
Qış fasiləsində “Turan Tovuz” bir neçə transfer həyata keçirdi. Onlardan da biri Orxan Əliyevdir. Futbolçu komandasının XX turdakı əzmkar qələbəsi və qarşıdakı hədəflərlə bağlı Globkom.info – ya danışdı
- “Turan Tovuz”a keçməyinə rəğmən hələ şans qazanmamısan, amma kənarda komandana dəstəyinlə diqqət çəkirsən…
- Hansı komandada olmuşamsa, istər meydanda can qoymuşam, istərsə də şans qazanmayanda kənardan daim dəstəyimi sərgiləmişəm.
- XX turda heç kimin gözləmədiyi halda güclü “Qarabağ”ı məğlub etdiz. Həmin matçla bağlı fikirlərin maraqlıdır…
- Çox çətin oyun olacağını bilirdik. “Qarabağ”ın hansı səviyyədə komanda olması hamıya bəllidir. Son çempionla matça yaxşı başlamadıq, buna baxmayaraq oyundan qopmadıq və sona kimi əzmkarlıq göstərərək layiqli qələbə qazandıq.
- Ağdam təmsilçisiylə səfər oyununda geridönüşə inanırdınmı?
- Səmimi deyim ki, qələbəyə inanmasam da, məğlub olmayacağımıza və xal qazanacağıma ümidliydim. İş elə gətirdi ki, uşaqlar meydanda maksimum güc qoyub, zəfər qazandılar. Bu iki qat sevincə səbəb oldu. Həmçinin “Turan Tovuz” bir ailə kimi necə döyüşdüyünü də göstərdi.
- Performansın hansı səviyyədədir?
- Yüngül zədəm var. Amma ümumi götürəndə hər şey qaydasındadır, məşqlərdə maksimum üzərimdə çalışıram. İnşaallah, qarşıdakı oyunlarda şans qazanacağıma inanıram.
- “Boz qurd”da uyğunlaşmada problem yaşamırsan?
- Xeyir, əksinə adaptasiya prosessi demək olar başa çatıb.
- “Qarabağ” üzərində zəfərdən sonra qələbələr seriyası davam edəcəkmi?
- Qələbələri sıralamaq üçün komandada hər cür şərait var. Həmçinin “Turan Tovuz”un sükanı arxasında Kurban Berdıyev kimi mütəxəssis var. Onun adı və futbol fəlsəfəsi hər bir oyunçunu məsuliyyətli olub, meydanda maksimum güc qoymağa təhrik edir. Qarşıdakı oyunların hər birində maksimum nəticəyə köklənmişik. Allahın izni ilə məqsədimizə nail olacağıq.
ABDULLA İSMAYILOĞLU
Globkom.info