
1988-90-cı illərdə Azərbaycanda populistlik etmək üçün Qarabağ mövzusu, Rusiyaya düşmənçilik, etnik ruslara qarşı rusafobiya, rus dilini aşağılamaq kimi mövzular
göydən düşmə xurma oldu. İki kəlməni üst-üstə qoyub danışa bilməyib də, özünü “dahi siyasətçi”lərin də yapışacağı, tutunacağı başqa mövzular olmadığında rusafobluq sırasına qoşuldular.
Amma 2020-ci ildə Qarabağ dərdimiz bitdi. Tarixi torpağımızı ermənilərdən geri aldıq.
Qaldı rusofobiya. Bircə bu ruscanı da qadağan etsəydilər, rus dilində təhsili ləğv etsəydilər, ümumiyyətlə Rusiya ilə Azərbaycan arasında hündür hasar çəksəydilər, canımız qurtarardı… Mənə çox maraqlıdır, bu cahil yığını rusafobiya dəftərini bağladıqdan sonra hansı mövzularla camaatın diqqətini cəlb edəcəklər?
Unun qiyməti artdı. Ölkədə başlıca problem, gündəm mövzusu bu olmalı olduğu halda, deputat kürsüsündə oturanlar, əsas da Tənzilə Rüstəmxanlı növbəti, min neçənci dəfə rusca təhsil söhbətini gündəmin ortasına atdılar. Əlinizdə deyil? Rusca təhsili bağlayın birdəfəlik, bitsin. Keçək ayrı mövzulara.
SSRİ dövründə ruscanı öyrənə bilməyən bəzi istedadsız kəndçi-çuşkalar (təbii ki, ümumi halda kəndliləri aşağılamaq kimi fikirim yoxdur), kompleksə girmişdilər. Bu tip manqurtlar 1988-ci ildə rus dilinə müharibə elan etdilər. Qeyri-rəsmi şüarda bu idi - madam ki, biz bu dili öyrənə bilmirik, deməli lazım deyil.
Diqqət edin, hamısı da elə danışırlar ki, elə bil Azərbaycanda rus dilində təhsilin qadağa edilməsinə xarici düşmənlər mane olurlar. "Rus evi"ni bağlayan qüvvənin iradəsi rus dilində təhsili ləğv edə bilmir? Dünən günorta vaxtı hansısa “ekspert”in gülməli və absurd "əsaslandırma”sına rast gəldim. Deyir ki, "Rus evi" ümumiyyətlə nəyə lazımdır ki?! Bakı rusları öz ana dilində danışa bilirlər, ibadətlərini də yerinə yetirirlər. Onlara ana rusca danışmağa və ibadətlərinə mane olan yoxdur. Bu tip dar düşüncəli azərbaycanlı “ekspert”lər, “ziyalı”la at ilxısı, küpək sürüsü qədərdir. Bu ikiayaqlılar elə zənn edir ki, "Rus evi" ibadət yeri kimi kilsəni əvəz edir… Adamın "Rus evi" haqda anlayışı yoxdur, amma “ekspert”lik edir. Ən azı mənim kimi feybuku açıb, "Rus evi"nin fəaliyyətilə tanış olmaq olar. Bunun üçün bir-neçə dəqiqə vaxt itkisindən başqa heç bir sərfiyyatın getmir. Bizim yuxarıdakı “ekspert”in təbirincə Rusiyadakı faşist, şovinist ruhlu “ekspert”lər deməlidirlər:
“Rusiyada azərbaycanlılar öz ana dilində danışırlar, müxtəlif şəhərlərimizin bazarlarında da onların dili az-çox tanınır, namaz qılmaqları üçün də hər tərəfdə tatar məscidləri var. O zaman Azərbaycanın diaspor təşkilatları nəyə lazımdır ki?! Bütün Azərbaycan Diaspora təşkilatları, dərnəkləri bağlanmalıdır!”
Bir daha vurğulayıram, unun qiyməti qalxdı! Budur əsas mövzu. Bütün deputatlar, ziyalılar, ekspertlər qəfil qiymət artımını gündəmə gətirməliydilər. Amma ölkənin ictimai-siyasi afişasında rusafobiya göz oxşayır.
“Uzaq görən” iqtidarımız gündəm etmədən, gündəmə çıxarmadan, xalqla məsləhətləşmədən min cür qərarlar verir. Yaxşı, siz deyən olsun, rus dilində təhsil də ləğv edilsin. Amma heç olmasa ondan sonra gündəmi xalqın sosial rifahının yaxşılaşdırılması və layiqli həyat səviyyəsinin təmin edilməsiylə bağlı məsələlər doldursun.
P.S. Bu gün rusafobluğu ilə diqqət çəkən “deputat” Tənzilə Rüstəmxanlının nə vaxtsa xalqın böyük kütləsini təşkil edən kasıbların, istismar olunan əli qabarlı, dabanları çatlamış fəhlələrin (əslində kölələşdirilənlər) mənafeyi naminə bir kəlmə söz açdığını görən, eşidən, bilən varmı?
A.Sultanov
Globkom.info