
Dünən I Liqanın XXI turunda “Qaradağ Lökbatan” doğma divarlar arasında “Mingəçevir”i qonaq etdi. Qarşılaşma qolsuz bərabərliklə başa çatdı. Oyunla bağlı qəsəbə təmsilçisinin futbolçusu Hüseyn Hüseynli Globkom.info – a danışdı.
"Bu gün meydanda dinamik futbol üçün əlverişli hava şəraiti yox idi. Buna rəğmən; "Mingəçevir"lə oyuna qələbə əzmi ilə çıxmışdıq. Təəsüflər olsun ki, istəyimizi reallaşdıra bilmədik. İstənilən halda həvəsdən düşmürük, sona qədər döyüşəcəyik. Zatən sərgilədiyimiz oyunda göstərir ki, təslim olmaq niyyətimiz yoxdur və I Liqada qalmağa layiqik. Odur ki, qarşıdakı 6 turda maksimum nəticəyə köklənəcəyik"
Lökbatan təmsilçisinin "14 nömrə"si hakim idarəçiliyini də qınadı.
"Mən heç vaxt hakimlikdən danışmağı sevməmişəm. Bizim işimiz futbol oynamaqdır. Amma artıq təngə gəlmişik. Bu il neçə oyunlarda referilərin səhvlərinin və ya qərəzliliklərinin qurbanı olmuşuq. Elə "Mingəçevir"lə görüşdə də hakim qeyri-obyektiv qərarlar verdi. Məsələn, rəqib futbolçular adi epizodlarda yerdə qalır, fol verilir, cərimə meydançasında qapıya zərbə endiririk top aşkar şəkildə rəqib oyunçunun əlinə dəyir penaltimiz verilmir. Oyun idarəçiliyi ilə bağlı deyiləcək o qədər məqamlar var ki, bilmirsən hansını dilə gətirəsən. Ümumi deyim ki, bugünkü matçda referilərin idarəçiliyinin nəticəmizə təsiri oldu və vacib 2 xal itirdik".
ABDULLA İSMAYILOĞLU
Globkom.info