Yalnız futboldan xəbəri olmayan adamlar Haiti yığmasının zəif rəqib olduğunu deyə bilərlər. Elə yoldaşlıq görüşünün anonsu veriləndə bir çox "azarkeş”in və "jurnalist”in bu rəqibə gülməsi, bizdə futbolun heç vaxt inkişaf etməyəcəyindən xəbər verirdi. Rəqibi ciddiyə almayan çobanlardan ibarət Azərbaycan yığması oyuna ha iti başlamaq istəsə də, Haiti yığması çox asanlıqla təşəbbüsü ələ alıb saqqallı çobanlara yerini göstərdi. Hakimin final fitiylə tablodakı 0-3 hesablı, daha doğrusu Haitinin qanunauyğun qələbəsi rəsmləşdi.

Bu oyuna görə baş məşqçi Santuşu qınayan hər hansı bir adam sadəcə qoyundur. Bilin, bu ölkədə futbolçu yoxdur. Portuqaliyalı mütəxəssis gözə dəyən oyunçuların hamısını yığmaya çağırmışdı. Olanımız və bacardığımız budur. Qəbul edin, bu ölkədə futbolçu yoxdur və bu gedişlə də Azərbaycanda heç vaxt futbol olmayacaq.

Sadəcə, üzümü sizlərə tutub demək istəyirəm ki, Avropadanın cırtdan ölkələrin yığmalarında həvəskar futbolçular üstünlük təşkil edir. Belə ki, bu oyunçuların ikinci peşəsi futbolçuluqdur. Onların əsas peşəsi, iş yeri futbol sahəsinə aid deyil. Onların biri balıqçıdır, biri maldardır(fermer), biri bank işçisi, digəri sığorta agenti, bir başqası isə ofis meneceridir. Onlardan biri rahib ola bilər, digəri müəllim və s. Yarı peşəkar, yarı həvəskar olan bu yığmaların hədəfi elə də böyük olmur. Bu millilər adətən beynəlxalq turnirlərin seçmə mərhələlərində iştirakla kifayətlənirlər. Onlar üçün hər hansı bir qələbə böyük uğur sayılır. Amma son 30 ildə cırtdan ölkələrin yığmaları kifayət qədər inkişaf ediblər. Misallar çəkib uzunçuluq etmək istəmirəm, internetdən, yutubdan  maraqlana da bilərsiz.

Xülasə, Azərbaycan yığması da artıq həvəskar bir komandaya çevrilib. Oyunçuların həyat tərzinə, sir-sifətlərinə baxsaz, bunu asanlıqla görə bilərsiz. Darıxmayın, lap az qalıb, bu komandanın da üzvlərinin az vaxtda əsas peşəsi futbolçu, daha doğrusu çoban olmayacaq. Bir də görəcəksiz ki, Azərbaycan yığması artıq çobanlardan ibarət deyil. O günə lap az qalıb. Vaxt gələcək Azərbaycan A komandasının oyunçularının adı sadalananda deyiləcək, filan məscidin axundu, filan rayonun imamı, filan kəndin xəlifəsi, filan icmanın müftisi, filan qəsəbənin əfəndisi. Görərsiz, bu yığma tezliklə mollalardan ibarət yığma komanda olacaq. Bununla futbolda inkişaf olar?

Sizdən bir şey də soruşmaq istəyirəm. Mənə deyin, dindar bir futbolçunun cərimə meydançasında yalandan yerə yıxılaraq hakimi aldatmağa cəhd etməsi günahdır, yoxsa günah deyil? Bu hərəkət orucu pozur, yoxsa pozmur? İkinci sarı kartı alaraq qarşısında qırmızı kart görən bu futbolçu səhəri gün oruc tuta bilərmi? Bu oyunçu səhər imsaqı buraxıb axşam iftara gələ bilərmi? Bax, əsas budur bizdə. Bu işlərdə çox inkişaf etmişik. Artıq peşəkarıq...

SARVAN KƏRİMOV

Globkom.info