Azərbaycanda hər sahədə olduğu kimi futbolumuzda da zəngin oyunçu karyerasına malik,  savadlı, bacarıqlı məşqçilər işsizdirlər.Onlardan biri də Azərbaycan yığmasının veteran futbolçusu, İranın “İstiqlal” klubunda çıxış edərkən çempionluq, ölkə kubokunun qalibi olan Rüfət Quliyevdi. Futboldan kənar qalmasıyla bağlı 52 yaşlı mütəxəssis Globkom.info – a danışdı.

“Futbol mənim həyatımın ayrılmaz hissəsidir. Ömrümün demək olar ki, hamısı yaşıl meydanlarda keçib. Ona görə futboldan kənarda qalmaq mənim üçün ağırdı. Görünən odur ki, məşqçilik təcrübəmizdə maraqlı olan kəslər yoxdur. Tək mən yox, bir çox futbol mütəxəssislərimizin kənarda qalması xoş deyil. İstər elitada, istərsə də aşağı liqalarda istənilən komandada məşqçi kimi çalışaraq orda uğur qazanmaq üçün əlimdən gələni edə bilərəm. Amma bizi yada salan yoxdur. Təbii ki, pessimizlə qapılan biri deyiləm. Həmişə də nikbin, ümidliyəm. Nə vaxtsa biz tərəfə də boylanarlar”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info