15 il ərzində Mixail Qorbaçov gənc mütəxəssisdən Stavropol diyarında birinci şəxsə çevrildi. Sonralar SSRİ Ali Sovetinin deputatı, partiya qurultaylarının nümayəndəsi oldu. 1978-ci ildə Sov.İKP MK-nın Kənd Təsərrüfatı üzrə katibi, bir il sonra Siyasi Büro üzvlüyünə namizəd, sonra isə üzv oldu. Tarixçi Mixail Geller yazırdı: "Kollektivləşmədən bəri belə zəif məhsul olmamışdı, ancaq kənd təsərrüfatından məsul olan rəhbər də heç vaxt belə sürətli karyera qura bilməmişdi". Qorbaçovun uğurunun sirri nədə idi?

Qorbaçov artıq ölüb, amma onunla bağlı mübahisələr hələ uzun müddət səngiməyəcək. Odur ki insanların diqqətini Qorbaçovun fəaliyyətinin rəsmi tərəfinə (onun tərcümeyi-halı hamıya məlumdur) deyil, pərdəarxası tərəflərinə çəkmək qərarına gəldim. Onun karyera yüksəlişinin arxasında nə dayandığını çox az adam bilir.  Pərdə arxasında baş verən hadisələri az adam müzakirə edir və ya təhlil edir. Niyə? Çünki Qorbaçova nəzarət edən qüvvələr heç yerə getməyib, onlar hələ də dünyanı idarə edir, özlərinə lazım olan istiqamətə yönəldir, bütün ölkələrdəki bütün proseslərə müdaxilə edirlər. Məsələn, Ukraynadakı müharibə, bu müharibə fonunda birdən-birə Ukraynadan taxıl ixracı ilə bağlı problem yaranması,  dünyada aclıq ola biləcəyi bağlı ajiotaj və s.. Qlobal taxıl satışı əvvəlki kimi yenə də bir neçə nüfuzlu klanın əlindədir və onlar arasında ən güclüsü ABŞ-dan olan Rokfeller klanı hesab olunur.

Bunu niyə xatırlatdım? Məsələ burasındadır ki, Qorbaçov (yeri gəlmişkən, onun anası Mariya Qapkalo ukraynalıdır) həm də “taxılçı” olub. Uzun illər əvvəl Sov.İKP Mərkəzi Komitəsinin katibi, sonra isə Siyasi Büronun üzvü kimi taxıl sahəsinə rəhbərlik edib. Elə o zaman da Qərb tərəfdaşlarının diqqətini cəlb edib. Ancaq bu barədə bir az sonra danışacağıq və hələlik SSRİ-nin dağılmasının pərdə arxası səbəblərinə qayıdaq. 

Məsələ burasındadır ki, Qorbaçov qlobal səhnəyə subyekt yox, obyekt kimi qəbul edilib. Yəni onun həm insan, həm də siyasətçi kimi zəif cəhətlərindən istifadə edərək manipulyasiya ediblər. Məsələn, Lenin və Stalin dünya siyasətinin subyektləri idilər, onlar manipulyasiya edilməsi çətin olan müstəqil oyunçular idilər.

Lenin Almaniya ərazisində olmuşdu. Alman elitası da, Qərbi Avropa və İngilislər kimi, Rusiyadakı inqilabi prosesə təsir göstərməyə çalışırdı. Bu faktdır. Ancaq sonra baş verənlər bizə başqa şeylər deyir. Subyektiv zehniyyətə malik insanlar kiminsə təsiri altına düşəndə onun altından çıxıb müstəqil siyasət yürüdə bilirlər. Onlar kiminsə pəncəsinə düşsələr də, xarakterinə, savadına və mental xüsusiyyətinə görə tələdən qurtula bilməyən obyektlərdən fərqlənirlər. Ona görə də Lenin və Stalin müəyyən vəziyyətlərə, müəyyən qüvvələrin təsiri altına düşsələr də, sonradan çıxıb müstəqil siyasət yürütdülər. Elə bu səbəbdən həmin qüvvələr onları bəyənmədi və bu, məsələn, 1953-cü ildə Stalinin aradan qaldırılmasına səbəb oldu. Qorbaçov isə az qala 92 il yaşadı və bu da çox şeydən xəbər verir. Manipulyasiya edən qüvvələr belələrinin mümkün qədər uzun yaşamasında maraqlıdır ki,  başqaları da nümunə götürsün. Odur ki, onlara qocalığa qədər dəbdəbəli həyat təmin edilir. Daha Lenin kimi 54 yaşında ölmür, guya insult keçirmiş Stalin kimi hamı tərəfindən tərk edilmirlər. 

Qorbaçov asan manipulyasiya obyekti idi. Onun ölümü ilə bağlı başsağlığı verənlər də 1980-ci illərdə Qorbaçovla manipulyasiya edən ölkələrin (ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa) başçıları oldular. Yeri gəlmişkən, 1980-ci illərin əvvəllərində ölkəsini rifaha deyil deyil, süquta aparanda da ona eyni mədhiyyələri oxuyurdular. Onlar Qorbaçovu məhz zəifliyinə görə qiymətləndirirdilər, çünki bu, onların ölkələrinin daha da güclənməsinə və 1980-ci illərin sonundakı böhranların öhdəsindən gəlmələrinə kömək edirdi. Bu güclənmə isə SSRİ-nin və bütün Şərq blokunun dağılmasına bağlı idi. Bu çöküşü haqlı olaraq 20-ci əsrin geosiyasi fəlakəti adlandırırlar.

Bu gün Türkiyədə baş verən hadisələrə də bu kontekstdə baxmaq lazımdır. Qardaş ölkədəki olaylarda da hökmən Rokfellerlər və Rotşildlər kimi dünya maliyyə bosslarının barmaq izləri vardır. Ancaq bu barədə də sonra.

...Əvvəllər bizə yalnız kapitalizmin nəzəriyyəsi öyrədilirdisə, artıq 30 ildir kapitalizmdə yaşayaraq başa düşürük ki, bu sistemin prioritetlərindən biri rəqabətdir. Bu proses zamanı adətən güclülər zəifləri sıxışdırır, əzir, sıradan çıxarır. Ona görə də, 1980-ci illərin sonunda Qərb dövlətlərinin Qorbaçova SSRİ-nin güclənməsinə kömək etmələrini düşünmək absurddur. Kapitalist dünyasında bu baş verə bilməz. SSRİ isə həm hərbi, həm də iqtisadi mənada böyük və qüdrətli dövlət idi, Qərbə rəqib idi. Ona görə də əvvəlcə İttifaq zəiflədi, sonra isə dağıdıldı ki, bu da təkcə Qorbaçovun özünün deyil, həm də komandasının əməlləri ucbatından baş verdi.

Yüz ildir ki ABŞ-ın xarici siyasətinin, o cümlədən qloballaşma ideyalarının intellektual generatoru olan bir qurum mövcuddur. Bu, 1921-ci ildə yaradılan Xarici Əlaqələr Şurasıdır (CFR). 1949-cu ildən 1985-ci ilə qədər bu nüfuzlu təşkilatın direktorlarından biri, sonra isə sədri məşhur neft kralı Con Rokfellerin kiçik oğlu – Devid Rokfeller olub... 1968-ci ildə “Roma klubu” adlı elmi təşkilat yaradılıb və dünyanın növbəti əsrin əvvəllərində enerji resursları və materialların tükənməsi problemi ilə üzləşəcəyini bəyan edib. Bundan, iqtisadiyyatın ümumdünya miqyasında tənzimlənməsinin zəruriliyi, yəni vahid planet idarəetmə mərkəzinin mövcudluğunun zəruriliyi haqqında nəticə çıxarılıb. Bu problemin həlli Qərblə Şərq arasında dəmir pərdənin aradan qaldırılmasını və SSRİ-nin qlobal iqtisadiyyata inteqrasiyasını nəzərdə tuturdu. 1969-cu ildə Roma Klubunun yaradıcılarından və liderlərindən biri Aurelio Peççei yazırdı: “Sovet İttifaqı keçmiş Dəmir Pərdədən Vladivostoka qədər öz bazarlarını Qərb təşəbbüsləri üçün açmalıdır”.

SSRİ-nin Qərblə sıx yaxınlaşmasına başlamaq üçün 1960-cı ildə (Roma Klubunun yaradılmasından 8 il əvvəl) konvergensiya nəzəriyyəsi icad edilib. Bu, kapitalizm və sosializm arasında yaxınlaşma prosesidir və nəticədə bir sistemin (kapitalizmin) digəri (sosializm) tərəfindən mənimsənilməsi demək idi. Ən maraqlısı odur ki, SSRİ özünün ləğvi ilə nəticələnə biləcək belə bir təhlükəli nəticəni görürdü. Ölkənin əsas qəzeti olan “Pravda”da 1969-cu il sentyabrın 16-da, yəni “Roma Klubu”nun yaradılmasından 1,5 il sonra çıxan bir nəşrində yazırdı: “Lüksemburq Kommunist Partiyasının sədri Dominik Urbani konvergensiya nəzəriyyəsinin sinfi oriyentasiyasını səciyyələndirərək deyir: “Fəhlə sinfini inandırmağa çalışırlar ki, marksizm-leninizm şərabına bir az su, kapitalizm sirkəsinə də bir az sosialist ədviyyatı əlavə edilsə, bu,  "konvergensiya" olacaq. Siyasi dildə buna "humanitar sosializm" deyilir. Praktikada isə sosializmi xilas etmək üçün onu kapitalizmlə əməkdaşlığa cəlb etmək deməkdir. Yəni konvergensiyanın niyə başladılamsı artıq aydın idi! Kapitalist cəmiyyəti böhranlar yaşayır və bu böhranlar getdikcə dərinləşirdi. Böhrandan çıxmaq üçün isə böyük xammala və işçi qüvvəsinə malik olan Sovet İttifaqını  böyük bir sövdələşmə bazarına cəlb etmək, sonra onu məhv edərək bu bazarı ələ keçirmək lazım idi.  Bundan sonra kapitalist sisteminin növbəti böhranı uğurla aradan qaldırılacaq. Bunu 1990-cı illər göstərdi. Məqalə isə hələ 1969-cu ildə yazılıb, yəni Qərbin konvergensiya nəzəriyyəsinin nəyə gətirib çıxardığını o vaxt da çox gözəl anlayanlar var idi.

1968-ci ilin aprelində üç qüvvəni - ABŞ, Böyük Britaniya və SSRİ-ni birləşdirən “Roma Klubu” yarandı. Avqust ayında (üç ay sonra) Riçard Nikson “körpülər salmaq” (detente) siyasətini elan etdi. Bu, SSRİ-ni Qorbaçovun dövründə atılacaq tələyə çəkmək üçün təbii bir proses idi. Yəni proses hələ 1960-cı illərin sonlarında başlamışdı.

“Pravda”dakı məqaləni nəzərə alsaq, əminliklə söyləmək olar ki, yüksək sovet rəhbərliyində konvergensiyanın əleyhdarları onunla bağlı riskləri görürdülər. Amma onlar bu risklərdən yan keçmək, yəni iqtisadi və ideoloji baxımdan Qərbə yaxınlaşmaq niyyətində idilər, amma ölkəni dağıtmaq istəmirdilər. Buna konvergensiyaya böyük siyasi təcrübəyə malik insanların - Aleksey Kosıginin, Mixail Suslovun, Leonid Brejnevin, Heydər Əliyevin və Stalinin dövründə siyasətə gələn başqalarının rəhbərlik etməsi kömək edə bilərdi: onlar sovet xammalını Qərbə satmağa, sovet quruluşunu daha açıq etməyə, eyni zamanda fundamental sosialist prinsiplərindən kənara çıxmamağa ümid edirdilər.

Lakin Qərb də başa düşürdü ki, siyasi cəhətdən təcrübəli insanları öz tərəfinə çəkməsi mümkün deyil. Yeganə yol böyük siyasətə gəlişinə az qalmış başqa bir nəslə ümid etmək idi. Bu məqsədlə Qərb sovet partiya aparatında ən mühüm saayılan xammal sahəsində çalışan gənc kadrları (1920-ci illərin ikinci yarısı - 1930-cu illərin əvvəllərində doğulmuş) diqqətlə izləyirdi. Xammal deduikdə isə  neft, qaz, taxıl, eləcə də silah satışı nəzərdə tutulurdu. Bu işdlərlə məşğul olan şəxslərə xüsusilə ciddi nəzarət edirdilər. Əslində, Sovet nomenklaturasının kartotekasını NEP illərində (1920-ci illərdə) SSRİ iki aparıcı Qərb klanı - Rotşildlər (Britaniya) və Arqos şirkəti, Rokfellerlər (ABŞ) və Amtorg şirkəti ilə fəal əməkdaşlıq etməyə başlayanda tərtib etmə başlamışdılar. Məsələn, Bakı neftinin satışı əvvəlcə Rotşildlər, sonra isə Rokfellerlər vasitəsilə həyata keçirilirdi. Bir az sonra həmin Rokfellerlər Stalinin sənayeləşməsinə sponsorluq etdilər, SSRİ-yə avadanlıq satdılar və mütəxəssislərini göndərdilər. Bütün bu işlərin pərdə arxasında da əlaqələr quruldu, sovet nomenklaturası üzvlərinin kartotekası yaradıldı.

Yeri gəlmişkən, 30-cu illərin sonundakı repressiya bununla bağlı idi. Stalin bu yolla Sovet nomenklaturasını saf-çürük edərək, Qərb kartotekalarını dağıtdı. O bu kartotekanın Qərbdə aparıldığını bilsə də,  ona kimlərin daxil olmasından, bu insanların hansı təsirlərə malik olmasından, əlaqələrinin olub-olmamasından, agent olub-olmamalarından xəbəri yox idi. Beləliklə, o, sadəcə olaraq çoxlarını oradan vurub çıxartdı: həm əlaqəsi olanları, həm də olmayanları. Belə bir şəraitdə hər şeyi həll etməyə vaxt yox idi, çünki müharibə qapını kəsdirmişdi. 1940-cı illərin sonlarında yeni bir təmizləmə oldu və Stalin yaşasaydı, 1950-ci illərin sonlarında daha bir təmizləmə də olacaqdı. Bu, onun idarəetmə üsulu idi; hər 10 ildə bir dəfə elitanı təmizləmək. Lakin Stalinin ölümündən sonra elita ilə işləməyin bu üsulu rədd edildi, bu da son nəticədə elitanın çirklənməsinə və onun tədricən deqradasiyasına səbəb oldu. Qorbaçov məhz həmin alçaldılmış elitanın məhsuluydu ki, təkcə qorxu hissini deyil, həm də ona həvalə edilmiş işə görə məsuliyyət hissini itirmişdi.

1947-ci ildə SSRİ-də ali hakimiyyət orqanları kadrlarının öyrənilməsi üzrə işi davam etdirən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi yaradıldı. Bir sözlə, hər bir fiqur haqqında dosye hazırlandı. Məsələn, CIA-da çox geniş bir kartoteka var idi. Bu barədə Mardones Cuevas "Maskasız CIA" kitabında yazır: MKİ-nin inzibati rəhbərliyinə (əvvəllər yardım idarəsi adlanırdı) ona tabe olan tibbi xidmətlər bürosu da var. Onun vəzifələrinə həm agentlərə, həm də onların ailələrinə tibbi xidmət göstərmək, eyni zamanda milli şəxsiyyətlərin psixoloji portretlərinin işlənib hazırlanması daxildir ki, bunlardan istifadə etməklə onların əməkdaşlığa cəlb olunması üçün psixoloji hərəkətlərin sxemlərini tərtib etmək olur”. Yəni təcrübəli psixoloqlardan ibarət bütöv bir heyət sovet (daha geniş desək, sosialist) liderlərinin xarakteristikasını tərtib edir, onlardan hansının əməkdaşlığa qadir, hansının olmadığını müəyyən edirdi. Tərcümeyi-hallarında qara ləkələr və ya müxtəlif zəif cəhətlər olanlara xüsusi diqqət yetirilirdi. Məsələn,  qohumları sovet hakimiyyəti tərəfindən repressiyaya məruz qalanlar, işğal olunmuş ərazilərdə yaşayanlar, yaltaqlığa və dəbdəbəyə meyilli olanlara xüsusi diqqət yetirilirdi. Qorbaçovun tərcümeyi-halında da belə qaranlıq ləkələrə rast gəlinirdi.

Hər iki babası repressiyaya məruz qalmışdı. Ata babası 1934-cü ildə həbs olunmuş və iki il sürgündə olmuşdu. Ana babası isə kolxoz sədri idi və 1937-ci ildə həbs olunmuşdu. 14 ay həbsdə yatdıqdan və işgəncələrə məruz qaldıqdan sonra 1938-ci ildə azad edilmiş və kolxoz sədri vəzifəsinə bərpa olunmuşdu.

Digər tərəfdən, o.ş işğal olunmuş ərazidə yaşayıb. 1941-ci ildə, Qorbaçovun 10 yaşı olanda onun yaşadığı kəndi alman nasistləri işğal etmiş, əhali altı aydan çox alman hakimiyyəti altında yaşamışdı. Məlum olduğu kimi, “Vermaxt” hərbi kəşfiyyatı sovet uşaqlarını fəal şəkildə “munter agentur” (indi üçün oyaq agentlər) və “schlaffen agentur” (gələcək üçün yatmış agentlər) kimi cəlb edirdi. Gələcəkdə bu ərazilər tərk edilməli olarsa, sonunculardan istifadə ediləcəkdi.

Yeri gəlmişkən, Qorbaçov ölümündən əvvəl Almaniyada yaşayıb və bu dövlətlə sıx əlaqələri olub. Ona görə də bir çox tarixçilər bu məsələni araşdırmağa çalışırlar. Düzdür, sənədləri tapmaq mümkün deyil. Onları kim göstərər? Buna görə də, versiyalar çoxdur.

Odur ki, gəlin mətləbdən uzaqlaşmayaq və Rokfeller klanına qayıdaq. Fakt budur ki, Rokfellerlərin alman qarışığı var və həmişə Almaniyaya, almanlara yaxın olan ölkələrə (Avstriya, İsveçrə, Latviya və s.) nəzarət edblər. Bu klan xammal - əsasən də neft və taxılın qlobal satışı üzrə ixtisaslaşıb. Qorbaçov isə, xatırladığımız kimi, “taxılçı” idi: o, qonşu Krasnodar vilayəti ilə birlikdə Rusiyanın taxıl anbarı olan Stavropol diyarında yaşayır və işləyirdi. Bu iki rayonda taxıl məhsulu ümumi dövlət məhsulunun demək olar ki, dörddə birini təşkil edir və yüksək məhsuldarlığı ilə seçilirdi.

1968-ci ildə Qorbaçov Stavropol vilayət komitəsinin ikinci katibi, 1970-ci ildə isə birinci katib, yəni Stavropolun sahibi oldu. Bütün bunlar onun nəticəsi idi ki, Qorbaçovun Moskvada nüfuzlu himayədarı vardı. O, Stavropol diyarının keçmiş başçısı (1960-1964) Fyodor Kulakov idi. Qorbaçova xüsusi diqqət yetirən də elə o idi...

Kulakov niyə Qorbaçovu bu qədər sevir, niyə ona kömək edirdi? 1965-ci ildə Kulakov Moskvaya çağırıldı və Sov.İKP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri təyin edildi. O, Sov.İKP MK-nın tapşırığı ilə ölkədə taxılçılıq sahəsinə rəhbərlik edirdi. Qərbə taxıl satışı ilə bağlı həm rəsmi, həm də Rokfeller klanı və onların taxıl şirkətləri ilə qeyri-rəsmi əlaqələr məhz Kulakov vasitəsilə qurulmuşdu. Kulakov kənd təsərrüfatı üzrə mütəxəssis idi. Qorbaçov da mütəxəssis idi, amma onun qədər savadlı deyildi. Bununla belə, Kulakovun özünə sadiq bir insana kimi ehtiyacı vardı. Artıq qeyd olunduğu kimi, təmizləmələr başa çatanda elita degenerasiyaya uğrayırdı. Bu səbəbdən yaxşı mütəxəssislərə yox, sadiq olanlar dəyər verirlirdi. Beləliklə, karyeristlər, ağasına xidmət edən rahat insanlar zirvəyə qalxdılar. Elə bu səbəbdən də Qorbaçov mütəxəssis kimi o qədər də səriştəli deyildi və sonradan böyük bir ölkəyə rəhbərlik etməsi də bunu göstərdi. Amma o, yaxşı və sədaqətli tərəfdar, sadiq xidmətçi idi.

Qorbaçov yuxarıların əmrlərini yerinə yetirməyə xüsusi canfəşanlıq göstərməsi ilə seçilirdi. Karyerizm də elə budur.  Qorbaçov komsomol lideri və dar çərçivəli mütəxəssis idi. Hesabatları düzgün yazması, kürsüyə çıxaraq düzgün çıxışlar etməsi karyerasının yüksəlməsinə təkan verdi. Uşaqlıqda mexanizator olmasına, yəni kənd təsərrüfatını dərindən olmasa da bilməsinə baxmayaraq, Qorbaçov ideoloji iş üzrə mütəxəssis idi. Onun üçün ən vacibi komsomol ideoloji xətti boyunca yüksəliş idi. Onun pis mütəxəssis olduğunu söyləmək olmaz, lakin yüksək səviyyəli deyildi. Amma komsomol xətti onu irəli apardı. O, düzgün nitqlər etməyi, rəhbərləri sevindirməyi bacarırdı. Məhz bu sayədə müəyyən qüvvələrin idarə etdiyi birinə çevrildi. Əvvəlcə onu Kulakov, Moskvaya köçəndən sonra başqa qüvvələr idarə etməyə başladı.

1970-ci illərdən SSRİ ixrac etdiyindən bir neçə dəfə az buğda almağa başladı. Bu taxılın bir hissəsindən qaranlıq əməliyyatlarda istifadə olunurdu. Məsələn, tarixçi İvan Smirnov yazırdı: “Alınmış elit taxıl sortlarının əhəmiyyətli bir hissəsi izsiz yoxa çıxırdı. Nədən ötrü? Sovet xarici ticarət təşkilatlarının dünya bazarında apardıqları gizli ticarətə görə. Sovet İttifaqının ən çox qorunan sirlərindən biri olan bu ticarətin sxemi xam neft ticarəti sxeminə bənzəyir və çox sadə idi. SSRİ və ondan əvvəl Rusiya İmperiyası taxıl ixracatçıları olduqlarından sovet xarici ticarət təşkilatlarının yüksək keyfiyyətli, yem taxılı deyil, ilk növbədə ərzaq taxılı satması heç kəsi təəccübləndirmirdi. Eyni keyfiyyətdə taxılı Sovet İttifaqı ABŞ-dan, habelə Kanada və Avstraliyadan alıb-satırdı.  Lakin taxılı açıq ticarətlə ixrac etmək dünya bazarında çoxlu suallar yarada və informasiya Sovet İttifaqı daxilində, o cümlədən əhali araında yayıla  biləcəyindən Sovet xarici ticarət təşkilatları idxal taxılını kağız əməliyyatlar vasitəsilə ixrac taxılına çevirərək birbaşa istehlakçılara deyil, müstəqil taxıl tacirlərinə satırdılar. Sözügedən halda, məhz Rokfeller klanı vasitəsilə. Rokfellerlər aldıqları vəsaitin əhəmiyyətli bir hissəsini özlərində saxlayır, bir hissəsini isə sovet “taxılçılarına” verirdilər. Onlar bu pulu oğurlamırdılar, çünki vəsaitləri indiki kimi idarə etmək imkanları yox idi. Ancaq pullar dövlət büdcəsinə yox, qara kassa deyilən yerə gedirdi.  Sovet rəhbərliyi bu pulları qara gün üçün yığırdı və 1980-ci illərin sonunda hakimiyyətə gələcək Qorbaçov tərəfindən sovrulacaqdı.

Taxıl tacirləri xoş bir təsadüf nəticəsində həm də müstəqil neft tacirləri idilər. Bu əməliyyatlar ən böyük transmilli taxıl treyderi olan Rokfeller ailəsi, Müdafiə Nazirliyi, o cümlədən hərbi kəşfiyyat və FEMA (ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi) tərəfindən effektiv şəkildə idarə olunan Amerika ailə şirkəti Cargill vasitəsilə həyata keçirilirdi. Bütün bu insanlar və təşkilatlar Sovet İttifaqı ilə taxıl ticarəti ilə məşğul idilər, ancaq bu barədə sovet qəzetlərində heç kim heç nə yazmırdı. Bunu yalnız dar bir dairə - Kulakov və onun vasitəsilə Qorbaçov bilirdi.

1970-ci illərdə neftin və taxılın qiymətinin qalxması Devid Rokfeller planının reallaşdırılmasının nəticəsi idi və bir qrup sovet partokratı ilə razılaşdırılmışdı. Sonradan satmaq üçün böyük həcmdə taxıl almaq tələbi Rokfellerin planının həyata keçirilməsi üçün ilkin şərt idi, Bu neft ixrac edən ölkələrin qəbul etdiyi resursların tənzimlənməyən və nəzarətsiz qlobal valyuta bazarına yönəldilməsi, orada Rokfeller ailəsinin və onlara tabe olan maliyyə-siyasi qrup və institutların nəzarətində olan subyektlərdə birləşdirilməsi demək idi. Devid Rokfellerin planının həyata keçirilməsi nəticəsində SSRİ-nin valyuta gəlirləri kəskin şəkildə artdı.

1973-cü ildə taxıl və neft əməliyyatlarını həyata keçirmək üçün Moskvada Rokfellerin “Chase Manhattan Bank”ı açıldı. Bu bank vasitəsilə SSRİ-yə valyuta gəlir və onunla uşaq bağçaları, məktəblər, körpələr evi, kinoteatrlar, evlər və s. tikilir, təmin olunurdu.  Bu valyutanın bir hissəsi qara kassada saxlanılır, digər hissəsi büdcəyə gedirdi ki, bundan da dotasiya ilə yaşayan ittifaq respublikalarını dəstəkləmək üçün istifadə olunurdu.

Bütün bunları açıq şəkildə etmək mümkün deyildi, çünki Qərbdəki tərəfdaşlar işləri həm qanuni, həm də gizli aparır və SSRİ-dən də bunu tələb edirdilər. Onlar belə böyük miqdarda taxılı gizli şəkildə müxtəlif ölkələrə, o cümlədən SSRİ-yə düşmən ölkələrə sata bilməzdilər. Məsələn, İsrail və ya başqa ölkələr bilsəydilər ki, bu sovet taxılıdır, almazdılar. Buna görə də, Rokfeller klanı tərəfindən təmin edilən hər cür maxinasiyalara əl atmaq lazım idi. Gizli əməliyyatlar olmadan keçinmək mümkün deyildi, onlar SSRİ-yə külli miqdarda gəlir gətirdilər və bu vəsait oğurlanmırdı. Talan bir az sonra, Qorbaçov hakimiyyətə gələndə başlayacaqdı.

Qərb sadəcə olaraq bu insanların təbii və ya qeyri-təbii şəkildə getməsini və əlverişli olanların hakimiyyətə gəlməsini gözləyirdi. Bu o deməkdir ki, elita Qorbaçov gələnə kimi artıq tamamilə çürümüşdü.

Çoxları getmiş, bəziləri ölmüşdü. Məsələn, Kosıgin 1980-ci ildə, Brejnev və Suslov isə 1982-ci ildə öldülər. Bəziləri öz əcəliylə ölsə də, bəzilərini o biri dünyaya göndərdilər. Məsələn, Suslov 1982-ci ildə həb qəbul erdikdən sonra insult keçirtdi. Brejnev də noyabrın 10-da da hansısa həbi qəbul etdikdən sonra oyanmayıb. Onlar yaşlı olsalar da, hələ bir qədər də yaşaya bilirdilər. Məsələn, ölümündən bir həftə əvvəl Brejnev plenum keçirərərək, Yuri Andropovu 3-cü və ya 4-cü adam, Vladimir Şerbitskini baş katib etməyə hazırlaşırdı. Amma Qərb, eləcə də daxili qüvvələr Şerbitskinin hakimiyyətə gəlməsində maraqlı deyildilər.

Odur ki, Qərb sadəcə olaraq bu insanların təbii və ya qeyri-təbii yolla getməsini və sərf edənlərin hakimiyyətə gəlməsini gözləyirdi. Bu prosesi stimullaşdıran da Qərb idi.

Bəs Qorbaçovdan başqa variantlar da var idimi?

1978-ci ilin iyulunda Kulakov qəflətən öldü. Mərkəzi Kənd Təsərrüfatı Komitəsinin katibi (və gizli taxıl əməliyyatları üzrə rəhbər) vəzifəsini Qorbaçov tutdu. Niyə? Çünki prosesə daha bir nüfuzlu şəxs, o zaman DTK sədri olan Andropov da qoşulmuşdu. Gizli əməliyyatlara məhz KQB nəzarət edirdi, çünki məxfilik qorunmalı idi. Qorbaçovla Andropov Stavropolda kurort şəhəri olan Kislovodskda tanış olmuşdular. O vaxtlar diyarın ağası Qorbaçov idi və partiya rəhbərləri buranı çox sevirdilər. Karyerist Qorbaçov Andropovun etimadını Kulakovun onu tövsiyə etməsi və taxıl əməliyyatlarına Stavropolun başçısı kimi daxil etməsi sayəsində qazanmışdı. Buna görə də, başqa “taxılçılar” əməliyyata qoşula bilmirdilər. Kulakovun ölümündən sonra kənd təsərrüfatının rəhbəri ola biləcək başqa bir namizəd var idi: bu, Ukrayna Kommunist Partiyası Poltava vilayət komitəsinin birinci katibi Fedor Morqun idi. Amma onun qarşısını kəsdilər və Qorbaçov qalib gəldi. Siyasi Büroda hakimiyyəti iki - rus və ukraynalı klanı bölüşdü: Qorbaçov isə yarı rus, yarı ukraynalı idi. Görünür, bu kompromis də rol oynadı. Ona görə də Qorbaçov hakimiyyətə gətirildi və o, Moskvaya köçdü.

Qorbaçov hamını- həm özününküləri, həm də başqalarını qane edirdi. Onu da nəzərə almaq lazımdır ki, Qərb tərəfdaşları artıq onunla tanış olmuşdular. Qorbaçov Stavropol vilayət komitəsinin birinci katibi olanda İtaliyaya getmişdi və bu səfərlər də Qərb xüsusi xidmət orqanları tərəfindən izlənilirdi. 1975-ci ildə Rokfellerin şəxsi nümayəndəsi Cek Metlok hətta Qorbaçova baş çəkərək, onunla görüşmüşdü. Qorbaçov baş katib olanda isə Sovet İttifaqının dağılmasının son mərhələsinin başladığı 1987-1991-ci illərdə ABŞ-ın SSRİ-dəki səfiri məhz Cek Metlok idi.

Qorbaçovun Kreml Olimpinə gedən sürətli yolunu məhz “taxıl” amili və taxıl əməliyyatlarının sirlərinə bələd olması təmizlədi. 1978-ci ildə o, Sov.İKP MK-nın katibi, iki ildən sonra isə Siyasi Büroya həqiqi üzv kimi daxil oldu. Cəmi beş ildən sonra da Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi oldu. Bütün bunlar ağıl dəryası olduğu üçün deyil, gizli əməliyyatlara təşəbbüs göstərdiyi və onlardan düzgün istifadə etdiyi üçün baş verdi.

Gəlin hadisələrin xronologiyasına diqqət yetirək. 1980-ci il oktyabrın 21-də Qorbaçov Siyasi Büro üzvü oldu, 1980-ci il noyabrın 4-də isə (iki həftə sonra) Ronald Reyqan ABŞ prezidenti vəzifəsini tutdu. Reyqan Kaliforniya hərbi-sənaye kompleksi klanının nümayəndəsidir və bu klan məhz taxıl klanı ilə birləşərək Reyqanı hakimiyyətə gətirdi. Texaslı neftçi Corc Buş onun vitse-prezidenti təyin edildi. Reyqan hakimiyyətə gəldikdən altı ay sonra, 1981-ci il aprelin 24-də Amerikanın SSRİ-yə qoyduğu taxıl tədarükü embarqosu ləğv etdi. Embarqo 1980-ci ilin yanvarında Əfqanıstanda baş verən hadisələrdən sonra Cimmi Karter tərəfindən tətbiq edilməyə başlamışdı. Sov. İKP Siyasi Bürosunda kənd təsərrüfatına cavabdeh olan şəxs isə Qorbaçov idi.

Qorbaçov məhz buna görə də rekorda imza ataraq cəmi iki il ərzində  Siyasi Büro üzvlüyünə namizədlikdən üzvlüyə keçə və üzv ola bildi. O həm Rokfeller klanı, həm də Britaniya maliyyəçiləri Rotşildlər klanı ilə uzun müddət əlaqədə olan Suslov və Andropovun “adamı” idi.

Bu arada Rotşildlər 1979-cu ildə Marqaret Tetçeri hakimiyyətə gətirdilər. Bütün bunlar bir-biri ilə bağlıdır: eyni güc mərkəzləri özlərinə lazım olan insanları hakimiyyətə gətiriblər.

Qorbaçov hamını - istər özününküləri, istərsə də onun haqqında özündən çox bilən yadları məmnun etdi. Beləliklə, bu xronologiyada dördüncü mühüm tarix 1981-ci il mayın 20-dir (embarqonun ləğvindən təxminən bir ay sonra). Bu tarixdə ABŞ-ın yeni seçilmiş prezidenti Ronald Reyqan Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru Rokfeller tayfasından olan Uilyam Keysi (Uoll Stritdən maliyyə kəşfiyyatı zabiti) qəbul etdi. Məhz bu görüşdə SSRİ-nin zəiflədilməsinin baş planının ilkin konturları ilk dəfə ortaya cızıldı. Bu əməliyyat demək olar ki, Qorbaçovun Siyasi Büroya üzv olması ilə eyni vaxtda baş Verdi. 

Qorbaçovun zirvəyə necə yüksəlməsinin izahı da bununla bağlıdır. O, zəif lider idi və SSRİ-ni 1960-cı illərin sonlarında qurulmuş tələyə çəkmək üçün Qərbin onun kimisinə ehtiyacı vardı.

Qorbaçova qədər Yuri Andropov və Konstantin Çernenko da var idi. Lakin onlar rola uyğun gəlmirdilər. Çernenko və Andropov xəstələndilər və tezliklə öldülər. 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində onlar öz yerlərini Qorbaçova vermək istəmir, Qərb tərəfdaşları kimi onu gələcəyə hazırladılar. Ancaq bunun nə vaxt baş verəcəyini bilmirdilər.

Qorbaçovu “taxılçılar” irəli çəkmişdilər. Bəs o zaman “neftçilər” harada idilər və niyə ortalıda görünmürdülər?

Neft sənayesinə Vladimir Dolqix cavabdeh idi. Onu Krasnoyarsk vilayətindən gətirmişdilər. Lakin o artıq qoca idi və arxasında Qorbaçov kimi (SSRİ-də və Qərbdə) nüfuzlu qüvvələr yox idi. Üstəlik, Dolqix daha subyektiv bir şəxsiyyət olduğundan onunla manipulyasiya etmək çətin idi. Onlar öz adamlarını hər yerə - taxıl, neft və silah satışına yerləşdirə bilmirdilər. Rəqabət var idi.

Bu yerdə istər-istəməz Qriqori Romanovu xatırlamaq lazım gəlir. 1976-cı ildə Siyasi Büronun ən gənc üzvü Sov.İKP Leninqrad Vilayət Komitəsinin birinci katibi 53 yaşlı Romanov idi. Leonid Brejnev varis olaraq məhz onun adını çəkmişdi. Romanov “sənayeçi” idi və arxasında hərbi-sənaye kompleksi dayanırdı. Hələ müharibədən əvvəl Leninqrad SSRİ-də hərbi istehsal mərkəzlərindən birinə çevrilmişdi. Lakin Siyasi Büronun üzvü olan Romanov Leninqradda qaldı, Qorbaçov isə 1978-ci ildə Siyasi Büro üzvlüyünə namizəd olduqdan sonra Moskvaya köçdü və burada nüfuzlu şəxslərlə əlaqələr qurmağa başladı. Bu şəxslər ona iki il sonra Siyasi Büroya daxil olmağa və ən gənc üzv (49 yaşında) olaraq təkcə rus klanının deyil, həm də uzun müddət taxılçılıq sahəsinə rəhbərlik etmiş Ukraynanın dəstəyini almağa kömək etdilər.

Qeyd etmək lazımdır ki, SSRİ-də taxılın əsas hissəsi üç respublikanın payına düşürdü: RSFSR (ümumi məhsulun beşdə üçü), Ukrayna SSR (ümumi məhsulun beşdə biri) və Qazaxıstan SSR (ümumi məhsulun səkkizdə biri). Üstəlik, 1955-1991-ci illərdə SSRİ-nin kənd təsərrüfatı naziri işləmiş 7 nəfərdən 6-sı ukraynalı olub. Bunun sayəsində taxıl ixracında bu respublikanın maraqlarını lobbiləşdirə bildilər. Qorbaçovun Mərkəzi Kənd Təsərrüfatı Komitəsinin katibi vəzifəsinə gəlişi ilə ukraynalıların taxıl konturuna təsir imkanları artdı. Qorbaçov da Ukrayna klanından dəstək aldı. Romanovun mövqeyi eyni səviyyədə qaldı: o, Moskvaya köçürülmədi və hətta hərbi-sənaye kompleksinin kuratoru təyin edilmədi, lakin 1976-cı ildə Siyasi Büroya təqdim edildi. Onun yerinə Sverdlovskdan (hərbi sənayenin başqa bir mərkəzi) Yakov Ryabov kurator oldu. Ancaq Ryabovun nüfuzlu bir rəqibi var idi - Müdafiə Nazirliyinin rəhbəri Dmitri Ustinov. O bütün hərbi sənaye kompleksinə özü nəzarət etməkdə maraqlı idi. Nəticədə, 1979-cu ildə Ustinov bu qarşıdurmada qalib gəldi - Ryabov bu sahədən uzaqlaşdırıldı.

1982-ci ilin noyabrında Brejnevin ölümündən sonra Andropov yeni baş katib oldu. O, Romanovu Leninqraddan Moskvaya gətirdi və nəhayət, hərbi sənaye kompleksinin kuratoru təyin etdi. Amma artıq çox gec idi. O vaxta qədər Qorbaçov artıq 5 il idi paytaxtda yaşayırdı və mövqeyini gücləndirməyi bacarmışdı. 1983-cü ildə Andropovun rəhbərliyi dövründə isə, iki ildən sonra baş katib postunu ələ keçirməkdə ona kömək edəcək komandasını yaratmağa başladı. Deməli, Romanov Moskvaya daha əvvəl gəlsəydi və lazımi əlaqələr qursaydı, baş katib o olacaqdı. Təbii ki, onu aradan götürməsəydilər...

Məsələ burasındadır ki, sərf etməyən fiqurları aradan qaldırmaq imkanları  KQB-nin əlində idi. Andropovun Qorbaçova üstünlük verdiyini nəzərə alsaq, rəqiblər o biri dünyaya getməli olacaqdılar.

Amma Brejnev belə bir məsuliyyəti öz üzərinə götürüb, Romanovu 1976-cı ildə, yəni vaxtında Moskvaya gətirsə və baş katib olmasına kömək etsəydi, onda xüsusi xidmət orqanları da bu variantı rəhbər tutacaqdılar. Amma bu baş vermədi. Və sonra Əfqanıstanda müharibə başladı. Deməli, Qorbaçov kimi zəif adamların hakimiyyətə gəlməsi üçün bəzi insanları torpedaya salan bütöv səbəblər kompleksi var idi.

Beləliklə, 1983-cü ildə Andropov hakimiyyətə gələndə Qorbaçov artıq baş katib olmaq üçün ona kömək edəcək komandanı yaratmışdı. Yeqor Liqaçova ona kadrlara nəzarət həvalə edilmişdi (MK-nın təşkilati-partiya işi şöbəsi). Nikolay Kruçinaya Mərkəzi Komitənin bütün daşınar və daşınmaz əmlakına nəzarət etmək (Sov.İKP MK-nın işlərinin idarə edilməsi) həvalə edilmişdi. Qeyd edək ki, Kruçina taxıl məsələsində də Qorbaçova yaxınlaşmışdı: 1978–1983-cü illərdə o, MK-nın kənd təsərrüfatı şöbəsinin müdirinin birinci müavini idi. Anatoli Lukyanova Ümumi şöbə müdirinin müavini kimi Mərkəzi Komitənin bütün gizli yazışmalarına nəzarət etmək həvalə edilmişdi. Qorbaçov hakimiyyətə gələn kimi Lukyanov Baş İdarəyə rəhbərlik edəcəkdi. Ölkədəki elmə və bütün təhsil müəssisələrinə nəzarət Vadim Medvedevə həvalə edilmişdi, Aleksandr Yakovlev isə İMEMO-nun rəhbəri kimi xarici siyasətçi və iqtisadçılarla əlaqələrə nəzarət etməli idi. Qeyd edək ki, Yakovlevin taxıl alveri ilə də əlaqələri olub: o, 1973-1983-cü illərdə SSRİ-nin Kanadadakı səfiri olub və bu ölkə taxıl tədarükü və taxıl bazarında gizli əməliyyatlarda SSRİ-nin tərəfdaşı olub.

Andropovun baş katib olduğu dövrdə Qorbaçovun iki ildən sonra hakimiyyətə gəlməsinə kömək edəcək güclü komanda formalaşdıra bilməsi təsadüfi deyildi. Andropov 15 il DTK-ya rəhbərlik edib və xarici kəşfiyyat - Birinci Baş İdarə (PGU) vasitəsilə Rokfeller klanına daxil olub.  Orada isə sonda Siyasi Büronun iki gənc üzvündən (62 yaşlı Romanov və 54 yaşlı Qorbaçov) birinə təkcə ABŞ-a deyil, həm də Qərbi Avropaya güclü təsiri olan Rokfeller klanı ilə taxıl xətti ilə uzun müddət əlaqələr qurmuş Qorbaçova üstünlük verilib.  Romanovun belə tutarlı əlaqələri yox idi. Üstəlik, Romanov güclü xarakterə malik müstəqil bir şəxs olduğundan, onu manipulyasiya etmək çətin idi. Onun fonunda Qorbaçovun iradəsi çox zəif idi, arvadının ona güclü təsiri var idi, pərdə arxasında dayanan və baş katibliyə təyinat prosesini aparan qüvvələr üçün daha sərfəli bir namizəd idi.

Rokfeller klanının Qorbaçovu baş katibliyə yüksəltməsi haqqında BMT-nin Nyu-Yorkdakı missiyasında işləyən sovet diplomatı Viktor İsraelyanın da sübutlar var. Amerika səfiri Lyuis Filds məhz İsrailyanla əlaqə saxlayaraq, ABŞ-ın vitse-prezidenti Corc Buşun (Rokfeller klanına bağlı olan neft klanından) adından SSRİ-nin növbəti baş katibinin Qorbaçov olacağını bildirib. Qeyd edək ki, bu, Çernenkonun hələ hakimiyyətdə olduğu 1984-cü ildə baş verib. İsrailyan bu barədə Moskvada Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Qromıkoya danışmalı idi, çünki Brejnev, Suslov, Andropov və Ustinovun ölümündən sonra hər üç sahədə - taxıl, neft və silah sahəsində bir çox elitalararası əlaqələr onunla qurulmağa başlanmışdı. Lakin 1985-ci ilin əvvəlində Qromıko öz seçimində tərəddüd etdi. Sonra digər elitalararası vasitəçilər - İMEMO-nun direktoru Aleksandr Yakovlev və Şərqşünaslıq İnstitutunun direktoru Yevgeni Primakov onunla əlaqə saxladılar. Onlardan birincisisi anglo-sakson, ikincisi isə Yaxın Şərq aktorlarına, o cümlədən İsrailə bağlı idi. Nəticədə Qromıko Siyasi Büronun 1985-ci ilin martında keçirilən həlledici iclasında Baş katib vəzifəsinə Qorbaçovun namizədliyini dəstəklədi. Qorbaçovun rəqibi Qriqori Romanov isə Siyasi Bürodakı hərbi çevrəyə məsul olduğu və buna görə də, Rokfeller klanı ilə birlikdə Reyqanını hakimiyyətə gətirən, onu yönləndirən ABŞ hərbi-sənaye lobbisinə (yəni “Kaliforniya” klanı) sərf etmədiyi üçün bloklandı.

Belə çıxır ki, Qorbaçovun hakimiyyətə gəlməsində Primakovun da əli olub. O, bunu heç gizlətmirdi də və bu barədə Qromıkonun oğlu Anatoli kimi öz xatirələrində yazıb. Sadəcə olaraq bu işin arxasında xaricdə hansı qüvvələrin dayandığını təsvir etməyiblər. Bu, pərdəarxası bir hekayədir və bu xadimlərin heç biri tərəfindən təsvir oluna bilməz, çünki "açıqlamamaq müqaviləsi" adlı bir anlayış var. Onların o vaxt və bu gün baş verən bütün pərdəarxası işləri işıqlandırmaq hüququ yoxdur. Qorbaçovu təbliğ edən qüvvələr bu gün də var, şahmat taxtasını müşahidə edirlər. Amma heç kim bu haqda danışmayacaq, bu haqda xatirə yazmadan hamı qorxur. Yazan adam çox yaşamayacaq və yaxınlarının problemləri olacaq.

Bu işlər həmişə belə olub. Sadəcə, fiqurlar dəyişib, amma kulis heç yerə getməyib. Taxıl məsələsi də təkcə xüsusi əməliyyat fonunda yaranmayıb. Yeri gəlmişkən, aqrobiznes Rokfellerlərin ideyasıdır. İnsanlığı yeməklə manipulyasiya etmək. Eyni şəkildə neftlə də manipulyasiya etmək, tədarükləri dayandırmaq və bir çox ölkədə sənayeni iflic etmək mümkündür.

Qayıdaq Qorbaçova.  Bəlkə də, 1985-ci ildə baş katib olanda hələ başa düşmürdü ki, onu SSRİ-nin dağılmasına aparırlar. Qorbaçov inanırdı ki, Qərb tərəfdaşları İttifaqın transformasiyasına və sosial-demokratik dövlətə çevrilməsinə kömək edəcəklər. Əslində, SSRİ 1960-1970-ci illər ərzində burjua dövlətinə doğru irəliləyirdi.  Meşşanlıq və istehlak artır, bu da ideoloji prinsiplərin itirilməsinə səbəb olurdu. Görünür, Qorbaçovu hakimiyyətə gətirən insanlar SSRİ-nin 6 ildən sonra dağılacağını düşünmür, sadəcə, ölkənin planlı iqtisadiyyatdan uzaqlaşaraq bazar iqtisadiyyatına yaxınlaşacağına inanırdılar. O zaman, çox güman ki, Qorbaçovun komandası SSRİ-ni ləğv etmək deyil, onu dəyişdirmək məqsədi güdürdü. Çin də konvergensiyadan keçdi, lakin özünü məhv etməyə imkan vermədi. 1989-cu ildə Qorbaçov Çinə gedərək Den Syaopini düzgün yola çəkməyə çalışanda Den onu “şaqua” adlandırmışdı, bu da çincə “axmaq” deməkdir. Den Syiaopin işlərin hara getdiyini artıq başa düşürdü.

1989-cu ildə Qorbaçov artıq seçim qarşısında idi: Qərbdən ona diktə edilən dəyişikliklərə müqavimət göstərsin, ya yox. Ola bilər ki, “yenidənqurma” ideyaları da ona Qərbdən təklif olunmuşdu.

Ancaq prinsipcə, daxili şərait  də yenidənqurmaya aparırdı. O zaman kölgə iqtisadiyyatı inkişaf edirdi. Bu isə elə bazar iqtisadiyyatıdır. Kölgə sektoru getdikcə böyüyürdü; bundan çıxmaq və bunu qanuni şəklə salmaq lazım idi. Bu isə yenidənqurma tələb edirdi.

Ancaq  hakimiyyətə Romanov gəlsəydi, iqtisadi islahatlara başlasa da, ideologiyaya toxunmazdı. Qorbaçov isə ideologiyadan başlayıb, iqtisadiyyatı da ora daxil etdi. Romanovun dövründə də yenidənqurma baş verəcəkdi, amma başqa cür.

Bəs 1985-ci ilə qədər SSRİ-də fəlakətli iqtisadi böhran vardımı?

Yox. Fəlakətli olan sistemli böhrandır. SSRİ-də isə struktur böhranı vardı. Ciddi və ya ölümcül bir xəstəliyə tutulma fərqli şeylərdir. Ciddi xəstəlik müalicə edilə bilər, lakin ölümcül xəstəlik yox. Liberallar SSRİ-nin xərçəng xəstəliyinin dördüncü mərhələsində olduğunu söyləməyə çalışırdılar, ona görə də, Qorbaçovun hakimiyyətə gəlib-gəlməməsindən asılı olmayaraq, o, dağılmalı idi. Ancaq bu yalandır. Əslində, 1985-ci ilə qədər SSRİ xəstə idi və müalicə olunmalı idi. Amma Romanov kimi cərrah gəlməli onu əməliyyat etməli idi. Xəstə bir müddətdən sonra ayağa qalxacaqdı. Amma elə bir həkim gəldi ki, onu öldürdü.

SSRİ-də hələ sistemli xarakter almamış struktur böhranı var idi. Qorbaçov isə hakimiyyətə ona görə gətirildi ki, struktur böhranı sistemli böhrana çevrilsin və ölkə dağılsın. İqtisadiyyat üzrə savadsız mütəxəssis olduğu üçün özü də bunu başa düşmədi.

Sonra onu sistemin məhv edilməli olması faktı ilə üz-üzə qoydular. Əvvəl Şərq blokundan başladılar, sonra bütün ölkəni məhv etdilər. Onun iki seçimi var idi; ya təslim olmalı, ya da müqavimət göstərməliydi. Qorbaçov da Salvador Allende kimi əlinə avtomat götürüb ölə bilərdi. Amma o, çox gözəl başa düşürdü ki, Qərbdəki qüvvələrə qarşı çıxsa, nəinki tək özü sıradan çıxarılacaq, bunun cəzasını yaxınları da çəkəcək. Müqaviməti dayandırdığına görə Qorbaçova Nobel mükafatı verdilər, onun abidələr ucaldılacaq, qohumları dəbdəbəli yaşayacaqlar.

Qorbaçovun dövründə, 1991-ci ilin avqustunda (18-dən 21-dək) QKÇP (Fövqəladə Hallar üzrə Dövlət Komitəsi) adlanan bir çevriliş də oldu. Bəs bu nə idi və Qorbaçovun bunda rolu nədən ibarət idi?

May ayında, Fövqəladə Hallar üzrə Dövlət Komitəsindən üç ay əvvəl ABŞ-ın keçmiş prezidenti Nikson SSRİ-yə gəldi. Ancaq təqaüdə çıxmış prezidentlər olmur; o, 1973-cü ildə Çilidə Salvador Aliyendenin devrilməsində iştirak edən Kaliforniya klanının nümayəndəsi idi. Nikson SSRİ-nin aparıcı siyasi xadimləri, o cümlədən KQB sədri Vladimir Kryuçkovla görüşdü. Qəzetlər bu səfərlə bağlı xəbərlər dərc edirdilər, amma təbii ki, danışıqlar barədə məlumat vermirdilər. Sonra isə çevriliş baş verdi. Görünür, onlar artıq çevrilişin nə vaxt və hansı qüvvələrin iştirakı ilə baş verəcəyini müzakirə etmişdilər. “Alfa” qrupunun əvvəlcə irəlilədiyini və sonra geri çəkildiyini diqqətli müşahidəçilər yaxşı xatırlayı. Deməli, QKÇP  ABŞ-da planlaşdırılmış operetta idi. Üstəlik, Niksondan sonra artıq təqaüdə çıxmış Tetçer də Moskvaya  gəldi. Təbii ki, vəziyyətin bundan sonra necə inkişaf edəcəyi ilə bağlı danışıqlar aparmaq üçün. Görünür, onlar belə qənaətə gəlmişdilər ki, artıq atılmış patron olan Qorbaçov kənara çəkilməlidir. Çevriliş olacaq, amma hakimiyyət qalib gələcək və Yeltsin ön plana çıxacaq. Qorbaçov da təslim oldu və heç bir addım atmadı.

Qorbaçovun inamla addımladığı hakimiyyətdən belə asanlıqla imtina etməsi də şübhəlidir.  Doğrudur, o, hakimiyyətdən imtina etsə də, onun verdiyi imtiyazları saxladı. Elə bu məqsədlə də  SSRİ-nin dağılmasının iştirakçısı olmaq və bunun üçün dividendlər almaq yolunu seçdi. İnsanların ona nifrət etməsinə də əhəmiyyət vermədi. Bu insanlar elitaya aiddir və başqa qanunlarla yaşayırlar. Bu, komprador elitasıdır. Bir sahibdən qopub başqasının himayəsi altına keçmək üçün daim sinov gedir. Amma SSRİ dağılandan sonra sovet elitası heç vaxt subyekt olmayacaq, artıq gecdir, o, Qərb sistemi il çox qaynayıb-qarışıb. Başqa hara gedə bilər ki? Çin sisteminə? Onu ora buraxan kimdir? Bəli, orada xammal axınının istiqamətini dəyişmək olar, amma pult yenə də Qərbin əlindədir.

Amma Qərb də bircinsli deyil. Orada təkcə Rokfeller və Rotşild klanları deyil, başqaları da var. Biriləri ilə münasibət pozulsa, başqaları ilə yaranacaq. Söhbət yalnız oriyentasiyanı dəyişməkdən gedə bilər. Ukraynadakı müharibənin səbəbi də budur. Orada müəyyən resurs mənbələri uğrunda mübarizə gedir, qalan hər şey sadəcə sözdür. Ukraynanın qara torpağı Qərb üçün həmişə yağlı tikə olub. 

Eyni qüvvələr hazırda Ukrayna müharibəsi vasitəsilə həm də Rusiyaya sahib olmaq işləyirlər. NATO və MKİ, sovetologiya institutları indi də Rusiyanı müəyyən qüvvələrə tabe etmək istiqamətində məqsədyönlü iş aparırlar. SSRİ-ni dağıda bilmələri onlarda Rusiyanı da dağıdacaqlarına əminlik yaradıb. Onlar bu yolla bütün Avrasiya coğrafiyasına, onun resurslarına sahiblənmək istəyirlər; torpaqlarından, taxılından, neftindən, qazından, qızılından, almazından tutmuş, insanına qədər.

SSRİ-ni isə məhz Qorbaçovun əli ilə dağıtdılar. Aradan 100 il keçsə belə, Qorbaçov SSRİ-ni dağıdan adam olaraq qalacaq. O, Sovet İttifaqının sonuncu prezidentidir. Bütün ittihamlar Qorbaçovun komandasına deyil, SSRİ lideri kimi şəxsən özünə yönələcək.

Götürək Lenini. O, sosializmi qurdu, dünyanı, məncə, yaxşıya doğru dəyişdi. Yoxsulların insan kimi yaşamasının mümkün olduğunu göstərdi. Stalinin İkinci Dünya müharibəsindən qalib çıxdı. Hətta Xruşşov kosmosa insan göndərdi. Brejnev soyuq müharibədə Qərbə təslim olmadı. Bu liderlərin bütün çatışmazlıqlarını üstələyən tutarlı arqumentləri var.

Amma Qorbaçovda bu yoxdur. Deyirlər ki, aşkarlıq elan edib, azadlıq verib. Kasıblıq, işsizlik azadlığı? Fahişəlik azadlığı? Quldurluq azadlığı? Onun yerinə başqası, Romanov, ya da Əliyev gəlsəydi, azadlıq olmayacaqdı? Əminəm ki, onlar ölkəni xaraba qoyan fahişələrə və quldurlara azadlıq verməzdilər. Qorbaçovun başladığı bazar islahatları yanlış yolla getdi. Məhz buna görə, cinayətkarlıq artmağa başladı və iqtisadiyyat dağıldı. Azadlıq lazımdır, amma müəyyən hədlər daxilində.

Qorbaçovun dağıdıcı fəaliyyətini əngəlləməyə çalışanlar da olub, ancaq Rokfeller klanının, bütövlükdə kollektiv Qərbin və Kremldə pərdə arxasında onlara işləyənlərin fəaliyyəti sayəsində bu baş tutmayıb. Belə şəxslərdən biri də o zaman SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini işləyən, Kommunist Partiyasi Siyasi Bürosunun üzvü Heydər Əliyev idi.  Bir çox müşahidəçilər qeyd edir ki, o zaman sovet xalqı, ziyalıları Yuri Andropovdan sonra SSRİ rəhbəri kimi məhz Heydər Əliyevi görmək istəyirdilər.

Təbii ki, Kremldə özünü baş katib postunda görən bir çox Siyasi Büro üzvləri bunu başa düşürdülər. Konstantin Çernenkonun ölümündən sonra özünü Kremlin ağası kimi görən Qorbaçov Heydər Əliyevə paxıllıq edir və qısqanclığını gizlədə bilmirdi. Ancaq Əliyevin Kremldə birinci şəxs olmasının süngüylə qarşılanması təkcə paxıllıq və qısqanclıqla, yaxud milli mənsubiyyəti ilə bağlı deyildi. Bu həm də Rokfeller klanının uzun illər ərzində hazırladığı planın pozulması anlamına gəlirdi. Əqidəli və prinsipial, güclü şəxsiyyətə və xarizmaya malik Heydər Əliyev əlaltı axtaran Rokfellerləri qane edə bilməzdi. 

Qorbaçov hakimiyyətə gəldikdən və baş katib olduqdan sonra da Heydər Əliyev Siyasi Büronun iclaslarında onun qəbul etdiyi bir çox qərarlarla razı olmadığını açıq şəkildə bəyan edirdi. Əliyevin bu mövqeyi  Qorbaçovun fəaliyyət azadlığına, qol-qanad açmasına, “yenidənqurma və aşkarlıq” avantürasına ciddi şəkildə mane olurdu. Məhz bu səbəbdən onun diktəsi ilə Heydər Əliyevə qarşı təzyiqlər başladı. Bütün bu təzyiqlər (çox güman ki, həm də xarici təhdidlər) 1987-ci ilin oktyabrında keçirilən plenumda Əliyevin istefaya getməsi ilə nəticələndi.

Nadir Quliyev