Rəsmi Bakının üstünlük verdiyi cənab Tramp ABŞ-nin Milli Kəşfiyyat direktoru vəzifəsinə Tulsi Qabbardı təyin etdi. Vəzifəyə təyin edilən xanım isə 2017-ci ildən Azərbaycanın “qara siyahısı”ndadır. Çünki qondarma o, ABŞ Konqresində Dağlıq Qarabağ Respublikasının “müstəqilliyini tanıyıbmış". Madam  Qabbard Ermənistan üzərindən Xankəndi və Şuşaya da səfər etməyə vaxt tapıb. Söhbəti bu mövzudan başlamağım təsadüfi deyil. Fikirimi bir qədər geniş izah edəcəm. Son üç gündə ölkəmizdəki rusofob-faşist təbliğat maşını işə düşüb. Prezident administrasiyasına yaxın olan  me "Kaliber.az" saytı Rusiyaya təhdidlər yağdırdı, Şimal qonşumuzun ünvanına bir neçə kilo alçaldıcı söz atdı. Ardınca da rusofob-faşist xoru eyni vaxtda antirusiya təbliğatına başladı.  Rusiyaya qarşı səsləndirilən fikirlərin əksəriyyəti əsassız və böhtandır. Məsələn, Bakıda yerləşən "Rus evi"nin qarşısından reportaj hazırladılar, jurnalist dedi ki, hansısa mənbədən məlumat alıblar ki, "Rus evi" rus mədəniyyəti təbliğ etməklə məşğul deyil, rus agentlərinin mərkəzidir. Söhbətə baxın!

Madam jurnalist, orada həqiqətən Azərbaycana qarşı nə isə edən agentlər yığılır, niyə onlar həbs edilmirlər? Həbs edilsinlər, əməlləri araşdırılsın, sübut edilsin məhkəmədə, biz də inanaq. Yoxsa "bizə bir mənbədən dedilər ki" istinadına kim inanar?

Bax, elə bütün məsələ bundadır. Hazırkı iqtidar nəyisə düz danışanda belə inanmayan azərbaycanlılar Rusiyaya qarşı qara təbliğat çərçivəsində deyilən hər uydurmaya bədahətən inanırlar. "Kaliber.az" yazmışdı ki, Rusiyanın onsuz da dostu qalmayıb, Azərbaycanı da itirəcək...

Azərbaycan nə vaxt Rusiyaya dost olub? İllərdir Azərbaycanda rusofob faşizm ideologiyası çiçəklənir. Ölkənin telekanallarında (hətta Aztv ilə İtv-də) Rusiyaya qarşı Yozef Göbbels üslubunda  təbliğat gedir. Məmləkətimizdə "müxalifətçi", "ictimai xadim”, “politoloq-ekspert” kimi peyda olanların da məfkurəsi rusofoba və  faşizmdir. Belələrini sayı da yüzlərlədir. Rasim Musabəyovun rusofob faşistliyi isə onlarla "millət" vəkilinin rusofobluğunun cəmindən də çoxdur. Azərbaycanın özünün dostu var ki? "Kaliber.az" bərk narahatdır ki, Rusiya dostsuz qalacaq. Azərbaycanın dostu kimdir ki?  İran deyil. Ermənistan deyil. İvanişviliyə görə Gürcüstan da sayılmaz. Trampa qarşı istər iqtidar, istər də kvazimuxalifət sıralarında yaltaqlananlar olsa da, rəsmi Vaşinqton Azərbaycana qucaq açmır.  Avropada eynən.  Qalır, Böyük Britaniya, İsrail. Türkiyə və digər türkdilli respublikaları saymıram. Onlarla münasibətimiz qohumluq əlaqələri kimi şeydir. Qohumlar dalaşar da, küsüşər də. Necə ki, bir vaxtlar Ərdoğangil Ermənistanla sərhədi açmaq istəyəndə Azərbaycanda Türkiyənin bayraqları endirilirdi. Bənzər hadisə yenə ola bilər, olacaq da. Təkcə Ərdoğan iqtidarına bel bağlayıb Rusiya kimi qüdrətli qonşu ilə düşmənçilik etməyə dəyərmi?! Axı Rusiyanın Azərbaycanın dostluğuna daha az ehtiyacı var, nəinki Azərbaycanın Rusiyaya...

Ötən ilin sonlarındakı  baş verən təyyarə qəzası  üzərindən rusafobiya təbliğatı aktivləşdirilir. Hakimiyyətin nəzarətində olan “APA”-nın paylaşdığı xəbəri diqqətinizə çatdırıram:

"Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib. APA xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib. Baş nazirin müavini Qazaxıstan üçün “burada gizlədəcək bir məsələnin olmadığını” qeyd edib. Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir. Baş nazirin müavini əlavə edib ki, onların arasında - “Qara qutu”ların məzmunu ilə böyük fərq var. Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, - Kanat Bozumbayev vurğulayıb."

Hazırda iktidar başda olmaqla hamı təyyarə faciəsi üzərindən danışır.

"Kaliber.az" yazıb ki, Rusiya istindaqçıları təyyarəni kimin və necə vurduğunu, kimdən əmr aldığını tapıb.

O zaman niyə narahatsız? Deməli, istindaq gedir. Amma cinayət-prosesual deyilən qayda var: istindaqın materialları məhkəmədə müzakirə edilir, qiymətləndirilir.

Rəsmi Bakı və onun təbliğatçıları isə tələb edirlər ki, hələ istindaq bitməmiş Rusiya təyyarə qəzasındakı şübhəliləri dərhal cəzalandırsın. Bu səbirsizlik hansı səbəbdən edilir? Olmaya İmişlidə avtoqəzada həlak olmuş 3 uşağın söhbətindən cəmiyyəti yayındırırlar? Bəlkə Türkiyədə oteldə yanaraq ölən 80 insanın da söhbətini gündəmdən çıxarırlar. Nə olub? Nə baş verir? Bunun bir məntiqli izahı olmalıdır...

Amma nədənsə tarixən Azərbaycan Respublikasının (o cümlədən Sovet Azərbaycanının da ) ayrılmaz tərkib hissəsi olan Qarabağı ayrıca Respublika kimi tanıyan  amerikalı qadın siyasətçiyə və Prezident Trampın komandasının əsas fiqurlarında biri haqqında yüngülcə tənqid, hətta bir kəlməlik qınaq belə səsləndirilmədi. Sual olunur başda “Kaliber.az” olmaqla digər xəbər portalları Tulsi Qabbarda qarşı “tolerant” münasibətin səbəbi nədir?! Halb ki, Rusiyanın ictimai, siyasi xadimlərindən, media nümayəndələrindən kimsə Ermənistan sərhəddindən Qarabağa boylanan (da Ermənistandan Qarabağa keçid edənləri demirəm) zaman Bakıdakı bütün KİV-i rəsmi Kremilə qarşı anafemaya başlayır, sosial şəbəkələrdə isə dilimizdəki bütün aqro deyimlərlə Rusiya və rus xalqına təhqirlər yağdırılır...

 

A.Sultanov

Globkom.info