəl əsas məqsədim Premyer Liqaya yüksəlmək idi. İnşallah, bu komanda ilə birlikdə hədəfimə çatıb, elitada öz sözümü demək istəyirəm. Özümə inanıram və bilirəm ki, orada da qol seriyamı davam etdirəcəyəm
- Yetirməsi olduğun "Qarabağ" Azərbaycan derbisində "Neftçi"ni məğlub etdi. Matçla bağlı nə deyərdin?
- Əslində, mən “Qarabağ”ın yox, “İnter”in (hazırkı “Şamaxı”nı nəzərdə tutur – red. A.İ) yetirməsiyəm. Ağdam təmsilçisində isə 3 il əvəzedici heyətdə çıxış etmiş, hətta kapitanlıq sarğısını da daşımışam. “Süvarilər”in əsas komandasıyla həm yoldaşlıq oyunlarında, həm də məşqlərdə iştirak etmişəm və orada da qollar vurmuşam. “Qarabağ” – “Neftçi” oyunu ağdamlılar üçün çempionluq yolunda vacib matç idi və onlar sınaqdan uğurla keçdilər və hegemonluqlarını davam etdirirlər.
ABDULLA İSMAYILOĞLU
Globkom.info