
Xəbər verildiyi kimi, noyabrın 21-də Rusiya ordusu Ukrayna ərazisinə yeni növ məxfi raketlə zərbə endirib. Bu hadisənin hərbi və siyasi detalları haqda maraqlı analizi sizə təqdim edirik.
Raketlər istifadə məqsədinə görə 2 yerə bölünürlər:
-taktiki raketlər – 500 km-dək,
-strateji raketlər – 500 km-dən yuxraı.
Taktiki raketlər bilavasitə döyüş bölgələrində düşmənin hərbi qüvvələri və ya obyektlərinə zərbə endirmək üçün nəzərdə tutulub.
Strateji raketlər isə bilavasitə döyüşdə iştirak etməyən bölgələrdə (ölkələrdə) düşmənin hərbi-sənaye və digər strateji obyektlərini məhv etmək üçün nəzərdə tutulub.
Strateji raketlər uçuş məsafəsinə görə aşağıdakı kimi təsnif olunurlar:
-yaxın mənzilli raketlər – 500-1000 km,
-orta mənzilli raketlər – 1000-5500 km,
-uzaq mənzilli raketlər – 5500+ km.
Sürətinə görə isə raketlər 3 sinfə bölünür (səs sürəti 1 max qəbul edilib, 1 max = ~340 m/san):
-səs sürətinə qədər (məsələn, "Tomaqavk", "Harpun") – 1 maxa qədər,
-səs sürətindən yüksək (supersonik) – 1-5 max,
-səs sürətindən ifrat yüksək (hipersonik) – 5+ max
"Oreşnik" raketi Rusiyanın "Kapustin Yar" kosmodromundan (Həştərxan) Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk) şəhərində yerləşən "Yujmaş" zavoduna atılmışdı. Onlar arasındakı məsafə ~800 km-dir. Deməli, "Oreşnik" yaxın mənzilli raketdir. Yaxın mənzilli olduğundan bu raketlər ikipilləli olur.
"Oreşnik"in sürəti 10 max olub. Deməli, o hipersonik raketlər sinfinə aiddir.
"Oreşnik" çoxbaşlıqlı ballistik raketdir. Raket kosmik orbitə yüksəldikdən sonra onun döyüş başlığı 6 hissəyə (bloka) ayrılır (onların hər biri müxtəlif koordinatları nişan ala bilər). Bu blokların hər biri də hədəfə 1-2 km qalmış 6 hissəyə ayrılaraq, 6 hədəfi vurur. Yəni cəmi 36 hədəf vurula bilər.
Putinin çıxışında dediyi kimi, bu hadisə zamanı "Oreşnik"in, faktiki olaraq, sınağı keçirildi. Onun həqiqətən də sınaq olduğuna inanmaq olar, çünki heç bir ölkənin Rusiyada belə bir raket olduğu barədə məlumatı yox idi. Bu onlar, xüsusən də onların kəşfiyyatı üçün pis bir sürpriz oldu.
Sınaq olduğu üçün raketın başlığına partladıcı maddə qoyulmamışdı. Bəs göydə partlayış yaradan nə idi?
Qeyd etdiyim kimi, "Oreşnik" 10 max sürətlə uçur. Bu raketin kütləsi ~1500 kq-dır. Fizikadan kinetik enerjinin düsturunu bilirik: E = mv²/2.
Düsturda qiymətləri yerinə qoysaq, dəhşətli enerji alınar. Məhz bu enerjinin sayəsində reket uçarkən meteorit effekti yaradır. Yerə dəyəndə isə hətta partladıcısız başlıq bunkerləri 50 metr dərinliyədək dağıdır. Sovet vaxtı atom bombası zərbəsinə qarşı tikilmiş, yerin altında 30-dək mərtəbəsi olan, sovetin strateji raket proqramlarının tərkib hissəsi olan nəhəng "Yujmaş" zavodunun əsas yeraltı sexləri artıq yoxdur.
Aydındır ki, Putin bu partlayışla mesaj verdi.
Mesaj kimə verilmişdi?
Bu mesajın Ukraynaya aidiyyəti yoxdur. Onsuz da onu silahla təchiz edən Qərbdir. Əlbəttə ki, mesaj Qərbə, ilk növbədə ABŞ-a ünvanlanmışdı. Çünki Rusiyaya raket zərbəsi endirməyə sanksiyanı məhz ABŞ vermişdi. Həmçinin ABŞ Rusiyanın yaxınlığında (Polşa, Rumıniya və Almaniyada) onu təhdid edən raket bazaları yaradır və bu bazalarda yaxın zamanlarda orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır.
Hansı mesajlar verildi?
ABŞ Rusiyanın beynəlxalq tanınmış ərazinə qarşı ortamənzilli raketlərdən istifadə etməyə icazə vermişdi. Düzdür, 19 və 21 noyabrda raketlər yaxın məsafəyə atılmışdı, amma məlumdur ki, bu hücumlar test xarakterli idi – Rusiyadan adekvat reaksiya olmasaydı, yavaş-yavaş daha uzaq məsafələri vuracaqdılar. Yenilənmiş nüvə doktrinasına görə, belə hallarda Rusiya raket hücumunda iştirakı olan ölkəyə (ABŞ, Britaniya, Fransa) qarşı nüvə silahı işlədə bilər.
ABŞ-ın "Oreşnik"dən xəbəri yox idi. Buna görə də düşünürdü ki, Rusiya ərazisinə raket zərbəsi endirməklə Putini aşağıdakı dilemma qarşısında qoyacaq:
1. Cavab verməlidir, yəni taktiki nüvə silahından (TNS) istifadə etməlidir. Ehtimal edirdilər ki, Rusiya TNS-i Ukraynada istifadə edəcək. Çünki nüvə silahına malik NATO ilə birbaşa konfliktə girmək istəməz – bu halda dünya məhv ola bilər. Yəni Ukraynanın külə və ya radiasiya poliqonuna dönməsi Qərbi heç maraqlandırmırdı. Əsas bu idi ki, Rusiya TNS-i işlətsin. Bu halda bütün Qərb mətbuatı və siyasi elitası Rusiyanı "izqoy" gününə qoyacaq (çünki II DM-dən sonra real döyüşdə nüvə silahını işlədən ilk ölkə olacaqdı), nəticədə Qlobal Cənub və Qlobal Şərq, ən əsası Çin və Hindistan Rusiya ilə əməkdaşlıqdan çəkinəcəkdilər. Bu isə Rusiyanın sonunun başlanğıcı olacaqdı.
2. Cavab verməməlidir. Çünki cavab verərsə, 1-ci halın baş verəcəyini bilir. Bu halda isə Putinin qorxduğunu görən Qərb daha da uzaqmənzilli raketlərdən istifadə edəcəkdi. Həmçinin Rusiyanın Qərbdən qorxduğunu görən Qlobal Cənub və Qlobal Şərq ondan uzaqlaşmağa başlayacaqdılar.
Plan ideal idi. Lakin gözlənilmədən ortaya çıxan "Oreşnik" ABŞ-ın planını alt-üst elədi.
"Oreşnik" nə "dedi"?
1. Qərbin heç bir HHM sistemi "Oreşnik"i zərərsizləşdirə bilməz. Raketlər iki yolla zərərsizləşdirilir:
HHM (hava hücumundan müdafiə) sistemlərinin raketləri ilə vurulur – heç bir Qərb ölkəsində hipersonik raket yoxdur.
REM (radioelektron müdafiə) sistemləri ilə hədəfdən yayındırılır – hipersonik raketlər uçarkən yüksək temperaturdan ətrafında plazma yaranır, plazma isə radioelektron dalğaları nə içəri, nə çölə buraxmır.
Başqa sözlə, Qərbin istənilən obyekti, o cümlədən ABŞ-ın Polşa, Rumıniya və Almaniyadakı raket bazaları Rusiya raketləri qarşısında acizdirlər. Bunun üçün isə Rusiya nüvə silahından yox, konvensional silahdan istifadə edə bilər.
2. 800 km məsafədən gələn raketin bütün başlıqları belə raketə görə kiçik olan hədəfi dəqiq vurdular. Yəni hədəfdən yayına biləcəyinizə ümid etməyin.
3. Rusiya eskalasiya nərdivanında növbəti pilləyə qalxdı. Faktiki olaraq, indi o Qərbi (ABŞ-ı) eyni dilemma qarşısında qoydu. ABŞ-ın isə ona nüvə silahı işlətmədən cavab vermək imkanı yoxdur.
4. Qərb kışfiyyatının "Oreşnik"dən xəbəri yox idisə, deməli, onun xəbəri olmadığı başqa raketlər də ola bilər Rusiyada.
5. Bu həm də Trampa bir mesaj idi. Tramp Rusiyanı güc nümayiş etdirməklə öz istədiyi şərtlər çərçivəsində müharibəni dayandırmağa məcbur edəcəyini düşünürdü. Putin ona göstərdi ki, sənin məni məcbur etmək üçün "kozır"ın yoxdur. Mənim isə var – Rusiya ABŞ-ın istənilən okeandakı aviadaşıyıcı gəmisini nüvə başlıqsız hipersonik raketi ilə 15-20 dəqiqəyə batıra bilər.
Yeri gəlmişkən:
Hipersonik raketlər ilk dəfə Rusiyada ixtira edilib. Putin 8 il əvvəl belə raketlərə malik olduğunu deyəndə bütün Qərb mətbuatı ona gülür və multfilm göstərdiyini yazırdı. Belə raketi ("Kinjal" – 8-10 max) Rusiya ilk dəfə 2022-də Qərbi Ukraynada istifadə edərək, komanda bunkerini dağıtdı. Bundan sonra onun mövcudluğuna heç kimdə şübhə qalmadı. Hazırda Rusiya 27 maxa qədər sürəti olan raketlərə malik olduğunu bildirir.
Sonra məlumat yayıldı ki, Çin də hipersonik raketlərə malikdir, lakin Çinin həqiqətən də belə silaha malik olmasını təsdiq edən fakt yoxdur. Daha sonra İran belə raketlərə (10 maxa qədər) malik olduğunu bildirdi və İsrailə raket hücumu zamanı onlardan 2 növünü nümayiş etdirdi. Bəzi məlumatlara görə, Ş.Koreya və Hindistan da belə silahlar hazırlayır.
NATO ölkələrinin isə heç birində hipersonik raket yoxdur. ABŞ onun üzərində 10 ildən artıqdır işləyir, indiyədək 3 sınaq keçirib, lakin hamısı uğursuz olub. Bu raketlərin iki problemli məsələsi var. 1. Plazmada dözə bilən xəlitə hazırlamaq. Ola bilər, amerikanlar bu problemi həll ediblər. 2. Plazma radioelektron dalğaları buraxmır. Bunsuz isə raket idarəolunmaz olacaq. Belə raket adi top mərmisindən çox da fərqlənməz. Sadəcə, məsafə çox olacaq – məsafə çox olduqca isə hədəfdən yayınma xətası yüksəlir. Amerikanlar hələlik bu problemi həll edə bilmirlər.
Putin də deyir ki, siz bu problemləri həll edinə qədər biz daha da irəli gedəcəyik.
Hipersonik raketlər qarşısında ABŞ-ın əsas hərbi-siyasi gücü sayılan aviadaşıyıcı gəmilər günü milyarlarla dollara başa gələn üzən kollektiv tabutlardan başqa bir şey deyil.
Asif Şəfəqqətov