Dünən futbol üzrə yığmamız Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda Haitini qəbul etdi. Qarşılaşma Şimali Amerika təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatdı. Oyunla bağlı veteran futbolçu Paşa Əliyev Globkom.info – a reaksiyasını açıqladı.

“Danışmağa söz tapa bilmirəm. Azərbaycanlı olub, millimizin doğma divarlar arasında növbəti məğlubiyyətlər seriyasını tamaşa edib də, hirslənməmək mümkün deyil. Dünyanın siyasi xəritəsində gözlə görünməyən, bir ölkə gəlir səni doğma meydanda darmadağın edib gedir. Onsuz da yığmanın sərgilədiyi oyunu, nəticələri və FİFA reytinqindəki mövqeyinə görə azarkeşlərin gözündən düşüb. Heç olmasa federasiya yoldaşlıq oyunlarında millimizə elə rəqiblər seçsin ki, əhəmiyyəti olmayan qələbələr qazanmaqla ölkənin əsas komandasında küsmüş fanatlara ümid versin. Hələ də anlamıram ki, özümüzdə savadlı yerli məşqçilərimiz olduğu halda, kənardan niyə məşqçilər gətiririk?! Bu vaxta kimi böyük ümidlərlə millinin sükanı arxasına gətirilən əcnəbilərin bəlli “nəticələr”ini istənilən zəif yerli məşqçilərimizlə də mümkündür. Gedib qoca portuqaliyalını hardan tapdılar gətirdilər? Onun dünyaya qəbirsanlıqdakı mərmərdən baxan vaxtlarıdır. Bu qədər kənardan məşqçilər gətirir, legionerləri milliləşdirirlər nəticədə də milli komandanın nəsibi ancaq məğlubiyyətlər olur. Ölkənin əsas komandasında can qoyan, onun uğrunda çarpışan milli futbolçular, mütəxəssislər yer almalıdır, legioner oyunçular, məşqçilər yox. Görünən odur ki, futbol üzrə Azərbaycanın A komandası milli olmaq əvəzinə yığmalaşmaqdadır. Ordan-burdan gələnlərdən təşkil olunan yığmadan da fədakarlıq gözləmək əbəsdir. Dünənki 90 dəqiqədə çayxanda camaat haitililərə azarkeşlik etməyə başladı. Bu mənzərəni görəndə hirsimdən təzyiqim yüksəldi. Amma heç nə də deyə bilmirsən. Çünki meydan Azərbacanın milli komandası yoxdur. Biz 44 günə düşmənin belini qıran, zəfər qazanan xalqıq. Qalib dövlətin futbol millisi də millətə qələbələr, gözəl oyunlar bəxş etməlidir. Amma mövcud reallığı görəndə utanc keçiririk. Azərbaycan futboluna belə nifrət etməmişdim. Deməyə başqa söz yoxdur”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info