Onun bolşevik kimi formalaşması

Ağamalıoğlunun 1919-cu ilin ortalarından başlayaraq marksist ədəbiyyatı ilə yaxından tanış olması, kommunist (bolşevik red. - Əli Novruzov) “hümmət”çilərlə birgə işləməsi, fəhlə-kəndli mühiti içərisində olması, Müsavat hökumətinin xalqa zidd siyasətinin mahiyyətini dərindən dərk etməsi, bir-birini buraxan Azərbaycan hökumətinin ingilispərəst mövqeyi, həmin iqtidarların bütün saxtakarlığı onun dünyagörüşündə, ideologiyasında böyük dəyişiklik yaratdı. Nəticədə o, kommunistlərlə daha da yaxınlaşdı. Ağamalıoğlu sonralar bunu xatırladaraq yazmışdır: “Ancaq 1919-cu ilin ortalarından, bolşevik ədəbiyyatı və Sovet Rusiyasındakı quruluşla lazımınca tanış olduqdan sonra mən artıq proletar inqilabının böyük mahiyyətini və proletariat diktaturası formasını başa düşə bildim. O vaxta kimi isə mən, partiya proqramlarından daha çox öz əqlimlə, kortəbii surətdə hərəkət edirdim” (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond. 1, siyahı. 85, iş. 298, vərəq.38; Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu (Bioqrafik oçerk)”. Azərnəşr, 1966 s.9).

Ağamalıoğlunun bolşevik kimi formalaşmasında 1919-cu ilin dekabrında Müsavat hökumətinin Azərbaycanı İrana konfederativ formada birləşdirməyə çalışması, mövcud iqtidarın general Denikin təhlükəsinə qarşı Sovet Rusiyası ilə ittifaq bağlamaması, onların həddindən artıq ingilispərəst siyasət yeritməsi və 1919-cu ilin dekabrında parlament böhranına səbəb olması kimi məsələlər mühüm rol oynayırdı.

Konfederasiya məsələsinə toxunan zaman qeyd etmək lazımdır ki, İtaliya Hərbi Missiyası 1919-cu ilin dekabrın əvvəllərində Bakıya gəldiyi vaxt Müsavat hökumətinin nümayəndələri Parisdə İran nümayəndə heyətinə İranla konfederasiya formasında birləşməyi təklif etmişdilər. Müsavat iqtidarının Böyük Britaniyanın protektoratı formasında İran ilə birləşmə qərarı Azərbaycan parlamentində Səməd Ağamalıoğlunun daxil olduğu Sosialistlər fraksiyasının həmin qərara qarşı güclü blok yaratması, İran parlamentindəki millətçi və sosialistlərin, o cümlədən Məhəmməd Xiyabaninin Böyük Britaniyanın protektoriatlığı altında olan Azərbaycan ilə birləşmək istəməməsinə görə baş tutmadı. Bununla yanaşı 1919-cu ilin avqustunda rəsmi London ilə Qacar İranı arasında imzalanan müqavilənin İran parlamentində təsdiq edilməməsi də yuxarıda qeyd olunan planın reallaşmasına imkan vermədi (No. 615 Earl Curzon to Mr.Wardrop (Tiflis) No.141 Telegraphic [162638/1015/58], FOREIGN OFFICE, December 20, 1919; AMEA “Azərbaycan Xalq Cümhuriyyəti Böyük Britaniya Arxiv sənədlərində”, 2008 p.733; Tadeuş Svetoxovski “Rusiya və Azərbaycan:Sərhədyanı bölgə keçid dövründə”, 2000 s.114-115; Tadeusz Swietochowski “Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı. 1905-1920”, 1985  s.209; Frederick Starr “The legacy of history in Russia and the new states of Eurasia” , 1994 p.282).

1919-cu ilin axırlarından Azərbaycanda Müsavat üsul-idarəsi dərin iqtisadi və siyasi böhran keçirməyə başladı. Fəhlə sinfinin və kəndlilərin gündən-günə artmaqda olan inqilabi mübarizəsi qarşısında aciz qalan Müsavat iqtidarı öz ümidini yerli irticaçı qüvvələrə və ağqvardiyaçı Denikinə bağlamışdı. Qızıl Ordu tərəfindən məğlubiyyətə uğradılan Denikin Rusiyanın cənubunda möhkəmlənmək niyyətində idi. Azərbaycan Denikin ordusu tərəfindən işğal olunmaq təhlükəsi qarşısında qalmışdı. Müsavat hökuməti Denikinə qarşı mübarizə aparmaq, təhlükənin qarşısını almaq üçün nəinki heç bir əməli tədbir görmürdü, hətta Denikinə kömək də göstərirdi. Məsələn, Müsavatın sol fraksiyasının üzvü, Azərbaycan parlamentinin deputatı Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabında RSFSR Xarici İşlər Komissarı Çiçerinin Azərbaycan xarici işlər naziri Fətəli xan Xoyskiyə notalar göndərdiyi bir vaxtda (1920-ci ilin yanvar-mart aylarının aralığında) Qızıl Ordu tərəfindən darmadağın edilən ağqvardiyaçılara Azərbaycan hökuməti tərəfindən siyasi sığınacaq verildiyini və Denikin zabitlərinin Azərbaycan Ordusunda hərbi xidmətə qəbul edildiyini qeyd edirdi: “Bu notalar təati edildiyi sırada Denikin ordusunun bolşeviklərdən qaçan bəqiyyəsi, Kaspi filosu ilə bərabər, Bakı limanına iltica ediyordu. Bir az əvvəl, 1828 sənəsində, münəqid “Türkmənçay” müahidəsinə istinadən, Azərbaycana müraciətlə Kaspi dənizində Rusiya bandirasından başqa bir bandiraya təhəmmül edəmiyəcəyini söyləyən qüvvət şimdi protesto etdiyi bayrağın sayəyi-əmanına sığınıyordu. Bu surətdə Denikin filo və ordusundan bir qismi hüquqi-beynəldüvəl məvaddincə silahını tərklə Azərbaycan hökumətinə iltica ediyordu” (Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti”, 1990 s.86-87). Rusiya tarixçisi Vsevolod Veselov da “Bolşeviklər Azərbaycanda (aprel-iyun 1920-ci il)” monoqrafiyasında 1920-ci ilin aprelində Bakıya interna edilən ağqvardiyaçı rus zabitlərinin bir hissəsinin siyasi sığınacaq alaraq Azərbaycan Ordusuna qoşulması ilə bağlı arxiv sənədlərinə istinadən maraqlı faktları qeyd edib: “Denikin ordusunun bir hissəsi dəniz marşrutu ilə İrana – Ənzəliyə getdi. General Daniyel Pavloviç Drasenko və kontr-admiral Appolinar İvanoviç Sergeyevin sərəncamındakı hissələr Bakıda interna edildi. Dratsenkonun rəhbərlik etdiyi korpusunun silahları Azərbaycan Demokratik Respublikasının əlinə keçdi. Sergeyev öz zabitlərinə Azərbaycan ordusuna qoşulmağa icazə verdi. Buna rəğmən onların əksəriyyəti Krımdakı general Vrangelin sərəncamına keçməyə can atırdılar”. (Всеволод Веселов “Большевики в Азербайджане (апрель - июнь 1920)” 2021 c. 24).

Bundan başqa Müsavatın hökumət nümayəndələri də Denikinlə gizli danışıqlar aparırdılar:Sovet Rusiyasına qarşı müharibə aparmaq üçün “Metropoliten” mehmanxanasında general Tomsonun iştirakı ilə Fətəli xan Xoyski və Nəsib bəy Usubbəyov arasında sazişin imzalanması məsələsidir. Məlumatı təsdiq etmək məqsədilə menşevik “Hümmət” fraksiyasından, parlament deputatı Əliheydər Qarayev Fətəli xan Xoyskinin evindəki aşpaz xanımla münasibət yaradır və bir axşam ev sahibləri teatr tamaşasına gedərkən baş nazirin evinə gələrək dostu aşpaz xanımı içirdir və Fətəli xanın evindəki seyfdən A. Denikinlə bağlanan müqaviləni ələ keçirərək üzünü köçürür. Sabahı Ə. Qarayev parlament iclası zamanı F. Xoyskidən A. Denikinlə arasında hər hansı bir müqavilə bağlanıb bağlanılmadığını soruşur. Baş nazirdən mənfi cavab alan Ə. Qarayev gecə ikən surətini çoxaltdığı müqavilənin nüsxəsini parlament üzvləri arasında yayır və beləliklə də baş naziri pis vəziyyətə salmış olur (Şəlalə Məmmədova “Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində”, 2020 s.133).

Ağamalıoğlu parlamentdə çıxış edən zaman Denikin təhlükəsinə qarşı heç bir təsirli tədbir görməyən Müsavat hökumətini kəskin tənqid etdi.

Denikinə qarşı mübarizədə ittifaq bağlayıb birgə hərbi əməliyyat aparmaq haqqında RSFSR hökumətinin notası parlamentdə müzakirə edilən zaman Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri Xəlil bəy Xasməmmədov dedi: “Bolşeviklərlə ittifaq bağlamaq mümkün olan şey deyildir”. Onun replikasına S. Ağamalıoğlu ucadan belə cavab vermişdir: “Bu doğrudur ki, bolşeviklərlə ittifaq bağlamaq müsavatçılar üçün çətin bir şeydir. Məgər Müsavat hökumətini saxlamaq çox vacibdirmi? Ölkəni şuralaşdırarıq qurtarıb gedər” (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond. 1, siyahı. 85, iş. 298, vərəq.138; Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu (Bioqrafik oçerk)”. Azərnəşr, 1966 s.10).

Ağamalıoğlunun siyasi dünyagörüşündə bolşevizmə doğru təkamülün səbəblərindən biri də 1920-ci ilin yanvarında Azərbaycan parlamentində Müsavat partiyasının yol verdiyi saxtakarlıq idi. Dövrün sosial-demokratyönümlü mətbuat orqanlarından biri olan “Doğru yol” qəzeti 4 yanvar 1920-ci il tarixli 5 nömrəli sayında Azərbaycan tarixində qalmaqalla yadda qalan və parlament böhranı ilə bağlı məlumat verir. Beləki, qəzetdə verilən məlumata görə parlament sədri, Müsavatın sağ qanadının üzvü Həsən bəy Ağayevin saxtakarlıq edərək vəzifə kürsündə zorla qalmağa çalışması Müsavat istisna olmaqla bütün sol və sağ partiyalar (Sosialistlər, İttihat və Əhrar partiyaları) tərəfindən etirazla qarşılanmışdır. Ağamalıoğlunun da daxil olduğu Sosialistlər fraksiyası Ağayevin bu hərəkətinə etiraz edərək ona (Həsən bəy Ağayevə red. - Ə. Novruzov) öz etimadsızlıqlarını bildirmişdilər. Qəzetdə verilən məlumata görə zorla vəzifədə qalmağa çalışmasına görə Ağayevə yalnız Müsavat və Daşnak partiyalarının dəstək vermişdilər. Qəzetdən bəzi fraqmentləri nəzərinizə çatdırırıram: “Parlamanlar tarixində çox böyük qalmaqallar olmuş və hətta yumruq davası dəxi görülmüş, lakin böylə bir hərəkət görülməmiş. İnanılmayan bir şəxsin, əfkari-ümumiyyə tərəfindən rədd olunması tələb olunan bir şəxsin zorla sədarətdə qalması xariqüladə bir şey olub və böhrana bizi yetişdirəcək bir hərəkətdir. Biz zənn edirdik ki, Ağayev həzrətləri kəndisi vəzifəsindən istefa verəcək, lakin böylə olmadı. Ağlayaraq məbuslara: “Yenə inanmıyorlar!”- deyə şikayət ediyor və kəndisini demokrat firqəsi adlandıran müsavatçı böylə bir hərəkəti alqışlıyor. Müsavat böylə hərəkəti ilə kəndisi nədən mürəkkəb olduğunu göstərir. İştə, bu böhran nasıl olacaqdır və bunun nəticəsi nə olacaqdır? Sosialistlər, ittihatçılar və əhrarçılar divani-rəyasətdə Agayevlə iştirakı qəbul etmədilər. Müsavatın qabağında imdi iki yol var: yainki Ağayevi baş sədr müavini vermək və yainki qeyri-firqələrlə iştirak edərək divani-rəyasət intixab etmək. Müsavatın şimdiyə kibi yürütdüyü hərəkətdən böylə görünür ki, şəxsi mənfəət üçün vətənin mənfəətini qurban verməyə hazırdırlar. Gələcək günlər və yürüdəcəkləri  xalqa bu firqənin nə olduğunu göstərəcəkdir və xalq bilməliydi ki, bu bir təsadüfən vaqe olmuş böhran deyil deyil, bu böhranın dərin səbəbləri vardır və Müsavat böylə hərəkətdə və siyasətdə daima qalacaqdır” (“Doğru yol”, birinci sənə şənbə, 11 rəbiülaxir sənə 1338/4 yanvar 1920, nömrə 5 s. 1-2).

Ağamalıoğlunun bolşevik kimi formalaşmasında torpaq məsələsinin Müsavat hökuməti tərəfindən yubadılması və həll edilməməsi də mühüm rol oynayırdı. Belə ki, 1920-ci ildə keçirilən parlament iclaslarının birində Ağamalıoğlunun Ərəş qəzasının Beydulla kəndinin sakinlərinin çar hökuməti dövründə ələ keçirilmiş 100 desyatin torpaq sahəsinin kəndlilərə geri qaytarılması üçün apardığı mübarizədə də görmək olar. Onun bu mübarizəsi zamanı bəlli olur ki, Müsavat parlamenti heç də ölkə əhalisinin mütləq çoxluğunu təşkil edən kəndlilərin deyil, az bir hissəsini təşkil edən mülkədarların mənafeyini müdafiə edir. Bu məsələ ilə bağlı Azərbaycan parlamentinin stenoqrafik hesabatlarında məlumat yoxdur. Alternativ olaraq Azərbaycan Respublikası  Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində olan sənədə istinad edək: “Məsələn belə bir hadisə oldu; mülkədar Sultanovlar hələ çar hakimiyyəti dövründə hiylə və fitnə ilə məhkəmə vasitəsilə Beydulla kəndində (Ərəş qəzasında) 100 desyatin kəndli torpağını ələ keçirmişdilər. Kəndlilər belə təsəvvür edirdilər ki, indi artıq onların parlamenti var və bu məsələni parlamentin müzakirəsinə verə bilərlər. Əlbəttə, bu məsələnin vilayət məhkəməsinə aid olmasına baxmayaraq, biz bunu müzakirə üçün parlamentə keçirdik... Bu məsələnin müzakirəsində həmin kənddən və başqa kəndlərdən də kəndlilər iştirak edirdilər. Mən kəndlilərin mövqeyini müdafiə edirdim. Lakin səsvermədə məsələ rədd edildi. Tənəffüs vaxtı kədərlənmiş kəndlilər mənə yaxınlaşaraq soruşdular: “Bəs bundan sonra necə olacaq?”-“Bundan sonrakı sizdən asılıdır”-deyə mən əsəbi halda cavab verdim. Bu vaxt bizə həyasızcasına gülümsəyən bir bəy yaxınlaşaraq dedi: “Bilirsən Səmədağa, əgər bir yox, yüz parlament yığışarsa, mənim torpağımı ala bilməz”. Bu həyasızın sözündən müvazinətimi itirmiş halda cavab verdim: “Bir vaxt gələr, həm də lap yaxınlarda, nəinki torpağını verərsən, hətta indiki həyacanlanmış kəndlilərin qəzəbindən qurtarmaq üçün arvadını və uşaqlarını tullayıb qaçarsan”.

“Sonra mən parlament üzvlərinin toplaşdığı yerdə üzümü kəndlilərə tutub dedim: “Gedin özünüzkülərə deyin və hamıya söyləyin ki, kəndlilər öz torpaq işləri üçün daha parlamentə gəlməsinlər, öz baltalarını, xəncərlərini itiləsinlər, tüfənglərini sazlasınlar... Başa düşdünüzmü? Kəndlilər fikrə gedib ciddiyətlə cavab verdilər: “aydındır” (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond. 1, siyahı. 85, iş. 298, vərəq.127-129).

Ağamalıoğlunun Azərbaycanın mövcud hökumətinin Versal Ali konfransı tərəfindən de-fakto tanınması məsələsinə fərqli cür yanaşırdı. Ona görə Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyinin de-fakto tanınmasında Britaniya demokratiyası əsas rol oynayırdı:

“İndi deyirlər ki, Antantadan kağız gəldi. Bizim istiqaliyyətimizi təsdiq elədi. Amma, məncə bu işləri görən İngiltərə demokratiyasıdır. O, demokratiya ki, ingilislərin Qafqaziyadan qoşununu geri çəkməyi tələb etdi. Budur ki, deyirəm, yaşasın o demokratiya ki, Azərbaycanın istiqlaliyyətinin təsdiqinə səbəb olmuşdur” Azərbaycan Xalq Cümhuriyyəti. Parlament (1918-1920): Stenoqrafik hesabatlar,  II cild”. Bakı-1998 s.553-554). Ağamalıoğlunun Azərbaycanın istiqlaliyyətinin tanınması məsələsinə barədə danışaq. Versal Ali Şurası Azərbaycan və Gürcüstan cümhuriyyətlərini de-fakto tanımaqla bağlı qərar versə də, əsas tanınma de-yure tanınmadılar. Lakin Azərbaycan Cümhuriyyəti heç vaxt nə Antanta dövlətləri, nə də RSFSR tərəfindən de-yure respublika kimi tanınmadı (Zaur Əliyev “İrəvan 100”, 2018  s. 67).  Əlavə olaraq Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması Britaniyanın Sovet Rusiyası ilə Mustafa Kamal paşanın rəhbərlik etdiyi TBMM yaxınlaşmasının qarşısını almaq, Bakı neftinə nəzarəti yenidən ələ keçirmək, son nəticədə Azərbaycanı öz iqtisadi müstəmləkəsində saxlamaq niyyətindən başqa bir şey deyildi. 1920-ci ilin yanvarında Azərbaycan ilə Gürcüstanın de-fakto tanınması Britaniya imperiyasının neo-müstəmləkəçi layihəsi olan “Qafqaz səddi” adlı planın bir parçası idi (Mehmet Perinçek “Kafkasyada Türk-Sovyet Askeri İşbirliği (1919-1922)”. Kaynak Yayınları-2021 s.28-29). “Qafqaz səddi” layihəsi ilə bağlı ətraflı şəkildə növbəti yazımda məlumat verəcəm.

Ağamalıoğlunun “Azərbaycandan ingilis qoşunlarının çıxarılmasında Britaniya demokratiyasının rolu”nun olması ilə bağlı fikirlərini dəyərləndirsək bu qənaətə gələ bilərik ki, görkəmli sosialist ya bir bolşevik kimi hələ tam formalaşa bilməmiş, ya da Britaniya imperiyasının region üzərindəki ağalığını dərk edərək məxsus olduğu menşevik fraksiyası nəzərindən məsələyə yanaşmışdır. Lakin qeyd etmək lazımdır ki, 1919-cu ilin avqustunda ingilis qoşunlarının Azərbaycandan çıxarılması, Britaniyanın beynəlxalq vəziyyəti, Azərbaycanın İtaliya mandatlığına verilməsi məsələsi və Bakıda dislokasiya edilmiş ingilis əsgərləri arasında bolşevik təbliğatının getdikdə sürətlə yayılması ilə bağlı idi (Tadeusz Swietochowski “Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı”. 1905-1920, 1985 s.37; П.Дарабади,Военно-политическая история Азербайджана (1917-1920 годы), 2013 s.44). Xüsusilə vurğulamaq lazımdır ki, Ağamalıoğlu özü də 1920-ci ilin yanvarında parlamentdəki çıxışlarının birində Azərbaycanın müstəqillik qazanmasının heç də Antanta ilə bağlı deyil, 1917-ci ildə Rusiyada baş verən bolşevik inqilabı ilə əlaqələndirir, eyni zamanda Azərbaycanda qısa müddət ərzində inqilabi proseslərin baş verəcəyini qeyd edirdi: “Böyük proletar inqilabı dünya inkişafını əzilən xalqları azad etmək istiqamətinə doğru yönəltdi... Tarix öz qanunu ilə, öz yolu ilə gedir... Elə bir məsəl var: “dəyirman bildiyini edir, çaq-çaq isə baş ağrıdır”. Necə ki, hal-hazırda tarix öz işini görür. Vilson, Lyord Corc, Puankare və sair “böyüklər” isə baş ağrıdırlar... Biz inqilabdan və onun bizim respublikada edəcəyi partlayışdan qorxmuruq, ona görə ki, biz çox yaxşı bilirik ki, kim məhv olacaqdır. Tarix nə edərsə ona heyfslənməyəcəyik...Yaşasın inqilab! Yaşasın həqiqi xalqlar azadlığı!” (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond. 1, siyahı. 85, iş. 298, vərəq.119-120).

Ağamalıoğlunun bolşevik kimi formalaşmasında onun erməni-azərbaycanlı münaqişəsinə olan baxışlarının da mühüm rolu var idi. Sosialist deputatın 9 mart 1920-ci ildə Azərbaycan parlamentinin 132-ci iclasında etdiyi çıxışı zamanı daşnakların Qarsın türk-müsəlman əhalisinin qətliamlara məruz qoyduğuna əsil beynəlmiləlçilik mövqeyindən yanaşaraq bu qətliamların nə müsəlman, nə də erməni əhalisinə bir faydasının olmadığını və millətlər arasında ədavət törədən şəxslərin millətin başlıca düşməni olduğunu vurğulayırdı: “Mən ancaq bir söz demək istəyirəm ki, bu qovğalar, bu qanlar və bu fəlakətlərdən erməni camaatının da, müsəlman camaatının da xeyri yoxdur. Tarixə baxsanız, görərsiniz ki, neçə ildir ki, erməni və müsəlman bir-birilərinə düşməndir. Bu düşmənçiliyi gözümüzün önündə, 1905-ci ildə rus hökuməti yaratdı. Çünki ona öylə lazım idi. Mən öylə bilirəm ki, o şəxslər ki, milləti qızışdırır, o şəxslər millətin düşmənidir” (“Azərbaycan Xalq Cümhuriyyəti. Parlament (1918-1920): Stenoqrafik hesabatlar,  II cild”. Bakı-1998 s.629).

Azərbaycanda daxili-iqtisadi böhranın dərinləşməsi, Müsavat hökumətinin yarıtmazlığı, Azərbaycanın beynəlxalq vəziyyəti və Rusiyada yeni sosialist modelli cəmiyyətinin formalaşması 1920-ci ilin aprelinə doğru Ağamalıoğlunun siyasi dünyagörüşünün bolşevizm diskursu əsasında tam formalaşıb başa çatmasına öz təsirini göstərdi. Belə ki, mübariz sosialist 27 aprel 1920-ci ildə Azərbaycan parlamentinin son iclasında etdiyi çıxışı zamanı Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov başda olmaqla Müsavat hökumətinin yarıtmazlığını kəskin tənqid edir və hökumətin xalqla öz arasında uçurum yaratdığını vurğulayırdı. Ağamalıoğlu eyni zamanda Azərbaycanda hakimiyyət dəyişikliyi olduğunu, bəylərin və xanların maraqlarını müdafiə edən Müsavat hökumətinin ölkənin böyük hissəsini təşkil edən kəndlilərin və fəhlələrin maraqlarını müdafiə edən Nəriman Nərimanovun rəhbərlik etdiyi yeni Azərbaycan Şura Cümhuriyyəti ilə əvəz edildiyini qeyd edirdi: “Heç kim heç bir müqavimət göstərməyə cəsarət etməyəcək, şəhəri yerlə-yeksan etməyə, boş yerə günahsızların qanını tökməyə cəsarət etməyəcək. Bir damla qan deyil. Bəs nə üçün? Çünki hakimiyyət dəyişikliyi var və Usubbəyovun, Xoyskinin və digər parazit və avara tərəfdarlarının (qeyd: bu, mülkədarlar və burjuaziya deməkdir) yerinə Nərimanov, Mirzə Davud və başqaları, yəni fəhlələr və kəndlilərin mənafelərini müdafiə edənlər hakimiyyətdə olacaqlar. Kim müqavimət göstərməyə cəsarət edər...Biz tələsməliyik - vaxt qiymətlidir” (Всеволод Веселов “Большевики в Азербайджане (апрель - июнь 1920)”, 2021 c. 74). “Qeyd etmək lazımdır ki, 27 aprel 1920-ci ildə hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə təhvil verilməsinin tərəfdarlarından biri də Səmədağa Ağamalıoğlunun daxil olduğu Sosialistlər fraksiyası idi” (Н.Агамалиева, Р.Худиев “Азербайджанская Республи­ка. Страницы политической истории 1918-1920 гг”, 1994  s.93). Hakimiyyətin səs çoxluğu ilə Nəriman Nərimanovun sədrlik etdiyi Azərbaycan İnqilab Komitəsinə təhvil verilməsi ilə bağlı qərar qəbul edildikdən sonra Ağamalıoğlunun yerindən qalxaraq bərkdən “Vəssalam! Bazar bağlandı” ifadəsini işlətməsi də Azərbaycanda parlamentarizmin mahiyyətini tam çılpaqlığı ilə göstərmiş olur (Manaf F. Süleymanov “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim”, 1987 s.78).

 

ƏLİ NOVRUZOV

 

 

İstifadə olunan ədəbiyyat

 

Arxiv sənədləri

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond. 1, siyahı. 85, iş. 298

No. 615 Earl Curzon to Mr.Wardrop (Tiflis) No.141 Telegraphic [162638/1015/58], FOREIGN OFFICE, December 20, 1919

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond. 1, siyahı. 85, iş. 298, vərəq.138

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond. 1, siyahı. 85, iş. 298, vərəq.127-129

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond. 1, siyahı. 85, iş. 298, vərəq.119-120

 

Kitablar

Xəlil Nəcəfov “Səmədağa Ağamalıoğlu (Bioqrafik oçerk)”. Azərnəşr, 1966

AMEA “Azərbaycan Xalq Cümhuriyyəti Böyük Britaniya Arxiv sənədlərində”, 2008

Tadeuş Svetoxovski “Rusiya və Azərbaycan:Sərhədyanı bölgə keçid dövründə”, 2000

Tadeusz Swietochowski “Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı”. 1905-1920, 1985

Frederick Starr “The legacy of history in Russia and the new states of Eurasia”, 1994

Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti”, 1990

Всеволод Веселов “Большевики в Азербайджане (апрель - июнь 1920)”, 2021

Şəlalə Məmmədova “Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində”, 2020

“Azərbaycan Xalq Cümhuriyyəti. Parlament (1918-1920): Stenoqrafik hesabatlar,  II cild”. Bakı-1998

Zaur Əliyev “İrəvan 100”, 2018

Mehmet Perinçek “Kafkasyada Türk-Sovyet Askeri İşbirliği (1919-1922)”. Kaynak Yayınları-2021

Парвин Дарабади “Военно-политическая история Азербайджана (1917-1920 годы)”, 2013

Н.Агамалиева, Р.Худиев “Азербайджанская Республи­ка. Страницы политической истории 1918-1920 гг”, 1994

Manaf F. Süleymanov “Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim”, 1987

Qəzet materialları

“Doğru yol”, birinci sənə şənbə, 11 rəbiülaxir sənə 1338/4 yanvar 1920, nömrə 5