
AFFA İcraiyyə Komitəsinin gələn mövsüm elitada komanda sayının artılması ilə bağlı qərardan sonra Premyer Liqaya can atan komandalar arasında gərginlik daha da artdı. Güclülər dəstəsinə çıxış etmək üçün alışıb yanan və hazırda I Liqanın 2-ci pilləsində qərarlaşan “İmişli”dir. Adı çəkilən klubun məşqçilər korpusunda yer alan və bölgədə uşaq futbolu üzrə koordinatoru olan Ruhid Usubov Forvard.az verdiyi müsahibəni diqqətinizə çatdırırıq.
- Ruhid müəllim, İmişli futbolunda hansı canlanma var?
- Canlanma odur ki, artıq 3 mövsümdür doğma yurdumuz böyük futbola şahidlik edir. “İmişli” hazırda I liqada həm çempionluğa, həm də elitada oynamağa diş atır. Yerli azarkeşlər stadionumuz doldurmaqdadır, bu bizim üçün çox xoş haldır. Gələcəkdə daha böyük azarkeş ordusuyla Azərbaycan futbolunda diqqət cəlb etmək istəyirik. Təbii ki, burda komandamızın uğurları da rol onayacaq.
- AFFA İcraiyyə Komitəsinin son qərarına əsasən gələn mövsüm elitada komanda sayı artacaq. Bu qərara münasibətiniz?
- Əlbəttə ki, bu qərarı dəstəkləyirəm. Yerində verilmiş qərardır. Premyer Liqada komanda sayının artması həm “İmişli”nin, həm də bütünlükdə bölgə futbolu üçün xüsusi motivasiya yaradır. Belə ki, çempion ola bilməsək, heç olmasa 2-ci pillədə möhkəmlənərək də elitaya vəsiqəni təmin edə bilərik. Güclülər dəstəsinə vəsiqə qazanmağımız həm maliyyə dəstəyimizin artması, həm də akademiyamızın tikilməsi deməkdir. Bu fəaliyyətlər nəticəsində İmişlidə istedadlı uşaqları yetişdirəcək və ölkə futboluna qazanadıracağıq.
- Son turda “İmişli” səfərdə “Qaradağ Lökbatan” məğlub etdi. Həmin oyunda komandanıza çılğın dəstəyinizlə diqqət çəkirdiz. Qələbədən razı qaldızmı?
- Məşqçilər korpusunda yer alsam da, özümü daha çox azarkeş hesab edirəm, ona görə də komandamızın uğuru üçün hamıdan çox dəstək verməliyəm. Qələbə qazanmaq həmişə xoşdur və vacib 3 xal qazandıq. Amma əsas məqsədimiz elitaya vəsiqəni təmin etməkdir. Odur ki, hələ heç nə bitməyib.
- İmişlinin uşaq futbolunda nə yenilik var?
- Uşaq komandalarımızın inkişafı üçün intensiv işləyirik. Hazırda beş yaş qrupu üzrə komandalarımız var. U-13 və U-14 seçməmiz öz liqalarında pley-offa vəsiqəni təmin ediblər. U-12 komandamızdan da uğur gözləyirik, sadəcə hava şəraitinə görə oyunlar təxirə salınıb. Təbii ki, nəaliyyətimizi gələcəkdə daha artırmalıyıq.
- Yalnız İmişlidə yox, ətraf rayonlardan da istedadlı uşaqları axtarıb tapırsınızmı?
- Seleksiya fəaliyyəti ilə məşğuluq, amma hazırda bütün diqqətimiz əsas komandamızın elitaya yüksəlməsinə fokuslanıb. “İmişli” Premyer Liqaya vəsiqəni təmin etsə, akademiyamız tikilməyə başlayacaq. Bundan sonra seleksiya işlərimiz daha da aktivləşəcək. Gələcəkdə İmişli Futbol Akademiyası olaraq çoxşaxəli fəaliyyətlərimiz olacaq. Tək İmişlidən yox, Beyləqan, Saatlı, Sabirabad və başqa bölgələrdən də futbola marağı olan istedadlı uşaqları seçib akademiyamıza cəlb edəcəyik.
- Yaxın gələcəkdə yeni Ruhid Usubovları yetişdirə biləcəksizmi?
- Ruhid Usubovdan daha yaxşı futbolçular yetişdirməyə borcluyuq. İmişlini futbolu ilə məşhurlaşdırmalı və ölkənin aparıcı klublarını akademiyamızın futbolçuları ilə zənginləşdirmək arzusundayıq. Odur ki, yaxın gələcəkdə böyük işlər görəcəyik.
ABDULLA İSMAYILOĞLU