Ötən həftə I Liqanın ikinci yarısına start verildi. Baş tutan qarşılaşmalarda maraqlı nəticələr qeydə alındı. Çempionluq uğrunda mübarizə aparan “Qəbələ”, “İmişli”, “Karvan” xal itkisiylə başladı. MOİK doğma divarlar arasında “İmişli”ni qəbul edirdi.  “Hərbiçilər” bölgə təmsilçisinə qarşı ciddi müqavimət göstərərək əzmkar qələbə qazandı.  Müdafiə Nazirliyinin komandasının baş məşqçisi Qəzənfər Abbasov matçla bağlı Globkom.info – a danışdı.

“Oyuna ciddi hazırlaşmışdıq. “İmişli”nin necə güclü rəqib olduğunu bilirdik. Təbii ki, matça istıdiyimiz kimi başlamadıq, rəqib oyunun startına güclü təzyiqlə başladı və erkən qol vurdu. Təbii ki, müdafiədə boşluq da verdik ki, imişlilər də bundan maksimum istifadə edərək hesabı artırdılar. Amma futbolçularım oyundan qopmadılar və məğlubiyyətdən qaçmaq üçün meydanın hər qarışı uğrunda döyüşdülər. “İmişli” ilə qarşılaşmada mövsümdə ən yaxşı matçımızdan birini keçirdik. Hesab da 1:3 geridəykən geridönüş edərək 4:3 hesablı qələbə qazandıq. Son iki qolumuzu oyuna əlavə olunan dəqiqələrdə vurduq. Yetirmələri təbrik edirəm. Həmişə demişəm, bir daha təkrar edirəm, biz qalib ordunun və qalib Müdafiə Nazirliyinin təmsil edirik. Odur ki, bütün oyunlarımızda bü cür mübarizlik sərgiləyib qələbə qazanmalıyıq. “İmişli” üzərindəki qələbəmizi şəhidlərimizə və qazilərimizə həsr edirik”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info