Bu gün Qanlı yanvar hadisələrinin 35 illiyidir. Günahsız insanların güllələnməsi ilə nəticələnən bu hadisəylə bağlı hələ də bir çox həqiqətlər gizlədilir. 35 ildən çoxdur ki, 20 Yanvar hadisəsi Rus işğalçılığı, Azərbaycan ilə Rus dövlətini və hər iki xalqı  qarşı-qarşıya gətirilmək kimi təbliğ edirlər. Həmçinin Qanlı yanvar hadisəsini bir çox siyasi qüvvələr, əsas da AXC-Müsavat cütlüyü və rusafoblar imperializm kimi xalqa təqdim edir. Bununla da həm tarix təhrif edilir, həm həqiqətlər gizlədilir. Bakıya daxil qüvvə Rus yox, Sovet ordusu idi. Bəs 35 il əvvəl hadisələr necə cərəyan etmişdir?!  

1990-cı ilin yanvar ayının ilk 10 günlüyündə Azərbaycan SSR-in Cəlilabad və Naxçıvan şəhərlərində Azərbaycan Xalq Cəbhəsi fəalları yerli dövlət və hakimiyyət orqanlarını zorla devirib hakimiyyəti ələ keçirməyi hədəfləyirdi. Xüsusilə 1990-cı ilin 13-18 yanvar tarixlərində Bakıda baş verən erməni talanları nəticəsində Respublikada vəziyyət tamamilə nəzarətdən çıxmış və ölkə idarəedilməz vəziyyətdə qalmışdı. Yanvarın 18-də ümumi tətil başlamış, işçilərin kütləvi tətili və AXC tərəfinə keçməsi müəssisələrin və şəhər nəqliyyatının işini iflic etmişdi  KİV Xalq Cəbhəsi tərəfindən tamamilə nəzarət altına alınmış, radio və televiziya binası AXC tərəfindən ələ keçirilmişdi.Yanvarın 17-i və 18-də AXC fəalları Mərkəzi Komitənin binasını üç dəfə ələ keçirməyə cəhd etmiş, lakin daxili qoşunların şəxsi heyəti silah və ya xüsusi texnikadan istifadə etmədən bu cəhdin qarşısını almışdır (“Чёрный январь. Баку-1990: Документы и материалы”. - Баку: Азернешр, 1990 s. 109). AXC fəalları “Salyanski” kazarmasını ələ keçirə bilməsələr də, yollara beton bloklar düzərək oranı blokadada saxlayırdı. Ordu kazarmalarına yaxınlaşan yerlərdə yük maşınlarından və beton bloklardan barrikadalar qurulurdu. Bakı qarnizonunun 60 hərbi kazarmasından 34-ü blokadaya alınmışdı. Bütün bunların kulminasiya nöqtəsi isə Salyan kazarmasında yerləşdirilmiş 295-ci motoatıcı diviziyanın bölmələrinin dislokasiya edildiyi hərbi şəhərciyin bütün ətrafının blokadaya alınması idi (“Ввод советских войск в Баку в ночь с 19 на 20 января 1990 года”. РИА Новости. 17 января 2011: (https://web.archive.org/web/20160427001030/http://ria.ru/history_spravki/20110117/322647424.html).

Yanvarın 19-da, səhər saatlarında Azərbaycan KP MK-nın binası qarşısında minlərlə insanın iştirak etdiyi mitinq keçirildi. İştirakçılar Azərbaycan SSR-in rəhbəri Əbdürrəhman Vəzirovun yerinə Həsən Həsənovun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilməsini tələb edirdilər. Günorta saat 12-də AXC fəalları televiziya mərkəzinin binasını zəbt edərək mərkəzi televiziya kanalını bağladılar (“БАКУ: ХРОНИКА СОБЫТИЙ”. Журнал “Власть”. 29 января 1990: (https://www.kommersant.ru/doc/265808). Naxçıvan MSSR 1990-cı ilin yanvarın 19-da SSRİ tərkibindən çıxan ilk respublika oldu. 18-19 yanvar tarixlərində hökumətin və partiya rəhbərliyinin istefası tələbləri daha yüksək səslə tələb olunmağa başladı. Mərkəzi Komitə, Nazirlər Şurası və Respublika Silahlı Qüvvələri Rəyasət Heyətinin işçilərinə qarşı açıq formada təhdidlər səslənirdi. Ümumilikdə, yanvarın 1-dən 19-dək respublikada 1,5 milyon adamın iştirak etdiyi mitinqlər təşkil edilmişdi. Yanvarın 18-də Bakıda və  7 rayonda (Gəncə, Xanlar, Lənkəran, Astara, Cəlilabad, Şərur, Ordubad) hakimiyyət Xalq Cəbhəsinin əlinə keçdi (Михаил Жирохов “Семена распада: войны и конфликты на территории бывшего СССР”, 2012 s.291).

Gərgin vəziyyətlə əlaqədar olaraq, Sov.İKP Mərkəzi Komitəsinin katibi Andrey Girenko, Sov.İKP MK Siyasi Bürosuna üzvlüyə namizəd Yevgeni Primakov, SSRİ Müdafiə Naziri marşal Dmitri Yazov, Quru Qoşunlarının Baş Komandanı, Müdafiə Nazirinin müavini ordu general Valentin Varennikov və digər yüksək vəzifəli şəxslər təcili olaraq Bakıya gəldi. 20 yanvar hadisələrindən bir gün əvvəl Polibüro üzvü olmuş Andrey Girenko ilə Azərbaycan Xalq Cəbhəsi üzvləri arasında Bakıda barrikadaların sökülməsi və insanların qoşunlarla qarşıdurmadan xilas edilməsi ilə bağlı dialoq aparıldı:

“Elçibəylə, AXC-nin digər liderləri ilə görüşdük. Primakov və mən onları qəbul etdik və onlarla söhbət etdik. O zaman Vəzirovun Respublikada nəzarəti tamamilə itirdiyini açıq şəkildə başa düşdüm.  Xalq Cəbhəsi fəallarından biri ilə həmin gecəki hadisə baş verməmiş görüşdüm. Mən bilirdim ki, qoşunlar blokadada qala bilməz. Mən ona yalvardım ki, insanları qoşunlarla  qarşıdurmadan xilas etmək üçün yolları, aerodromları bağlayan barrikadaları yıxsın.” (Tomas De Vaal  “Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında, 2008 s. 92). Danışıqlar zamanı Etibar Məmmədov da ordunun Bakıya daxil olacağı təqdirdə müqavimət göstərəcəklərini bildirmişdi (Игорь Бабанов, Константин Воеводский, "Карабахский кризис",1992  s. 38).

Bu kritik şəraitdə yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Bakı şəhərində fövqəladə vəziyyət rejimi haqqında” fərman imzaladı, küçəyə çıxmaq qadağan edildi. Ancaq televiziya stansiyasında elektrik təchizatı bloku 19:30-da Sovet Xüsusi Xidmət Orqanları tərəfindən partladıldığına görə şəhər sakinləri bu qərardan xəbər tutmadılar. Bakının əksər sakinləri fövqəladə vəziyyət barədə yalnız səhər saat 5.30-da radiodakı elandan və helikopterlərdən səpələnmiş broşuralardan sonra xəbər tutdu (Tomas De Vaal  “Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında, 2008 s. 93). Çox güman ki, Sovet Təhlükəsizlik orqanları AXC-nin televiziya ilə bütün əhalini meydanlara çıxarmasının və daha çox insan ölümünün qarşısını almaqdan ötrü hökumət televiziyanın enerji blokunu partlatmışdılar. Çünki ən rəzil hakimiyyət belə öz vətəndaşlarını bilərəkdən qırğına göndərərək onları özünə qarşı qaldırmaq istəməzdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu 5 istiqamətdən Bakıya daxil oldu. Ordu tapşırığa uyğun olaraq, saat 00-00-da Bakıya girməli, barrikadaları aradan qaldırmalı və şəhərdə blokadada qalan 12 000 Daxili qoşun, 3600 Sovet əsgərini çıxartmalı, dövlət və hökumət binalarını AXC fəallarının əlindən almalı idi. AXC fəalları ordunun gəlişi ərəfəsində səsgücləndiricilər vasitəsi ilə hər kəsi küçəyə çıxmağa səslədi (Станислав Чернявский “Новый путь Азербайджана”, 1992 s. 43)

Sovet ordusu, odlu silahdan güclü müqavimətə Moskovski prospektində, Suvorov küçəsinin Tbiliski prospekti ilə kəsişməsində, Əlişir Nəvai və Çapaev küçələrinin kəsişməsində rast gəldi. Qoşunlara qarşı ən sərt müqavimət isə “Salyanski” kazarması yaxınlığındakı Tbiliski Prospektində baş verdi. Burada atışmalar səhər saat 4.30 – a  qədər davam etdi (Кирилл Столяров “Распад: от Нагорного Карабаха до Беловежской пущи”, 2001 s. 98). Ordunun ən böyük itkisi “Salyanski” kazarması ərazisində qeyd alındı. AXC fəallarının şəhərdən təxliyə edilən hərbçilərin və ailə üzvlərinin olduğu kolona atəş açması nəticəsində 9 nəfər öldü.

Atışmalar zamanı Mixail Jiroxovun qeyd etdiyinə görə Azərbaycan SSR Daxili işlər nazirliyi əsgərlərindən 8, SSRİ Daxili işlər nazirliyi əsgərlərindən 5, Sovet ordusundan isə 22 əsgər, ümumilikdə isə 35 nəfər həyatını itirmişdi (Михаил Жирохов “Семена распада: войны и конфликты на территории бывшего СССР”, 2012 s. 295). Ümumilikdə yanvarın 20-dən fevralın 11-dək Bakıda öldürülənlərin ümumi sayı 142 nəfər, yaralılar isə 498 nəfər təşkil edirdi (onlardan 397 nəfər mülki, 101 nəfər isə ordunun şəxsi heyətindən idi ).

Qanlı yanvar hadisələrində həm Azərbaycan Xalq Cəbhəsinin radikal qruplaşmaları, həm də Sovet Ordu komandanlığı cinayət məsuliyyəti daşıyır. AXC-nin radikal qruplaşmaları mövcud Azərbaycan hakimiyyətini devirib hakimiyyəti zorla ələ keçirmək üçün əliyalın insanları öz siyasi maraqları naminə əvvəlcə aldatdılar, daha sonra da qırğına verdilər. AXC rəhbərliyində olan şəxslərdən heç biri bu atışmalar zamanı xəsarət almır. Hakimiyyəti ələ aldıqdan sonra onlar həbs olunaraq Lefortovo həbsxanasına göndərilir, qısa müddət sonra isə azadlığa buraxılırlar. Vaxtı ilə AXC-in sol qanadında yer alan, sonralar Bakıdakı erməni talanlarına görə AXC-dən uzaqlaşan Zərdüşt Əlizadə Qanlı yanvar hadisələrinin səbəbkarlarından birinin AXC olduğunu qəti şəkildə vurğulayırdı. Zərdüşt müəllim həmçinin AXC-nin rəhbərlərindən biri olan Əbülfəz Əliyevin (Elçibəy) insanları öz siyasi ambisiyaları naminə necə aldatdığını memuarlarında faktlarda ifşa edirdi:

“Məhəlləmizin cavanları tonqal qalayıb hərbi hissəyə gedən yolda canlı zəncir yaratmışdılar. Bir dəstə qonşum həyətdə dövrə vurub vəziyyəti müzakirə edirdi. Dinmədən onların yanından keçib getmək istədim. Universitetdə müəllim işləyən bir qonşum məni yolumdan elədi, saxlayıb soruşdu:

-Zərdüşt bəy, bu işlərin axırı necə olacaq?

-Təxribatçılar əliyalın xalqı tankların qarşısına çıxarıblar, qan töküləcək, -dedim.

-Sən xalqın birliyini pozmaqdan usanmadın? - soruşan dosent kinlə mənə baxdı.

-Mən xalqın birliyini pozmuram, qaçılmaz gələcəkdən xəbərdarlıq edirəm, sizə xoşdursa buyurun, ölümə və məğlubiyyətə bir yerdə gedin -, yorğun və ümidsiz deyib bu ali təhsilli və elmi dərəcəli cahil kütlədən ayrıldım və mənzilimə yollandım.

 

Həmin gecə nə dosent, nə də xalqın birliyinin qızğın tərəfdarı olan milli marallardan heç kim həlak olmadı. Fəqət hadisələrin mahiyyətindən bixəbər 131 Bakı sakini həlak oldu. 6 Lənkəran və Neftçala sakini öldürüldü. Yüzlərlə adam yaralandı, şikəst oldu. Mindən çox adam həbsə atıldı. Xalqın hərəkata olan inamı bilmərrə qırıldı.

Əsgər dolu yük maşınları evimizin yanındakı yoldan maneəsiz keçib hərbi hissəyə daxil oldu. Maşından düşmüş zabit gənclərə yaxınlaşdı və onlarla söhbət etdi. Zabit onları dağılışmağın vacibliyinə inandırdı və hərbi maşınlar müqavimətsiz hərbi hissəyə keçə bildi. 

Həmin gecə xalqın “ataları”, xalq “qəhrəmanları”, Vətəni “qoruyanlar” harda idilər?!  Ali məktəb dosenti, riyaziyyatçı Sədrəddin Əfəndiyev xatırlayır ki, 19 yanvar 18:00-da o, 11-ci Qızıl Ordu abidəsi önundə idi və Əbülfəz Əliyevin çıxışını dinləyirdi. AXC sədri kişiləri səbata və cəsarətə səsləmişdi, demişdi ki, heç nədən çəkinmədən yolu kəsib dursunlar. Qadınlara və uşaqlara isə məsləhət görmüşdü ki, evlərinə dönsünlər. Böyük Bəyin çıxışı  zamanı kimsə ona yaxınlaşıb demişdi ki, a bəy, MK-nın yanından gəlirəm, orada deyirlər ki, gecəyarısı şəhərə ordu yeridiləcək. Əbülfəz Əliyev ona susmaq və panika yaratmamaq əmri vermişdi, sonra camaata təkrar müraciət edib heç bir təhlükənin olmadığını demişdi, bir daha camaatı möhkəm durmağa çağırmışdı.

Saat 20-də onu Maştağadan bir neçə cəbhəçi tapır və təkidlə tələb edir ki, Qarabağla onların Bakıda qurduğu piket arasında əlaqəni onlara izah etsin. Əbülfəz bəy məcbur olub etiraf edir ki,  piketlərin Qarabağa dəxli yoxdur, məqsəd– MK-nin birinci katibi Vəzirovu vəzifəsindən kənarlaşdırmaqdır.  Maştağalı cəbhəçilər bunu eşidib kəndə qayıdırlar, piketi dağıdırlar və qonşu kəndlərə qasid göndərib məsləhət görürlər ki, onlar da dağılışsınlar” (Zərdüşt Əlizadə “İkinci Respublikanın sonu”, Bakı-2018 s. 401-2).

Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy də baş verən qanlı hadisədə AXC-nin səhv olduğunu qeyd etsə də, əsas günahı Azərbaycan SSR və SSRİ rəhbərliyində görür:

“İstəyirik fikirləşək ki, ya Nemətdir, ya Həsəndir, ya Etibardır təqsirkar. Ay canım, bu imperiya gəldi üstümüzə, nə dəxli var? İndi istəyirik deyək ki, şəhid olanlarımız aldanmış bədbəxtlərdir. Tankın üstünə gedir iki əlində butulka, cumub tankın üstünə atıbdır, yandırıbdır özü də öldürülübdür.  Nə deyirsiniz buna? Gedib görüb ki, atışmadır, gedib tüfəngini evindən götürüb, gəlib əsgəri vurub. Vurub, onu da vurublar. Nə deyirsən? Siz deyirsiniz, yəni… İndi buna Etibar nə etsin, Nemət nə etsin, sən nə edəsən? Oğuldur, Vətəni belə görür, cumur. İndi biz istəyirik həmin adamları ki, canlarını xalqın yolunda fəda veriblər, eləyək “aldanmışlar”, “yoldan çıxarılmışlar”, nə bilim nə…

 

Bir qız yaralıydı güllə dəyib. Deyirəm: ay qızım, mən sənə demədim getmə ora? Deyir ki, mən oradan getdim MK-nın yanına, saat ikidə dedilər ki, orada qırırlar, qaçdıq gəldik ora. Gəldik, gördük ki, orada qırğındır. Bizə də güllə dəydi. Daha bunun özü gedib ora, görürlər ki, orada qırırlar qardaşını, bacısını dözə bilmir axı. Buna Nemət nə eləsin, başqası nə eləsin?

Təqsirimiz var, AXC-nin müəyyən təqsiri var. Mən bunu gələcəkdə deyəcəyəm. Amma indi ona görə demirəm ki, hələ Yazovun təqsiri, Qorbaçovun təqsiri çıxmalıdır üzə, Vəzirovun, Mütəllibovun, filankəslərin təqsiri çıxmalıdır üzə. Birinci günahkar onlardır. Polyaniçko kimi… Deyir ki, biz Etibara qabaqcadan demişdik. Etibar kimdir? Dövlət başçısıdır Etibar? Dövlətin başçısı sənsən, sən gəlib deməli idin: “Camaat, mən sənə elan edirəm, burada durma, tank gəlib səni qıracaq”. Generalları, marşalları göndərərdin ki, gəlib desinlər: “Ay camaat, qıracağıq”. Elan edərdin, televizorda deyərdin. Bütün camaatı aldadıblar. İndi deyirlər ki, Etibar elədi, Nemət elədi, Rəhim elədi. Məsələyə bu cür yanaşmaq olmaz. Biz onların təqsirlərini çatdırmalıyıq. Onlar bunu qəbul etməlidir və yaxud xalq qəbul etməlidir ki, kim nə qədər təqsirkardır. Sonra AXC-nin hansı sahələrdə günahı varsa, mən özüm onu ayrıca, ya da qəzetdə yazacağam – onlar (yuxarılar) günahlarını boynuna alandan sonra” (Əbülfəz Elçibəy "Bu mənim taleyimdir". Bakı-Gənclik-1992, s.72).

Bu hissədə Elçibəyin özünü müdafiə etməsi ilə bağlı onu deyim ki, onun özü qabaqcadan Bakıya tankların girəcəyini bilirdi. Primakov AXC nümayəndələri ilə görüşdə onlara Salyanski kazarma ətrafındakı barikkadaların sökülməsi ilə bağlı xəbərdarlıq etmişdi. Televiziya elanını isə hökumət ona görə edə bilmədi ki, cəbhəçilər Azərbaycan Televiziyasını (AzTV-ni) ələ keçirmişdi.

Əgər AXC radikallarının bu qanlı hadisədə məsuliyyəti 2%-dirsə Sovet Ordu komandanlığının rolu 98%-dir. Sovet Ordu komandanlığının hərbi cinayətlə nəticələnən ən böyük səhvi (cinayəti) fövqəladə vəziyyət barədə məlumat vermədən Bakıya girməsi idi. Belə vəziyyətdə cəbhəçilər də insanları aldadaraq küçəyə çıxara bilməzdi. Camaatın əksəriyyəti həmin gün nə olduğunu başa düşmədi. Adi çölə gəzməyə çıxan, çörək almağa gedən adamlar belə mərminin qurbanı oldu. Ancaq səhərə yaxın vertolyotlardan fövqəladə vəziyyətlə bağlı vərəqlər paylandı ki, onda artıq gec idi. Sovet hərbi komandanlığının digər hərbi cinayəti isə qətliamlar zamanı xüsusi qəddarlıqlar nümayiş etdirməsi idi.

Bu məqamda yazıçı Oqtay Əhmədovun həmin dövrdəki AXC rəhbərliyini qınayan mövqeyin qeyd etməyi lazım bilirəm:

“Bizə səbəb və səbəbkarlar lazım idi. O da məlum. Səbəbkarlar indi yağ içində yaşayırlar”.  

Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri olmuş Vaqif Hüseynov xatirələrində Qanlı yanvar hadisələrini belə təsvir edir:

 

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra rayonlarına qoşun yeridildi. Sovet ordusunun, daxili qoşunların və xüsusi təyinatlıların böyük bir kontingentinin Bakıya yeridilməsi müstəsna qəddarlıqla müşayiət olunurdu. Həmin gecə fövqəladə vəziyyət elan olunana qədər Bakıda 102 nəfər həlak olmuşdu. Yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra və sonrakı günlərdə daha 21 nəfər həlak oldu. Fövqəladə vəziyyətin tətbiq olunmadığı ərazilərdə, Neftçala və Lənkəranda isə yanvarın 25-26-da 10 nəfər həlak oldu.

Ümumilikdə, qoşunların Bakı şəhərinə və rayonlara qanunsuz daxil olması nəticəsində 133 nəfər həlak olub, 611 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, 5 nəfər itkin düşüb. Hərbçilər 200 ev və mənzili, 80 nəqliyyat vasitəsini, o cümlədən təcili tibbi yardım maşınlarını dağıdaraq yandırıb, ümumilikdə 5 milyon 637 min 286 rubl dəyərində dövlət və şəxsi əmlakı məhv ediblər. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım işçiləri və polis əməkdaşları da var.

Sübut edilmişdir ki, fövqəladə vəziyyət tədbirləri həyata keçirilərkən ayrı-ayrı hərbçilər Beynəlxalq Hərbi Tribunalın qərarına, 1949-cu il tarixli Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə konvensiyasına zidd olaraq qeyri-insani hərəkətlərə də yol veriblər” (Вагиф Гусейнов  “Больше, чем одна жизнь”. Кн. 2, 2013 s.289-90).

Həm Sovet Ordu komandanlığının qəddarlığının, həm də AXC-nin radikal qruplaşmalarının siyasi ambisiyalarının qurbanı olan əliyalın və günahsız insanlarımızın xatirələrini hörmət və ehtiramla yad edirəm.

 

ƏLİ NOVRUZOV

Globkom.info

 

İstifadə olunan ədəbiyyat

 

“Чёрный январь. Баку-1990: Документы и материалы”. - Баку: Азернешр, 1990. 

“Ввод советских войск в Баку в ночь с 19 на 20 января 1990 года”. РИА Новости. 17 января 2011: (https://web.archive.org/web/20160427001030/http://ria.ru/history_spravki/20110117/322647424.html)

“БАКУ: ХРОНИКА СОБЫТИЙ”. Журнал “Власть”. 29 января 1990: (https://www.kommersant.ru/doc/265808)

Tomas De Vaal  “Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında, 2008

Игорь Бабанов, Константин Воеводский, “Карабахский кризис”,1992

Станислав Чернявский “Новый путь Азербайджана”, 1992

Кирилл Столяров “Распад: от Нагорного Карабаха до Беловежской пущи”, 2001

Михаил Жирохов “Семена распада: войны и конфликты на территории бывшего СССР”, 2012

Zərdüşt Əlizadə “İkinci Respublikanın sonu”, Bakı-2018

Əbülfəz Elçibəy "Bu mənim taleyimdir". Bakı-Gənclik-1992

Вагиф Гусейнов  “Больше, чем одна жизнь”. Кн. 2, 2013