I Liqanın yola saldığımız XVI turunda “Zaqatala” “Karvan” səfərində nə qədər əzmkarlıq sərgiləsə də, meydan sahibləri oyunda geridönüş edərək 3:2 hesabıyla qələbə qazana bildi. Zaqatala təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov məğlubiyyətlə bağlı Globkom.info – a danışdı.

“Heyətimizdə itkilər çox olsa da, oyuna yaxşı başladıq. İlk yarıda erkən qol vurduq, daha sonra hesabı 2:0 etdik. Hər şey biz istədiyimiz kimi gedirdi. Amma təəsüflər olsun ki, ani diqqətsizlik edib, cərimə meydançamızda rəqib oyunçuya qarşı kobud oynadıq və qapımıza penalti təyin olundu. Meydan sahibləri hesab arasındakı fərqi minimuma endirdi. Bu qol onlara fasiləyə psixoloji üstün yollanmasına səbəb oldu. İkinci yarıya da “Karvan” fəal qoşuldu və qapımız qarşısında qol imkanları yaratdılar. 58-ci dəqiqədə yevlaxlılar “status-kvo”nu bərpa etdilər. Heç olmasa 1 xal qazanmaq istəyirdik, amma alınmadı. Oyuna əlavə olunan dəqiqədə rəqib daha bir qol vurmaqla qələbəni təmin etdi. Səmimi demək lazımdır ki, “Karvan” çox yaxşı komandadır, onların heyətində elita təcrübəli və keyfiyyətli legionerləri var. Yevlaxlılar əllərinə düşən fürsətlərdən maksimum istifadə edən klublarımızdandır. Rəqibi qələbə münasibətiylə təbrik edirəm. Məğlubiyyətlə yanaşı daha bir oyunçumuz sıradan çıxdı. Oyun epizodunda Cəlal Cəbrayılovun burnu sındı və onu əvəzləməli olduq. Bu o deməkdir ki, ən azı 2-3 tur futbolçunun xidmətindən yararlana bilməyəcəyik. Qarşıda isə bizi “Qəbələ” ilə daha ağır matç gözləyir”.  

ABDULLA İSMAYILOĞLU

Globkom.info